· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təhsil Nazirliyində beynəlxalq biznes

yarışının finalçıları ilə görüş keçirilib

 

İyulun 10-da  Təhsil Nazirliyində 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanmış tələbə və şagirdlərlə görüş keçirildi. Mərasimdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin mərkəzi aparatının və müvafiq şöbələrinin rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Məlumat üçün qeyd edək ki, hər il təşkil olunan bu nüfuzlu yarış beynəlxalq Junior Achievement təşkilatı tərəfindən keçirilir. Azərbaycanda HPGBC yarışı Statoil Hydro Azərbaycan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker Mckenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən və Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən "Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı (2008-2010-cu illər)" çərçivəsində təşkil olunur.

Junior Achievement təşkilatının missiyası dünya iqtisadiyyatında uğur qazanmaq üçün gəncləri ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə yarandığı tarixdən bu günə kimi JA dünyada gənclərin iqtisadi və biznes təhsilinə öz töhfəsini verir. Hazırda bu təşkilat yerli təmsilçilər vasitəsilə dünyanın 100 ölkəsi ilə əməkdaşlıq edir. ölkəmizdə 2000-ci ildən fəaliyyətə başlayan Junior Achievement Azərbaycan ictimai və fərdi donorların dəstəyi ilə ötən illər ərzində ölkəmizin 26 bölgəsində minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçib. JA Azərbaycan onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında gələcək karyeralarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.

Tədbirdə öncə Junior Achievement Azərbaycan təşkilatının icraçı direktoru Vüsal Xanlarov geniş məruzə-təqdimatla çıxış etdi. Təqdimatda "Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı"nın əsas məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri, faydalanan qruplar, proqram çərçivəsində həyata keçirilən layihələr və görülmüş işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verildi.

Məruzə-təqdimatda daha sonra "Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı"nın tərkib hissəsi olan HP Qlobal Biznes Yarışından bəhs olundu. Görüş iştirakçılarının diqqətinə çatdırıldı ki, JA Azərbaycan təşkilatı 2000-ci ildən etibarən yüzlərlə azərbaycanlı məktəblinin milli və beynəlxalq biznes yarışlarında iştirakına imkan yaratmışdır. HP Qlobal Biznes Yarışı kompüter proqramı əsasında keçirilir. Bu proqram vasitəsilə şagird və tələbə iştirakçılar virtual istehsal müəssisələrinin baş icraçı rəhbəri rolunu ifa edərək yüksək göstəricilər uğrunda mübarizə aparırlar. İştirakçı komandalar şirkətlərinin mənfəətli və davamlı olduğunu əks etdirən qərarlar qəbul edir, mənfəət, satış və bazar payı göstəricilərində rəqiblərini üstələməyə çalışırlar. Onlar qiymət təyin edir, istehsalın həcmini və kapital qoyuluşunu müəyyən edir, marketinq, xeyriyyəçilik və elmi-tədqiqat işləri üçün büdcə planlaşdırırlar. Junior Achievement proqramlarının iştirakçısı olan Azərbaycan məktəbliləri 2005-ci ildən HP Qlobal Biznes Yarışında uğurla iştirak edirlər (2005-ci il - VIII yer, 2006-cı il - III yer, 2007-ci il - I yer, 2008-ci il - VI yer). Fevralda başlanan builki beynəlxalq yarışa 300 komanda qoşulmuş, ilk iki mərhələdən sonra Azərbaycan, Cin, Rusiya, Polşa və Qazaxıstanı təmsil edən 8 komanda  16-20 avqust tarixlərində  Braziliyanın San-Paolo şəhərində keçiriləcək final görüşünə vəsiqə qazanmışdır. Belə bir əhəmiyyətli beynəlxalq yarışda ölkəmizi 2 komanda - Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri və Bakının Xətai rayonundakı 95 nömrəli məktəbin şagirdləri təmsil edəcək.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. Görüş iştirakçılarını salamlayan təhsil naziri öz çıxışında Junior Achievement Azərbaycan təşkilatının fəaliyyətinin böyük əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, 10 il əvvəl biznes, iqtisadiyyatın idarəolunması, sahibkarlıq, karyera və s. məsələlər ölkəmiz üçün yeni anlayışlar olsa da, indi 230 ümumtəhsil məktəbinin yuxarı siniflərində iqtisadiyyatın əsasları fənni tədris olunur. Bu fənnə aid kurikulumlar hazırlanır, dərsliklər çap olunur, müəllimlər müvafiq ixtisasartırma kurslarından keçərək yüksək səviyyəli mütəxəssislər kimi formalaşır.

"Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı" çərçivəsində ümumtəhsil, qismən də ali təhsil müəssisələrində həyata keçirilən layihələrin azərbaycanlıların xoşbəxt gələcəyi, Azərbaycan təhsilinin inkişafı naminə atılan addımlar olduğunu söyləyən Misir Mərdanov bu işdə iştirak edən bütün təşkilat və şirkətlərə təşəkkür etdi. O, Statoil Hydro Azərbaycan, Chevron Xəzər şirkətlərinin, Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) əsas sponsorluğu, Amerika Ticarət Palatası, Baker Mckenzie və Bakcell şirkətlərinin tərəfdaş sponsorluğu ilə "Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı"nı həyata keçirən Junior Achievement  Azərbaycan təşkilatına minnnətdarlığını bildirərək Təhlsil Nazirliyinin strateji tərəfdaş kimi həmin qurumlarla birlikdə bu işi davam etdirməyə hazır olduğunu diqqətə çatdırdı.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda HP Qlobal Biznes Yarışının son mərhələsinə vəsiqə qazanmış komandaları təbrik edərək onlara Braziliyada keçiriləcək final görüşündə böyük uğurlar arzuladı.

Tədbirdə çıxış edən USAİD-in Azərbaycan üzrə koordinatoru Skott Teylor və JAA-nın Direktorlar Şurasının sədri, ABŞ Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin prezidenti Daniel Mattheus proqram çərçivəsində həyata keçirilən tədbirləri birgə qazanılan uğur adlandıraraq müvafiq istiqamətdə fəaliyyətin və əməkdaşlığın davamlı olacağına inamlarını ifadə etdilər.

Mərasimin sonunda HP Qlobal Biznes Yarışının finalında ölkəmizi təmsil edəcək komandaların üzvlərinə - ADNA-nın tələbələri Tələt Kalayev və Elşən Əliyevə, Bakının Xətai rayonundakı 95 nömrəli məktəbin şagirdləri Türkay Ramizoğlu və Ramazan Hüseynova sertifikatlar təqdim olundu. Təhsil naziri Misir Mərdanov beynəlxalq qurumların nümayəndələri və gənclərlə xatirə şəkli çəkdirdi.

 

Hicran ƏKBƏROVA