
Türk dünyası üçün böyük itki ilə üzləşib. Azərbaycanın böyük dostu, dünyaşöhrətli cərrah, İstanbul Universitetinin professoru İbrahim Yıldırım vəfat edib.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Türkiyədə – Amasya vilayətinin Merzifon rayonunda dünyaya gəlib. İbrahim Yıldırımın ulu babası Sarı Qulu 1898-ci ildə çar dönəmində siyasi təqiblər və başqa amillər üzündən Qazaxdan qardaş Türkiyəyə - o zamankı Osmanlı imperatorluğuna köçərək Amasyada məskunlaşıb. Sonralar İ.Yıldırım həmin dövrü belə xatırladırdı: “Mənim ailəm 1898-ci ildə buradan köçməyə qərar vermişdir. Bunun bir çox səbəbləri olmuşdur ki, bunlardan da biri, həm də əsası o vaxt rusların həm Balkanlara, həm də Qafqaza enib Türkiyəni hər tərəfdən əhatəyə almaq səbəbi ilə etdikləri təzyiqlərdir. Bu təzyiqlər Azərbaycanda da olmuş və onu bir çox ailələr öz üzərində hiss etmişdir ki, onlardan da biri bizim ailəmiz olmuşdur. Mənim atam Sarı Qulu da bu taleyi yaşamışdır. O, Qaçaq Kərəmi öz evində saxlayaraq qorumuş və ruslara verməmişdir. Bu zaman ondan şikayət etmişlər və babamı tutaraq Sibirə sürgünə göndərmişlər. Lakin Sibirdə komandirin qızını müalicə etdiyindən onun qaçmasına şərait yaradılmış və o, qaçaraq Zəngəzura gəlmiş, bir müddət burada yaşadıqdan sonra Qərbi Azərbaycana getmişdir”.
Babasının adını daşıyan İbrahim bəy Qırıqqala və Merzifon ibtidai məktəbində, Merzifon orta məktəbində, Trabzon liseyində oxuyub.
Orta təhsilini başa vuran gənc İbrahim ixtisas seçimində çox düşünməyib - babasının yoluyla gedərək həkim olmağı qərara alıb və İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub. 1963-cü ildə universiteti başa vurub. Sonrakı 6 ildə o, iki ixtisasa yiyələnib: 1) ümumi cərrahlıq, 2) plastik, rekonstruktiv və estetik cərrahlıq. İxtisasları üzrə Türkiyə və İngiltərədə bu ixtisas və akademik imtahanlarını verib: 1970-ci ildə Cərrahpaşa tibb fakültəsində ümumi cərrahlıq; 1976-cı ildə plastik, rekonstruktiv və estetik cərrahlıq (İngiltərə); 1979-cu ildə plastik, rekonstruktiv və estetik cərrahlıqdan yüksək ixtisas imtahanı; 1979-1980-ci illərdə plastik cərrahiyyə dosenti; 1988-ci ildə plastik cərrahiyyə professoru.
Gələcəkdə türk dünyasının fəxri olacaq İbrahim Yıldırımın həkimlik fəaliyyəti də doğma İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsindən başlanır. O, burada assistent (1965-1970) və uzman (1970-1972) kimi işlədikdən sonra Əlazığ hərbi xəstəxanası və Sosial Sığortalar Kurumu xəstəxanasında ümumi cərrahlıq edib (1972-1974). Ancaq o, öz sahəsinin ən yetkin bir uzmanı olmaq üçün dünyanın ən qabaqcıl tibb mərkəzlərinin təcrübəsini öyrənməyə can atırdı. Bu məqsədlə də sonrakı illərdə “St.Andrews” Plastik Cərrahiyyə Mərkəzində (Billericay-Essex, İngiltərə; 1975-1977), Edinburq Plastik Cərrahiyyə və Yanıq Mərkəzində (W. Lothian, Şotlandiya; 1977-1979), “Glasgow Canniesburn” Plastik Cərrahiyyə Mərkəzində (Şotlandiya; 1979), “St.Thomas” xəstəxanasının Plastik Cərrahiyyə Mərkəzində (London, İngiltərə; 1980) cərrah olub.
Öz sahəsində daha çox ixtisaslaşmaq istəyən İ.Yıldırım 1980-1981-ci illərdə Vyana, İnsbruk (Avstriya), Münxen, Boxum (Almaniya) plastik cərrahiyyə mərkəzlərində, Nansi, O’Tool (Fransa) Əl Cərrahiyyəsi Mərkəzində cərrah olaraq çalışıb. 1980-2003-cü illərdə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində plastik, rekonstruktiv və estetik cərrahlıq sahəsində akademik olaraq vəzifə tutub, minlərcə həkim yetişdirib.
Prof. Dr. İbrahim Yıldırım beynəlxalq tibb qurumlarında bir sıra mühüm vəzifələr daşıyıb: Avropa Birliyi Tibb Təşkilatı Plastik Cərrahiyyə Masası EBOPRAS və UEMS-də Türkiyə təmsilçisi (1987-1993); "Interplast Türkiyə" Dərnəyi Başqanı (1988-1990); İstanbul Universiteti "Uluslararası Akademik İlişgilər Kurulu" Başqanı (1993-2003); "Black Sea Universities Network"da Türkiyə təmsilçisi (1998-2003); Türk Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyi Başqanı (2000-2002); YÖK (Yüksek Öğretim Kurulu) Universitetlərarası Kurul üzvü (2000-2003).

Dünyaşöhrətli cərrah bir sıra beynəlxalq elmi qurumların həqiqi üzvü olub: International Plastic, Reconstructive & Aesthetic Surgery, International Society of Aesthetic Surgery, American Society of Plastic Surgery, American Society of Aesthetic Surgery, British Association of Plastic & Reconstructive Surgery, Association of Hand Surgery, British Association of Burn, Interplast International. Bunlardan başqa o, Türkiyə və Kiprin də bir çox ən nüfuzlu tibb qurumlarının qurucu üzvü, yaxud həqiqi üzvü, eləcə də Azərbaycan Cərrahlar Cəmiyyətinin fəxri üzvü (1992) seçilib, Azərbaycan Tibb Universitetinin fəxri doktoru (2001) olub.
İbrahim Yıldırım 1988-ci ildə “British Association of Plastic & Reconstructive Surgery” kimi çox nüfuzlu bir cəmiyyətin keçirdiyi "Yeni cərrahiyyə yöntəmləri" yarışmasında dünyanın bir çox məşhur cərrahlarını geridə buraxaraq qalib olub. Bu hadisə onun cərrah nüfuzunu daha da artırıb, o, bir-birinin ardınca dünyanın ən qabaqcıl universitetlərinə mühazirə oxumağa dəvət edilib. Beləliklə, 1990-1995-ci illərdə ABŞ-nin Şimali Virciniya, Pittsburq, Pensilvaniya, Stanford, Almaniyanın Frankfurt, Tailandın Banqkok universitetlərində mühazirələr oxuyub.
Azərbaycanın xoş gələcəyinə öz töhfəsini verməyə ürəkdən can atan İbrahim Yıldırım öz təşəbbüsü ilə Azərbaycandan olan yüzlərlə gəncin Türkiyədə tibb sahəsində yüksək ali təhsil almasına dəstək olub, onların hər birinə qayğı göstərib. Bu barədə sonralar İ.Yıldırım xatırlayırdı: “1990-cı ilin oktyabrında Bakıya gəldim. Sovetlər Birliyinə gələrək burada Semaşko adına xəstəxanada əməliyyat edən ilk türk olaraq çalışdım. 230 xəstəni təmənnasız əməliyyat etdim. O zaman hətta xəstəxananın adının dəyişdirilərək İbn Sina adlandırılmasına təşəbbüs etdim, yaranmış bir fürsətdən istifadə edərək xəstəxanaya su çəkdirdim. 1994-cü ildə yenidən Azərbaycana gəldim. Novruz bayramı ərəfəsində bir qrup həkimlə Azərbaycana gəlib Hərbi Hospitalda yaralı əsgərlərə yardım etdik, təxminən 2 həftə çəkən səfərimiz zamanı 68 xəstə üzərində mikrocərrahiyyə əməliyyatları apardıq.
O vaxt şəraiti olmayan hər iki xəstəxanada sonralar çox gözəl təmir işləri aparılmış və nümunəvi şərait yaradılmışdır. Bu dəfə onları gördükdə çox məmnun qaldım. Azərbaycan üçün yüksəkixtisaslı tibb mütəxəssislərinin, həkimlərin hazırlanması sahəsində çoxlu çalışmalarım olub. 1992-ci ildə Azərbaycanın 10 nəfər tibb tələbəsini Türkiyəyə gətirərək təqaüdlə təmin etdirdim. Onlardan 5-ni İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində, 5-ni isə İstanbul Çapa tibb fakültəsində yerləşdirdim. 97 tələbənin Türkiyədə oxumasına kömək etmişəm. Onlardan hələ təhsilini bitirməyənlər də var. Təhsilini bitirərək dönənlər burada tanınmış həkimlər kimi yüksək vəzifələrdə çalışırlar”.
2003-cü ilin sentyabr ayında İbrahim Yıldırımın iştirakı ilə ATU-da təşkil edilmiş komissiya tərəfindən 100-dən çox tibb tələbəsi arasından 29 nəfər seçilib, onlar İstanbul Universitetinə göndərilib. Seçilənlərin əksəriyyəti TQDK imtahanlarında 600-dən yüksək bal toplamış əlaçı tələbələr idi. Bu gənclər tibb təhsillərini İstanbul Universitetində uğurla başa vurublar, onların əksəriyyəti Azərbaycanda və Türkiyədə fəaliyyət göstərirlər. Aralarında ABŞ klinikalarında çalışanlar da var.

Azərbaycan sevdalısı
2012-ci ildə tanınmış filoloq, dəyərli ziyalı professor Ədalət Tahirzadənin təşəbbüsü ilə dünyaşöhrətli cərrah, prof. Dr. İbrahim Yıldırımın "Azərbaycan müəllimi" qəzeti redaksiyasının üzləri ilə görüşü oldu. Görüşdə İbrahim Yıldırım 90 ildən sonra vətənə qovuşmağının sevincini belə bölüşürdü:
"İnsan oğlunun 100 ildə heç dəyişmədiyini, yüz ilin insanlar arasında çox kiçik bir vaxt olduğunu mən ailəmin Azərbaycandan Türkiyəyə köçməsindən 90 il sonra buraya gəlib bütün qohumlarımı tapdıqda bir daha yəqin etdim. Atalarımızın, babalarımızın, nənələrimizin bizə anlatdığı hər şey burada qalanların da eyni şəkildə dinlədiyi hekayələrdir. Biz siyasət adamı deyilik. Amma hər kəsin bir siyasi kültürü var...Ölkəni ortaya qoyan bir mədəniyyət var. Bu mədəniyyət, nə edirsinizsə edin, dəyişmir. Onun üçün də Azərbaycanla Türkiyənin yaxınlığını ifadə etmək üçün "Bir millət, iki dövlət" deyimi ortaya çıxıb. Bu baxımdan bizim dilimiz demək olar ki, eynidir. Hər halda mən "gəlirəm, gedirəmlə", "geliyorum, gediyorum" arasında bir fərq görmürəm. Çünki bizim Ərzurumda danışılan türk ləhcəsi Azərbaycan dilinə çox yaxındır. Onun üçün ki, biz eyni millətin soyuyuq. Hər ölkədə bir mədəniyyət millətçiləri olur. Hər ölkənin yerləşdiyi mahalda, bölgədə hansı mədəniyyət keçərlidirsə o mədəniyyətin vətəndaşı oluruq. Madam ki, bizim mədəniyyətimiz türk mədəniyyətidir, biz də türk mədəniyyətini incələyib ortaya qoymalıyıq. Onunla bağlı dəyərləri bərabər paylaşmalıyıq. Bu burada da belədir, İranda da, Türkiyədə də, Balkanlarda da. Balkanlar Qərbə yaxın olduğu üçün əhalisi çox duyğusal deyil. Uzun müddət basqı altında olmalarına rəğmən çox böyük elm adamları yetişdirmişlər. Fəqət onu biləsiniz ki, türk dünyasının ürəyi, qəlbi Azərbaycandır. Bu, sadəcə mənim inancım deyil. Biliklərim, coğrafiyam hamısı bunu mənə göstərir. Siz müəllimlər üçün çıxan qəzet kimi çiyinlərinizdə böyük yük daşıyırsınız”.
Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fügen xanımla ailə quran İbrahim Yıldırım Azərbaycanla bağlılığını heç vaxt unutmayıb. Azərbaycanın elmi mühiti ilə yanaşı, ədəbi mühitini də yaxından tanıyıb. Vaxt məhdudiyyətinə baxmayaraq mütəmadi olaraq Azərbaycana gəlib, ədəbi məclislərdə, tədbirlərdə böyük həvəslə iştirak edib. Ümummilli Lider Heydər Əliyevlə görüşüb. O, müstəqilliyimizin ilk illərində Birinci Qarabağ müharibəsində yaralanmış döyüşçülərimizin müalicəsinə, dərmanların gətirilməsinə, ağır yaralıların xarici ölkələrə aparılmasına, azərbaycanlıların Türkiyədə ali tibb təhsili almasına köməklik göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə İbrahim Yıldırımı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edib.
Ölkəmizin inkişafı, tərəqqisi onu qəlbən sevindirib. Daim Azərbaycanı dünyaya təqdim və təbliğ edən professor tibbə dair bir sıra əsərlərlə yanaşı, “Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar”, “Baş üstündə bir kitabın olması”, “Türkiyədə Azərbaycan kültürü”, “İstanbul Universitetini bitirmiş azərbaycanlılar”, “Amasya araşdırmaları” və digər tarixi-etnoqrafik kitabları da qələmə alıb. Vətən müharibəsi zamanı və ondan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərini əsirgəməyib.
Allah rəhmət eləsin!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər