
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin bərpası prosesi hər il olduğu kimi bu il də həyata keçirilir. Təhsilini müxtəlif səbəblərdən yarımçıq qoymuş gənclərə yenidən oxumaq və seçdikləri ixtisasa qayıtmaq imkanı yaradılır.
AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, bu il universitetə ümumilikdə 40 müraciət daxil olub. Onlardan 36 sabiq tələbə bərpa olunaraq tədris prosesinə qoşulub. Bərpa olunanlar bəziləri şərti qruplarda, bəziləri isə əsas tədris qruplarında təhsilini davam etdirəcək. Qeyd edək ki, şərti qruplara bərpa olunan tələbələr yalnız kredit haqqı, əsas qruplara bərpa olunanlar isə təhsil haqqı ödəyirlər.
Bərpa prosesi Elm və Təhsil Nazirliyinin 21 fevral 2024-cü il tarixli KQ-02 Kollegiya qərarı əsasında icra olunur. Bərpa olunmaq istəyən tələbələr universitet rektorunun adına ərizə ilə müraciət edir, şəxsiyyət vəsiqəsinin surətini təqdim edir. Oğlan tələbələr üçün isə hərbi bilet və ya möhlət hüququnu təsdiq edən sənəd tələb olunur. Daha sonra müraciətlər Bərpa Komissiyası tərəfindən qiymətləndirilir.
Komissiyaya AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova sədrlik edir. Komissiyanın üzvləri sırasında tədris işləri üzrə prorektor professor Akif Qasımov, tədris şöbəsinin müdiri dosent Səlmi Əliyeva və fakültə dekanları yer alır. Bu heyət tələbələrin müraciətlərinə ədalətli və obyektiv yanaşmanı təmin edir.
Əsas prinsip tələbələrin əvvəlki ixtisaslarına bərpa olunmasıdır. Əgər həmin ixtisasın adı dəyişibsə, universitet Elm və Təhsil Nazirliyinə müraciət edir və tələbənin uyğun ixtisasa yerləşdirilməsi təmin olunur. Bu il belə hallardan biri ilə bağlı AzMİU tərəfindən nazirliyə məktub ünvanlanıb.
Əvvəlki illərlə müqayisədə cari ildə bərpa olunanların sayında azalma müşahidə edilməyib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər