
Sentyabrın 12-də "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusuna həsr olunmuş tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti və əməkdaşları, təhsil mütəxəssisləri, media qurumlarının rəhbərləri, direktor və müəllimlər iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk olaraq çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ötən tədris ilində əldə olunan nailiyyətlər, aparılan təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlər, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.
Daha sonra Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev çıxış edib.
Elnur Əliyev şagird nailiyyətlərinin milli qiymətləndirilməsi tədqiqatının məqsədi, keçirilməsi və nəticələri, məzmun və metodik dəstək ilə bağlı son dövrlərdə görülən işlər, eləcə də aparılan keyfiyyət monitorinqləri ilə bağlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir çərçivəsində Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, Ağstafa rayonu Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov və Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Qurbanzadə də çıxış edərək öz fikir və təkliflərini bölüşüblər.
Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında 2025–2026-cı tədris ilində qarşıya qoyulan prioritet istiqamətlər, təhsil siyasətində nəzərdə tutulan əsas hədəf və gözlənilən yeniliklər barədə geniş məlumat verib. Nazir təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması və rəqəmsal texnologiyaların tətbiqi sahəsində görüləcək işlərdən bəhs edib.
Emin Əmrullayev həmçinin vurğulayıb ki, davamlı islahatlar nəticəsində təhsilin bütün pillələrində şəffaflıq, effektiv idarəetmə və nəticəyönümlü yanaşma əsas prinsip kimi qəbul olunacaq. Nazir məktəblərlə yanaşı, müəllim və şagirdlərin də dəstəklənməsinin vacibliyini qeyd edərək bu istiqamətdə yeni təşəbbüslərin həyata keçiriləcəyini bildirib.
Tədbir uşaq-gənclər inkişaf mərkəzlərinin məktəblilərinin ifasında musiqi nömrələri ilə davam edib.
1 /19
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər