· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Layihə çərçivəsində təlim kursu keçirilib

Böyük Britaniyanın "British Council" təşkilatı Təhsil Nazirliyi ilə birgə "Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər" layihəsi çərçivəsində 5 günlük təlim kursu keçirib. 

Təlim kursunun əsas məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadə üzrə bacarıq və peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi, müvafiq təlim vasitələrinin öyrədilməsindən ibarət olub.     

Təlimlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialından, Gəncə, Sumqayıt, Lənkəran Dövlət universitetlərindən, eləcə də  Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayon ümumtəhsil məktəblərindən seçilmiş kimya, biologiya və fizika fənlərini tədris edən müəllimlər, rayon təhsil şöbələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodistləri iştirak ediblər.

Layihə üzrə növbəti  təlim kursu yeni dərs ilində keçiriləcək.

 

 

 

 

 

 

Məqsəd müəyyənləşdirilmiş pilot məktəblərində ingilis dilinin intensiv tədrisinə başlamaqdır

İyulun 7-də Bakıdakı 23 nömrəli məktəbdə Təhsil Nazirliyi ilə  "British Council" təşkilatının birgə həyata keçirdikləri "İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminarın açılışı olub. Açılışda "British Council" təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak ediblər.

Layihənin əsas məqsədi müəyyənləşdirilmiş pilot məktəblərində ingilis dilinin intensiv tədrisinə başlanması, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnmələri, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanmasıdır.

Onu da qeyd edək ki, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, beynəlxalq əməkdaşlığın genişlənməsi təhsil sisteminin qarşısında da mühüm vəzifələr qoyur, xarici dillərin tədrisinin təkmilləşdirilməsini, dünyada uğurla tətbiq edilən metodikaların Azərbaycanda da həyata keçirilməsini aktuallaşdırır.

Məhz bu zərurət nəzərə alınaraq  layihə 2008-2009-cu dərs ilindən Bakı şəhərinin 7, 23, 27 nömrəli məktəbləri, "İntellekt" liseyi, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, "Ankara məktəbi" məktəb-liseyi, Beynəlxalq Təhsil Kompleksinin I və V siniflərində həyata keçiriləcək. Qeyd olunan sənədə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur. Eyni zamanda layihədə müvafiq siniflərdə dərs deyəcək müəllimlər üçün treninqlər keçirilməsi, bununla bağlı proqramların işlənilməsi və digər zəruri tədbirlərin görülməsi də öz əksini tapıb.

Treninqlərə cəlb olunan müəllimlərin ilk qrupu iyulun 7-dən 11-dək, II qrup isə 14-dən 18-dək təlim keçəcək.

Sonda həmin müəllimlərə sertifikatlar təqdim olunacaq.

 

 

 

 

 

Ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 8-də 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə I ixtisas qrupu və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisas qrupu üzrə qəbul imtahanı keçirmişdir. TQDK-dan aldığımız məlumata görə, bu il I ixtisas qrupu üzrə nəzərdə tutulan 8 min 125 yerə 36 min 946 abituriyent ərizə təqdim etmişdir. Onların 33 min 558 nəfəri Azərbaycan bölməsinin, 3 min 388 nəfəri isə rus bölməsinin məzunlarıdır. Qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilmişdir. İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək İnternet vasitəsilə aparılacaqdır. Müsabiqəyə I ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq vaxtda elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər. Həmin ixtisasların siyahısı "Abituriyent" jurnalında dərc olunacaqdır.

 

 

 

 

 

 

Bu il I ixtisas qrupu üzrə təhsil almaq istəyən abituriyentlərin 262 nəfəri xarici ölkə vətəndaşıdır

Xəbər verildiyi kimi, iyulun 8-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün ali məktəblərin I ixtisas qrupuna qəbul imtahanı keçirmişdir. TQDK-dan qəzetimizə bildirmişlər ki, bu il I ixtisas qrupu üzrə təhsil almaq istəyən abituriyentlərdən 262 nəfəri xarici ölkə vətəndaşıdır.