Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - 43

 

Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər

Bookmark and Share

Xəbər verdiyimiz kimi, cari dərs ilində Bakı şəhərinin və ölkənin 11 rayonunun ümumtəhsil məktəblərindəki vakant yerlərə elektron vasitələr tətbiq olunmaqla ikimərhələli müsabiqə yolu ilə müəllimlərin işə qəbulu aparılıb.  Avqustun 20-dən sentyabrın 23-dək çəkən bu proses nəticəsində 226 müəllim işə qəbul olunub. Bəs pedaqoji kadrların seçilib yerləşdirilməsində irəliyə doğru mühüm bir addım olan, işə qəbul prosesində obyektivliyi, şəffaflığı təmin edən, insan amilinin iştirakını istisna edən yeni mexanizmi müsabiqədə qalib gələrək işə qəbul edilən müəllimlər necə qiymətləndirirlər? Yenilik barədə məktəb direktorları nə fikirdədirlər? Bu suallarla həmin müəllimlərin bir neçəsinə və onların işlədikləri məktəblərin direktorlarına müraciət etdik.  

İmtahanın tam şəffaf, obyektiv keçirildiyinə şəxsən özüm inandım 

Gülnar Niyazova (Bakıdakı 311 nömrəli orta məktəbin fizika müəllimi):

- Ölkəmizdə ilk dəfə olaraq 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu elektron vasitələr tətbiq olunmaqla aparıldı. Mən də işə qəbul olunmaq istəyir və vakant yerlər haqqında elanın çıxmasını gözləyirdim.

 Avqustun 20-də bu barədə mətbuatda və Təhsil Nazirliyinin rəsmi saytında elan verildi. Elanı oxudum və sənədlərimi  hazırlamağa başladım. Təhsil Nazirliyinin rəsmi saytında elektron ərizə formasını doldurdum, ərizəm təsdiqləndi. Sonra sənədlərimi Təhsil Nazirliyinə təqdim etdim. Oradan öyrəndim ki, bizim imtahana buraxılmağımız haqqında, eləcə də imtahanın keçirildiyi vaxt, yer barədə məlumatları saytda yaradılmış "şəxsi kabinet"imdən öyrənə bilərəm. Bu məlumatların sentyabrın 1-dən 5-nə qədər yerləşdiriləcəyini dedilər. Elə də oldu. Sentyabrın 3-də öz kod və parolumu sayta daxil edib "şəxsi kabinet"imdə imtahanın sentyabrın 17-də, saat 10.00-da Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçiriləcəyini öyrəndim. İmtahana sadəcə şəxsi kod, parolumuz və şəxsiyyət vəsiqəsi ilə gəlməyimiz tələb olunurdu.

Göstərilən tarixdə imtahan keçirilən yerə getdim. Saat 10.00-da imtahan başladı. Otaqda təxminən 20 namizəd var idi. Onların hər biri üçün ayrıca kompüter nəzərdə tutulmuşdu. Bizə göstəriş verildi ki, şəxsi kodumuzu kompüterə daxil edək. Mən daxil etdim və adım, soyadım, ixtisasım, variantım ekrana gəldi. İmtahanda hər bir namizədə ixtisası üzrə proqram əsasında tərtib edilmiş 25 test tapşırığı verilmiş və bunun cavablandırılmasına 40 dəqiqə vaxt ayrılmışdı. Hər düzgün cavab 1 balla qiymətləndirilirdi. Mən 40 dəqiqə ərzində bütün testləri cavablandırdım. Bu zaman kompüterdə vaxtın başa çatdığı yazıldı və düzgün cavablar göstərildi. Mən test tapşırıqlarının 80 faizindən çoxuna düzgün cavab vermişdim. Bu da imtahanın şərtlərinə uyğun idi. İmtahanı keçirən şəxslər elan etdilər ki, nəticələr həmin gün saat 18.00-da hər namizədin "şəxsi kabinet"ində" yazılacaq. Elə də oldu. Həmin vaxtda mən yenidən "şəxsi kabinet"imə daxil oldum. Orada 311 nömrəli məktəbə işə qəbul olduğum yazılmışdı. Məlumatı oxuyanda çox sevindim. İmtahanın tam şəffaf, obyektiv keçirildiyinə şəxsən özüm inandım. Artıq bütün bunları hər kəsə sübut edə bilərəm. Onu da qeyd edim ki, göstərilən yerlərə namizədlərin mübarizəsi zamanı hər bir meyar nəzərə alınaraq işə qəbul prosesi aparılıb. Ətrafımda olan bütün insanlar bu barədə məndən soruşublar və mən bildirmişəm ki, imtahan olduqca ədalətli keçir. Nöqsanlara ümumiyyətlə yol verilmir.

Mən işə qəbul olunduğumu öyrəndikdən sonra 311 nömrəli məktəbə gəldim. Məktəbin xarici görkəmi ilk baxışdan çox xoşuma gəldi. Direktor Esmira Muradova ilə tanış oldum. O, çox sevindi və məni təbrik etdi. Esmira xanım dərs saatlarımı artıq ayırmışdı. Beləliklə, mən dərs deməyə başladım.

Artıq bir aydan çoxdur ki, yeni iş yerimdə fəaliyyət göstərirəm. Məktəbin təkcə xarici yox, daxili tərtibatı da çox yaxşıdır. Kollektiv mehribandır. Təəssüratlarımın sonunda savadlı gənclərə belə şərait yaratdığına görə cənab nazir Misir Mərdanova minnətdarlığımı bildirirəm. 

Biliyi olanlara yaradılmış bu imkan təqdirəlayiqdir 

Samirə Məmmədova (Bakıdakı 293 nömrəli orta məktəbin fizika müəllimi):

- 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə ADPU-nun fizika fakültəsinə daxil olub, 2007-ci ildə bitirmişəm. 2008-2010-cu illərdə 311 nömrəli orta məktəbdə laborant işləmişəm. Təhsil Nazirliyinin müsabiqəsində iştirak edərək ixtisasım üzrə vakant yerlərdən birini qazanmışam. Hazırda 293 nömrəli orta məktəbdə fizika müəllimi işləyirəm. Müsabiqədə iştirak edərək hər şeyin 100 faiz obyektiv və təmiz olduğunun şahidiyəm. Biliyi, savadı olanlara Təhsil Nazirliyi tərəfindən yaradılmış bu imkan təqdirəlayiqdir. Bu müsabiqədə yaxşı nəticələr əldə etmək üçün ixtisasın üzrə bilikli olmaqla yanaşı, kompüterdə işləmək bacarığın da olmalıdır. Həmçinin tam sərbəst və cəld olmaq tələb olunur. Çünki elə savadlı müəllimlər var ki, həyəcandan istədikləri səviyyəni göstərə bilmirlər. İmtahan test üsulu ilə 40 dəqiqə ərzində kompüter vasitəsilə keçirildi. Bu 40 dəqiqə sanki bir neçə saniyə kimi ötüb keçdi. Sonda gözəl nəticə əldə etdikdə çəkdiyin hər bir əziyyət, hər bir həyəcan çox şirin və unudulmaz olur. Bütün bunlar üçün təhsil naziri cənab Misir Mərdanova müsabiqənin qalibləri və öz adımdan təşəkkürümü bildirirəm. 

İmtahanın kompüter vasitəsilə keçirilməsi mənim üçün çox rahat idi 

Əfsanə Qubatova (Bakıdakı 224 nömrəli ümumi orta təhsil məktəbinin tarix müəllimi):

- Mən Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşam. I sinfə Əli-Bayramlı şəhəri Elçin İmanov adına 10 nömrəli orta məktəbdə daxil olmuş, VIII sinfə qədər həmin məktəbdə təhsil almışam. 2000-ci ildən etibarən təhsilimi Bakıdakı Neftçi Qurban adına 288 nömrəli orta məktəbdə davam etdirmiş, 2004-cü ildə məzun olmuşam.

Uşaqlıqdan humanitar fənlərə, xüsusilə tarix fənninə böyük maraq göstərir, məktəbi bitirdikdən sonra tarix və hüquqşünas ixtisaslarını seçmək istəyirdim. 2004-cü ildə istəyimə nail oldum. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil oldum. Tarix ixtisasını sevməyimə baxmayaraq, müəllim peşəsinə marağım az idi, daha doğrusu bu haqda heç düşünməmişdim. Lakin universitet illərində aldığım təhsil və iştirak etdiyim pedaqoji təcrübələr sayəsində müəllimlik sənətinin gözəlliyinin fərqinə vardım və bu sənəti sevməyə başladım.

Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra 2009-cu ildə  Bakı Dövlət Universitetinin magistraturasına daxil oldum. Magistraturada qiyabi təhsil aldığım üçün artıq işləmək, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək haqqında düşünür və işə qəbul olunmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırdım.  Çox gözəl haldır ki, respublikamızda savadlı kadrların işlə təmin olunması üçün müxtəlif peşələr üzrə vakant yerlərə müsabiqələr keçirilir. Bu, ali məktəbi yeni qurtarmış istedadlı gənclərin ixtisaslarına uyğun işlə təmin olunması baxımından çox böyük imkandır. Sevindirici haldır ki, artıq 2 ildir belə müsabiqə müəllimlərin işə qəbulu ilə bağlı da keçirilir.

Mən bu müsabiqədə iştirak etmək istədiyim üçün Təhsil Nazirliyinin saytında bu haqda yerləşdiriləcək elanla intensiv maraqlanırdım. Nəhayət, avqustun 20-də mətbuat və İnternet xidməti vasitəsilə müsabiqə haqqında məlumat verildi. Müsabiqənin şərtlərinə görə istədiyi məktəbləri qeyd etmək üçün namizədə dörd seçim imkanı verilirdi. Dörd yerdən əlavə ərizədə belə bir xana da var id: "Təhsil Nazirliyinin təklif etdiyi yer ilə razısınız?" Razı olanlar həmin xananı seçib işarə etməli idilər. Vakant yer təqdim edən məktəblər sırasında həm Bakıda, həm də bölgələrdə yerləşən təhsil müəssisələri var idi. Elektron ərizəni doldurmazdan əvvəl təqdim olunan vakant yerlərlə tanış oldum. Paytaxtda qeydiyyatda olduğum üçün Bakı üzrə verilən məktəbləri seçməli idim. Öncə Qaradağ rayonunda yerləşən 224 nömrəli məktəb diqqətimi çəkdi. Yaşadığım rayonda yerləşdiyi üçün o məktəbi birinci seçməyimin əlverişli olduğunu düşündüm. Digər məktəblərə nəzər yetirdikdə onların əksəriyyətinin yaşadığım qəsəbəyə çox uzaq olduğunu gördüm. Özüm üçün əlverişli hesab etdiyim digər 3 məktəbi də seçdikdən sonra ərizəmi təsdiqlətdim. Sonra tələb olunan sənədləri Təhsil Nazirliyinə təqdim etdim. Sentyabrın 15-də tarix fənni üzrə imtahanda iştirak etdim. İmtahan kompüter vasitəsilə test üsulu ilə aparılırdı. İKT sahəsində kifayət qədər biliyim olduğundan imtahanın kompüter vasitəsilə keçirilməsi mənim üçün çox rahat idi. Sualları vaxtından əvvəl cavablandırdığım üçün nəticəmlə də tez tanış oldum. Keçid balından çox bal topladığımdan seçdiyim məktəblərdən birinə düşmək şansım yaranmışdı. Bir neçə saatdan sonra imtahan nəticələri İnternet xidməti vasitəsi ilə açıqlandı. Mən ilk seçdiyim məktəbə - Qaradağ  rayonundakı 224 nömrəli məktəbə işə qəbul olunmuşdum. Hazırda həmin məktəbdə müəllimlik fəaliyyətimi davam etdirirəm. İlk dəfə bu vəzifəni yerinə yetirməyimə, yəni müəllimlik sahəsində təcrübəmin olmamasına baxmayaraq, təcrübəli və mehriban müəllim yoldaşlarımın, xüsusilə məktəbin direktoru N.Həsənovun göstərdiyi diqqət və yardım sayəsində, indiyə qədər heç bir problemlə üzləşməmişəm. 

Ən böyük arzum müəllim olmaq idi 

Günay Rəcəbova (Bakıdakı 26 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi):

- Hələ kiçik yaşlarımdan idmana böyük həvəsim var idi. VI sinifdən idmanla məşğul olmağa başlamışam. Uşaqlıqdan müəllimlik peşəsinə də böyük maraq göstərirdim. Ən böyük arzum müəllim olmaq idi. Məktəbi bitirdikdən sonra ali məktəbə qəbul üçün sənədlərimi TQDK-ya verdim. İmtahanı verib, turizm ixtisasına qəbul olundum. Bir il təhsil alsam da, müəllim olmaq arzum azalmırdı. Məhz buna görə də təhsil aldığım fakültədən çıxaraq yenidən universitetə daxil olmaq üçün sənədlərimi verdim. Bu dəfə də imtahandan uğurla çıxdım və Azərbaycan Dövlət Pedaqoji Universitetinin gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fakültəsinə daxil oldum. Universiteti bitirdikdən sonra təbii ki, işsiz qaldım. Uzun müddət ixtisasıma uyğun iş axtarsam da, tapa bilmədim. Bu il Təhsil Nazirliyi tərəfindən müəllimlərin testlə işə götürüləcəyini eşitdim. Çox sevindim. Əvvəlcə Təhsil Nazirliyinin saytına daxil oldum. Vakant yerlər barədə elanı açaraq ərizəni doldurdum. "Şəxsi kabinet"imə daxil olmaq üçün mənə parol və şəxsi kod verildi. Onların vasitəsi ilə imtahanın vaxtını və yerini öyrəndim. İmtahan müsahibə formasında keçirildi. Komissiyada fiziki tərbiyə proqramının təşkili, dərsin forması, keçirilməsi barədə suallar verildi. Suallara cavab verdikdən sonra mənə dərhal topladığım bal deyildi.

"Şəxsi kabinet"imdən Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbə işə qəbul olduğumu öyrəndim. Düşdüyüm kollektiv çox xoşuma gəldi.

Mən minnətdaram ki, Təhsil Nazirliyi gəncləri düşünərək bu cür layihə hazırlayıb. Belə ki, bununla Təhsil Nazirliyi gənclərin qarşısında çox böyük perspektivlər açmış olur. Mən təhsil naziri Misir Mərdanova, imtahanların təşkili və keçirilməsində zəhməti olan insanlara təşəkkür edirəm. 

"Siz Xəzər rayonu 322 nömrəli orta məktəbə qəbul olunmusunuz" 

Vəfa İbrahimova (Bakıdakı 322 nömrəli orta məktəbin ingilis dili müəllimi):

- Müəllim ailəsində böyüyüb tərbiyə aldığım üçün bu sahəyə uşaqlıqda məndə maraq oyanmışdır. Məktəbi bitirdikdən sonra 2006-cı ildə  tərəddüd etmədən sənədlərimi  Azərbaycan Dillər Universitetinə verdim və  ingilis dili və ədəbiyyatı ixtisasına qəbul oldum. 2010-cu ildə həmin universiteti müvəffəqiyyətlə bitirdim. Rəfiqələrimin birindən Təhsil Nazirliyinin keçirəcəyi imtahan barədə eşitdim və nazirliyin saytına daxil olub vakant yerlərlə maraqlandım. Reqlamentdə imtahanla bağlı hər şey ətraflı qeyd olunmuşdu.

Nazirliyin bizə yaratdığı bu şansdan yararlanmaq qərarına gəldim və sənədlərimi toplamağa başladım. Sənədlərimi hazırladıqdan sonra təsdiq etdirmək üçün nazirliyə getdim.  Orada ekspertlər sənədlərimin düzgünlüyünü yoxlayaraq təsdiq etdilər və beləliklə, mən imtahan vermə şansı qazandım. Bir neçə gün sonra imtahanın vaxtı müəyyənləşdi. İmtahan günü bir neçə rəfiqəmlə ora getdik. Hər bir iştirakçı nəzarətçilər tərəfindən kompüter qarşısında əyləşdirildi. Nəzarət ciddi idi. Təlimatçılar prosesi izah etdikdən sonra imtahana başladıq.

Bu il imtahanlar ilk dəfə idi ki, elektron formada keçirilirdi və bu, məni çox sevindirdi. İmtahan sualları o qədər də çətin deyildi. Onları cavablandırdıqdan sonra imtahanı bitirmək əmrini vermək üçün düyməni basdım. İmtahan nəticəm dərhal monitorda işıqlandı və mən müsabiqədən keçmə şansımın yüksək olduğuna əmin oldum. Amma ən çox imtahanın bu cür obyektiv şəkildə keçirilməsi məni sevindirdi. İndiyə qədər heç vaxt belə rahat şəkildə imtahan verməmişdim. Nəzarətçilər imtahanın nəticələri barədə məlumatların axşam saytda yerləşdiriləcəyini dedilər. Beləliklə, həmin gün axşam nazirliyin saytına daxil olaraq "şəxsi kabinet"imdən nəticəmi oxudum: "Siz Xəzər rayonu 322 nömrəli orta məktəbə qəbul olunmusunuz". Bu nəticə məni çox sevindirdi, amma məndən çox sevinən atam oldu. Ailəmizdə, qohumlarımızda hamı müəllim olduğundan atam da mənim müəllim olmağımı istəyirdi. Bir neçə gün sonra atamla birlikdə məktəbə yollandıq. Düzü, məktəb yolu bir az uzaq idi və ailəm gedib-getməməyim barədə tərəddüd edirdi.

Direktor Mürvət Mirzəyev bizi səmimi qarşıladı və məni təbrik etdi. Daha sonra məktəbin kollektivi ilə tanış oldum. Həqiqətən də məktəbin çox mehriban, eyni zamanda savadlı kollektivi var. Məktəbdə nazirliyin bu imtahanı vasitəsilə işə qəbul olmuş bir neçə müəllim var idi.  

Göndərilən kadrlar yüksək biliyə, intellektual səviyyəyə malikdirlər 

Mürvət Mirzəyev (Bakıdakı 322 nömrəli orta məktəbin direktoru):

- Bakının Xəzər rayonunda yerləşən 322 nömrəli orta məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə tikilib istifadəyə verilmişdir. Məktəbin təməlqoyma və açılış mərasimlərində cənab Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva şəxsən iştirak etmişlər.

Məktəbimiz üçmərtəbəli, 3 korpusdan ibarət olmaqla 1296 şagird yerlikdir. Məktəbin müstəqil su, elektrik, qazanxana və kommunikasiya sistemləri mövcuddur. Hazırda məktəbdə 1437 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 94 müəllim məşğul olur. Kadrlara olan tələbatı təmin etmək məqsədi ilə hər il Təhsil Nazirliyinə sifariş verilir. 2009-cu ildən etibarən kadrların seçilib yerləşdirilməsi ilə birbaşa Təhsil Nazirliyi məşğul olur. Bu işin müsbət nəticələri artıq göz qabağındadır. Belə ki, 2009-2010-cu tədris ilində 3, cari tədris ilində isə 2 nəfər ixtisaslı müəllim məktəbimizə göndərilmişdir. Göndərilən kadrlar yüksək biliyə və intellektual səviyyəyə malikdirlər. Hazırda məktəbdə gənc kadrlarla mütəmadi metodiki iş aparılır. Həmin müəllimlərə məktəbin təcrübəli müəllimləri təhkim edilmişdir. Təhsil Nazirliyinin apardığı kadr siyasəti günün tələblərinə uyğundur və bir məktəb rəhbəri kimi məni tam qane edir. 

Müəllimlərin işə qəbulu prosesi ictimaiyyət tərəfindən müsbət qarşılanıb 

Natiq Səmədov (Bakıdakı 26 nömrəli orta məktəbin direktoru):

- Son illərdə təhsil sistemində aparılan uğurlu işlərin sırasına daha biri əlavə olundu. Bu da məktəblərdə işə qəbul olunacaq müəllim kadrlarının Təhsil Nazirliyi tərəfindən seçilib yerləşdirilməsidir. Açığını desək, bu iş çoxdan olmalı idi. Məktəblərdə rast gəlinən müəyyən kadrların öz işinin öhdəsindən gələ bilməməsi bu fikri deməyə əsas verir.

Müəllimlərin işə qəbulu prosesi şəffaf, obyektiv keçirildiyindən bu iş ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Digər tərəfdən, məktəbə gəlmiş yeni qəbul olunan müəllimlərlə aparılan söhbət başlanan işin uğurlu nəticələnəcəyinə təminat verir. Məktəbin uğurları müəllimlərin fəaliyyətindən asılıdır. Etiraf edək ki, ənənəvi yolla işə götürülən müəllimlər arasında öz biliyi, savadı, metodik bacarığı baxımından fərqlənməyənlər, yəni zəif müəllimlər də olurdu.Yeni qayda bu halı aradan qaldırır, məktəbə daha savadlı, bilikli, dünyagörüşlü müəllimlərin gəlməsini təmin edir.

Bizim məktəbə də 4 nəfər müəllim göndərilib. Coğrafiya fənni üzrə Rövşən Salmanov, ingilis dilindən Lamiyə Hüseynova, fiziki tərbiyədən Günay Rəcəbova, biologiyadan Gülnar Məmmədova qısa müddətdə öz işlərinə, məktəbə, valideynlərə, şagirdlərə münasibətinə görə kollektiv tərəfindən hörmətlə qarşılanıb.  Kollektivimizin hər bir üzvü gənc müəllimlərə öz yoldaşlıq köməyini göstərir, hamilik edir.

26 nömrəli məktəbin kollektivi bu çətin işin həyata keçirilməsində, imtahanların, bütövlükdə müsabiqənin obyektiv təşkilində əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirir.  

Hazırladı:
Yusif ƏLİYE

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov