
Azərbaycanda ilk dəfə olaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ödənişli əsaslarla təhsil alan və tədrisdə fərqlənən tələbələrinə təqaüd verəcək.
Növbəti tədris ilindən birdəfəlik veriləcək təqaüdlər tələbələri stimullaşdıracaq.
Bunu “Azərbaycan müəllimi”nə Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirib. Onun sözlərinə görə, bu barədə mərkəzin Pedaqoji Şurasının qərarı var. Mərkəz direktoru bu təqaüdün qaynağını da açıqlayıb: “Adambaşına maliyyələşmə mexanizmə keçən müəssisə olaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə tələbə sayına uyğun olaraq həm dövlətdən vəsait daxil olur, həm də büdcədənkənar gəlirlərimiz formalaşır. Bu gəlirlərin formalaşdığı ümumi büdcə əsasında emalatxanalarımızın maddi-texniki bazasının yaxşılaşdırılması, müəllimlərin əməkhaqlarının artırılması, mükafatlandırılması kimi fəaliyyətlər həyata keçirilir. Fəaliyətimizin bütün istiqamətlərinin əksini tapdığı smetanı Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edirik. Burada il ərzində nəzərdə tutduğumuz bütün xərclər əksini tapir. İstər Peşə Təhsili üzrə Dövlət Agentliyindən, istərsə də Elm və Təhsil Nazirliyindən verilən tövsiyə əsasında xərclərimiz siyahısında tələbələrimizə motivasiyaedici təqaüdlərin verilməsini də nəzərdə tutmuşuq. Odur ki, ödənişli təhsil alan tələbələrimizə birdəfəlik təqaüdün verilməsi növbəti ilin proqnozlarına əlavə olunub”.
Q.Nəbiyev əlavə edib ki, indiyədək də ödənişli əsaslarla təhsil alan tələbələr təhsil pilləsindən asılı olmayaraq, tədris dövrünün qiymətləndirməsinə əsasən təqaüd alıb: “Ödənişli təhsil alan tələbələrimiz arasında akademik göstəriciləri yüksək olanlar dövlətdən təqaüd alır. Bundan əlavə, dövlət-özəl əməkdaşlığı çərçivəsində şirkətlərin tələbələrimiz üçün ayırdığı təqaüdlər var. Lakin mərkəzin özünün yaradacağı bu imkan nəinki Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi üçün, ümumilikdə peşə təhsili müəssisələri arasında bir ilk olacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər