
Son illər təhsil sahəsində həyata keçirilən qrant müsabiqələri könüllülük fəaliyyətlərinin inkişafına güclü dəstək verir. Bu cür müsabiqələr gənclərin ideyalarının reallaşmasına şərait yaratmaqla yanaşı, təhsil mühitində yeni yanaşmaların tətbiqinə və cəmiyyət üçün faydalı təşəbbüslərin həyata keçirilməsinə imkan açır. “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi də məhz bu məqsədlə təşkil olunub. Qalib layihələr sırasında təhsildə ekoloji şüurun artırılmasına yönəlmiş təşəbbüslər və informasiya təhlükəsizliyi sahəsində metodik resursların yaradılması xüsusi diqqət çəkir.
“Uşaqların ekoloji davranışlara yiyələnməsi yalnız onların sağlamlığına deyil, həm də gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir”
Bu layihələrdən biri “Regional İnkişaf” ictimai birliyi tərəfindən icra edilən “Məktəblərdə “Yaşıl könüllülük” proqramının icrası”dır. Layihə rəhbəri Aytac Əjdərli “Azərbaycan müəllimi”nə bildirib ki, proqramın əsas məqsədi məktəblilərin ekoloji şüurunu artırmaq, onları ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərə cəlb etmək və erkən yaşdan ekoloji mədəniyyət formalaşdırmaqdır: “Müasir dövrdə iqlim dəyişiklikləri, tullantıların artması və təbii ehtiyatların sürətli tükənməsi bütün dünyada narahatlıq doğurur. Belə şəraitdə uşaqların ekoloji davranışlara yiyələnməsi yalnız onların sağlamlığına deyil, həm də gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Layihə bu ehtiyacdan irəli gələrək məktəblərdə ekoloji könüllü klubların yaradılmasını və geniş maarifləndirmə tədbirlərinin təşkilini nəzərdə tutur. Artıq Bakı, Lənkəran və Şəki şəhərlərində 9 məktəbdən 180 şagird bu prosesə qoşulub, ümumilikdə isə 1400-dən çox məktəbli maarifləndirmə tədbirlərində iştirak edib. Təlimlərdə şagirdlər tullantıların çeşidlənməsi, su və enerjiyə qənaət, təkrar emalın faydaları və ağacəkmə işləri ilə bağlı praktiki biliklər əldə ediblər. Bununla yanaşı, komanda işi, liderlik və təşəbbüskarlıq kimi sosial bacarıqlar da inkişaf etdirilib”.

O qeyd edib ki, layihə çərçivəsində şagirdlər öz məktəblərində ekoloji fəaliyyətlər həyata keçirib. Təmizlik aksiyaları, yaşıllıqların qorunması, sərgilər və müxtəlif ekoloji kampaniyalar təşkil olunub. Tullantılardan hazırlanan əl işləri sərgiləri xüsusilə maraq doğurub. Ən yaxşı əl işləri sertifikatlarla qiymətləndirilib. Bundan əlavə, şagirdlər ekoloji ekskursiyalarda təbiət qoruqlarına, tullantıların idarə olunması müəssisələrinə səfər edərək nəzəri bilikləri praktik müşahidələrlə möhkəmləndiriblər”.
Onun sözlərinə görə, layihənin icrası zamanı bəzi çətinliklər də ortaya çıxıb: “Əsas problem şagirdlərin davamlı motivasiyasını qorumaq və resurs çatışmazlığı olub. Məsələn, tullantıların çeşidlənməsi üçün konteynerlərin məhdudluğu və ya kiçik layihələr üçün maliyyə dəstəyinin yetərsizliyi prosesi çətinləşdirib. Buna baxmayaraq, müəllim və valideynlərin dəstəyi uşaqların motivasiyasını artırıb və fəaliyyətlərin daha səmərəli icrasına imkan yaradıb”.

“Uşaqlar bir ağac əkməklə, tullantıları düzgün ayırmaqla və ya sinif otaqlarında enerjiyə qənaət etməklə həm ətraf mühitə, həm də gələcəyin sağlam cəmiyyətinə töhfə verə biləcəklər”
Aytac Əjdərli vurğulayıb ki, “Yaşıl könüllülük” proqramı məktəblilərə yalnız nəzəri biliklər qazandırmır, həm də onları praktiki ekoloji davranışlara öyrədir: “Şagirdlər tullantıların düzgün idarə olunmasını, enerji və suya qənaəti, təbiətin qorunması yollarını öyrənməklə yanaşı, bu vərdişləri ailə və ictimai mühitdə də tətbiq etməyə başlayırlar. Layihənin ən mühüm mesajı isə sadədir: “Kiçik addımlar böyük dəyişikliklər yaradır”. Uşaqlar bir ağac əkməklə, tullantıları düzgün ayırmaqla və ya sinif otaqlarında enerjiyə qənaət etməklə həm ətraf mühitə, həm də gələcəyin sağlam cəmiyyətinə töhfə verə biləcəklər”.

“Yeni dərsliklər mövcud olmayan və köhnəlmiş materialların əvəzini doldurur, beynəlxalq standartlara uyğun hazırlanıb”
Qrant müsabiqəsinin digər qalibi isə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır. Bu qurum “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsini icra edir. Layihənin məsul şəxsi Təbriz Cəfərov bildirib ki, informasiya təhlükəsizliyi ixtisası ali təhsil müəssisələrində yeni formalaşmağa başlanıb: “Bu ixtisas ilk dəfə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında yaradılıb və uzun illər kursantların hazırlığı aparılıb. İnternetin sürətli inkişafı, rəqəmsal transformasiya və sənayedə artan tələblər sahə üzrə mütəxəssis tələbatını artırıb və digər ali təhsil müəssisələrində bakalavr səviyyəsində tələbə qəbulunu labüd edib. Hazırda ölkədə 20-yə yaxın universitetdə informasiya təhlükəsizliyi ixtisası fəaliyyət göstərir. 2022-ci ildə Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə yeni təhsil proqramı hazırlanıb. Proqram Türkiyə, Almaniya, İsveçrə, Amerika təcrübəsinə əsaslanaraq, həm dövlət, həm də özəl sektorda əmək bazarının tələbləri nəzərə alınaraq hazırlanıb. Ancaq ixtisas üzrə çatışmazlıqlar hələ də mövcuddur, xüsusilə elmi-pedaqoji kadrlar və azərbaycandilli dərs vəsaitləri baxımından. Bu səbəbdən layihə icra edilir. Yeni dərsliklər mövcud olmayan və köhnəlmiş materialların əvəzini doldurur, beynəlxalq standartlara uyğun hazırlanıb və həm nəzəri, həm də praktiki bilikləri əhatə edir. Materiallar Azərbaycan mütəxəssislərinin təcrübəsinə və milli kontekstə uyğundur və həm tələbələr, həm də müəllimlər üçün elektron formatda təqdim olunub”.

“Yeni materiallar növbəti illərdə də universitetlərdə istifadəyə veriləcək, beləliklə davamlı resurs rolunu oynayacaq”
O qeyd edib ki, layihə çərçivəsində akademik heyətin keyfiyyətinin artırılması, sənaye sektorunun dəstəyi və koordinasiyanın təmin edilməsi prioritetdir: “Yeni vəsaitlər “Sosial mühəndislik”, “İoT təhlükəsizliyi” və “Kriptoqrafiya əsasları” kimi fənlər üzrə azərbaycandilli resurslar təqdim edir, nəzəri biliklərlə yanaşı praktiki nümunələr və laboratoriya məşğələlərini də əhatə edir. Bu da həm tədrisdə, həm də müstəqil öyrənmədə tədris resursları ilə bağlı boşluğu dolduracaq. Yeni materiallar növbəti illərdə də universitetlərdə istifadəyə veriləcək, beləliklə davamlı resurs rolunu oynayacaq. Kadr hazırlığında keyfiyyət artacaq, tələbələr daha hazır və praktik biliklərlə bazara daxil olacaq. Milli mütəxəssis bazası güclənəcək və ölkənin kibertəhlükəsizlik ekosisteminə dəstək verəcək”.
Onun sözlərinə görə, vəsaitlərdə yalnız nəzəri anlayışlar deyil, həm də praktiki misallar, təcrübə tapşırıqları və laboratoriya məşğələləri yer alıb: “Məsələn, kriptoqrafiya üzrə şifrələmə alqoritmlərinin tətbiqi nümunələri, İoT təhlükəsizliyi üzrə real cihazların qorunma üsulları, sosial mühəndislik üzrə praktiki ssenarilər və qarşı tədbirlər. Beynəlxalq təcrübəyə münasibətdə isə NIST (National Institute of Standards and Technology) standartları, ENISA (European Union Agency for Cybersecurity) metodologiyaları, praktiki laboratoriya yanaşmaları (Capture The Flag – CTF tipli öyrədici modellər) nəzərə alınıb”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər