.jpg)
Müəllimlərin sertifikasiya imtahanı, ölkəmizin təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllim peşəkarlığının artırılması və məktəbdaxili mühitə yeni nəfəs gətirilməsi baxımından növbəti mühüm mərhələ oldu. Xüsusilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin müəllimləri, bu prosesdə bilik və bacarıqlarını nümayiş etdirirlər.
“Azərbaycan müəllimi” bölgədəki müəllimlərin uğur yoluna nəzər salır.
Coğrafiyanın içində yaşayan müəllim
Ağsu rayonunun iki müxtəlif - S.Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi və M.Musayev adına İlxıçı kənd tam orta məktəbində coğrafiya müəllimi kimi çalışan Mirzəxan Məmmədli bu il ilk dəfə qatıldığı müəllimlərin sertifikasiya imtahanında 59 bal toplayaraq bölgənin ən yüksək nəticə göstərən müəllimlərindən biri olub. Mirzəxan müəllim bu uğuru 5 illik pedaqoji fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirir. Onun fikrincə, uğur uzunmüddətli hazırlıqdan çox illərlə sistemli şəkildə dərs deməyin nəticəsidir: “Aylarla hazırlığa ehtiyac yoxdur. Sistemli şəkildə iki ay ən vacib məqamlara nəzər yetirmək kifayətdir”.

Mirzəxan müəllim ixtisas suallarında heç bir hissədə çətinlik çəkmədiyini deyir. Onun fikrincə, yalnız bir neçə sual daha geniş düşünmə və analitik yanaşma tələb edirdi. İmtahan sualları ümumilikdə asan, orta və çətin olmaqla bütün səviyyələri əhatə edirdi.
Mirzəxan müəllimin pedaqoji uğurları təkcə sertifikasiya ilə məhdudlaşmır. Bu il sinif rəhbəri olduğu şagirdlərdən biri buraxılış imtahanında 300 bal, bloka əsasən isə 391 bal toplayaraq böyük nailiyyətə imza atıb. “Bu uğurlar təsadüfi deyil. Bu – illərin nəticəsidir”.
Riyaziyyatı sevdirən gənc müəllim
İsmayıllı rayon Sulut kənd tam orta məktəbinin riyaziyyat müəllimi Məlakə Abdullayeva, 4 illik təcrübəsi ilə bu il ilk dəfə qatıldığı sertifikasiya imtahanında 59 bal toplamağa nail olub. Onun hədəfi ixtisas üzrə sualların hamısına cavab vermək idi və bunu uğurla bacarıb. Onun uğur formulu sadədir – özünü daim inkişaf etdirmək və işini sevmək. Bu sevgini şagirdlərinə də ötürə bilib:

“Riyaziyyatı sevdiyim üçün hər zaman sinfə həvəs və enerji ilə daxil oluram. Şagirdlərim də bu enerjini hiss edir”. Onun dərs dediyi şagirdlərdən Fidan Dəmirova riyaziyyatdan 100, Gülzar Əzizova isə 94 bal toplayaraq respublika üzrə yüksək nəticə göstəriblər. Bu isə müəllimin işinə məsuliyyətlə yanaşmasının göstəricisidir: “Müəllim olmaq yalnız dərs demək deyil. Daim yenilənmək, təkmilləşmək və qarşısındakı insanlara təsir etməkdir.”
Müəllimlik – zəhmətin, inamın və nümunə olmağın adıdır
Toğrul Heybətov 4 ildir ki, Brovdal kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətlə məşğuldur. Bu il ilk dəfə olaraq müəllimlərin sertifikasiya imtahanında iştirak edən T. Heybətov 59 bal toplayıb. O, öz uğurunu sistemli zəhmətə və müəllimlik peşəsinə olan yüksək ehtirama bağlayır. Onun fikrincə, müəllim yalnız dərs deyən şəxs deyil, o, həm bilikli, həm də bildiyini tətbiq edə bilən, müasir texnologiyalardan bacarıqla istifadə edən bir şəxsiyyət olmalıdır. “Müəllimlik – peşələrin içində ən şərəflisidir. Çünki bütün peşə sahiblərini və cəmiyyəti yetişdirən müəllimdir”, – deyə o fikirlərini bölüşür.

Toğrul müəllim bu uğura asanlıqla deyil, əziyyətlə çatdığını deyir. Onun üçün bu imtahan təkcə bir yoxlanış deyil, bilik və zəhmətin sınağı idi.
“İnsan əziyyət çəkəndə, onun bəhrəsini mütləq görür” deyən müəllim gənc həmkarlarına da inadkarlıq və inamla çalışmağı tövsiyə edir: “Əziyyət çəkin, bəhrəsini mütləq alacaqsız. Bu, zəhmətin dəyişməz nəticəsidir”
Uğur yolunda tək başına deyil, valideynlərinin mənəvi dəstəyi və məktəb rəhbərliyinin etimadı onun üçün ciddi motivasiya mənbəyi olub. Bu dəstək kənd məktəbində çalışan bir gənc müəllimin özünə inamla addımlamasına şərait yaradıb.
Toğrul Heybətovun hekayəsi bir daha sübut edir ki, istənilən bölgədə, istənilən şəraitdə çalışan bir müəllim, əgər məqsədyönlüdürsə və daim üzərində işləyirsə, uğur mütləq qaçılmaz olur. O, sertifikasiya prosesində yalnız öz biliyini yox, həm də peşəsinə olan münasibətini nümayiş etdirib.
Özünəinam və sistemli yanaşmanın nümunəsi
Qobustan şəhəri Eliyar Vəliyev adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aytac Rəcəbova 12 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Bu il sertifikasiya imtahanında 58 bal toplayaraq öz bilik və bacarığını təsdiqləyib.

Aytac müəllimin hekayəsi diqqətəlayiqdir. O, imtahana xüsusi kurslara getmədən, əsasən daxili hazırlıq və sistemli təkrarlarla hazırlaşıb. Əsas diqqətini kurikulumla bağlı mövzulara yönəldib, həmkarları ilə müzakirələr aparıb və bu prosesdə biologiya müəllimi Mərziyyə İsmayılovanın rolu ona əlavə stimul verib. Həmsöhbətim qeyd edir ki, “Əslində imtahana hazır idim. Mütəmmadi olaraq dərsini düzgün icra edən müəllim, məncə, o qədər də hazırlıq hissi duymur.”
Aytac müəllim imtahan suallarını ümumilikdə uyğun və səviyyəli hesab edir, yalnız kurikulumla bağlı bəzi sualları qismən çətin dəyərləndirir. Gələcəkdə imtahana hazırlaşacaq müəllimlərə isə belə tövsiyə verir: “İmtahan prosesinə özünü inkişaf kimi yanaşsınlar. Özlərinə inansınlar. Uğura gedən yolda məqsədli olmaq və daim çalışmaq əsasdır”.
Ucqar kənd məktəbinin gənc müəlliminin uğuru
Ağsu rayonunun Kəndoba kənd tam orta məktəbində artıq 8 ildir ki, ingilis dili fənnini sevə-sevə tədris edən Nigar Ənnağıyeva peşəsinə olan bağlılığı sayəsində sertifikasiya imtahanında yüksək nəticə göstərərək 58 bal toplayıb. Uşaqlıqdan xarici dillərə böyük maraq göstərdiyindən bu maraq onun müəllimlik yolunu ingilis dili fənni ilə bağlamasına səbəb olub. Bildirir ki, “Dil öyrənmək sadəcə söz əzbərləmək deyil, bu, həm də dünyaya yeni pəncərədən baxmaqdır”.

O, bu il aprel ayında ciddi qərar verərək 3 aylıq intensiv hazırlığa başlayıb. Müəyyən səbəblərdən ötən il imtahanda iştirak edə bilməsə də, bu dəfə möhkəm niyyətlə yola çıxıb. “Aprel ayında qərar verdim ki, 3 ay ciddi hazırlaşım”, - deyə həmsöhbətim bildirir. O bu qısa, lakin məhsuldar müddətdə həm fənn biliklərini, həm də kurikulum üzrə bacarıqlarını möhkəmləndirib.
İmtahan təəssüratlarını bölüşən Nigar müəllim deyir: “İlk 40 sual mənə asan gəldi. Düşünürəm ki, öz üzərində çalışan müəllim bu sualları qısa müddətdə yaza bilərdi. Bu suallar mətnlərlə bağlı idi, zəngin lüğət ehtiyatı və diqqət tələb edirdi. Kurikulum isə əsasən situasiyalarla bağlı idi”.
Gənc müəllim imtahanın təşkilatçılığı barədə də yüksək fikir bildirir: “İmtahan şəraiti məni tam qane etdi. Nəzarət və sakitçilik yüksək səviyyədə təşkil olunmuşdu”
Onların hər biri sertifikasiya imtahanında sadəcə bilik yox, həm də peşəyə olan sevgini ortaya qoyublar. Bu nəticələr təkcə şəxsi uğur deyil, bu, təhsilin keyfiyyətinə olan inamın, müəllim əməyinin və məktəb mühitinin təntənəsidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər