
“Böyük şəxsiyyətlərin izi itmir, onlar gələcəyin yoluna çevrilir”. Bu sözlər hər hansı məşhur insanın yox, tələbə bir qızın bütün səmimiyyəti ilə Ulu Öndər Heydər Əliyev haqqında səsləndirdiyi fikirlərdir. Doğrudan da bu izləri hər yerdə görmək mümkündür, bu izlər yola çevrilərək bizi təhsilə də aparır.
“Azərbaycan müəllimi” bu cığıra düşərək yolunu Naxçıvandakı Heydər Əliyev adına tam orta məktəbə salıb.
Görüşümüz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf edir.
Şəhidlərə həsr edilən guşələr

Binaya daxil olmamışdan öncə Heydər Əliyevin məktəbin həyətindəki abidəsi ilə qarşılaşırıq. Abidəni görəndə düşünürsən ki, burada təhsil alanlar həm şanslı, həm də məsuliyyət daşıyırlar. Məktəbə daxil olanda bu hiss daha da güclənir. Çünki foyedə məktəbin məzunu olmuş Vətən oğulları Sahil Məmmədov, Raqib Hüseynov və digər şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, eyni zamanda, 27 sinif otağına şəhidlərimizin adı verilib. Bununla şagirdlərə vətənpərvərlik hissi aşılanır, vətəni sevənlərə, onun hər qarışı üçün canından keçənlərə verilən dəyər göstərilir.

“Məktəbin ulu öndərin adını daşıması məsuliyyətimizi daha da artırır”
Məktəb haqqında məlumatı bizə Heydər Əliyev adına tam orta məktəbin direktoru, Əməkdar müəllim, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunan Məlahət Rüstəmova verir: “Məktəb 2004-cü ildən faəliyyətə başlayıb, 20 illik yubileyini respublika səviyyəsində təntənəli şəkildə qeyd elədik. 87 nəfərlik müəllim heyəti olan məktəbdə 1200 şagird təhsil alır. Ötən 20 il ərzində məktəbi 910 məzun bitirib ki, onların 729-u ali məktəblərə qəbul olub.

Həmin məzunların 170-i 500-700 bal toplayıb. Məzunların 56-sı ümumi orta təhsil haqqında fərqlənmə attestatına, 6-sı qızıl, 4-ü gümüş nişana və 5-i isə Prezident təqaüdünə layiq görülüb. 2024-2025 -ci tədris ilində də tam orta təhsil səviyyəsi üzrə məktəbi bitirən 69 məzunun 40-ı 200-dən yuxarı bal toplayıb. 2007-2008-ci tədris ilinin nəticələrinə uyğun olaraq məktəb “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsinin qalibi olub. Ötən 20 ildə məktəbin müəllimlərindən 23-ü təhsil sahəsində fəaliyyətlərinə görə təltif edilib. Onların 7-si Azərbaycan Respublikasının, 11-i Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir, 5-i isə “Tərəqqi” medalına layiq görülüb”.
.jpeg)
44 illik pedoqoji fəaliyyətinin 24 ilini məktəb direktoru vəzifəsində çalışan Məlahət müəllim deyir ki, təhsil ocağının ulu öndərin adını daşıması məsuliyyətlərini daha da artırır: “Çalışırıq ki, şagirdlərə biliklərin əsaslarını verməklə yanaşı, onları milli-mənəvi ruhda tərbiyə edək. Onlar Heydər Əliyevin əmanət qoyduğu müstəqil ölkəmizi sivil ölkələrdə tanıda bilsin, yaxşı vətəndaş kimi yetişsin, ümummilli liderimizin ideyalarını öz əməllərində yaşada bilsinlər. Şagirdlərimiz bütün olimpiadalarda fəal iştirak edirlər. RFO-da 9-cu sinif şagirdi Raziyə Rəhimova Azərbaycan dili və ədəbiyyat, Turqay Möhsünov isə informatika üzrə Muxtar Respublikanı təmsil etdilər.

Raziyə həm Heydər Əliyevə həsr edilmiş "Ən yaxşı təqdimat"müsabiqəsində Naxçıvanda 1-ci yerə layiq görülüb, Bakıda təltif olunacaq. Məzunlarımız ali məktəblərə yüksək balla qəbul olurlar. Keçənilki tədris ilində 69 məzunun 65-i ali məktəbə qəbul olub. Qəbul olduqları ali məktəblər bizə təşəkkürnamələr göndəriblər. Bu onu göstərir ki, bizim məktəbi bitirən məzunlar təkcə elmləri ilə yox, davranış qaydaları, yüksək intellekt səviyyələri, dünyagörüşləri ilə seçilirlər”.

“Məktəbə şagird axını var, artıq birinci siniflərin çoxu formalaşıb”
Direktor məktəbdəki müəllimlərin də öz üzərlərində işlədiklərini, öz təşəbbüsləri ilə təlimlərə qoşulduqlarını vurğulayır: “Bu il iki müəllimimiz qrant müsabiqədə iştirak edəcək. Müxtəlif adlarla təltif olunan müəllimlərimiz daim yeni biliklər öyrənir, dərsləri günün tələbləri ilə keçirlər. Biz məktəbdə fizika, çografiya və s. ilə bağlı gecələr keçiririk”.
.jpeg)
Məlahət müəllim deyir ki, şagirdləri yarışlarda da öndə gedir, xüsusi yerlər tuturlar: “Muxtar Respublikada keçirilən “Zəkaların mübarizəsi” yarışmasında məktəbin komandası 3-cü yerə layiq görülüb. İki qardaş olan şagirdlərimiz Gürcüstanda keçirilən karete yarışında iştirak edib və erməni rəqiblərinə qalib gələrək birincilik əldə edib. Şahmat yarışı üzrə birinci yerə çıxan şagirdimiz var”.
Müəllimin sözlərinə görə, məktəbə şagird axını var, artıq birinci siniflərin çoxu formalaşıb.
“Sosial mediadan faydalı istifadə edirəm”
Maraqlıdır, görəsən, bu məktəbdə təhsil alan şagirdlər nə düşünür, onlar burada təhsil almaqdan məmnundurlarmı? Fikirlərini öyrənmək üçün müəlliminin adını xüsusi çəkdiyi Raziyə Rəhimova ilə həmsöhbət oluruq: “RFO-nun final turuna ən yüksək balla çıxmışdım. Bakıda keçirilən final turunda isə yer tuta bilmədim. Amma özümə məqsəd qoymuşam ki, növbəti illərdə qalib olum. Arzum hüquqşünas olmaqdır, magistr təhsilimi xaricdə almaq istəyirəm”.
Aşağı siniflərdən repetitor yanına getməyi vaxt itkisi sayan şagird deyir ki, vaxtının çoxunu dərsə ayırır: “Sosial şəbəkələrim var, amma ondan faydalı istifadə edirəm, orada başqalarının uğurlarını görmək mənə stimul verir. Düşünürəm ki, düzgün istifadə etsək, sosial media ən yaxşı köməkçimiz olar, burada məlumatlar daha əlçatandır”.

Şagird olsa da, elmi araşdırmalar aparır
Məktəbin 9-cu sinif şagirdi Fərid Nəzərli isə türkdilli xalqların ortaq kökü ilə maraqlanır. Onu gənc tədqiqatçı da adlandırmaq olar. Biliyinə, intellektinə görə onu hətta universitetlərdə keçirilən tədbirlərdəki çıxışlara da dəvət edirlər. 3 ildir ki, müstəqil şəkildə türkologiya ilə məşğul olduğunu deyir: “Araşdırma apardıqca görürəm ki, Azərbaycanın uzun bir inkişaf yolu var. Tariximizdə faktların təkzibləri çoxdur. Türk xalqlarını mərkəzdə tutan bir tarix anlayışı yaradılmalıdır, çünki bu bizə həqiqətləri öyrətməyə kömək edəcək”.

Fəridin ən böyük arzusu bu sahədə ixtisaslaşmış mütəxəssis olmaq, öz fikirlərini yazı və məqalələr şəklində çatdırmaqdır. Gələcəkdə şumeroloq, mixi yazıları üzrə mütəxəssis, antropoloq, etnoqraf, arxeoloq və s. olmaq istəyir, bunun üçün də çalışır: “Azərbaycanda türk piramidaları haqqında hər hansı bir məqalə yazılmayıb. Amma bu barədə araşdırma apardım və məqalə yazdım. Məlum oldu ki, Çinin şərqi olan Türküstan əyalətindən tapılan mumiyalar əslində müasir bir azərbaycanlı ilə eyni irqi xüsusuiyyətləri daşıyan insanlara mənsub olub”.

“Hazırlığa getmədən belə bütün fənləri yaxşı oxuyurlar”
Şagirdlərlə söhbətləşdikcə dərslərin faydalı keçdiyinin və onların bütün sahələr üzrə bilikli olduqlarını görürük. Onlara bu bilgiləri verənlər isə müəllimlərdir. Pedoqoji faəliyyətinə bu məktəbdə başlayan və 21 ildir ki, dərs deyən Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Xublar Xuruşova seçilən pedoqoqlardandır. 9-cu sinfə rəhbərlik edən müəllim şagirdlərindən yüksək nəticələr gözləyir: “Sinfimdə 10 şagirdin qırmızı attesstat alacağını gözləyirəm. Hamısı olduqca güclü, hərtərəfli uşaqlardır. Hazırlığa getmədən belə bütün fənləri yaxşı oxuyurlar”.

İngilis dilində ana dili kimi danışa bilirlər
Məktəbin şagirdləri ingilis dilində öz ana dilləri kimi danışa bilirlər. Bunun səbəbi müəllimlərin ingilis dilini yaxşı tədris etməsidir. Bu müəllimlərdən biri də Ülviyyə Mehdiyevadır. Deyir ki, dərsləri maraqlı etmək üçün yeni metodlardan istifadə edir: ”Bunun üçün ingilis dilində tədbirlər keçiririk. Fikrimcə, uşaqları qorxutmaq lazım deyil. Onlar fənni sevərək oxusalar, daha yaxşı qavrayarlar. Şagirdlərim də başa düşür ki, müasir dövrdə xarici dil bilmək vacibdir”.

Ülviyyə müəllim həm də şəhid Raqib Hüseynovun bacısıdır. O, gənclərə vətənpərvəlik ruhunun aşılanmasına da çalışır.
Psixoloji dəstək: Çətin tərbiyə olunanlar, bullinq

Bəs məktəbdə çətin tərbiyə olunan şagirdlər varmı? Sualımıza məktəbin psixoloqu Vəfa Qasımova cavab verir: “Məktəbdə çətin tərbiyə oluna bilən şagird yoxdur. Valideynlər bizimlə işlədiyindən elə problemlər yaşanmır. Duzdür, natamam ailələrin uşaqları olan şagirdlərimiz var. Bu, onların psixologiyalarına mənfi təsir edir, amma onlarla söhbətlər aparırıq. Məktəbdə bullinq hadisəsi yoxdur, şagirdlərin bir-biri ilə münasibəti yaxşıdır. Pis olarsa, müəllimlərlə birgə iş apararaq vaxtında aradan qaldırırıq”.
4 ildir ki, burada çalışan psixoloq uşaqlara həftəlik iş planları əsasında işlədiyini deyir: “Bəzən işlər plan üzrə olmur. Ya valideynlərin özü, ya da müəllimləri müraciət edir. İlk növbədə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud şagirdlərimizlə məşğul oluruq. Məktəbimizdə 20 belə şagird var, onlarla söhbət aparır, maraq və meyillərini öyrənir, valideynləri ilə əlaqə saxlayırıq. Bununla bərabər, valideynlərini itirmiş 28 şagirdimiz var ki, onlarla da xüsusi danışır, himayədarları ilə görüşlər keçiririk. Biz valideynlərlə imtahanqabağı streslərlə bağlı söhbətlər aparırıq. Bundan başqa, mövsüm dəyişiklikləri dövründə şagirdlərlə qida rejimləri, sağlamlıqlarının qorunması ilə bağlı söhbətlər aparılır”.

Milli dəyərlərimizə sadiq gələciyim
Məktəbin sinif otaqlarında sakitcə dərs gedir. Şagirdlər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq daha yaxşı təhsil alır, vətənpərvər gənc kimi yetişirlər. Onların səsləri Azərbaycanın müxtəlif təhsil ocaqlarından gələcək, xaricdə ölkəmizi ən yaxşı şəkildə təmsil edəcəklər. Çünki Heydər Əliyev adına tam orta məktəb qabaqcıl təhsil müəssisəsi kimi sağlam, milli dəyərlərimizə sadiq gələciyimizi yetişdirir.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər