Bütün xəbərlər
26 sentyabr, 12:02

Artıq 50 ildən çoxdur ki, Ağdaş Peşə Məktəbi gənclərə peşə öyrətməklə onların gələcək həyatına yol açır. 1974-cü ildən fəaliyyət göstərən məktəb ilk illərdə 132 saylı kənd peşə məktəbi adlanıb. 1977-ci ildə kənd orta texniki peşə məktəbi, 1996-cı ildən isə Ağdaş Peşə məktəbi statusu altında fəaliyyət göstərib. 
“Azərbaycan müəllimi” Ağdaş Peşə Məktəbində olub, tədris prosesi və məzunların uğurları ilə yaxından tanış olub.

340 plan yerinə 1542 müraciət

2025/2026-cı tədris ili üçün məktəbə ayrılmış 340 plan yeri üzrə 1542 müraciət daxil olub. Müraciət edənlərin 166-sı qız, 99-u oğlandır. Bu rəqəmlər göstərir ki, Ağdaş Peşə Məktəbinin nüfuzu ildən-ilə artır və gənclərin peşə təhsilinə marağı böyüyür.
Məktəbin direktoru Elmira Qafarova bildirib ki, plan yerlərinə dəfələrlə çox müraciətin edilməsi məktəbə olan etimadın ildən-ilə artdığını göstərir. Burada təhsil həm ödənişli, həm də ödənişsiz əsaslarla, 1 və ya 2 illik proqramlarla təşkil olunur. 

Ümumi orta və tam orta təhsil bazası əsasında qəbul edilən gənclər “Reklam dizayneri”, “Elektrik qaz-qaynaqçısı”, “Aşpazlıq”, “Qənnadıçı”, “Bərbər”, “Vizajist”, “Kompüter texniki”, “Geyim üzrə dizayner”, “Avtomobil təmiri ustası”, “Bitkiçilik və tərəvəzçilik üzrə mütəxəssis” kimi ixtisaslar üzrə təhsil alırlar: “Ən vacib məqam məzunlarımızın əmək bazarına asanlıqla inteqrasiya olunmasıdır. Onlar həm rayon daxilində, həm də paytaxtda müxtəlif sahələrdə çalışırlar. Bəziləri şəxsi biznesini qurub, bəziləri isə dövlət qurumlarında və böyük şirkətlərdə iş tapıb”.

“Tələbələr yalnız həm də müştəri ilə ünsiyyət, xidmət mədəniyyəti öyrənirlər”

Bərbərlik üzrə istehsalat təlimi ustası Vüsalə Səfərova isə qeyd etdi ki,  dərsləri real salon şəraitinə uyğun şəkildə keçirlər: “Tələbələr yalnız saç kəsimi və vizaj deyil, həm də müştəri ilə ünsiyyət, xidmət mədəniyyəti öyrənirlər. Bu gün şagirdlərimizin müxtəlif salonlarda işləməsi, hətta öz şəxsi salonlarını açması təsadüfi deyil. Bu uğurlar göstərir ki, məktəbimizdə verilən biliklər həyatın özündə sınanır”.

Zülfiyyə Soltanova isə öz ixtisasından danışaraq bildirdi ki, “Aşpazlıq” tələbələrə sadəcə yemək bişirmək yox, həm də menyu planlamaq, kollektiv işini təşkil etmək öyrədilir: “Tələbələrimiz restoranlarda, şadlıq saraylarında, hətta bank və katerinq xidmətlərində çalışırlar. Onların arasında Bakıda tanınmış restoranlarda işləyənlər var. Bu, biz müəllimlərin əsl qürurudur”.

“Dərslərdə nəzəriyyədən daha çox praktikaya üstünlük verilir”

Təmirçi-çilingər Elşad Hacıyevin sözlərinə görə, dərslərdə nəzəriyyədən daha çox praktikaya üstünlük verilir. Şagirdlər real avadanlıqlarla işləməyi öyrənirlər: “Ona görə də məzunlarımız sexlərdə, zavodlarda, istehsalat sahələrində çətinlik çəkmədən işə başlayırlar. Hətta tələbələrimizdən bəziləri fərdi sahibkarlığa da meyil göstərərək öz işlərini qurublar”.

Tikiş avadanlıqları operatoru, “Tikişçi” ixtisası üzrə müəllim Zemfira Cavadova isə tələbələrinin əl işlərinə xüsusi diqqət yetirir:

“Tikiş dərslərində şagirdlər sadəcə iynə-sapla işləməyi deyil, geyim üzərində yaradıcı yanaşmanı öyrənirlər. Onların hazırladıqları əl işləri, geyim nümunələri bəzən sərgilərdə nümayiş etdirilir. Şagirdlərimin əl işlərində səliqə, dəqiqlik və estetik yanaşma var. Bu bacarıqlar gələcəkdə həm fərdi atelye açmaq, həm də iri müəssisələrdə çalışmaq üçün onlara möhkəm baza verir”.

“İndi öyrəndiklərimi iş həyatında tətbiq edirəm”

Ağdaş Peşə Məktəbi illərdir ki, müxtəlif peşə sahələri üzrə ixtisaslı kadrlar yetişdirir. Burada təhsil alan gənclər yalnız nəzəri biliklə kifayətlənmir, praktiki bacarıqlar da qazanaraq əmək bazarında özlərinə möhkəm yer tapırlar. Onların həyat hekayələri məktəbin nüfuzunun bariz sübutudur.

“Bitkiçilik” ixtisasının məzunu Zinyət Süleymanova peşə məktəbinin onun həyatını dəyişdiyini vurğulayır.
“Peşə məktəbində oxuduğum illər mənim üçün həyat dərsi oldu. “Bitkiçilik” ixtisasında qazandığım biliklər sayəsində kənd təsərrüfatının incəliklərini öyrəndim. İndi öyrəndiklərimi iş həyatında tətbiq edirəm. Müəllimlərimizin zəhməti nəticəsində bu sahəyə peşəkar yanaşa bilirəm”.

“Bərbərlik” ixtisasının məzunu Ayxan Qasımov isə qeyd edir ki, bərbərlik onun uşaqlıq arzusu olub: “Məktəb mənə bu arzuma çatmaq üçün həm peşə, həm də ünsiyyət bacarığı öyrətdi. Burada qazandığım bilik və bacarıqlar sayəsində artıq peşəkar usta kimi fəaliyyət göstərirəm. Ən böyük qazancım öz işimə inam oldu”.

“Məktəbdəki təhsil mənim üçün möhkəm bünövrə oldu”

“Aşpazlıq” ixtisasının məzunu Kamran Yusibov ilə də həmsöhbət olduq. Ayxan deyir ki, aşpazlığı təsadüfən seçməyib: “Məktəbdə bizə yalnız yeməklərin hazırlanması deyil, həm də təşkilati işlər, komanda ilə işləmə bacarıqları öyrədildi. Bu gün aşpaz kimi fəaliyyət göstərirəm və öyrəndiklərimin hər birini işimdə tətbiq edirəm. Məktəbdəki təhsil mənim üçün möhkəm bünövrə oldu”.

Zinyət Süleymanovanın kənd təsərrüfatında, Ayxan Qasımovun bərbərlikdə, Kamran Yusibovun aşpazlıqda, Amil Əhmədovun isə qaz-qaynaqçılıqda qazandıqları uğurlar bir daha göstərir ki, Ağdaş Peşə Məktəbi gəncləri həyatın müxtəlif sahələrinə peşəkar kimi hazırlayır. Onların hekayələri gələcək nəsillər üçün nümunədir.

Məktəbin tələbələri yalnız dərslərdə deyil, sosial və mədəni həyatda da fəallıqları ilə seçilirlər. Onlar müxtəlif müsabiqə və forumlarda iştirak edir, Qərbi Azərbaycan İcması ilə görüşlər keçirirlər. Tarixi və əlamətdar günlər məktəbdə xüsusi qeyd olunur. Bu tədbirlərin təşkilində Ağdaş Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Sektoru, Ağdaş Mədəniyyət Mərkəzi və digər tərəfdaş qurumlar yaxından iştirak edirlər.

Tərəfdaş müəssisələrlə əməkdaşlıq tələbələrin gələcək iş həyatına daha asan adaptasiya olunmasına şərait yaradır, sosial və mədəni fəaliyyətlər isə gənclərin dünyagörüşünü genişləndirir.

Məzunların uğurlu karyera hekayələri, onların müxtəlif sahələrdə qazandıqları nailiyyətlər bir daha sübut edir ki, Ağdaş Peşə Məktəbi gəncləri yalnız peşəyə deyil, həyata hazırlayır.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 21:57

Naxçıvanda musiqi rəhbəri vakansiyası elan olunur

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.