
“Niyə gələcək məktəb direktorlarını, bağça müdirlərini hazırlayırıq? Bu, gələcək təhsil siyasətinin məqsədi ilə bağlıdır. Azərbaycanda təhsil siyasətinin əsas məqsədlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, təhsildə keyfiyyətə nail olunmasıdır”.
Bunu “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı və “Məktəb liderliyi” proqramının II çağırışı üzrə bağlanış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli deyib.

“İstəyirik ki, müəllimlərimiz uşaqların gələcəyini formalaşdırsınlar”
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə həyata keçirdiyi bu proqram ölkə təhsilinin gələcəyi üçün həlledici əhəmiyyətə malikdir: “Yaxşı təhsil, bilikli müəllim, hər cür təchiz olunmuş infrastruktur keyfiyyətli təhsil üçün kifayət deyil. Hədəf, lider olmadan məktəbdə hər hansı dəyişiklik etmək mümkün deyil. Yaxşı müəllim, yaxşı direktor məzmun yarada bilər, amma lider müəllim, lider direktor uşaqların gələcəyini formalaşdırar. İstəyirik ki, müəllimlərimiz uşaqların gələcəyini formalaşdırsın. Çünki uşaqlarımız valideynlərdən çox müəllimlərini dinləyirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyata keçirdiyi “Məktəbəqədər təhsilə dəstək” və “Məktəb liderliyi” proqramlarının təşkilatçılarını, məzunlarını təbrik edirəm. Bu, həddindən artıq vacib məsələdir və ümumi proqrama çevrilməlidir. Hər bir təhsil meneceri bu proqramlarda iştirak etməlidir. Müasir dünyada mövcud olan trendləri başa düşməli və onları öz işlərində tətbiq etməlidir”.
“Təhsildə liderliyə baxış bucağını dəyişirik”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun fikrincə, proqramlar sadəcə idarəetmə bacarıqlarına sahib şəxsləri deyil, təhsil müəssisələrində dərin düşüncə ilə liderlik edəcək, dəyişimi yönləndirəcək və inkişafı davamlı edəcək şəxsləri yetişdirməyi qarşısına məqsəd qoyub: “Liderlik bu gün təhsildə ən çox ehtiyac duyulan, eyni zamanda, böyük məsuliyyət tələb edən anlayışdır. Xüsusilə təhsil müəssisələrində liderlik edəcək şəxslər yalnız sahə üzrə mütəxəssis deyil, eyni zamanda, ilhamverici, çevik qərarverən, ortaq yanaşma yaradan və insanları ona inandıran şəxsiyyətlər olmalıdırlar”.
.jpeg)
Rektorun sözlərinə görə, ADPU artıq 100 ildən çoxdur ki, müəllim hazırlığını həyata keçirir və onların pedaqoji bacarıqlara sahib mütəxəssis kimi formalaşmasına xidmət göstərir. Bununla yanaşı, müasir dövrdə yalnız sahəsi üzrə mütəxəssis olan şəxslərin liderlik mövzusunda yetərli olduğunu söyləmək olmaz: “Bunun üçün bir çox səriştələr mövcud olmalı, təhsil lideri müəssisənin bütün maraqlı tərəfləri ilə düzgün kommunikasiya qurmağı bacarmalı, yeri gəldikdə çevik qərar verməli, liderlik etdiyi qurumda insanları ortaq hədəfə inandırmalı və buna nail olmaq üçün onları səfərbər etməlidir. Bu mənada 21-ci əsrin təhsil liderlərinin ərsəyə gəlməsində sadəcə tədris proqramlarında olan sahə üzrə biliklər deyil, məhz “Məktəb liderliyi” və “Məktəbəqədər təhsildə liderlik” proqramları kimi layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyəti var”.
C.Cəfərovun fikrincə, liderlik yalnız idarəetmə deyil, təhsil lideri bir ruh daşıyıcısıdır. Liderin nümunəsi uşağın inkişafında həlledici rol oynayır: “Biz bu gün təhsildə liderliyə baxış bucağını dəyişirik. Yalnız idarəedən deyil, düşünən, dinləyən, istiqamət verən, komanda quran və gələcəyi inşa edən liderlər yetişdiririk. Bu gün burada olan hər bir məzun həmin inşanın bir memarı olacaq”.
221 məzun
“Məktəb liderliyi” proqramı gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların səriştələrinin artırılmasını hədəfləyən təqaüd proqramıdır. Proqram məktəb nəticələrini yüksəltmək və şagird nailiyyətlərini artırmaq məqsədilə nəzəri və təcrübi öyrənmə imkanlarını təmin edir, hədəfi müasir çağırışlara cavab verən təhsil liderləri hazırlamaqdır.
Qeyd edək ki, “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı üzrə 100 nəfər, “Məktəb liderliyi” proqramının 2-ci çağırışı üzrə isə 121 nəfər olmaqla, ümumilikdə 221 nəfər məzun var.
Bağlanış mərasimində hər iki proqram üzrə yalnız yüksək nəticə göstərən məzunlara diplom və sertifikatlar təqdim edilib.
Onların 71 nəfəri öz diplom və sertifikatlarını səhnədə alıb.
Müdavimlər nə qazandılar?
.jpeg)
Məktəb-Lisey Kompleksində fiziki tərbiyə müəllimi kimi proqrama baş vuran Vasif Musayev artıq 321 nömrəli tam orta məktəbin müəllimi kimi fəaliyyət göstərir: “Müdavim və müəllimlərin əzmli, əyləncəli şəkildə çalışması sayəsində qarşıma müəyyən məqsədlər qoydum. Hesab edirəm ki, həmin məqsədə çatmışam. Əminəm ki, mən də öz kollektivimdə liderlik qabiliyyətimi göstərə biləcəyəm. Şagirdlərimizin şəxsiyyət kimi yetişməyində mənim, mənim kimi bu proqramın hər müdaviminin payı olacaq”.

“Məktəb liderliyi” proqramının məzunu Vüsalə Süleymanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir. O, proqrama 329 nömrəli məktəbdən biologiya müəllmi kimi qoşulub: “Proqramda iştirak təhsilim və karyeramla bağlı düzgün qərar verməyimə çox kömək etdi. Aldığım nəzəri biliklər, dinlədiyim təcrübələr bir çox bacarıqlarımın inkişafına yardım göstərdi. Hazırda çalışdığım təhsil ocağında istər təlimçi, istərsə də müəllim kimi sağlam pedaqoji mühitin, kommunikasiyanın yaradılmasında, təlim-tədrisin düzgün təşkilində çətinlik çəkmirəm və buna görə proqramda iştirakıma borcluyam. Düşünürəm ki, bu proqramda öyrəndiklərini düzgün formada həyata keçirən şəxslər lider kimi öz sözlərini deyəcəklər”.
.jpeg)
"Məktəb liderliyi" proqramının daha bir məzunu Bakı şəhəri 201 nömrəli bağçanın müdiri vəzifəsini icra edən Nahidə Əhmədova fəaliyyətinin 7 ilini məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllmi kmi fəaliyyət göstərib: “Elə həmin vaxtdan şagirdlərimə faydalı olmaq üçün müxtəlif proqram, təlimlərdə iştirak etmişəm. Məktəbəqədər təhsil sahəsində fəaliyyət göstərərkən də belə bir proqram axtarırdım. Uzunmüddətli axtarışlardan sonra məktəbəqədər müəssisə üçün də belə bir proqram olduğunu gördüm. Proqramı araşdırdım və qatıldım.
Düşünürəm ki, düzgün addım atmışam. Proqramda iştirak müdavimlərə işlədikləri müəssisələrin çatışmazlıqlarını vaxtında aşkarlayıb onların həll yollarını göstərir. Proqramda iştirak etməklə punktuallığın nə qədər vacib olduğunu gördüm. Proqram bizə sənədlərlə işləməyin qaydalarını öyrətdi. Öyrəndiklərimizi öz işimdə göstərəcəyəm”.

Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Pərviz Vəkilov proqramın qazandırdıqlarından danışıb: ““Məktəb liderliyi” proqramı bizə fərqli düşünməyin yollarını, komanda işini təşkil etməyi, təşəbbüskarlığı öyrədib. Təhsil müəssisəsinin uğurlu fəaliyyəti üçün komanda işinin önəmini başa saldı”.
P.Vəkilovun fikrincə, onlar yeni bir yola qədəm qoyurlar: “Proqram, sadəcə yol göstərmədi, böyük inam verdi. Biz yeni bir yola qədəm qoyuruq. Bizim bu yoldakı fəaliyyətimiz daha fərqlidir: bu dəfə daha inamlıyıq, neqativ hallarla qarşılaşanda nə edə biəcəyimizi bilirik”.
.jpeg)
Bakı şəhəri 163 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Aynurə Əhmədova deyib ki, hər növbəti modulu səbirsizliklə gözləyiblər: “Hər mərhələdə bizim üçün öyrədici olan maraqlı nüanslar vardı. Proqram tədris ili ərzində davam etdiyi üçün dərslərə davamlı qatılmaq çətinlik yaradırdı. Buna baxmayaraq, dərslər o qədər öyrədici idi ki, həvəslə qatılır, bir dərs də buraxmaq istəmirdim. Dərslərimizin çox hissəsini müzakirələr təşkil edirdi və öyrəndiklərimizi bu müzakirələr şəraitində möhkəmləndirirdik”.
A.Əhmədova proqramın faydalarını sadalayıb: “Birincisi, liderlik və idarəetmə ilə bağlı biliklərimizi sistemləşdirməyimizə, öyrənməni alışqanlıq halına gətirməyimizə dəstək oldu. Liderlik xüsusiyyətinin hər birimizdə olduğunu aşkara çıxartdı. Dəyişikliyin təməlinin ilk növbədə özümüzdə olduğunu xatırlatdı”.
.jpeg)
Bakı şəhəri 214 nömrəli tam orta məktəbin direktor müavini Tural Tağıyevin fikrincə, nəzəri biliklərlə yanaşı, praktiki biliklər də əldə ediblər: “Proqram dövründə layihələr hazırladıq, çıxışlar hazırladıq, təqdimatlar etdik. Məktəb liderliyi proqramında bilmədiyim bir çox məqamları öyrəndim və onları hazırda öz işimə tətbiq etməyə çalışıram”.
T.Tağıyevin müşahidələri göstərib ki, proqramda iştirak etdikdən sonra onda dəyişikliklər yaranıb: "Proqramda iştirak dövrünü və ondan sonrakı müddəti müqayisə edərək onu aydınlaşdırdım ki, öz işimə yanaşmamda, həmkarlarla, şagirdlərlə, o cümlədən valideynlərlə ünsiyyətdə inkişafa doğru dəyişiklik baş verib. Belə bir müsbət irəliləyişi “Yüksəliş” müsabiqəsində iştirakım zamanı da müşahidə etmişəm”.
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Azərbaycan müəllimi”nə bildirib ki, “Məktəb liderliyi” proqramında dövlət ümumtəhsil müəssisələrində 5 ildən az olmayaraq pedaqoji təcrübəsi olan ali təhsilli şəxslər iştirak edirlər. Təlimlərdə iştirakçı seçimi elektron sənəd qəbulu, test imtahanı və müsahibə olmaqla üç mərhələdə həyata keçirilir: “Proqram 5 modul üzrə 145 saatı əhatə edir. İştirakçılara “Tədrisin təşkili və idarə edilməsi”, “Təhsildə qiymətləndirmə və monitorinq”, “Məktəb heyətinin idarə edilməsi”, “Məktəb sənədləri ilə iş”, “Məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə edilməsi” modulları üzrə hazırlıq keçilir”.

“Proqrama qatıldıqdan sonra vəzifəsi yüksələnlər çoxdur”
İştirakçılar test və esse ilə qiymətləndirilirlər. K.Pirverdiyeva proqrama başladıqda məzunların çalışdığı vəzifələrdən danışaraq deyib ki, proqramın I çağırışı üzrə 49 nəfər məzunu olub. I çağırışda Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunundan olan müəllimlər iştirak edib. Proqramın II çağırışının iştirakçılarının əhatə dairəsi genişlənib, digər bölgə və regionları da əhatə edib. Növbəti çağırışda 74 bakalavr, 40 magistr və 7 doktorant proqrama qatılıb.
Prorektor əlavə edib ki, “Məktəb liderliyi” proqramına qatılanların vəzifələri də fərqlənib: “I çağırışda qatılanların 2.2 faizi (1 nəfər) direktor, 2.2 faizi (1 nəfər) məktəb psixoloqu, 2.2 faizi (1 nəfər) tədris resursları şöbəsində müavin 44.4 faizi (20 nəfər) direktor müavini, 49 faizi (22 nəfər) müəllim, II çağırışda 2 faiz (2 nəfər) psixoloq, 26 faiz (31 nəfər) direktor, 29 faiz (35 nəfər) direktor müavini, 43 faiz (51 nəfər) müəllim olub.
“Məktəb liderliyi” proqramına qatıldıqdan sonra iştirakçılar arasında vəzifəsi yüksələnlər çoxdur. Onların 31.1 faizi (14 nəfər) direktor, 2.2 faizi (1 nəfər) direktor əvəzi, 2.2 faizi (1 nəfər) sektor müdiri, 40 faizi (18 nəfər) direktor müavini, 24.4 faizi (11 nəfər) müəllim, II çağırışa qatılanların 1 faizi (14 nəfər) psixoloq 1 faizi (1 nəfər) sektor müdiri, 30 faizi (36 nəfər) direktor, 31 faiz (37 nəfər) direktor müavini, 37 faizi (46 nəfər) müəllim işləyir.
1 /17
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər