Kitabın təqdimatı keçirilib


Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Heydər Əliyev adına lektoriya” zalında ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” adlı kitabının təqdimat mərasimi keçirilib. 

 

ADPU-nun professor-müəllim heyətinin, Milli Məclisin deputatlarının, elm və təhsil xadimlərinin iştirakı ilə baş tutan tədbirdə 1881-1917-ci illərdə fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının tarixinə nəzər salınmış, tarixi həqiqətlər  pedaqoji ictimaiyyətə çatdırılıb, bu təhsil müəssisəsi ilə bağlı faktlar ictimai-siyasi hadisələrin fonunda təhlil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2021-ci ildə imzaladığı “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamın mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi və beynəlxalq siyasi baxımından əhəmiyyəti vurğulanıb.

 

Kitabda tarixi mənbələrə istinadən göstərilir ki, 140 il bundan öncə İrəvanda fəaliyyət göstərən Müəllimlər Seminariyasının özündə və nəzdindəki ibtidai məktəbdə  xeyli  azərbaycanlılar təhsil alıb. Müəllif İrəvandakı gimnaziyalarda təhsil alan azərbaycanlılarla Bakıdakı gimnaziyalarda təhsil alan soydaşlarımız arasında müqayisə aparıb, faiz nisbətində İrəvan gimnaziyalarının üstünlük təşkil edildiyini aşkar edib. Bu, bir daha sübut edir ki, İrəvan şəhəri azərbaycanlıların yaşadığı, yaratdığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri  olub. Həmçinin, kitabda Seminariyada təhsilin məzmunu, təlimin və pedaqoji təcrübənin təşkili, tələbələrin biliyinin yoxlanılması barədə məlumatlar öz əksini tapıb. İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllimləri, tanınmış məzunlarının hər biri haqqında oçerklər verilib, şəkillər təqdim olunub.

 

Tədbirin açılışlışında  kitabın elmi redaktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elm və təhsil naziri Emin Əmrullayev 31 yanvar 2022-ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” tədbirlər planını təsdiq edib. Bu qərara əsasən, ADPU-da 17 maddədən ibarət tədbirlər planı hazırlanıb və təsdiq edilib. Məlumat üçün bildirilib ki, bu plana uyğun olaraq,  İrəvan Müəllimlər Seminariyasının İrəvan quberniyasında maarifçiliyin inkişafında, milli-mədəni kadrların hazırlanmasında rolu ilə bağlı ADPU-nun  5 filialında və ayrı-ayrı fakültələrində  elmi-nəzəri konfranslar, “dəyirmi masa”lar, sərgilər keçirilib.

 

Tarixdən də məlumdur ki, Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan İrəvan, Göyçə, Zəngəzur, Təbriz və  Borçalıda min illərlə yaşayan ata-babalarımızın zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaranmışdır. Sənədlərə, mənbələrə, arxiv materiallarına çevrilən bu nümunələr, təəssüf ki, siyasi mülahizələr ucbatından zamanın və məkanın axarında itib batmış, elmi dövriyyədən uzaq qalmışdır. Halbuki İrəvan şəhəri yarandığı gündən Azərbaycan xalqının mənəviyyat və mədəniyyət mərkəzinə çevrilmiş və Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmuşdur.

 

Cəfər Cəfərov qeyd edib ki, kitabda İrəvanda maarifçilik məsələləri, “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə əsası qoyululan milli faciələrimiz,  sovet dövründə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası ilə bağlı qərar və sərəncamlar  əhatəli  araşdırılmış, milli faciəmizin genişlənməsinin, əzəli və əbədi torpaqlarımızın itirilməsinin səbəbləri müəyyənləşdirilmişdir.  Soydaşlarımızın Qərbi Azərbaycan ərazisində yaratdığı maddi və mənəvi dəyərlərin, təlim-tərbiyə, dövlətçilik ənənələrinin tədqiq olunmasının hazırki dövrdə çox mühüm əhəmiyyəti vardır. Bu, hər şeydən əvvəl Ermənistanın son 30 ildə apardığı yalan və böhtan siyasətinə cavab olaraq onun özünün uydurma tarixinə yenidən baxılmasını, beynəlxalq ictimaiyyətə çatdırılmasını tələb edir.

 

Təqdimat mərasimində kitabın ön sözünün müəllifi, AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi  Misir Mərdanov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının  sədri Əziz Ələkbərli, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, ADPU  Ağsaqqallar  Şurasının sədri, professor Malik Cəbrayılov, tanınmış tarixçi alim, dosent Fidovsiyyə Əhmədova, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Nazir  Əhmədli, təhsil eksperti Azəf Cahangirov, professor İramin İsayev, dosent Vidadi Bəşirov və digər ziyalılar öz çıxışlarında kitabı Azərbaycanın təhsil və mədəniyyət tarixinə  mühüm  töhfə  hesab ediblər. Çıxışlarda  İrəvan şəhərinin  Bakı və Gəncədən sonra azərbaycanlıların  sıx yaşadığı, mühüm təhsil, maarif, mədəniyyət və intellektuallar  şəhəri olduğu vurğulanıb. Professor Fərrux Rüstəmovun mədəni irsimizin qorunması, ona sahib çıxma istiqamətində  xidmətlərini  yüksək qiymətləndirən  çıxışçılar onun ciddi akademik yanaşma tərzi sərgilədiyini, zəngin mənbələr əsasında  pafosdan, şablondan uzaq, xeyli yeni elmi-tarixi  və pedaqoji  faktlar   əsasında İrəvanın maarifçilik salnaməsini yaratdığını bildiriblər.

 

Tədbirin sonunda professor Fərrux Rüstəmov kitabın təqdimatı üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə, eləcə də təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib.

 

Tünzalə QULİYEVA