
Son illərdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində elmi-pedaqoji, tədqiqatçılıq fəaliyyətlərində ciddi uğurları ilə diqqəti cəlb edən gənclərimizin sıraları genişlənməkdədir. Gənclər həm ali təhsilin müvafiq səviyyələrində akademik biliklərini artıraraq peşəkarlar kimi yetişir, həm də tədqiqatçılıq fəaliyyətləri ilə məşğul olurlar.
“Azərbaycan müəllimi” belə gənclərdən biri hazırda Almaniyada kompüter elmləri, süni intellekt və tətbiqləri, açıq tədris resursları üzrə doktorantura təhsili alan Şəhla Məcid qızı Rəsulzadə ilə həmsöhbət olub. Öncə müsahibimizi oxuculara təqdim edirik.
Tanıtım: Şəhla Məcid qızı Rəsulzadə 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2005-ci ildə Bakı şəhəri 279 nömrəli tam orta məktəbi bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə “Hesablama riyaziyyatı və informatika” ixtisası üzrə magistr təhsili alıb. 2011-ci ildən ADPU-nun eyniadlı kafedrasında müəllim kimi çalışıb.
2018-ci ildə kompüter elmləri üzrə təhsilini Almaniyanın Passau Universitetində davam etdirib. Daha sonra Kassel Universitetinin Elektrik mühəndisliyi və Kompüter elmləri fakültəsində elmi-tədqiqatçı kimi akademik fəaliyyətə başlayıb və orada kriptoqrafiya mühəndisliyi (“Cryptography Engineering”), avtomat nəzəriyyəsi və formal dillər (“Automata theory and formal languages”, ağıllı quraşdırılmış sistemlər (“Intelligent Embedded Systems”) fənlərini tədris edib.
2023-cü ildən Frankfurt şəhərində DIPF (Leibniz-Institut für Bildungsforschung und Bildungsinformation) Elmi Araşdırmaları İnstitutunda Kompüter Elmləri Departamentində elmi-tədqiqatçı olaraq işləyir və doktorantura təhsili alır.

– Hazırda Almaniyada çalışırsınız. Bu ölkəyə gəlişiniz nə ilə bağlı idi?
– Almaniyaya gəlişim elmi-tədqiqat və akademik fəaliyyətimi genişləndirmək məqsədi daşıyırdı. Burada həm kompüter elmləri üzrə nəzəri, həm də tətbiqi sahələrdə özümü inkişaf etdirmək, beynəlxalq elm mühitində fəaliyyət göstərmək istədim. Almaniyanın elmin inkişafına verdiyi dəyər və imkanlar gözləntilərimi doğrultdu. Universitetlərdə və elmi mərkəzlərdə yaradılan mühit, tədqiqat imkanları, beynəlxalq əməkdaşlıqlar alimlərin inkişafına çox böyük dəstək olur.
– Tədqiqatçı kimi hansı mövzular üzərində çalışır və bu mövzular sizin üçün nə dərəcədə maraqlıdır?
– Tədqiqat mövzum müxtəlif süni intellekt modelləri və alqoritmləri haqqında olub, onların xüsusilə mətn tipli məlumatlar üzərində qiymətləndirmə (assessment) və aşkarlama (detection) proseslərində necə düşündüyünü və qərar verdiyini araşdırır. Bu məqsədlə təhsil materiallarından, xüsusilə açıq təhsil resurslarından (OER) istifadə edirəm. Bu seçim, bu materialların sadəcə tədqiqatda vasitə olması ilə qalmır, həm də araşdırmanı təhsil müstəvisinə daşıyaraq təhsil sistemində süni intellekt tətbiqlərinə dair elmi nəticələr ortaya qoyur və OER-in inkişafına töhfə verir.
Bu istiqamət mənim üçün həm kompüter elmləri mütəxəssisi, həm də pedaqoq kimi çox maraqlıdır.
– Almaniyanın Elm və Tədqiqatlar Nazirliyi tərəfindən dəstəklənən və iştirak etdiyiniz hansı layihələri qeyd edərdiniz?
– Hazırda Almaniya Təhsil və Tədqiqat Nazirliyinin (BMBF) dəstəyi ilə həyata keçirilən 2 layihə üzərində işləyirəm. Onlardan biri UNESCO ilə əməkdaşlıqda açıq təhsil resurslarında süni intellektin rolu və potensialı barədədir. Bu layihələr çərçivəsində həm nəzəri tədqiqat aparır, həm də praktik həllərin işlənib hazırlanmasına töhfə verirəm.

Elə bu çərçivədə, 2024-cü ilin noyabrında UNESCO-nun “3rd UNESCO World OER Congress” konqresində “Almaniya–UNESCO” komissiyası ilə birgə iştirak etmişdim. Bundan əlavə, BMBF-nin dəstəyi ilə 2025-ci ilin iyununda Londonda açıq təhsil resurslarına həsr olunmuş konfransda 90 dəqiqəlik vörkşop təşkil etmişəm. Konfransda süni intellektin açıq təhsildə texniki aspektdən imkanları, məhdudiyyətləri barədə iştirakçılarla geniş müzakirə aparmışdım. Əlavə olaraq yenə də UNESCO-nun dəstəyi ilə keçirilən “OER Master” proqramı üzrə çoxsaylı seminarlarda tələbələrlə interaktiv sessiyalar keçirirəm və başqa beynəlxalq tədbirlərdə də iştirak edirəm.
– Açıq öyrənmə üsullarının təhsil sistemində rolu və əhəmiyyəti barədə nə deyərdiniz? Bu mövzular ölkəmizin təhsil sistemi üçün nə dərəcədə perspektiv istiqamətlərdir?
– Açıq təhsil resursları təhsildə əlçatanlıq, uyğunlaşa bilmək və kollektiv işləmək (əməkdaşlıq etmək) prinsiplərinə dayanaraq, öyrənənlər və öyrədənlərə yeni imkanlar yaradır, təhsildə bərabərliyi, innovasiyanı və davamlılığı təşviq edir.
Nümunə olaraq, açıq lisenziya altında dərc olunmuş elmi vəsaitlər, onlayn kurslar, multimedia materiallarını göstərə bilərik. 2002-ci ildən UNESCO tərəfindən dəstəklənən bu layihə, həmçinin Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərindən 4-cü bəndi (hamı üçün keyfiyyətli təhsil) birbaşa dəstəkləyir.
Bütün dünyada açıq öyrənmə modelinə inteqrasiya sürətlə artır və süni intellekt təhsil sahəsinin bu və digər mənalarda ayrılmaz hissəsinə çevrilir.
Bu baxımdan, həm üzərində işlədiyim elmi-tədqiqat mövzum, həm də layihələrdə elmi-tədqiqatçı olaraq işlədiyim mövzular təhsil sistemi üçün olduqca perspektivlidir.
Ölkəmizin təhsil sistemi üçün perspektivlərinə gəlincə, deməliyəm ki, OER Dünya Xəritəsindən (OER World Map) və digər mənbələrdən əldə etdiyim məlumatlara əsasən, Azərbaycanın digər ölkələrlə müqayisədə açıq təhsil resursları təşəbbüslərində iştirakı nisbətən məhduddur.

– Müasir süni intellektin təhsildə rolu əhəmiyyətli dərəcədə artır. Sizcə, bu nə dərəcədə faydalı, qorxuludur və niyə?
– Günümüzdə, süni intellektin təhsildə rolu sürətlə artmaqda və öyrənənlərin bilikləri əldə etmə formasını və müəllimlərin onu necə çatdırdığını yenidən formalaşdırmaqdadır. Təhsilin innovasiya və inkişafın əsas hərəkətverici qüvvəsi kimi süni intellekt öyrənməni fərdiləşdirmək, inklüzivliyi artırmaq, əlçatanlığı asanlaşdırmaq, müəllimləri ağıllı sistemlərlə dəstəkləmək üçün çoxlu imkanlar təklif edir. Amma, doğru istifadə edilmədiyi halda, o eyni zamanda qərəzlilik, şagird və tələbələrdə süni intellekt tətbiqlərindən asılılıq, nəticədə problem həll edə bilmək və ya tənqidi düşünmək kimi vacib koqnitiv bacarıqların zəifləməsi, tədris prosesində müəllimin rolunun getdikcə azalmasına, həm müəllim, həm şagird aspektindən sosial-emosional öyrənmə problemləri, öyrətmə prosesində kreativliyin zəifləməsi və digər problemlərə səbəb ola bilər.
– Sizcə, süni intellektdən istifadənin çərçivəsi necə olmalıdır? Nəzərə alsaq ki, həm şagirdlər, həm tələbələr, həm də müəllimlər Sİ-dən istifadə imkanlarını genişləndirirlər..
– Təhsilin təməlini pedaqogika və didaktika təşkil etdiyindən təhsildə süni intellektdən istifadə də bu prinsiplərə əməl etməlidir. Hazırda dünyada süni intellektin təhsildə tətbiqlərinin yaratdığı və yarada biləcəyi problemlər geniş şəkildə müzakirə olunur. Bu müzakirə mənim 2025-ci ilin iyununda Londonda keçirilən “OER25” konfransında təşkil etdiyim 90 dəqiqəlik vörkşopun əsas müzakirə aspektlərindən biri idi.
Süni intellekt pedaqoqların təhsildə insan rolunu əvəz etmədən tədrisi və öyrənməni təkmilləşdirən dəstəkləyici vasitə kimi inteqrasiya edilməlidir. Onun istifadəsi pedaqoji qaydalara mütləq şəkildə uyğunlaşaraq, süni intellektlə zəngin bir mühitdə tələbələrin təkcə bilik əldə etməsini deyil, həm də tənqidi düşüncə, yaradıcılıq və məsuliyyəti inkişaf etdirməsini təmin etməlidir.
– Elmi məqalələrin yazılmasında süni intellektdən sui-istifadə mötəbər nəşrlər və mənbələr üçün nə dərəcədə təhlükəlidir və bunun qarşısını ala biləcək mexanizmlər varmı?
– Elmi məqalələrdə süni intellektdən istifadə risklidir, çünki bu, plagiat, “SI halusinasiyası” problemi səbəbindən məlumatın yanlışlığı, həmçinin yanlış istinadlara səbəb ola bilər. “Elsevier”, “Springer”, “IEEE” kimi böyük nəşriyyatlar bu cür sui-istifadələri qadağan edir və qarşısını almaq üçün süni intellekt aşkarlama vasitələrini getdikcə daha çox tətbiq edirlər. Buna görə də ən təhlükəsiz təcrübə süni intellektdən yalnız dəstəkləyici vasitə kimi istifadə etməkdir.
– Azərbaycanın elm və təhsilində öz yerinizi necə görürsünüz? Nə kimi töhfələr verməyi düşünürsünüz?
– Təhsil yeni biliklər, qlobal inkişaf, texnoloji tərəqqi ilə formalaşan davamlı dəyişən və inkişaf edən bir sahədir. Azərbaycanda bu dəyişiklik rəqəmsal təhsilə artan tələbatda, süni intellekt alətlərinin tətbiqində və açıq təhsil resurslarının son zamanlarda mənimsənilməsində özünü göstərir. Müasir dövrdə təhsil sistemi innovasiyaları əhatə etməli, şagirdlərin həm milli inkişaf, həm də qlobal rəqabət üçün lazım olan bacarıqlarla təchiz olunmasını təmin etməlidir.
Bu mənada, Almaniyada elm və təhsil sahəsində qazandığım bilik və təcrübələrə əsaslanaraq, Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara cavab verən rəqəmsallaşma və innovasiyanın inkişafına dəstək olmaq, açıq təhsil resurslarının tətbiqini genişləndirmək və süni intellekt texnologiyalarını tədris prinsiplərinə uyğun şəkildə inteqrasiya etmək mənim əsas töhfəm ola bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər