
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Luka Di Canfrançeskonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə səfirliyin və universitetin nümayəndə heyətləri iştirak edib. Professor Gülçöhrə Məmmədova səfiri salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə və bu münasibətlərdən ilhamlanaraq AzMİU ilə İtaliya universitetləri arasında qurulan əməkdaşlıqlara diqqət çəkib. O qeyd edib ki, beynəlxalq əməkdaşlıq AzMİU üçün prioritet istiqamətlərdən biridir və bu kontekstdə İtaliya universitetləri ilə əməkdaşlıq xüsusilə məhsuldardır.
İtaliyanın Azərbaycandakı səfiri cənab Luka Di Canfrançesko çıxışında Azərbaycan və İtaliya arasında tarixi və mədəni oxşarlıqları vurğulayıb. O bildirib ki, Romada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin bariz nümunəsidir. Səfir AzMİU-nun İtaliya universitetləri ilə əməkdaşlığını maraqla izlədiklərini və bu münasibətlərin daha da inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib. O həmçinin universitetdə italyan dilinə göstərilən marağa görə təşəkkürünü bildirərək bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün istənilən dəstəyi verməyə hazır olduqlarını bildirib.
Görüş çərçivəsində nümayəndə heyətləri arasında müzakirələr aparılıb. İtaliya universitetləri ilə birgə əməkdaşlıq imkanları və səfirliyin bu əməkdaşlıqdakı rolu ətraflı şəkildə nəzərdən keçirilib. Səfir cənab Luka Di Canfrançesko universitetin 50 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsini təklif edib. Qərara alınıb ki, bu təşəbbüs üzrə konkret plan və proqram hazırlanaraq icraya yönəldilsin.
Görüşün sonunda qonaqlar AzMİU-nun Dizayn və Memarlıq fakültələrinin tədris binalarında oldular. Burada onlara İtaliya-Azərbaycan Dizayn Mərkəzi və mərkəzin tədris laboratoriyaları haqqında ətraflı məlumat verildi. Bildirildi ki, bu mərkəz Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə 2019-cu ildə imzalanan müqavilə əsasında yaradılıb və Milan Politexnik Universitetinin Dizayn Fakültəsinin modeli əsasında qurulub. Mərkəzdə tələbələr dizayn sahəsində ən son trendlərlə tanış olur, onlar üçün ustad dərsləri, müxtəlif təlim və görüşlər təşkil olunur.
Səfir tədris mühiti, tələbələrin layihələri və əl işləri ilə də yaxından tanış olub. Qonaqlara bildirilib ki, Dizayn və Memarlıq fakültələrinin İtaliyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri – Florensiya Universiteti, Sapienza Universiteti, Milan Politexnik və Polimi universitetləri ilə yüksək səviyyəli əməkdaşlıq münasibətləri və ikili diplom proqramları mövcuddur. Söhbət zamanı bu əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər