Bütün xəbərlər
16 sentyabr, 16:40

Hər il yüksək bal toplayaraq ali təhsil müəssisələrinə müəllimlik ixtisası üzrə qəbul olunanların sayı artır. Bunun bir səbəbi də təhsil sahəsində həyata keçirilən islahatlardır. Cəmiyyətdə bu peşəyə münasibət gənc nəslə də təsirsiz ötüşmür. Nəticədə ildən-ilə müəllimlik ixtisası üzrə rəqabət artır və bu ixtisaslara yüksək ballı abituriyentlər daha çox qəbul olunurlar. Məsələn, bu il 380 nəfər yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimlik ixtisaslarına qəbul olub.

“Tələbəlik daha böyük uğurlara gedən yolda atdığım ilk addım, qalxdığım ilk pillədir”

Müxtəlif universitetlər arasında ADPU-nu seçib oxumağa başlayan tələbələrdən biri Aytac Abdullayevadır. Şəki şəhər 18 nömrəli tam orta məktəbdən bu il məzun olan Aytac ali məktəb seçimində də elə regionda fəaliyyət göstərən universitetə üstünlük verib: “Müəllimlik mənim üçün sadəcə bir peşə deyil. O mənim üçün o qədər yüksək bir yerdədir ki, ora çatmaq üçün çox oxumalı olduğumu bilirdim. Ona görə də gecə-gündüz oxudum, çox hazırlaşdım və ali təhsil müəssisələrinə bu il keçirilən imtahanlarda yüksək nəticə göstərdim. 623.4 balla artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında ingilis dili üzrə xarici dil müəllimliyi oxuyacağam”.

Aytac əmindir ki, hələ başında olduğu bu yolda uğur qazanacaq: “Ulu Öndər Heydər Əliyevin bir fikri mənim nəzərimdə müəllimliyin tərifidir: “Müəllim xalqın, millətin gələcəyini yaradan insandır”. Mən müəllimliklə millətimin gələcəyinin formalaşmasında iştirak etmək istəyirəm. Bunun üçün də həmişə oxumalı olduğumu, öyrənməli olacağımı bilirəm. Özümü inkişaf etdirməli, doğru yolla getməliyəm ki, şagirdlərimə göstərəcəyim yol, verəcəyim istiqamət yanlış olmasın”. 

Aytac deyir, müəllimliyi ona sevdirən elə öz müəllimləri olub: “Müəllimlərim kimi müəllim olmaq istəyirəm. Şagirdlərimlə ayaqlaşmaq yox, onların önündə olmaq istəyirəm. Məktəbi bitirən şagirdlərim gərək həyatlarındakı rolumu hiss etsinlər”.

Bu qədər böyük hədəflərə necə nail olacağını da düşünüb, görəsən? “Bilirəm ki, tələbəlik daha böyük uğurlara gedən yolda atdığım ilk addım, qalxdığım ilk pillədir. Gələcək üçün çox böyük hədəflərim var. Çox yaxşı müəllim olmaq istəyirəm, bunun üçün bakalavriat səviyyəsində təhsil yetərli olmayacaq. Həm təhsilimi artıracaq, həm bilik və bacarıqlarımı inkişaf etdirəcəyəm. Yaddaqalan, iz buraxan müəllim olmaq asan iş deyil”.

Aytac, deyəsən, şagirdləri ilə oxumağa, öyrənməyə, onlarla böyüməyə qərarlıdır: “Humanitar fənləri daha çox sevmişəm, bu da yəqin ki, kitablara münasibətimdəndir. Kitabları şagirdlərimə də sevdirməyə çalışacağam. Onlara deyəcəyəm ki, məhz kitablar insana yeni biliklər qazandırır, dünyanı fərqli baxış bucaqlarından görməyə imkan verir, çox oxuyan çox bilir. Məsələn, bədii ədəbiyyat oxumağı çox xoşlayıram. Həm dünya ədəbiyyatı klassiklərini, həm də Azərbaycanın görkəmli şəxsiyyətlərinin əsərlərini maraqla oxuyuram”.

“Daha tez müəllim olmaq istəyirəm”

Nuray da pedaqoq olacaq. Amma o, Aytacdan fərqli olaraq şagirdlərə  “Riyaziyyat bütün biliklərin açarıdır, onu öyrən, cibində hər elmin açarı olsun”, - deyəcək.

Bunu deyə bilmək üçün Xəzər rayonu Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbdən məzun olan kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinə üz tutub.  Nuray Mehtizadə deyir ki, yaxşı müəllim ola bilmək üçün bu universiteti seçib: “Tədrisi ingilis dilində təşkil ediləcək qruplarda təhsil alacağam. Həm dil biliyimi təkmilləşdirəcəyəm, həm də müəllimliyi öyrənəcəyəm. Ümid edirəm ki, riyaziyyatı öyrətmək onu öyrənmək qədər maraqlı və əyləncəli olacaq”. 

Nuray riyaziyyatı çox sevir, müəllimliyi də sevəcək: “Orta təhsil illərim əyləncəli keçib. Bizə tədris edilən bütün fənlər üzrə verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışmışam. Xüsusən, riyaziyyatı çox sevərək öyrənmişəm”.

Nurayın fikrincə, uğurunun bir səbəbi də öyrənməyə münasibətidir: “Öyrənərkən özümü buna məcbur hiss etməmişəm və hər fənni əylənərək, zövq alaraq oxumuşam. Nəticədə buraxılış imtahanlarında da yüksək nəticə göstərərək məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Şagirdlərimə də belə öyrənmələrini tövsiyə edəcəyəm. Müəllimlik xüsusi bir peşədir, riyaziyyat müəllimliyi isə məni daha çox heyran edir. Təsəvvür edin, riyaziyyatı mənimsəyə bilməyən bir uşağa başa düşəcəyi şəkildə izah edirsən və o, bu fənnin onun düşündüyü qədər çətin olmadığını görür. Bunu düşündükcə daha tez müəllim olmaq istəyirəm, məncə heyrətamiz bir hissdir”. 

Bütün fənləri sevib oxusa da, yol ayrıcına çatanda birini seçməli idi: “X sinifdə məqsədimi, hədəfimi konkretləşdirməli idim. Mən də bir sıra amilləri nəzərə alaraq seçim etdim və kim olacağıma qərar verdim. Müəllim olmaq istəyirəm. Bunu, ilk növbədə özüm istəyirəm, uşaqlıq oyunlarımın qəhrəmanı həmişə bir müəllim olub, o müəllim də məhz mən olmuşam. Atam da məni müəllim kimi görüb, müəllim olmağımı arzulayıb. Anam da müəllimdir və mənim qarşımda ən gözəl nümunədir. Bu amilləri müəllimlərim də gücləndirib. Həm yaxşı müəllim kimi mənə müəllimliyi və öz fənlərini sevdiriblər, həm də qərarımın doğruluğuna məni inandırıblar. Onlar da mənim yaxşı müəllim olacağıma inanıblar və bu inamla da qərarımı möhkəmləndiriblər”.

Sevdiyi ixtisasa ingilis dilində yiyələnmək xəyallarından olub və bu, artıq xəyal deyil: “Sevdiyim fənni artıq ingilis dilində öyrənəcəyəm. Bu da indidən çox əyləncəli görünür. İngilis dilində bu səviyyədə bilmək gələcəkdə də işimə yarayacaq. Riyaziyyata aid elmi yenilikləri ingilis dilində daha sürətlə əldə edəcəyəm. Elmi və pedaqoji məqalələri həm də ingilisdilli mənbələrdən oxuyacağam. Məncə, bu, həm yeniliklərdən vaxtında xəbər tutmağıma səbəb olacaq, həm də sevdiyim, ana dilimdə öyrəndiyim fənnə fərqli yöndən baxmağıma gətirib çıxaracaq”. 

Bəs universitetinə necə qərar verib? Bu qərarı vermək üçün xeyli araşdırıb: “Universitetlərlə bağlı mətbuatdan məqalələr oxudum. Universitetləri bitirən məzunların hekayələri ilə maraqlandım. Mənə maraqlı idi ki, hansı universitet tələbələrinə nə töhfə verib. Məlum oldu ki, ətrafımda da Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən və karyerada uğur qazanan xeyli insan var. Xüsusən, son illərdə bu universitetin tələbələr üçün yaratdığı imkanlar çox genişlənib. Mən də Azərbaycan Dövlət Pedaqoji Universitetini seçdim”.

Yüksək ballı tələbələrdən olmaq isə başlıca məqsədi olub: “Məncə, insan uğur qazanmaq üçün çox çalışmalıdır. Amma eyni zamanda dincəlməyi, əylənməyi, sosiallaşmağı da unutmamalıdır. Nə mənim üçün zövqverici işləri unutmadım, nə də həyatdakı hədəflərimi və nəticədə ümumilikdə 619 bal toplayaraq öz hədəfimə nail oldum. İndi isə qarşıdakı universitet həyatını düşünürəm. Hələlik xəyallarımdakı tələbəlik həyatı davam edir. Bu, yeni dostluqlar, təcrübələr qazanacağım və ən önəmlisi, gələcək uğurlarım üçün təməl olacaq dünya kimi gəlir mənə. Məncə, universitet həyatı, sadəcə imtahanlardan, daha uzun dərslərdən ibarət deyil, həm də yaddaqalan xatirələrdən ibarət olacaq”.

Olimpiada qalibi kimi müsabiqədənkənar tələbə oldu

Günel Qasımova Bakı Dövlət Universitetində oxumaq qərarına gəlib və yüksək balla bu universitetdə müəllimlik oxumağa qərar verən 55 nəfərdən biri olub. İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin məzunudur. O, müəllimlik ixtisasına müsabiqədənkənar qəbul olunub, təbii ki, orta təhsil səviyyəsində qazandığı uğurlar sayəsində.

Günel 2014-cü ildə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə təhsil həyatına qədəm qoyub. Yaxşı oxuyub və sonra ona asan gələn fənləri daha çətin proqramla öyrənməyə qərar verib: “İmtahan verib VII sinifdən məzun olduğum məktəbin lisey sinfinə qəbul olundum”.

Artıq Bakı Dövlət Universitetində təhsil alaraq “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına yiyələnəcək: “Orta məktəb həyatım çox maraqlı keçib. Hər iki məktəbdən bol xatirələr, yaxşı dostlar və böyük uğurlarla ayrılmışam. Ümid edirəm, universitet həyatım daha canlı, daha əyləncəli, daha çox təcrübə qazandıracaq bir mühitdə davam edəcək”.

Günelin müəllimlikdə çoxlu örnəkləri var: “Valideynlərimin hər ikisi müəllimdir. Bu amil uşaqlıqdan oxumaq həvəsi, vərdişi yaratmaqla yanaşı, həm də müəllimliyə sevgi aşılayıb. “Müəllim” sözünün özü belə mənim üçün ata-ana deməkdir”. 

Niyə Azərbaycan dili və ədəbiyyat? Onu danışdığı dili öyrətməyə maraq yaradan səbəb də sevgidir: “Ən sevdiyim, məşğul olmaqdan yorulmadığım fəndir. Bu, mənim hobbim, ən sevimli məşğuliyyətimdir. Boş vaxtım olan kimi dilçiliklə bağlı araşdırmalar edir, ali təhsil üçün dərsliklər oxuyur və çoxlu test sualları üzərində işləyir, hətta özüm suallar tərtib edirəm. Amma bu fənni sevməklə yanaşı, öyrətmək istəməyim də müəllimimin sayəsindədir. Əməkdar müəllim Çingiz Muradlı bu fənnə marağımı da, sevgimi də artırıb, məni müəllimliyi ilə heyran edib. Respublika fənn olimpiadalarına onunla hazırlaşdım və ilk dəfə 2023-cü ildə bürünc medal qazandım. Elə bu sayədə də IX sinifdən “tələbə” adı qazanmış sayılıram”.

Günel iqtisadiyyatla da maraqlanır: “Müəyyən bir dönəm oldu ki, bu sahə məni çox maraqlandırdı. Hətta ötən il Milli İqtisadiyyat Müsabiqəsində fərqlənərək ölkə üzrə 10 nəfərdən biri oldum”. 

Uğurları bununla bitmir, o, 2025-ci ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə təhsildə əldə etdiyi nailiyyətlərinə görə gümüş nişanla təltif olunub. İndi isə daha böyük uğurlara köklənib. Məktəbli ikən əldə etdiyi nailiyyətləri tələbə kimi də davam etdirəcək. Bu gün başlayan tələbə həyatını 4 il sonra müəllim kimi davam etdirəcək və müəllim kimi də uğurlu kadrlardan olacaq. Harada olmağından asılı olmayaraq, uğurlarının davamlı olacağına əmindir.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.