Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 

Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi

Bookmark and Share

Azərbaycanın təhsil sferasında aparılan islahatlar artıq 10 ildən çox bir müddəti əhatə edir. Belə ki, ümummilli lider, Prezident Heydər Əliyevin 1998-ci ildəki müvafiq sərəncamı ilə təhsil sahəsində İslahat Proqramı hazırlanmış, bu islahatlar dövlətimizin və Dünya Bankının maliyyə və texniki dəstəyi ilə həyata keçirilməyə başlanmışdır. Beləliklə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları artıq uzun müddətdir ki, uğurla davam etdirilir. Qeyd etməliyik ki, ölkəmizdə aparılan təhsil islahatları təhsilin bütün sahələrini əhatə etdiyi kimi, təhsilin maliyyələşdirilməsi də bu islahatların əsas komponentlərindən biri olmuşdur.

Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi metodların tətbiq edilməsi ilk əvvəl ümumi təhsildə sınanmışdır. 

Belə ki, Dünya Bankının texniki və maliyyə dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə 3 pilot rayonunda - İsmayıllıda, Ucarda və Şirvan şəhərində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və islahatların ikinci mərhələsində bu mexanizmin bütün ölkəyə tətbiq  edilməsi nəzərdə tutulmuşdur. Bu maliyyə islahatlarının əsas hədəfləri  aşağıdakı məqsədlər olmuşdur:

  •  məktəblərə ayrılan vəsait bölgüsünü daha ədalətli və şəffaf qaydada həyata keçirmək;

  •  məktəblərin öz vəsaitlərindən daha səmərəli şəkildə istifadə edə bilməsinə şərait yaratmaq;

  •  məktəb şurası vasitəsi ilə məktəblərin daha yaxşı idarə olunmasına nail olmaq.

  • Qeyd olunan bu məqsədlər Azərbaycan üçün ümumi təhsil məktəblərində adambaşına maliyyələşdirmənin tətbiqinin aşağıdakı əsas üstünlükləri ilə səciyyələnir:

  •  Yeni mexanizmin tətbiqi zamanı məktəbin ayrıca xəzinə hesab-kitabı açılır, müstəqil mühasibatlığı yaradılır və məktəb mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə özü maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirir;   

  •  Məktəblərin büdcəsinin tərtibi və maliyyələşdirilməsi ilə bağlı subyektivizm halları aradan qaldırılır və şəffaflıq, ədalətlilik təmin olunur. Belə ki, yeni mexanizmin tətbiqi zamanı maliyyələşdirmə adambaşına normativlər əsasında vahid düsturla müəyyənləşdirilir;

  •  Məktəb büdcəsinin planlaşdırılmasında və idarə olunmasında məktəbin birbaşa iştirakı təmin edilir. Beləliklə, nəzərdə tutulan maliyyə vəsaitinin məktəblərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki, təhsilin keyfiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırma tədbirlərinin daha səmərəli təşkilinə, o cümlədən, xaricdə treninq və seminarlara cəlbinə, məktəbin təlim materialları ilə təmin edilməsi və digər inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsi imkanları genişlənir;

  •  Məktəbdə təhsilin keyfiyyəti artır və idarəetmə təkmilləşir. Belə ki, məktəb maliyyələşdirmənin həcminin və maliyyə imkanlarının  artırılmasını təmin etmək üçün əlavə şagird qəbuluna stimullaşır. Bu isə, öz növbəsində, məktəblər arasında rəqabəti gücləndirir və təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaradır;

  •  Büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaranır. Belə ki, məktəb hüquqi şəxs statusu əldə etdiyi üçün büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq imkanı əldə edir;

  •  Məktəb müstəqil olaraq strateji sosial və iqtisadi planlar hazırlamaq imkanı əldə edir;

  •  Məktəb şəbəkəsi optimallaşır. Belə ki, yeni mexanizmin tətbiqi məktəbə maliyyə vəsaitlərinin mövcud sinif komplektlərinin sayına görə deyil, şagirdlərin sayına görə verilməsinə səbəb olduğundan əlavə maliyyə vəsaiti cəlb etmək məqsədilə az şagird sayı ilə siniflərin açılması və əlavə müəllimlərin işə qəbulu üçün süni ehtiyacların yaradılması   halları aradan qalxır.

Sadalanan bu məqsədləri və üstünlükləri nəzərə alaraq layihənin icra planına əsasən 3 pilot rayonunun 59 ümumi təhsil məktəbində adambaşına maliyyələşdirmənin həyata keçirilməsi ilə bağlı  həmin məktəblərin hər biri üçün ayrıca xəzinə hesabları açılmış, müstəqil mühasibatlıqları yaradılmış və seçilmiş beynəlxalq və milli məsləhətçilərin dəstəyi ilə şagirdbaşına maliyyələşdirmə düsturu hazırlanmışdır. Bundan əlavə, tətbiq olunacaq yeniliklərlə əlaqədar pilot rayonların məktəblərinin direktorları, mühasibləri ilə mütəmadi öyrədici seminarlar, məşğələlər keçirilmiş, onlarla yeni mexanizmin tətbiqi və istifadə qaydaları ilə əlaqədar müvafiq işlər aparılmışdır.

Müvafiq hazırlıq və sınaq işləri aparıldıqdan sonra pilot məktəblərində şagirdbaşına maliyyələşdirmənin icrasına başlanılması və bu mexanizmin  hüquqi əsasını təmin etmək məqsədilə Təhsil Sektorunun İnkişafı Layihəsinin "Maliyyələşdirmə və büdcə islahatları" alt-komponentinin icrası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2007-ci il tarixli 36 nömrəli qərarı qüvvəyə minmişdir. Bu qərara əsasən islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının maliyyə müstəqilliyi verilmiş 59 ümumi təhsil məktəbinin maliyyələşdirilməsinin 2007-ci il yanvarın 1-dən şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır. Lakin qeyd olunan qərara əsasən pilot məktəblərin büdcələrinin tərtibi müvafiq qaydada şagirdbaşına maliyyələşdirmə düsturu ilə həyata keçirilsə də, məktəblər tam maliyyə müstəqilliklərini təmin edən bir sıra səlahiyyətləri əldə edə bilmədilər.

Belə ki, ayrılmış büdcə vəsaitinin iqtisadi təsnifatın xərc yarımmaddələri arasında bölüşdürülməsi və il ərzində zərurət yarandığı, həmçinin ilin sonunda qənaət olunduğu hallarda xərc yarımmaddələri arasında müvafiq yerdəyişmələrin aparılması kimi səlahiyyətlərin məktəblərə verilməsi məsələsi  ciddi müzakirələrə səbəb oldu. "Büdcə sistemi" haqqında Azərbaycan Respublikasının Qanunu ilə yuxarıda adıçəkilən qərar arasında ziddiyyət olduğundan məktəblərə tam maliyyə müstəqilliyinin verilməsi hüquqi cəhətdən mümkün olmadı. Bundan əlavə, pilot rayonlarda yaradılmış məktəb şuralarının fəaliyyətinin istənilən səviyyədə olmaması, onların məktəb büdcəsi və xərcləri barədə sərbəst şəkildə və düzgün qərar verə bilmək iqtidarında olmamaları da narahatedici amillərdən biri hesab olunmalıdır. Qeyd etməliyik ki, məktəb şuraları yaradılsa da, onların fəaliyyəti hələ də formal xarakter daşıyır və məktəbin idarə olunmasında onların fəallığı hiss olunmur. Buna görə də məktəb şuralarının fəaliyyəti daim gücləndirilməlidir. Bu məqsədlə ictimai həyatda böyük nüfuza və müstəqil qərar vermək qabiliyyətinə malik olan  şəxslərin məktəb şuralarının fəaliyyətində iştirakı vacib amildir.  

Bu səbəblərdən islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının məktəblərində maliyyə islahatları nəzərdə tutulan şəkildə tam deyil, qismən həyata keçirildi və yalnız 3 pilot rayonla məhdudlaşdı.

Lakin bu islahatların miqyasının genişləndirilməsi və  qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsil Sektorunun  İnkişafı üzrə İkinci Layihə (2009-2014) çərçivəsində əvvəlki layihədə başlanılmış maliyyə islahatlarının qiymətləndirilməsi və  bununla əlaqədar hökumətə tövsiyələrin hazırlanması qərara alınmışdır. Hazırda bu istiqamətdə ciddi işlər aparılır. Belə ki, Təhsil Nazirliyi maliyyə islahatlarının respublikanın bütün ümumi təhsil məktəblərində həyata keçirilməsini zəruri hesab edir və bu istiqamətdə işlərin davam etdirilməsi niyyətindədir.   

Qeyd etmək lazımdır ki, ümumi təhsildə adambaşına maliyyələşdirməyə keçid bir sıra problemlərlə üzləşsə də, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində ölkəmizdə hazırda çox əhəmiyyətli işlər görülməkdədir.

Belə ki, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcəkdir.

Qeyd olunan Fərmanın mahiyyəti və icrası barədə danışmazdan əvvəl bu yeni mexanizmin tətbiqinin zəruriliyinə və əhəmiyyətinə nəzər salaq.

Müasir dövrdə ali təhsilin inkişafı yaxın perspektiv üçün ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamətlərindən biridir. Belə ki, indiki dövrdə ölkənin inkişafının əsas amili təhsilin səviyyəsi və keyfiyyətindən çox asılıdır. Bu baxımdan ölkəmizdə təhsil sahəsində, eləcə də ali təhsildə aparılan nəticəyönümlü islahatlar mühüm əhəmiyyət kəsb edir. Ali təhsildə hazırda aparılan islahatların əsas ana xəttini Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası  təşkil edir. Proqramın əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsil məkanına inteqrasiya istiqamətində inkişaf etməkdədir.Ali təhsildə keyfiyyətin əldə olunması, effektiv idarəetmənin və ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün əsas amillərdən biri də ali təhsilin maliyyələşdirilməsində yeni və mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin bu ilin əvvəlində imzaladığı "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Fərman mühüm əhəmiyyət kəsb edir. Belə ki, ali təhsilin dövlət maliyyələşdirməsinin bugünkü mexanizmi müasir qloballaşma və bazar iqtisadiyyatı şəraitində rəqabətin gücləndiyi bir dövrdə tələb olunan standartlara cavab vermir. Hazırda dövlət ali təhsil müəssisələrinin büdcəsi əsasən büdcə və büdcədənkənar vəsaitlər (ödənişli təhsil) hesabına formalaşır. Dövlət ali məktəblərinin illik büdcəsi əvvəlki illərin xərcləri nəzərə alınmaqla onların təqdim etdikləri xərclər smetasının proqnozu əsasında müəyyənləşdirilir və bu büdcə vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq  xərclərin istiqamətindən və təyinatından asılı olaraq 40-dan çox xərc maddələri çərçivəsində icra olunur. Qeyd etməliyik ki, ali məktəblərin maliyyələşdirilməsinin mövcud mexanizmi təhsil sahəsində beynəlxalq və milli səviyyədə rəqabətin gücləndiyi, nəticələrə əsaslanan strateji planlaşdırmanın və maliyyələşdirmənin rolunun yüksəldiyi bir dövrdə müasir tələblərə cavab vermir. Bu mexanizm ali məktəblərdə cavabdehliyin, rəqabətin, təhsildə keyfiyyətin yüksəldilməsini tam təmin etmir və son nəticədə büdcədən ayrılan vəsaitlərin ali məktəblərdə müəyyən dərəcədə səmərəsiz istifadəsinə səbəb olur. Ali məktəblər onlara ayrılan dövlət vəsaitlərindən mövcud ehtiyaclar üzrə sərbəst istifadə edə bilmir, vəsaitlərin bölgüsündə bəzən subyektivlik hallarına rast gəlinir. Bundan əlavə, ali təhsil  müəssisələri  tələbə qəbulunun və dövlət maliyyələşdirilməsinin həmin ali təhsil ocaqlarının fəaliyyətinin nəticələrindən və keyfiyyət göstəricilərinin səviyyəsindən asılı olmayaraq planlı qaydada həyata keçirildiyi üçün bir növ arxayınlaşır, keyfiyyətin, cavabdehliyin artırılmasına ciddi səy göstərmir və nəticədə sağlam rəqabət mühiti təmin olunmur.

Bu baxımdan deyə bilərik ki, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanından irəli gələn tələblərə əsasən ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi bu problemlərin köklü şəkildə tədricən aradan qaldırılmasına yönəlmişdir.

Belə ki, Fərmana əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcəkdir. Bundan əlavə, Fərmana əsasən bundan sonra dövlət sifarişinin formalaşdırılmasında ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınacaq.

Nəzərə almaq lazımdır ki, təhsildə adambaşına maliyyələşdirmə mexanizmi dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan ən mütərəqqi metodlardandır. Bu mexanizm dövlət büdcəsindən ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin bir tələbə üçün müəyyənləşdirilmiş xərc normativinə əsasən maliyyələşdirməni  nəzərdə tutur. Yəni bu o deməkdir ki, müvafiq kadr hazırlığı üzrə dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq veriləcəkdir.

Qeyd olunan Fərmanın əsas məqsədlərindən biri də ali təhsil müəssisələri arasında dövlət maliyyəsinin, daha doğrusu, dövlət sifarişi əsasında təhsil alacaq tələbə uğrunda mübarizəni, başqa sözlə, yarışmanı təmin etməklə rəqabətin yaradılmasıdır. Belə ki, yeni qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər. Həmçinin mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər. Yəni  dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər artıq əvvəlki qəbullardan fərqli olaraq özəl ali təhsil müəssisələrini də seçə bilərlər. Bu zaman tələbənin təhsili üçün nəzərdə tutulan dövlət vəsaiti tələbənin ardınca həmin özəl ali məktəbə gedəcəkdir. Bu bir növ dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəblərinin inhisarçılığına son qoymaqla təhsil almaq üçün bərabər imkanları və ədalət prinsipini təmin edir. Belə ki, ali təhsil müəssisələrinə qəbul üçün tətbiq olunacaq yeni qaydalardan fərqli olaraq əvvəlki qaydalarda tələbə yüksək bal toplasa da, dövlət hesabına oxumaq üçün yalnız dövlət ali təhsil müəssisələrini seçmək məcburiyyətində qalırdı. Bu isə tələbələrin bərabər seçim imkanlarını təmin etmirdi. Əlbəttə ki, tətbiq olunacaq yeni qaydalar təhsil müəssisələrinin qarşısında böyük məsuliyyət və yeni tələblər qoyur. Belə ki, təhsil müəssisələri keyfiyyətli təhsil xidmətləri təqdim etmədikləri halda tələbələr həmin ali məktəblərdə oxumağa həvəs göstərməyəcəklər və nəticədə dövlət sifarişi əsasında tələbəyə ayrılan dövlət maliyyəsi tələbənin ardınca digər ali təhsil müəssisəsinə gedəcəkdir. Bu, bir tərəfdən ali təhsil müəssisələrinin bu sahədə cavabdehliyini də artıracaqdır. Beləliklə, ən yaxşı tələbələr, öz növbəsində, daha keyfiyyətli təhsil verən ali təhsil müəssisələrinə üz tutacaqlar. Nəticədə aşağı keyfiyyətli təhsil müəssisələri dövlət sifarişindən və sonda dövlət maliyyəsindən məhrum olacaqlar. Qeyd olunan yeni qaydaların tətbiqi üçün əlbəttə ki, çevikliyi təmin edəcək yeni və daha sadə mexanizmlərin və normativ-hüquqi aktların işlənib hazırlanması vacibdir.

