
“Balakhani Operating Company LTD” (BOC) şirkəti ADA Universiteti ilə tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə əməkdaşlıq edəcək.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Bildirilib ki, bu gün universitetin tədris mərkəzində rektor Hafiz Paşayev və BOC prezidenti Rövşən Rzayev tərəfindən imzalanan sənədə əsasən, hasilat şirkəti ADA Universiteti və ADA Fondu tərəfindən irəli sürülən elmi-tədqiqat layihələrinə, tələbələrin peşə təcrübəsinin artırılmasına dəstək verəcək.
Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, tarixən neft sahəsində çalışan mühəndislər, geoloqlar cəmiyyətimizin dəyərli ziyalıları arasında yer alıblar. Azərbaycan iqtisadiyyatında vacib yer tutan neft sənayesi bu günə qədər ağır zəhmət tələb edən şərəfli sahədir. Müasir dövrdə hasilat sənayesində texnoloji elmi-tədqiqatların yeri günü-gündən genişlənməkdədir. Azərbaycanda neft hasilatı ənənələrinin və təcrübənin müasir idarəetmə və tədqiqatlarla birləşməsi gözəl nəticələr verməkdədir.
BOC prezidenti Rövşən Rzayev isə bildirib ki, hasilat şirkətinin fəaliyyət göstərdiyi Abşeronun ən iri yatağı - Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı iki yüz ilə yaxın istismar olunsa da, torpağın qorunması, təbii resursların dayanıqlığı və ekoloji mühafizə istiqamətində həyata keçirilən işlər, xüsusilə sovet dövründə aşağı səviyyədə idi. Son illər “Balakhani Operating Company LTD” tərəfindən lay suların utilizə edilərək torpaq qatlarına qaytarılması, tullantılara məruz qalan ərazilərin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsi, çox sayda yaşıllıq zolaqlarının salınması hasilata müsbət təsir göstərməklə yanaşı ölkəmizin təbii ehtiyatlarının dayanıqlığının təmin edilməsinə də töhfə verir.
Görüşün sonunda BOC adından ADA Universitetinə kətan üzərində neftlə işlənmiş “Xudafərin” rəsm əsəri təqdim olunub. ADA isə qonaqlarına görkəmli alim və ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru Musa Əliyevin memuarlarını əhatə edən “Ömrüm” nəşrini hədiyyə edib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər