Bütün xəbərlər
19 iyun, 17:20

Bu gün 161 nömrəli tam orta məktəbdə fərqli bir ab-hava, xüsusi bir həyəcan hiss olunur. Səbəb isə coğrafiya və ibtidai sinif fənni üzrə sertifikatlaşdırma imtahanının olmasıdır. Müəllimlər imtahan üçün bu ünvanda toplanıblar. Onlar üçün bu gün sadəcə bir imtahan günü deyil, illərlə qazandıqları bilik və təcrübənin sınaqdan keçdiyi mühüm mərhələdir.

Kimi sakitcə kitab vərəqləyir, kimi sonuncu dəfə test tapşırıqlarını nəzərdən keçirir, bəziləri isə dərin fikrə dalaraq dua edir. Məktəbin həyətində dayanan müəllimlər növbə ilə qeydiyyat masasına yaxınlaşırlar. Dəhlizlərdə həyəcanla addımlayan müəllimlərin baxışlarında həm gərginlik, həm də qərarlılıq hiss olunur.
Belə ki, imtahanın başlanmasına az qalmış müəllimlər bir-bir zala daxil olurlar, hər kəs öz yerində əyləşir. Nəhayət, imtahan başlayır…
Bir saat keçdikdən sonra artıq zalı tərk edən müəllimlər görünür. “Azərbaycan müəllimi” olaraq, müəllimlərə yaxınlaşır və onların təəssüratlarını öyrənir, nəticələri barədə danışırıq.

“Nəticəmin əməkhaqqıma müsbət təsir edəcəyini bilmək isə mənim üçün ən sevindirici məqamdır”

Binəqədi rayonu 205 nömrəli tam orta məktəbin müəllimi Aysel Qədimova sertifikasiya imtahanından 58 bal toplayıb. O deyir ki, ümumilikdə suallar asan idi, yalnız 1-2 sual bir qədər çaşdırıcı olub: “Ən çox kurikulumla bağlı suallar məni narahat edirdi, amma narahatlığa ehtiyac yox imiş. Bu nəticəmin əməkhaqqıma müsbət təsir edəcəyini bilmək isə mənim üçün ən sevindirici məqamdır”.

“Bu günə qədər qazandığım bilik və bacarıqlarla sualları cavablandırdım”

Türkan Əsədova Yasamal rayonu 336 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. Sertifikasiya imtahanında 57 bal toplayan T.Əsədova sualların müxtəlif səviyyələr üzrə tərtib olunduğunu, lakin ümumilikdə imtahanın rahat keçdiyini deyir: “İmtahan yüksək səviyyədə təşkil olunmuşdu və tam şəffaf keçdi. Xüsusi hazırlaşmamışdım. Bu günə qədər qazandığım bilik və bacarıqlarla sualları cavablandırdım. İmtahan verəcək müəllimlərə də demək istəyirəm ki, imtahandan çəkinməsinlər, çünki suallar proqram çərçivəsində hazırlanır. İmtahan başlayandan həyəcanlı olmuşam, hələ də həyəcanım keçməyib”.

“Sadəcə bir gün öncə materiallara göz gəzdirib imtahana girdim”

Bu gün sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər arasında yer alan coğrafiya müəllimlərdən biri Musa Rzayevdir. O, təhsilverənlərin sertifikasiya imtahanında 54 bal toplayıb. M.Rzayev Bakı şəhəri 87 nömrəli tam orta məktəbdə rus bölməsi üzrə coğrafiya fənnini tədris edir. O, artıq 10 ildən çoxdur ki, pedaqoji sahədə çalışır. Sertifikasiya imtahanına xüsusi şəkildə hazırlaşmadığını deyir: “Gündəlik olaraq sinfə hazırlıqlı daxil olan, dərsini vicdanla deyən müəllim üçün əlavə hazırlığa ehtiyac yoxdur. Sualların hamısı dərsliklərə əsaslanırdı. Bir neçə məntiqi sual da var idi, lakin fənnini sevən və dərindən bilən müəllim bu sualları rahatlıqla cavablandıra bilər”.

Musa Rzayev həmçinin bəzi müəllimlərin aşağı siniflərdən başlayaraq işləməyə üstünlük verdiyini qeyd edir: “Bizim fənn 6-cı sinifdən başlayır. Bəzi müəllimlər yuxarı siniflərlə işləməyə tərəddüd edirlər. Amma ardıcıllığın təmin olunması üçün müəllim bir sinfi seçirsə, həmin siniflə 6-cı sinifdən 11-ci sinfə qədər işləməlidir. Bu, dərsliklərlə işləmək bacarığını da inkişaf etdirir. Dərslikdə olan hər xırda məqam diqqətdən yayınmamalı, bu biliklər şagirdlərə də ötürülməlidir”.
Müəllim onu da əlavə edir ki, imtahandan bir gün əvvəl materiallara qısa şəkildə baxıb: “Düzünü desəm, sadəcə bir gün öncə materiallara göz gəzdirib imtahana girdim. Əsas odur ki, müəllim hər gün fənnini sevə-sevə və məsuliyyətlə tədris etsin. O zaman belə imtahanlarda uğur qaçılmazdır”.