Nəzərə almaq lazımdır ki, Təhsil Nazirliyi ölkəmizin təhsil sistemi üçün yeni olan bu mexanizmin tətbiqinə başlanılan yeni tədris ilində daha çox radikal addımların atılmasının tərəfdarı deyil. Belə ki, əldə olunan dünya təcrübəsi də göstərir ki, ölkə üçün tamamilə yeni və fərqli olan bu mexanizmin tətbiqi zamanı qarşıya çıxa biləcək problemləri və riskləri həll etmək üçün bu işdə daha tədbirli olmaq və yeni qaydaları əsaslandırılmış şəkildə olmaqla tədricən həyata keçirmək lazımdır. Təhsil naziri cənab Misir Mərdanov müvafiq kütləvi informasiya vasitələrində ali  təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı çıxışlarında da bu məsələni xüsusilə vurğulamış və yeni mexanizmin tətbiqinin son nəticədə ali təhsildə keyfiyyətin təmin olunmasına xidmət etməli olduğunu ön plana çəkmişdir. Belə ki, ali təhsildə dövlət sifarişinin yerinə yetirilməsi ilə bağlı tətbiq ediləcək yeni maliyyələşdirmə mexanizmi elə qurulmalıdır ki, ali təhsil müəssisələri arasında dövlət sifarişi uğrunda sağlam rəqabət və stimul yaransın. Bu mexanizmin tətbiqi zamanı əsas fikir dövlət sifarişi üzrə və ödənişli əsaslarla tələbə qəbulunun sayı arasında mütənasibliyin gözlənilməsinə  verilməlidir. Belə ki, bu mütənasiblik gözlənilmədiyi halda, aşağı keyfiyyətli ali məktəblər dövlət sifarişinin yerinə yetirilməsində iştirak etməsə də,  ödənişli təhsil üzrə daha çox tələbə əldə edərək iqtisadi cəhətdən üstün vəziyyətə nail ola bilər və dövlət sifarişinin yerinə yetirilməsində iştirak etməyə can atmaz, nəticədə keyfiyyəti təmin edəcək sağlam rəqabət mühiti yaranmaz. Buna görə də tətbiq olunacaq yeni mexanizm ali məktəbi tələbə, son nəticədə maliyyə vəsaiti əldə etmək üçün daim təhsilin keyfiyyətini artırmağa vadar etməlidir. Bu səbəbdən Təhsil Nazirliyi təklif edir ki, ali məktəblərin müvafiq ixtisaslarına tələbələrin yerləşdirilməsi dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin sayına görə müəyyənləşdirilməlidir.Yəni bu və ya digər ali məktəbin müvafiq ixtisasına dövlət sifarişi üzrə tələbə qəbulu nə qədər çox olarsa, ödənişli qəbulun sayı da bu saya mütənasib olaraq çox olmalıdır.

Məlum olduğu kimi, ölkə Prezidentinin  "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən aidiyyəti dövlət orqanlarına bir sıra sənədlərin hazırlanması tapşırılmışdır. Qeyd olunan Fərmanın icrasından irəli gələn tapşırıqlara əsasən müvafiq dövlət qurumları tərəfindən artıq bir sıra sənədlər hazırlanmışdır. Belə ki, sözügedən Fərmanın 4.2-ci bəndinə əsasən hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. Bununla əlaqədar olaraq aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmaqla  2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla dövlət sifarişinə dair təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Eyni zamanda ölkə Prezidentinin qeyd olunan 10 fevral 2010-cu il tarixli Fərmanının 4.3-cü və 5.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinə dövlət sifarişinə uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında ali təhsil müəssisələrinin 2010-2011-ci tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunun təsdiq edilməsi tapşırılmışdır. Qeyd olunan bəndlərin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq 132s və 133s nömrəli 06 may 2010-cu il tarixli sərəncamlarına əsasən  2010-2011-ci tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozları təsdiq olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan sərəncamlarına əsasən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu planının sayı  ümumi şəkildə (dövlət sifarişi və ödənişli əsaslarla birlikdə) hər bir ali təhsil müəssisəsi üzrə ayrı-ayrılıqda da təsdiq olunmuşdur. Belə ki, hər bir ali məktəb üzrə dövlət sifarişi üzrə və ödənişli əsaslarla tələbə qəbulunun sayı ali məktəblərə qəbul prosesinin nəticələrindən və ən əsası tələbənin seçimindən asılı olacaqdır.

Tələbə qəbulunun təsdiq olunmuş proqnozlarına əsasən 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun ümumi proqnozu 26249, o cümlədən dövlət sifarişi üzrə tələbə qəbulunun proqnozu 10529 təşkil edir. Məlumat üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində dövlət sifarişi ilə tələbə qəbulu  planı 10942 və ümumi qəbul planı isə 25331 olmuşdur.

2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə isə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu 2070, ümumi qəbul planı isə 4023 təşkil edir. 2009-2010-cu tədris ilində dövlət sifarişi ilə tələbə qəbulu planı 2021, ümumi qəbul planı isə 4063 təşkil etmişdir.  2010-2011-ci tədris ili üçün dövlət sifarişinin yerinə yetirilməsində ölkədə fəaliyyət göstərən 52 ali təhsil müəssisəsindən 37-si (o cümlədən 29-u dövlət, 8-i isə özəl olmaqla) iştirak edəcəkdir.

Qeyd etmək lazımdır ki, dövlət sifarişinin yerinə yetirilməsi üzrə ali  təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi 2010-2011-ci tədris ilindən başlayaraq birinci kurs tələbələrini, növbəti illərdən ardıcıllıqla digər kursları da əhatə edəcək.          

Onu da qeyd edək ki,  Fərmanın  6-cı bəndinin icrası ilə əlaqədar "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı qüvvəyə minmişdir. Bu qərar əsasən aşağıdakıları əhatə edir:

- "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı";

- "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı";

- "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları";

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasında nümunəvi çərçivə müqaviləsi;

- Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə.

Göründüyü kimi, ali təhsilin bakalavr və magistratura səviyyələri üzrə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı hökumətin müvafiq qərarı ilə təsdiq edilmişdir. Belə ki, Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin apardıqları hesablamalar, təhlillər və müzakirələr əsasında ayrı-ayrı ixtisaslar və ixtisas qrupları üzrə ali təhsildə dövlət sifarişinin yerinə yetirilməsi üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmişdir. Bundan əlavə, sözügedən qərarın əsas tərkib hissələrindən biri də "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"dır. Bu sənəd əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsi ilə bağlı ümumi müddəaları, əsas anlayışları, adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsini, dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsini, dövlət sifarişi əsasında maliyyələşmənin şərtlərini, dövlət sifarişi əsasında maliyyələşmənin səmərəliliyinə nəzarəti və digər aidiyyəti məsələləri özündə əks etdirir.

Yeni qaydalara əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasında çərçivə müqavilələrinin və həmçinin ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında fərdi müqavilələrin bağlanılması da nəzərdə tutulur.

Yuxarıda qeyd olunduğu kimi, növbəti tədris ilindən ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ölkəmizin ali məktəbləri qarşısında böyük vəzifələr qoyur. Belə ki, yeni maliyyələşdirmə mexanizminə əsasən  dövlət ali təhsil müəssisələrimiz fəaliyyətlərini tam təmin etmək üçün dövlət büdcəsindən vəsaiti əvvəlki kimi cari tələbata uyğun olaraq deyil, əldə etdikləri müvafiq tələbələrin sayına və ixtisas üzrə bir tələbə üçün nəzərdə tutulmuş xərc məbləğinə uyğun olaraq alacaqlar.

Məhz buna görə də ali məktəblərimiz tədrisin keyfiyyətinin artırılması, ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi, bir sıra lüzumsuz xərclərin aradan qaldırılması, bir sözlə, ali təhsil müəssisəsinin fəaliyyətinin optimal və keyfiyyətli şəkildə təşkil olunması üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.

Onu da qeyd etmək lazımdır ki,  maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı ölkə başçısının müvafiq Fərmanının icrası vəziyyəti, bununla əlaqədar  qüvvəyə minəcək yeni qaydalar, mövcud problemlər, qarşıya çıxa biləcək risklər, həmçinin bu problemlərin həlli və risklərin aradan qaldırılması yolları barədə təkliflər cari ilin iyunun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair keçirilən müşavirədə Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin, həmçinin əksər ali məktəblərin rəhbərləri səviyyəsində geniş şəkildə müzakirə olunmuş və yuxarıda adıçəkilən bir çox məsələlərə aydınlıq gətirilmişdir. Qeyd olunan müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və bir sıra ali məktəblərin rektorları çıxış edərək ali təhsildə tətbiq olunacaq yeni maliyyələşdirmə mexanizminin əhəmiyyətindən, bu yeniliklərin müvafiq dövlət qurumları, həmçinin ali məktəblər qarşısında qoyduğu vəzifələrdən söz açmış, bundan sonra aidiyyəti qurumlar tərəfindən görüləcək işlər barədə əlavə müzakirələr də aparılmışdır.

Sözügedən müşavirənin dövlət sifarişinin yerinə yetirilməsində iştirak edəcək ali məktəb rəhbərlərinin növbəti tədris ilindən tətbiq olunacaq yeni qaydalar barədə maarifləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Prezident Fərmanının icrasından irəli gələn yeniliklər, bu yeniliklərin üstünlükləri və mahiyyəti barədə mütəmadi olaraq ölkə ictimaiyyətinin maarifləndirilməsini də bu istiqamətdə qarşıda duran ən vacib vəzifələrdən biri hesab edirik.   

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri namizədi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov