· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Texniki peşə təhsilinə dair müşavirə

İyulun 9-da Təhsil Nazirliyində "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın yerinə yetirilməsi vəziyyətinin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq sosial-iqtisadi inkişafın təmin olunmasında aparıcı rol oynayan texniki peşə təhsilinə son illər ölkəmizdə diqqətin artdığını, onun təhsil sisteminin prioritet istiqamətinə çevrildiyini bildirdi. ölkə Prezidenti İlham Əliyevin 3 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nı bu baxımdan yüksək dəyərləndirən nazir texniki peşə təhsilinin mövcud vəziyyəti, bu sahədəki problemlər və görüləcək işlərin əsas istiqamətləri barədə öz fikir və qənaətlərini tədbir iştirakçılarına çatdırdı.

Texniki peşə təhsilinin vacibliyini qeyq edən Misir Mərdanov Cənubi Koreya, Almaniya, Yaponiya, Türkiyə kimi ölkələrin inkişafında məhz peşə təhsilinin böyük rolu olduğunu, həmin ölkələrdə orta məktəb məzunlarının 40-60 faizinin texniki peşə təhsili ilə əhatə olunduğunu, bizdə isə bu rəqəmin cəmi 5-8 faiz təşkil etdiyini dedi.

Texniki peşə təhsilinin problemlərindən danışan nazir  təhsilin bu pilləsindəki müəssisələrin maddi-texniki bazasının aşağı səviyyədə olduğunu, son 20-25 il ərzində texniki peşə məktəbləri üçün binaların tikilmədiyini, təhsilin məzmununun tam yeniləşmədiyini, müasir təlim texnologiyalarından istifadə olunmadığını dedi.

Təhsil naziri sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmənin və kadr hazırlığı işinin təkmilləşdirilməsi, məzmunun müasir tələblər səviyyəsində yeniləşdirilməsi, texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi əsas prioritet istiqamətlər kimi nəzərdə tutulmuş Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində həmin problemlərin yaxın illərdə öz həllini tapacağına və texniki peşə təhsilinin inkişaf yoluna düşəcəyinə əmin olduğunu söylədi.

Müşavirədə Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov müzakirə olunan məsələ barədə geniş təqdimat etdi. Təqdimatda texniki peşə təhsilinin mövcud vəziyyəti, problemləri və çətinlikləri, Dövlət Proqramında nəzərdə tutulmuş  əsas fəaliyyət istiqamətləri, 2008-ci ildə görüləcək işlər və s. barədə geniş məlumat verildi. Qeyd olundu ki, hazırda ölkəmizdə 114 texniki peşə təhsili müəssisəsi var. Onlardan 47-si peşə  liseyi, 60-ı isə peşə məktəbidir. Həmin müəssisələrdə 101 peşə üzrə 24455 şagird təhsil alır. İşğal olunmuş ərazilərdə fəaliyyəti dayandırılan 7 peşə məktəbi var.

Dövlət Proqramına əsasən, Təhsil Nazirliyi Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Britaniya Şurası, ABŞ-ın Adventist İnkişaf və Yardım Təşkilatı (ADRA), Avstriyanın "Hilsfverk Austria" təşkilatı, Böyük   Britaniyanın   "L.J.Create"   şirkəti,   YUNESKO, Cənubi Koreyanın  "DAEWOO" şirkəti və digər beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırıb.

2008-ci ildə dövlət vəsaiti hesabına 8 texniki peşə məktəbi əsaslı təmir olunacaq, 1 məktəb yenidən qurulacaqdır.

 

Yusif ƏLİYEV