· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik

yubileyinin qeyd edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 319 N-li 22 iyun 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinin qeyd edilməsi üzrə Milli Proqram"ın icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunması məqsədi ilə "Müharibə" mövzusunda mədəni-kütləvi tədbirlər təşkil etsin.

2. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) 1941-1945-ci illər müharibəsinin ayrı-ayrı mərhələlərini, Qələbəni əks etdirən məşğələləri təhsil müəssisələrində keçirmək üçün 20 saatlıq proqram hazırlanmasını təmin etsin.

3. Nazirliyin Elm şöbəsi (G.Hüseynova) 2009-2010-cu tədris ilində 1941-1945-ci illər müharibəsində Qələbənin təmin edilməsi həqiqətlərini, o cümlədən Azərbaycan xalqının, xüsusən Azərbaycan neftçilərinin Qələbənin təmin edilməsində müstəsna xidmətlərini, Azərbaycan alimlərinin Qələbənin əldə edilməsi üçün verdiyi töhfələri və Azərbaycan qadınlarının ön və arxa cəbhələrdə qəhrəmanlıq nümunələrini əks etdirən elmi konfransların, simpoziumların keçirilməsini təmin etsin.

4. Təhsil müəssisələrinin rəhbərləri 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi ilə bağlı əmrin müvafiq bəndlərinin icrasını təmin etmək üçün tədbirlər həyata keçirsinlər.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.

           

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

10 iyul 2009-cu il 

 

 

 

 

 

 

Məktəblilərin 2008-2009-cu dərs ilində keçirilmiş

fənn olimpiadalarının nəticələri barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2008-2009-cu dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həyata keçirilmiş, xərclər smetası tutulmuş, fənlər üzrə olimpiada  materialları  hazırlanıb yerlərə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant" adlı kitab çap olunmuş, müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Fənn olimpiadalarının rayon (şəhər)  mərhələsinin I turunda 48651,  II turunda 8976, respublika turunda 1105  nəfər iştirak etmişdir.

Olimpiadanın nəticəsi cədvəldə  göstərilən kimi olmuşdur.

 

 

 

 Yerlərdə olimpiadalara hazırlıq mərkəzlərinin yaradılması və xüsusi qabiliyyəti ilə fərqlənənlərin obyektiv seçiminin aparılmasının nəticəsidir ki, əvvəlki illərlə müqayisədə 2009-cu il fənn olimpiadalarının yekun turunda şagirdlər daha yüksək nəticə göstərmişlər.

Respublika turunda Bakı, Naxçıvan, Sumqayıt, Şirvan  şəhərləri, Zərdab, İsmayıllı, Zaqatala, Şəmkir, Qazax, Qax,  Tovuz, Cəlilabad, Ucar, Balakən,  Beyləqan, Ağcabədi, Tərtər, Oğuz, Şərur, Ordubad, Babək, Culfa  rayonlarının şagirdləri daha çox fərqlənmiş, mükafata layiq yerləri tutmağa nail olmuşlar.

Bakı şəhəri 20, 134, 239, 261, 264 nömrəli məktəblərin, Bağça- məktəb-lisey kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin,  Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin,  Təbiət elmləri təmayüllü gimnaziyanın, BDU-nun "Gənc istedadlar",  Mingəçevir şəhəri texniki-humanitar, Naxçıvan şəhəri Heydər Əliyev adına, Balakən rayonu texniki və humanitar liseylərin, Naxçıvan şəhəri 705 nömrəli hərbi hissə, Culfa rayonu Bənəniyar kənd, Ağcabədi rayonu şəhər 3, Zərdab rayonu şəhər 1 nömrəli, Yardımlı rayonu Bozayran kənd, İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəblərinin, bilavasitə nazirlik nəzdindəki Heydər Əliyev liseyinin, kimya-biologiya təmayüllü, "Zəngi" liseylərinin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın şagirdləri  daha yaxşı nəticə göstərərək qaliblər sırasında  olmuşlar.  

ötən illərdə olduğu kimi, cari ildə də respublikada fəaliyyət  göstərən "çağ" öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl  liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil etmiş, bu liseylərin 45 nəfər şagirdi I-IV yerlərə layiq görülmüşdür.

Bir sıra rayonlarda seçimin qeyri-obyektiv aparılmasının nəticəsidir ki, olimpiadanın yekun turunun iştirakçılarından 46 (4,2%) nəfəri "0", 94 (8,5%) nəfəri isə "1-10"  bal toplamışdır.

Göstərilənləri nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Məktəblilərin 2008-2009-cu dərs ilində  fənn olimpiadalarının nəticələri  haqqında münsiflər heyətləri sədrlərinin təqdimatları nəzərə alınsın.

2. Fənn olimpiadalarının respublika turunda Bakı, Naxçıvan, Sumqayıt, Şirvan  şəhərləri, Zərdab, Tovuz, İsmayıllı, Zaqatala, Şəmkir, Qazax, Qax, Cəlilabad, Ucar, Balakən,  Beyləqan, Ağcabədi, Oğuz, Tərtər, Şərur, Ordubad, Babək, Culfa  rayonlarının və respublikada fəaliyyət göstərən "çağ" öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdlərinin uğurlu nəticələri qeyd edilsin.

3. Göygöl, Şamaxı, Cəbrayıl, Lerik, Ağsu, Qobustan, Laçın və Xocavənd rayon təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayonların təhsil şöbə müdirlərinin nəzərinə çatdırılsın.

4. Fənn olimpiadalarına şagirdlərin hazırlanmasında səmərəli fəaliyyət göstərmiş və 2009-cu ildə  keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma  layiq  görülmüş müəllimlərin hər birinə 115 (yüz on beş) manat məbləğində mükafat verilsin.

5. Fənn olimpiadalarının keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyəti  sədrlərinin hər biri 110 ( yüz  on) manat, məsul katiblərin hər biri 90 (doxsan) manat, üzvlərin hər biri 50 (əlli) manat pulla mükafatlandırılsınlar.

6. Naxçıvan MR Təhsil  Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki, əmrin məzmununu təhsil müəssisələrinin pedaqoji  kollektivlərinə çatdırsınlar, istedadlı şagirdlərin aşkara çıxarılmasına, onlar üçün səmərəli təhsil şəraitinin yaradılmasına, fənn olimpiadalarının təşkili və keçirilməsinə  xüsusi diqqət yetirsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin lAzərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

10 iyul 2009-cu il