Bütün xəbərlər
15 may, 15:00

Səhərin ilk işığı pəncərədən süzülüb sinif otağını işıqlandırır. Yazı taxtasına baxan parlaq gözlərdə yalnız dərs həvəsi deyil, həm də ailədən miras qalan dəyərlərin parıltısı görünür. Ana nəsihətləri, ata məsuliyyəti, nənə duası – hamısı bu uşağın çiynində görünməz qanadlar kimidir. Bu qanadlarla o, yalnız məktəbin pillələrini deyil, həyatın sınaqlarını da bir-bir qalxır. Hər uğurunun kökündə zəhmətlə yanaşı, mənəviyyatla yoğrulmuş ailə tərbiyəsi də dayanır.

Sevgi, hörmət, dürüstlük, əmək və məsuliyyəti özündə birləşdirən, dəyərləri yüksək olan ailədə böyüyən uşaqların təhsildə uğur qazanması mütləqdir. Cəmiyyətin təməl daşı olan ailənin formalaşdırdığı dəyərlər sistemi insanın həyat yolunu müəyyən edən əsas faktorlardan biridir. Uşağın şəxsiyyət kimi formalaşmasında və təhsil həyatında uğur qazanmasında ailənin rolu danılmazdır. Əxlaqi, mədəni və sosial dəyərlərlə zəngin bir mühitdə böyüyən şagird yalnız dərs əlaçısı deyil, həm də məsuliyyətli, təşəbbüskar və məqsədli bir fərd olur. Belə bir ailədə uşaq böyüyə hörmət etməyi, öz fikrini azad şəkildə ifadə etməyi, səhvlərindən nəticə çıxarmağı öyrənir. Bu keyfiyyətlər isə təhsil həyatında uğurun təməl daşlarını təşkil edir.

İnsan həyatının ilk illərində aldığı təhsil ailə mühitində əldə etdiyi dəyərlərdən təsirlənir. Ailə insanın şəxsiyyətinin formalaşmasında, həyatda qarşılaşacağı çətinliklərlə mübarizə aparma qabiliyyətinin inkişafında, təhsilin uğurlu olmasında vacib bir təsirə malikdir. Əgər ailə öz üzvlərinə düzgün istiqamət verə, onların təhsilinə dəyər verə və həyatın dərin mənalarını öyrədə bilirsə, təhsil də cəmiyyətin inkişafına, gənclərin hərtərəfli yetişməsinə xidmət edəcək. Lakin bunun üçün təkcə ailənin deyil, həm də təhsil müəssisələrinin birləşmiş səyi vacibdir. Ailə dəyərləri və təhsil müəssisələrinin birgə əməkdaşlığı ölkəmizin gələcəyinin əsasını qoyan güclü təhsil sisteminin yaranmasında müstəsna rol oynayır.

Ailə dəyərlərinin təhsilin inkişafındakı əhəmiyyəti

Ailə uşağın ilk öyrəndiyi məktəbdir. Hər bir fərd həyatını formalaşdıran ilk addımları ailə mühitində atır. Ailə mühiti, uşağın öyrənmə prosesinə böyük təsir göstərir. Burada əldə olunan mənəvi dəyərlər, sosial davranışlar, etik prinsiplər, ailənin təhsilə və biliklərə münasibəti uşağın gələcək təhsil həyatını müəyyən edir. Məsələn, valideynlərin təhsilə verdiyi önəm uşağın məktəbə münasibətinə, dərsə olan marağına və uğurlarına birbaşa təsir edir. 

Araşdırmalar göstərir ki, uşaqların təhsil uğurları onların evdə gördükləri dəstək, təşviq və ailənin təhsilə olan maraq və bağlılığından asılıdır. Ailə yalnız təhsil sahəsində deyil, həm də uşağın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Ailə dəyərləri gələcəyin savadlı, məlumatlı və sosial məsuliyyətli vətəndaşlarını yetişdirməkdə başlıca faktora çevrilir. Ailənin təmin etdiyi birinci dərslər – əxlaqi dəyərlər, dürüstlük, səbir, həmrəylik və empatiya təhsil mühitində, müəllimlərlə əlaqələrdə, yaşıdlarla münasibətdə öz əksini tapır.

Təhsil təkcə bilik qazanmaqdan ibarət deyil

Təhsil həm də düşünməyi, sorğulamağı, qarşıya məqsədlər qoyub ona doğru irəliləməyi öyrədir. Ailəsində düzgün yönləndirilən, mənəvi dayaq görən şagirdlər isə bu prosesə daha hazırlıqlı olurlar. Onlar çətinliklər qarşısında tez ruhdan düşmür, çünki daxili motivasiyaları güclüdür. Bu motivasiya da ailədə qazandıqları dəyərlərdən qaynaqlanır. 

Tədqiqatlar göstərir ki, ailə tərbiyəsi və dəyərləri şagirdin məktəb həyatına birbaşa təsir edir. Uğurlu şagirdlər arasında qarşılıqlı hörmətin olduğu ailə mühitində böyüyənlərin sayı əhəmiyyətli dərəcədə çoxdur. Bu, təsadüf deyil, çünki ailə insanın ilk müəllimidir.

Təhsil müəssisələrinin ailə dəyərlərinə töhfəsi

Təhsil müəssisələri və ailə arasında sıx əməkdaşlıq uşaqların şəxsiyyətinin və təhsilinin inkişafını təmin edən ən güclü vasitədir. Təhsil müəssisələri yalnız bilik verməklə kifayətlənməyib həm də ailə dəyərlərini müasir dövrün tələblərinə uyğun inkişaf etdirən, məktəblərin tədris proqramına inteqrasiya edən bir platforma rolunu oynaya bilər. Bir çox təhsil təşkilatları artıq ailələr ilə daha sıx əməkdaşlıq edərək təhsil müəssisələrində “Ailə təhsili” kursları təklif edir, valideynlərə təhsil mühiti ilə bağlı məlumatlar verir, eyni zamanda, uşaqların evdəki təhsil dəstəyi və mənəvi inkişafına diqqət yetirirlər.

Təhsil müəssisələri ailə dəyərləri barədə mütəmadi maarifləndirmə tədbirləri təşkil etməklə ailələri bu sahədə daha məlumatlı edir. Misal olaraq, valideynlərə uşaqlarının təhsilinə necə dəstək olacağı, onların emosional ehtiyaclarını ilə necə ödəyə biləcəkləri barədə kurslar təşkil etmək mümkündür. Eyni zamanda, məktəblərdə müxtəlif sosial və mədəni tədbirlər – ailə günləri, seminarlar və müzakirələr təşkil edərək, ailə və məktəb birliyinin güclənməsi istiqamətində konkret addımlar atıla bilər.

Erkən evliliklər və ailə dəyərlərinin stereotiplərə qurban verilməsi

Erkən evliliklər xüsusən yeniyetmələrin həyatında dərin izlər buraxır. Azərbaycanda erkən evlilik cəmiyyətin ən mühüm problemlərindən biridir. Beynəlxalq təşkilatlar bu cür evliliklərin uşaqların təhsilini ciddi şəkildə məhdudlaşdırdığını, onların sosial və emosional inkişafını pozduğunu və gələcəkdə ciddi psixoloji problemlərə yol açdığını vurğulayır. Erkən yaşda evlənən şəxslər təhsilini davam etdirə bilmədiyi kimi, onların ailə dəyərləri və sosial normalara uyğun davranışları da əksik olur.

Erkən evliliklər xüsusilə qızların təhsilinə vurduğu ziyanla yanaşı, onların ailə və sosial həyatlarına da ciddi təsir göstərir. Bu fenomen həmçinin ailə daxilindəki münasibətlərin sağlam və konstruktiv formalaşmasına mane olur, cəmiyyətin inkişafını zəiflədir. Bu növ evliliklər cəmiyyətdəki ənənəvi qadın stereotiplərinin güclənməsinə səbəb olur və uşaqların təhsil almasına maneə yaradır.

Erkən yaşda evliliyə təşviq məktəblilərin təhsil həyatına və şəxsi inkişafına ciddi təsir göstərir. Erkən evliliklərdən sonra məktəblərini tərk edən gənclər təhsilini davam etdirə bilmir, buna görə də gələcəkdə cəmiyyətə faydalı vətəndaşlar olaraq yetişə bilmirlər. Ən mühüm problem isə erkən evliliyin xüsusilə qız uşaqlarının cəmiyyətdəki mövqeyini zəiflətdiyi və onları sosial həyatdan təcrid etdiyi gerçəyidir.

Ümumdünya Səhiyyə Təşkilatının hər il təqdim etdiyi hesabatlara görə, dünya üzrə hər il milyonlarla qız erkən yaşda evlənir ki, bu da dünya təhsil sahəsində əhəmiyyətli geriləməyə səbəb olur, cəmiyyətin iqtisadi inkişafına və sosial rifahına mənfi təsir göstərir. “Təhsil haqqında” qanunda uşaqların, xüsusilə qızların təhsil almasının təmini ölkənin inkişafı üçün əsas məqsədlərdən biri olaraq göstərilib. Lakin erkən evliliklər və ailə təzyiqləri bu prosesin qarşısını alır. Qanunda qeyd edildiyi kimi: "Hər bir uşaq, müstəqil olaraq inkişaf etmək və təhsil almaq hüququna malikdir". Lakin erkən evliliklər bu hüququ pozur.

Beynəlxalq təcrübəyə gəldikdə, Dünya Bankı 2024-cü ildə bildirib ki, erkən evliliklər qızların təhsilində böyük maneələr yaradaraq, onların gələcək iş həyatında iştirak etmələrini, iqtisadi müstəqilliklərini təmin etmələrini və özlərini cəmiyyətdə tanınmalarını çətinləşdirir.

Bu gün ailə və təhsil müəssisələrinin birgə əməkdaşlığı cəmiyyətin gələcəyini təmin etmək baxımından olduqca vacibdir. Bu, uşaqların həyatına təsir edən ən vacib amillərdəndir. Ailənin doğru istiqamət göstərməsi və təhsil müəssisələrinin lazımlı bilik və bacarıqları verməsi nəticəsində uşaqların şəxsiyyətində harmoniya yaranar, onlar daha yaxşı gələcək qurmaq üçün sağlam zəminə sahib olarlar. Təhsil və ailə birliyinin gücləndirilməsi, yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edəcək. Uşaqların sağlam düşüncəli, sosial məsuliyyətli və hərtərəfli yetişməsi üçün həm ailə mühiti, həm də təhsil müəssisələri arasında sıx əməkdaşlıq mütləqdir.

Dünyanın bir çox ölkələrində 15 may Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Bu gün ailə institutunun gücləndirilməsinin, sağlam ailə mühitinin təmin edilməsinin və uşaqların hüquqlarının qorunmasının vacibliyini bir daha xatırladır. Ailə hər bir fərdin sosial, emosional və intellektual inkişafı üçün əsas bazadır və bu xüsusi gündə ailə dəyərlərini təbliğ edərək cəmiyyətin hərtərəfli inkişafına dəstək olmaq məqsədilə tədbirlər və maarifləndirmə kampaniyaları həyata keçirilir.

Son olaraq qeyd edim ki, dəyərləri yüksək olan ailədə böyüyən şagirdin təhsildə uğur qazanması təsadüfi deyil, təbii və mütləqdir. Belə ailələr cəmiyyətin gələcəyini formalaşdıran sağlam, bilikli və məsuliyyətli vətəndaşlar yetişdirir. Bu səbəbdən ailələrimizdə dəyərlərə önəm vermək, yalnız uşaqlarımızın deyil, bütövlükdə cəmiyyətimizin uğuru naminə atılan ən önəmli addımdır.

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.