· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Ulu öndər Heydər Əliyevin siyasi irsi əbədi yaşayacaq

 

İyulun 14-də Bakı Dövlət Universiteti və Suraxanı Rayon İcra Hakimiyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbəri seçilməsinin 40-cı ildönümünə həsr olunmuş birgə tədbir keçirmişlər.

Əvvəlcə iştirakçılar Suraxanı rayonunun 14 iyul küçəsindəki "14 iyul" xatirə lövhəsinin, Heydər Əliyev parkında ulu öndərin abidəsinin önünə əklillər qoymuş, gül dəstələri düzmüşlər.

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi rəhbəri seçilmiş Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışmışdır.

1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladan natiq demişdir ki, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükə aradan qaldırılmış, respublikamız böyük inkişaf yoluna çıxmışdır. Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs etmişdir. Dahi rəhbər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə xatırladan rektor ulu öndərin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini bildirmişdir.

Akademik Fuad Qasımzadə, professor İzzət Rüstəmov qüdrətli şəxsiyyətin müstəqil dövlətimizin yaranması və inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasındakı əvəzsiz rolundan bəhs etmiş, ulu öndərin zəngin siyasi irsinin, ideyalarının əbədi yaşayacağını vurğulamışlar.

 

 

 

 Parisdə ali təhsillə bağlı beynəlxalq konfrans keçirilib

 

İyulun 5-8-də Parisdə YUNESKO-nun mənzil-qərargahında "Ali təhsil - 2009" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 150 ölkədən minə yaxın nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı iqtisadi inkişaf nazirinin müavinindən, maliyyə və təhsil nazirliklərinin təmsilçilərindən, Naxçıvan Dövlət və "Xəzər" universitetlərinin rektorlarından, Dillər Universitetinin kafedra müdirindən və Dünya Bankı Bakı ofisinin əməkdaşından ibarət geniş tərkibdə nümayəndə heyəti təmsil etmişdir.

İyulun 5-də konfransı YUNESKO-nun Baş direktoru Koişiro Matsuura açaraq qonaqları salamlamış, təhsilin rəhbərlik etdiyi qurumun prioritetlərindən biri olduğunu və cəmiyyətin inkişafında onun mühüm rol oynadığını bildirmiş, beynəlxalq tədbirin əhəmiyyətini vurğulamışdır.

Baş direktor ali təhsilin problemlərindən danışmış, son illər bu sahədə müəyyən uğurlar qazanıldığını, Boloniya sisteminin əhəmiyyətini qeyd etmiş, beynəlxalq konfransın ali təhsildə yeni səhifə açacağına ümidvar olduğunu bildirmişdir.

Konfransda işçi və redaksiya heyətləri seçilmişdir. Redaksiya heyətinə seçilmiş 17 ölkə arasında Azərbaycanın iştirakı YUNESKO ilə ölkəmiz arasındakı sıx əlaqədən xəbər verir.

Müxtəlif bölmələrdə işini davam etdirmiş konfransda ayrı-ayrı dövlətlərin təhsil nazirləri və nümayəndələri, ekspertlər və bank təmsilçiləri müxtəlif mövzularda məruzələrlə çıxış edərək ali təhsilin daha da təkmilləşdirilməsi və inkişafı, ali məktəblərdə tələbələrin tədqiqat işlərinə cəlb olunması, bu sahədə onlara hər cür şəraitin yaradılması və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Sonda ali təhsilin inkişafı və bu sahədə ölkələrarası əməkdaşlığa dair qərar qəbul olunmuşdur.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli konfransdan aldığı təəssüratı AzərTAc-ın müxbiri ilə bölüşmüşdür. Milli Məclisin deputatı demişdir: Ali təhsil üzrə beynəlxalq konfransda ali təhsil ümumi təhsilin prioritet sahəsi elan olundu. Dörd gün ərzində dünyada universitetlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə əlaqədar ən aktual məsələlər geniş müzakirə edildi. Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, xüsusən müəllim və tələbə mübadiləsinin zəruriliyi konfransda əsaslandırıldı. Təhsildə informasiya texnologiyalarından istifadənin vacibliyinə xüsusi diqqət yetirildi. Diplomların Boloniya prosesi məkanında tanınması üçün zəruri tədbirlərin həyata keçirilməsinə diqqətin artırılması tövsiyə olundu.

Beynəlxalq konfransda müəllim və tələbə münasibətləri ətrafında geniş müzakirələr aparıldı.

YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın məruzəsi demək olar ki, konfransın proqramına çevrildi.

Ali təhsil üzrə beynəlxalq forumun qəbul etdiyi qərar dünya universitetlərinin bundan sonrakı fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Konfrans özlüyündə yeni əsr universitetlərinin gələcək inkişaf yollarını istiqamətləndirdi.

 

AzərTAc

 

 

 

 

 

Türkiyədə peşə təhsili işçiləri üçün təşkil ediləcək

treninqlərdə iştirak etmək istəyənlərin nəzərinə

 

Türkiyənin İzmir şəhərində cari ilin sentyabrın 28-dən oktyabrın 23-dək Sənayenin avtomatlaşdırılması üzrə müəllimlərin hazırlıq mərkəzində Azərbaycan Respublikasının texniki peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji işçilər üçün treninqlər təşkil ediləcək.

Treninqlərdə iştirak etmək üçün kompüterdə idarə olunan avadanlıqların istismarı, təmiri və montajı ilə bağlı ixtisasları tədris etmək təcrübəsi olan, kompüter texnologiyaları, mexanika, elektrik və elektronika ixtisasları üzrə ali təhsil müəssisələrinin məzunları, ən azı 5 il pedaqoji təcrübəyə malik və hazırda aktiv pedaqoji fəaliyyət göstərən 40 yaşına kimi şəxslər çalışdığı peşə təhsili müəssisəsinin direktoru tərəfindən təsdiq edilmiş kadrların uçotu vərəqəsi ilə birlikdə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinə 31 avqust 2009-cu ilə kimi ərizə ilə müraciət edə bilərlər.

 

 

 

 

 

 

 

 

Fransa universitetindən BSU-ya hədiyyə

 

Bakı Slavyan Universiteti Fransanın "Nansi-2" Universiteti ilə müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir. Belə ki, may ayında BSU-nun rektoru Kamal Abdullayev və "Nansi-2" Universitetinin rektoru Jan Fransua Leportyer arasında elmi-texniki sahədə əməkdaşlıq konvensiyası imzalanıb. K.Abdullayev Parisdə Fransa dövlət Şərq dilləri və sivilizasiyaları və Strasburq universitetlərinin müəllim-tələbə heyəti ilə görüşlər keçirib. Bu görüşlər zamanı azərbaycanlı alim iki ölkə arasındakı əlaqələr, bədii-mifik yaradıcılıq barədə geniş məlumatlar verib və mühazirələr oxuyub.

Səmərəli əməkdaşlığın nəticəsidir ki, keçən həftə "Nansi-2" Universitetinin professoru Erik Şümüleviç BSU-ya 50 bədii kitab hədiyyə göndərib.

 

 

 

 

 

 

 Peşə məktəbi məzunları ilə fəxr edir

 

Buzovna qəsəbəsində 5 nömrəli Bakı peşə məktəbi təlimin keyfiyyətini yüksəltmək, müəllim-şagird münasibətlərinin tənzimlənməsi və bunun əsasında biliyin qiymətləndirilməsi sisteminin yaradılması problemlərinin həlli istiqamətində fəaliyyətini səmərəli təşkil edir. Bu vacib məsələlərlə əlaqədar həyata keçirilən tədbirlər, xüsusən yeni dərs ili  ilə bağlı  görülən işlər pedaqoji kollektivin daim diqqət mərkəzindədir.

Məktəbin direktoru Qənirə İbrahimova bildirdi  ki, rəhbərlik etdiyi  təhsil ocağında müxtəlif peşələr, o cümlədən avtomobil təmiri çilingəri, elektrik-qaz qaynaqçısı, əməliyyatçı mühasib, modelçi-dərzi və başqa peşələr öyrədilir. Burada  11 fənn müəllimi, 13 istehsalat  təlimi ustası çalışır.

Bu il  peşə məktəbini bitirən 103 şagirdin 88 nəfəri artıq ixtisasları üzrə işlə təmin olunub. Peşə məktəbi öz məzunları ilə həmişə fəxr edir.

Hazırda  yeni dərs ili üçün şagirdlərin qəbulu ilə əlaqədar hazırlıq işləri gedir və  onların yaxşı təhsil almaları üçün normal şərait yaradılır.

   Şakir CƏFƏROV