· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Həsən bəy Zərdabi və maarif

 

Bəşər tarixində elə böyük zəkalar var ki, onlar həyat və fəaliyyətləri, yazdıqları və söylədikləri ilə gələcək nəsillərə bir örnək olaraq yaddaşlarda qalırlar. Azərbaycanda professional teatrın və demokratik mətbuatın banisi, təbiətşünas alim, publisist və ən nəhayət, görkəmli maarifçi kimi tanınmış Həsən bəy Zərdabi belə simalardandır.

 H.Zərdabi Bakı quberniyası Göyçay qəzasının Zərdab kəndində dünyaya göz açmışdı. Babası Rəhim bəy və atası Səlim bəy öz dövrlərinin ziyalısı olub, Göyçay qəzasında maarif və mədəniyyətin inkişafı üçün çox iş görmüşlər. Bütün bunlar Həsən bəyin gələcəkdə maarifçi-alim kimi yetişməsinə müsbət təsir göstərmişdir.

O, ilk təhsilini mədrəsədə alaraq, ərəb və fars dillərini öyrənmiş, sonra Şamaxıda yenicə açılmış məktəbdə oxumuşdur. 1861-ci ildə Tiflis qəza gimnaziyası yanında Blaqorodnı pansionunu müvəffəqiyyətlə bitirərək, Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsinə daxil olmuşdur. Universitetin elmi şurasının qərarı ilə ona nadir istedada malik bir məzun kimi təbiyyat elmləri namizədi adı verilmişdir.

1869-cu ildə Həsən bəyin həyatında son dərəcə fərəhli bir hadisə baş vermişdir. O, Bakı Realnı Gimnaziyasına müəllim təyin olunmuşdur. Gələcəyin böyük alim, dramaturq və yazıçılarından olacaq N.Vəzirov, Ə.Adıgözəlov, M.A.Pavlov və başqa gənclər Bakı gimnaziyasında Həsən bəyin atalıq qayğısı sayəsində kamil tərbiyə almış və Rusiyanın müxtəlif ali məktəblərinə daxil olmuşlar.

Həsən bəy Zərdabinin pedaqoji-maarifçi görüşlərinin əsasını humanizm, vətənpərvərlik və beynəlmiləlçilik ideyaları təşkil edirdi. O, xalqının xoşbəxtlik və tərəqqisini elmdə görür, elm və təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət verirdi: "Bizim zəmanədə elm lazımdır. Elm yolu ilə zəhmət çəkən tayfa öz millətini güclü edər".

Bütün qüvvə və bacarığı ilə Azərbaycan xalqına xidmət edərək, həyatının əsas məqsədini müsəlmanların maariflənməsində görən Zərdabi dəfələrlə xalq məktəbləri yaratmağın vacibliyi fikrini irəli sürmüş, müsəlman uşaqlarının təhsil almaları üçün əlindən gələn köməyi əsirgəməmişdir.

H.Zərdabinin maarif sahəsində xidmətlərindən biri də savad təlimi və ana dilində dünyəvi məktəblərin yaradılması ideyasını irəli sürməsidir.

"Kamal ibarətdir o elmi - əməldən ki, onun millət və dövlət üçün faydası ola" deyən Həsən bəy xalqın elm və mədəni cəhətdən tərəqqisi uğrunda çalışan demokratik qüvvələri əhatəsində cəm etməyə çalışırdı.

"Əkinçi" qəzetinin nəşrə başlaması H.Zərdabinin həyatında dərin iz buraxmış hadisəyə çevrildi. Demokratik ideyaların carçısı və tribunası olan "Əkinçi" Həsən bəyin mənəvi övladı idi. O, 1875-77-ci illərdə parladı, mövhumat və cəhalətə, mühafizəkar qüvvələrə qarşı çıxaraq, qaranlıq mühitimizə işıq saçdı. H.Zərdabi yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır. Onun borcudur ki, işlərin yaxşı və yamanlığını xalqa göstərsin".

1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü görməsi Azərbaycan ictimai həyatında əlamətdar hadisə kimi yadda qaldı. "Əkinçi"nin səhifələrində elm, məktəb və mədəniyyətin təbliğinə dair dərc edilmiş yazılar xalqın maariflənməsi üçün ana dilində qəzetin nəşrinin nə qədər vacib olduğunu sübuta yetirdi.

"Əkinçi" qəzetində qadın azadlığı və qadın təhsili məsələlərinə də geniş yer verilmişdir: "Bizim ünas (qadın) tayfası elmdən bixəbərdir. Tərbiyənin binası ana ilədir. Uşağa 7-8 yaşına qədər ana tərbiyə verir. Ona binaən ünas tayfası dəxi tərbiyə almalıdır".

Əhalini maarifləndirmək və kasıb şagirdlərə maddi kömək göstərmək məqsədilə Zərdabinin təşkil etdiyi "Xeyriyyə cəmiyyəti" tərəfindən 1875-ci ildə Şuşa şəhərində, daha sonra 1895-ci ildə Gəncədə qız məktəblərinin əsası qoyuldu. Belə məktəblərin meydana çıxması və tədricən sayının artması qadın təhsilinin gələcək inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Azərbaycanda dünyəvi qadın təhsili ideyasının həyata keçirilməsi uğrunda çalışan Həsən bəy və onun həyat yoldaşı Hənifə xanımın səyləri nəticəsiz qalmadı.

1901-ci ildə böyük xeyriyyəçi H.Z.Tağıyevin vəsaiti hesabına Bakıda ilk rus-müsəlman qız məktəbinin əsası qoyuldu. Məktəbin ilk müdiri təyin edilən Hənifə xanım qızların savadlı və mədəni olması, alicənab ruhda tərbiyə edilməsinə xüsusi diqqət yetirirdi.

H.Zərdabinin həyat yoldaşı Hənifə xanım onun əsl əməl və əqidə dostu olmuşdur. O, cəhalət bataqlığında əzab-əziyyət çəkən xalqı maarifləndirmək, dünyəvi elmin ziyası ilə onu qəflət yuxusundan oyatmaq üçün Həsən bəy ilə birgə mübarizə aparmışdır.

1907-ci ildə Həsən bəyin vəfatı təkcə onun ailə üzvlərini deyil, bütün maarifpərvər insanları sarsıtdı. Onun ömür yolu, milli oyanışa və tərəqqiyə təkan verən ideyaları bugünkü nəsillərə bir örnəkdir.

 

Zülfiyyə ŞİRİYEVA,

Xalq Təhsili Muzeyinin

direktor müavini