· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Qaxda yeni məktəb binası istifadəyə verilib

 

Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" Qrant Yardımı Proqramı çərçivəsində Qax şəhərində 3 nömrəli məktəb üçün yeni bina tikilib istifadəyə verilmişdir.

İyulun 7-də Qax şəhərində yeni məktəb binasının təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki iştirak etmişdir.

Mərasimdən əvvəl səfir Masamitsu Oki və rayon rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra səfir ümummilli liderimizin adını daşıyan muzeydə olmuş, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat yolunu əks etdirən ekspozisiyaya baxmışdır.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycanda elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, tezliklə rayonun Almalı və Baydarlı kəndlərində də müasir standartlara uyğun yeni məktəb binalarının şagirdlərin istifadəsinə veriləcəyini nəzərə çatdırmış, belə bir dəyərli hədiyyəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.

Səfir Masamitsu Oki Qaxa ilk dəfə səfər etdiyini, rayonun təbiətinə valeh olduğunu bildirmiş, "Ot kökləri və insan təhlükəsizliyi" Qrant Yardımı Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Səfir bildirmişdir ki, bu, proqram çərçivəsində rayonda həyata keçirilən sayca dördüncü layihədir. ümumiyyətlə, Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" Qrant Yardımı Proqramı Azərbaycanda 2000-ci ildən həyata keçirilir. Proqram çərçivəsində indiyədək respublikamızda ümumi dəyəri 8 milyon 70 min manat olan 115 layihə reallaşdırılmışdır.

Təhsil Nazirliyinin nümayəndəsi Sabir Həmidov çıxış edərək təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır.

Rəmzi qırmızı lent kəsildikdən sonra yeni məktəb binasına baxış olmuşdur. 9 sinif otağından ibarət 310 şagird yerlik yeni məktəb binasının tikintisinə 85 min 666 ABŞ dolları həcmində vəsait xərclənmişdir. Təhsil Nazirliyi tərəfindən məktəbə yeni inventar və avadanlıq verilmiş, ərazi rayonun daxili imkanları hesabına abadlaşdırılmışdır.

Sonra Yaponiyanın ölkəmizdəki səfiri Qax şəhərinin görməli yerləri ilə tanış olmuşdur.

 

AzərTAc