· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Dövlət Proqramının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər görülür

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq olunub.

Əsas məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi olan bu mühüm sənədin qəbulundan bir ay ötür. Təhsil Nazirliyindən aldığımız məlumata görə, artıq Proqramın həyata keçirilməsi istiqamətində bir sıra addımlar atılıb. Belə ki, təsdiq edilmiş Proqramın yüksək keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə Prezidentin sözügedən Sərəncamından 9 gün sonra - iyunun 19-da Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Qərarın icrası ilə bağlı Təhsil Nazirliyinin də əmri olub və idarə yaradılıb. Yeni idarə üçün artıq yer də ayrılıb və onun rəhbərliyinə qurumun strukturunu, nizamnaməsini hazırlamaq tapşırılıb.

Yeni idarənin tərkibində Dövlət Proqramındakı istiqamətlərə uyğun 5 şöbə nəzərdə tutulub. Bunlar texniki xidmət və ekspertiza; elektron və veb məzmunun inkişafı; kadr hazırlığı; telekommunikasiya; nəzarət, monitorinq və qiymətləndirmə şöbələridir.

Texniki xidmət və ekspertiza şöbəsi məktəblərə verilən avadanlıqlarla bağlı işlərə baxacaq. Elektron avadanlıqlarda nasazlıqlar, onların təmiri ilə bağlı yerlərdən edilən müraciətlər əsasında təhsil müəssisələri ilə onları İKT avadanlıqları ilə təmin etmiş şirkətlərin işini əlaqələndirəcək.

Elektron və veb məzmunun inkişafı şöbəsi, əvvəlki proqramda da nəzərdə tutulduğu kimi, bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənib hazırlanması və yayılması, elektron təhsil resursları bazasının yaradılması, distant təhsil və s. məsələlərlə məşğul olacaq.

Kadr hazırlığı şöbəsi müəllimlərin İKT savadlılığının artırılması, treninqlərin keçirilməsi, bölgələrdə təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılması istiqamətində öz fəaliyyətini həyata keçirəcək.

Telekommunikasiya şöbəsi Dövlət Proqramında prioritet məsələ kimi nəzərdə tutulmuş şəbəkə infrastrukturunun yaradılması, İnternet xidmətinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması və s. məsələlərə baxacaq.

Nəzarət, monitorinq və qiymətləndirmə şöbəsi isə, adından da göründüyü kimi, nəzarət, monitorinq və qiymətləndirmə ilə məşğul olacaq, müvafiq istiqamətlərdə tədbirlər həyata keçirəcək.

Təhsil nazirinin başqa bir əmri ilə nazirliyin müvafiq qurumlarına iki həftə müddətində Dövlət Proqramından irəli gələn məsələlərlə bağlı tədbirlər planının hazırlanması tapşırılıb.

Y.ƏLİYEV