Bütün xəbərlər
28 iyul, 15:43

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə müvafiq olaraq, ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə qızıl nişan alan məzunları arasında Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin məzunları da yer alır.

“Azərbaycan müəllimi” qızıl nişan alan məzunlarla həmsöhbət olub.

“Bu uğuru istedadımla yox, zəhmətimlə qazandım”

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məzunu Ömər Namazov buraxılış imtahanından 285, blok imtahanından isə 377 bal toplayaraq akademik uğurlarını rəsmiləşdirib. Ömər 6-cı sinifdən müxtəlif elmi yarışlarda iştirak edib, 9-cu sinfi fərqlənmə attestatı ilə bitirib. 2023-cü ildə biologiya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal qazanıb.

Onun fikrincə, məqsəd uğrunda mübarizə aparan insan qarşısına çıxan çətinlikləri daha asanlıqla aşır. Nizam-intizam və zəhmət onun ən güclü silahlarıdır:

“Məncə, istedad ikinci plandadır. Mən bu uğuru istedadla yox, zəhmətimlə qazandım”

Hər gün dərslərinə kifayət qədər vaxt ayırsa da, istirahət və hobbilərinə də önəm verir. Çünki zehni və fiziki yorğunluğun məhsuldarlığa mane olduğunu düşünür. Ən sevdiyi fənn isə biologiyadır. Məqsədi Azərbaycan Tibb Universitetində təhsil almaq və daha sonra xaricdə təhsilini davam etdirməkdir. O, təhsilini tamamladıqdan sonra doğma Gəncə şəhərində həkim kimi fəaliyyət göstərməyi düşünür.

Yaşıdlarına tövsiyəsi isə belədir:
“Heç vaxt başqalarının təzyiqi altında qalmayın. Heç bir çətinlikdən qorxmayın və həmişə öz məqsədinizin ardınca gedin!”.

“İnkişaf etmək həyatını yalnız tədris müəssisələrində keçirməkdən ibarət deyil”

Hüseyn İsmayılov da istedadlı gənclər sırasındadır. O, Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin builki məzunudur. Nailiyyətləri, düşüncəsi və gələcək hədəfləri ilə yaşıdlarından seçilən Hüseyn artıq elm, texnologiya və innovasiya sahəsində iz qoymağa başlayıb.

“Sabahın alimləri” müsabiqəsində qızıl medala layiq görülərək ölkəmizi ABŞ-də keçirilən Beynəlxalq Elm və Mühəndislik Yarışında (ISEF) təmsil edən Hüseyn dostları ilə birgə yaratdığı startap layihəsi ilə beynəlxalq arenada – “Viveka Innovation Fest” yarışında birincilik qazanıb. Hazırda oyun şirkətində oyun inkişafçısı təcrübəçisi, eyni zamanda Lüksemburqda yerləşən “Glacies Biome” şirkətində proqram təminatı inkişafı təcrübəçisi kimi fəaliyyət göstərir.

Bu qədər uğur sadəcə istedadın nəticəsi deyil:
“Təbii ki, hər bir yolda müxtəlif çətinliklər və maneələr mövcuddur. Ancaq seçdiyimiz yol bizi dəyərli edən və mükafatlandıran da məhz bu çətinliklərdir”.

Hüseyn inkişafın təkcə dərslərlə deyil, həm də sosial mühit və yaradıcılıqla bağlı olduğunu düşünür:
“Fikrimcə, inkişaf etmək həyatını yalnız tədris müəssisələrində keçirməkdən ibarət deyil. Müxtəlif əlaqələrin qurulması, asudə vaxtı səmərəli keçirmək və rejimli, innovasiyalara açıq şəkildə işləmək uğura aparan əsas amillərdir”.

Uğurun formulu haqqında isə belə düşünür:
“Yalnız istedad, zəhmət və nizam-intizamla zirvəyə çatmaq çətindir. Bu bacarıqların harmoniyası ilə zirvələri fəth etmək mümkündür”.

Elmi maraqlarının əsasını isə suallar təşkil edir:
“Fizika, riyaziyyat və informatika fənləri çox maraqlıdır. Elm ucsuz-bucaqsız bir dəryadır və onu “niyə?” sualı verərək öyrənmək mümkündür”.

Qızıl nişanı sadəcə uğurun simvolu yox, həm də məsuliyyət hesab edir:
“Bu qızıl nişan sadəcə bir qiymətləndirmə deyil, həm də cəmiyyətim qarşısında məsuliyyətimin göstəricisidir”.

Asudə vaxtlarını isə təkcə texnologiya ilə yox, dostluq və yeni bacarıqlarla da zənginləşdirir:
“Əsasən özümü inkişaf etdirmək, əlaqələrimi genişləndirmək, müxtəlif innovativ və yeni layihələri araşdırmaqla məşğul olsam da, yeni bacarıqlar kəşf etmək və dostlarımla vaxt keçirməyi sevirəm”.

Hədəfi xaricdə təhsil almaq və əldə etdiyi bilikləri öz ölkəsinin inkişafına yönəltməkdir:
“Kompüter elmləri üzrə təhsil almaq istəyirəm. Dünyanın nüfuzlu universitetlərindən birinə qəbul olaraq özümü daha da inkişaf etdirməyi, müxtəlif cəmiyyətlərlə tanış olmağı və öyrəndiyim bilikləri cəmiyyətimizlə bölüşməyi planlaşdırıram”.

Bu gəncin gələcək planlarında yalnız texnologiya deyil, liderlik və sahibkarlıq da xüsusi yer tutur:
“Cəmiyyətimiz üçün yalnız öz sahəm olan kompüter sahəsində yox, həmçinin liderlik, startapların qurulması və inkişafı sahəsində töhfə verməyi planlayıram”.

Gələcək alim yaşıdlarına da ilhamverici tövsiyələrini çatdırmağı unutmur:
“Hər zaman seçdiyiniz yol ilə əzmlə davam etmək və “niyə?” sualını verərək elmin arxasında yatan sirləri aşkarlamaq sizin bir fərd kimi inkişafınıza böyük töhfə verəcək. Bu səbəbdən siz də özünüzü inkişaf etdirməyə və əlaqələrinizi genişləndirməyə önəm verərək beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə və gələcək karyeranızda uğurlu bir şəxsə çevrilə bilərsiniz”.

Şair ruhlu məzunun hekayəsi

Göygöl rayonunun Balçılı kəndi R.Tağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Səma Balakişiyeva da bu il qızıl nişanla təltif olunanlar arasındadır. Səma məktəbdə dərslərdə və ictimai fəaliyyətlərdə fərqlənib. Şeir müsabiqələrinin qalibi olub, təqdimat yarışmasında ikinci yerə layiq görülüb. Uğurun əsas amillərini fərdi istedad, zəhmət və intizamda görür. Gündəlik iş rejimini planlı təşkil edib, fənləri çətinlik dərəcəsinə görə bölüb, testlər həll edib. Ən sevdiyi fənlər ədəbiyyat və riyaziyyatdır. O, tibb sahəsində təhsil almaqla cəmiyyətə faydalı olmaq istəyir. Asudə vaxtlarını kitab oxumaq, musiqi dinləmək və özünü inkişaf etdirməyə sərf edir. Mesajı isə belədir: “Ürəkdən çəkilən əmək gec-tez bəhrəsini verir. Məqsədin varsa, səni yolundan heç nə döndərə bilməz”.


“Valideynlərimi sevindirmək mənim ən böyük motivasiyamdır”

Goranboy rayonu Mahmud Zeynalov adına Dəliməmmədli şəhəri tam orta ümumtəhsil məktəbinin qızıl nişanlı məzunu Ali Arif ardıcıl iki il – 2023 və 2024-cü illərdə biologiya fənni üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanaraq ölkənin istedadlı məktəblilərindən biri kimi tanınıb. Onun təhsil uğuru qızıl nişanla da dəyərləndirilib: “Bu sevinci tək yaşamıram. Valideynlərimin və müəllimlərimin əziyyətini yerdə qoymamaq, onları sevindirmək mənim ən böyük motivasiyamdır”.

Ali özünü saatlarla kitab qarşısında əyləşib oxuyan biri kimi təsvir etmir. O düşünür ki, əsas məsələ nə qədər çox oxumaqda deyil, necə oxumaqdadır: “Məncə, 10 saat dayanmadan oxumaqdansa, 1 saat oxumaq daha yaxşıdır. Əsas odur ki, fokuslu və məqsədli çalışasan”.
Onun fikrincə, istedad bu işin yalnız kiçik bir hissəsidir. Ən vacibi çalışmaq, əziyyət çəkmək və nəticəyə inamla addımlamaqdır: “İstedad sadəcə işin 1/10 hissəsidir, qalanı əziyyətdir. Əziyyət çəkən heç kəsin zəhməti yerdə qalmır”.

Biologiya və fizika fənlərinə xüsusi marağı olan Ali boş vaxtlarında şahmat oynamağı sevir. Gələcəkdə tibb sahəsində çalışmaq, bu istiqamətdə yeniliklərə töhfə vermək niyyətindədir. Ali yaşıdlarına da ruhlandırıcı mesaj verir: “Həyatınızı sadəcə rəqəmlərlə ölçməyin. “İmtahanda az bal yığdım” deyib özünüzü üzməyin. Əsas odur ki, ruhdan düşməyin və daim çalışın!”.

Şərhlər

Xəbər lenti

28 iyul, 21:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

28 iyul, 20:05

Liseylərə qəbulla bağlı əlavə araşdırmanın ilkin nəticəsi açıqlanıb

28 iyul, 17:07

Azərbaycanın məşqçi-müəllimi Dünya Kubokunda bürünc medal aldı

28 iyul, 16:58

100 baldan az toplayanların xarici universitetlərə qəbulu məhdudlaşdırılmalıdır – Ekspert

28 iyul, 16:15

Vəzifə öhdəliklərini yerinə yetirməyən məktəb direktoruna töhmət verilib

28 iyul, 15:28

Hansı peşə təhsili müəssisələrinin yataqxanası var? – SİYAHI

28 iyul, 15:15

Təhsil işçilərinə verilən yollayışların sayı 136% artıb

28 iyul, 14:28

Musiqi sənəti üzrə test imtahanı keçirilib

28 iyul, 14:24

Firudin Qurbanov türkmənistanlı həmkarı ilə görüşüb

28 iyul, 14:15

Peşə mərkəzi ilk dəfə sahibkarlıqdan pul qazandı 

28 iyul, 13:42

Universitetə qəbul olan subbakalavrlar üçün xüsusi proqram hazırlanmalıdır – Mütəxəssis

28 iyul, 12:21

Sabahın hava proqnozu açıqlanıb

28 iyul, 11:55

Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartı qəbul edilib

28 iyul, 11:27

Bu günədək 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

28 iyul, 11:14

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

28 iyul, 10:22

Qadınlar üçün rəqəmsal dəstək – Süni intellektin yardımından istifadə ediləcək

28 iyul, 10:08

Qarabağ Universitetinin strateji hədəfləri

28 iyul, 09:50

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün ingilis dili təlimləri keçirilir

28 iyul, 09:36

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.