“Yüksək nəticə üçün planlı və sistemli hazırlıq vacibdir”

Rəfiqə Rəsulova 71 nömrəli məktəbin ibtidai sinif müəllimidir və imtahandan 55 bal toplayıb. O bildirib ki, səhv etdiyi suallara baxa bilməyib, amma ümumilikdə imtahana ciddi hazırlaşıb: “Suallar mənə çətin gəlmədi, 2-3 ay ərzində çalışdım, xüsusilə IV sinif dərsliklərinə diqqətlə baxdım. Tövsiyəm odur ki, müəllimlər imtahana ciddi yanaşsınlar. Yüksək nəticə üçün planlı və sistemli hazırlıq vacibdir”.

"60 bal toplamağı hədəf qoymuşdum, lakin əldə etdiyim nəticənin də pis olmadığını düşünürəm”

Digər yüksək nəticə göstərən müəllim 117 nömrəli məktəbin coğrafiya müəllimi Şəmsəddin Bəşirovdur. O, sertifikasiya imtahanında 57 bal toplayıb. Ş.Bəşirov imtahana hazırlıq prosesinin əsasən gündəlik məktəb proqramı çərçivəsində aparıldığını bildirib: “İxtisas suallarında çətinlik yaşamadım, amma metodika hissəsində müəyyən çətinliklər oldu. Əslində, özümə 60 bal toplamağı hədəf qoymuşdum, lakin əldə etdiyim nəticənin də pis olmadığını düşünürəm”.

O, imtahandakı sualların müxtəlif səviyyədə olduğunu vurğulayıb: “Çox asan, orta və çətin suallar vardı. Bəzi suallar isə idraki və düşündürücü idi. Xüsusilə 2-3 sual var idi ki, üzərində ciddi düşünmək tələb olunurdu. Bu isə tamamilə təbiidir”.
Şəmsəddin Bəşirov hesab edir ki, bu imtahanda 30 bal toplamaq kifayət qədər asandır.

“Bütün suallar proqram çərçivəsində hazırlanmışdı”

Bu gün keçirilən imtahanda iştirak edənlərdən biri də 319 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Şəhla Səxavətlidir. Artıq 5 ildir pedaqoji fəaliyyətlə məşğul olan Ş.Səxavətli imtahandan 57 bal toplayaraq uğurlu nəticə əldə edib. O, imtahanla bağlı təəssüratlarını bölüşərək bildirir ki, suallar nə çox asan, nə də çox çətin idi, orta səviyyədə idi. Əsas odur ki, bütün suallar proqram çərçivəsində hazırlanmışdı. Hər hansı kənar və ya mövzuya uyğun olmayan sualla qarşılaşmadım. Düşünürəm ki, bu imtahanlara təcrübəli və bilikli hər bir müəllim cavab verə bilər”.

O qeyd edir ki, imtahana hazırlıq dönəmində müəyyən çətinliklərlə üzləşib: “Hazırlıq prosesim bir qədər çətin oldu, çünki evdə körpə uşağım var. Bu səbəbdən imtahana tam gücümlə hazırlaşa bilmədim. Buna baxmayaraq, bu illər ərzində qazandığım pedaqoji təcrübə və biliyim nəticə əldə etməyimdə mühüm rol oynadı”.

Şərhlər

Xəbər lenti

19 iyun, 20:50

Həkim olmaq istəyirik - Qəbul imtahanında maksimum bal toplayanlar

19 iyun, 18:45

“Sertifikasiyanın müəllimlərin inkişafına çox faydası var” – Bölgə müəllimləri ilə söhbət

19 iyun, 18:02

Sertifikatlaşdırmada maksimum bal toplayan müəllim Vətən müharibəsi iştirakçısı imiş – FOTO

19 iyun, 18:01

Tibbdə yeniliklər etmək istəyirəm Respublika 3-cüsü 

19 iyun, 17:29

Xaçmaz müəllimi sertifikatlaşdırmada maksimum bal toplayıb

19 iyun, 17:29

“Baku ID” innovasiya festivalı keçirilir

19 iyun, 17:15

Maksimum bal toplayan abituriyent: “Özümü gələcəyin savadlı kadrı kimi görürəm”

19 iyun, 17:10

Region müəllimləri sertifikasiya təəssüratlarını bölüşdülər

19 iyun, 16:48

Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir

19 iyun, 16:29

“Uğurlu nəticə əldə edənlər daha üstün bacarıqlara sahibdirlər” - Naxçıvan müəllimləri 

19 iyun, 16:27

Şəkidə sertifikasiya imtahanı – müəllimlərin gözü ilə

19 iyun, 16:27

Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir

19 iyun, 16:20

Nazir reytinqdə yer alan ali məktəblərin heyətini təbrik edib

19 iyun, 15:53

“Sertifikatlaşdırma müəllimlərin karyerada irəliləmələri üçün vacibdir– Mehriban Vəliyeva

19 iyun, 15:50

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi qeyd olunub

19 iyun, 15:45

“İstirahət edəndə özümü günahkar hiss edirdim” – 400 bal toplayan məktəbli

19 iyun, 15:30

LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb

19 iyun, 15:25

SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb

19 iyun, 15:16

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlərə ŞAD XƏBƏR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.