
Xəbər verildiyi kimi, 27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən azərbaycanlı gənclərimiz - Bakı şəhəri, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri 157 nömrəli tam orta məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, “Ankara məktəbi”məktəb-liseyin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb. İki şagirdimizin dünya məktəbliləri arasında ilk 100-lükdə yer alması isə təhsil tariximizə xüsusilə qürurverici bir hadisə kimi yazıldı. Azərbaycan məktəblilərinin Boliviyada qazandığı uğurlar sadəcə medal statistikası deyil. Bu, gələcəyin texnoloji liderlərinə aparan yolun ilk parlaq izləridir. Qazanılan nailiyyətlərin arxasında dayanan istedadlar, onların yanında addımlayan müəllimlər, uzaq hədəflərə inandıran valideynlər və sistemli dəstəyi təmin edən qurumların rolu isə təbii ki, danılmazdır.
Gələcəyin startaplarını quracaq, süni intellekt sahəsində yeniliklərə imza atacaq gənclər bu gün məktəb partası arxasında kod yazır, alqoritm qurur, düşünürlər. Görünən də odur ki, informatika artıq sadəcə bir fənn deyil, bu, müasir dünyaya açılan bir körpüdür. Və bu körpüdən keçən hər gəncimiz gələcəyimizi bir az da aydınlaşdırır.
“Azərbaycan müəllimi” adıçəkilən beynəlxalq olimpiadada ölkəmizi layiqincə təmsil edən həmin gənclərdən ikisi ilə – Elvin İmanlı və Əli Əliyevlə həmsöhbət olub.
“Məqsədyönlü hazırlıq prosesi bizi beynəlxalq yarışa daha hazırlıqlı şəkildə çıxmağa kömək etdi”
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Elvin İmanlı olimpiadanın bürünc medalçısıdır.
Onun uğur hekayəsi yalnız proqramlaşdırma bacarığına deyil, eyni zamanda müəllimlərinin dəstəyinə, ailəsinin inamına və özündəki sonsuz motivasiyaya söykənir.
“Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçən illərim təkcə dərslərlə deyil, həm də unudulmaz xatirələrlə doludur”, – deyir Elvin. Təhsilini bitirdiyi liseydə təkcə bilik yox, həm də şəxsi inkişaf və kollektiv ruh qazandığını vurğulayır: “Təhsil ocağımızın olimpiadacıların yetişdirilməsində oynadığı böyük rol onbirillik şagird həyatımı daha da dəyərli etdi. Müəllimlərimin hər bir olimpiadaçıya göstərdiyi diqqət və qayğı, daim dəstək olması və istənilən məsələdə kömək etməsi bizə güc verdi. Onu da qeyd edim ki, həm şəxsi inkişafımızda, həm də uğurlarımızda müəllimlərimizin əməyi danılmazdır”.
.jpeg)
Elvin təhsil aldığı müddət ərzində Respublika fənn olimpiadalarında davamlı iştirak edərək uğurlu nəticələr əldə edib. Belə ki, o, VIII və IX siniflərdə qızıl, X sinifdə gümüş, XI sinifdə isə yenidən qızıl medallara layiq görülüb. Qeyd edir ki, bu illər ərzində qazandığı hər medal onun üçün təkcə bir nəticə deyil, həm də zəhmətinin və əzminin simvoludur.
Həmsöhbətimiz Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) ilk dəfə iştirak etdiyini söyləyir: “Bundan əvvəl də bir sıra beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil etmişəm. Avropa Yeniyetmələr Olimpiadası (EJOI) və Beynəlxalq İnkişaf Etmiş İnformatika Turniri (IATI) kimi nüfuzlu yarışlarda bürünc medallar qazanmışam. Bu təcrübəmə baxmayaraq, IOI kimi mötəbər bir yarışda iştirak etmək mənim üçün çox həyəcanverici və eyni zamanda motivasiyaedici idi. Bu yarışa böyük istəklə hazırlaşmışdım, çünki əsas məqsədim ölkəmə növbəti bir uğur bəxş etmək, bayrağımızı beynəlxalq arenada yüksəltmək idi”.
Elvinin sözlərinə görə, Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün seçim prosesi heç də asan deyildi. İkigünlük seçim mərhələsi, davamlı təlimlər və Qazaxıstanda təşkil olunan beynəlxalq düşərgə onun həm bilik, həm də liderlik bacarıqlarını möhkəmləndirib.
Hər il bu mötəbər yarışda iştirak etmək hüququ qazanmaq üçün ölkə daxilində iki günlük seçim müsabiqəsi keçirilir. Yalnız bu mərhələlərdə ümumi olaraq ən yüksək nəticə göstərən 4 məktəbli Azərbaycan komandasına daxil ola bilir: “Nəticədə iki gün davam edən seçim mərhələlərindən sonra Azərbaycan komandasının tərkibinə daxil oldum. Yarışa hazırlıq dövrümüz də bir o qədər maraqlı və zəngin keçdi. Bizə Qazaxıstanda təlim düşərgəsində iştirak etmək imkanı yaradıldı. Bu düşərgə bizlər üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından çox dəyərli təcrübə oldu. Orada saatlarla praktika keçdik, yeni və kompleks alqoritmlər öyrəndik, müxtəlif ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi apardıq. Bu intensiv və məqsədyönlü hazırlıq prosesi bizi beynəlxalq yarışa daha hazırlıqlı şəkildə çıxmağa kömək etdi”.
Beynəlxalq İnformatika Olimpiadasında verilən tapşırıqlardan da söz açan Elvin qeyd edir ki, IOI 2025 adi bir yarış deyil, dünyanın ən güclü məktəbliləri ilə eyni səviyyədə mübarizə apardığın, hər saniyəsi fokus və strategiya tələb edən bir arenadır: “Yarış iki gün davam etdi və hər gün bizə 3 çətin alqoritmik məsələ təqdim olundu. Tapşırıqlar dərin düşünmə, sürətli analiz və optimal kodlaşdırma bacarığı tələb edirdi. Bəzi anlar olurdu ki, sanki beynim donurdu, amma belə məqamlarda nəfəs alıb özümü toparlamağı öyrəndim”.
İstedadlı gəncimiz söyləyir ki, qazandığı təcrübə gələcək nailiyyətlərində önəmli rol oynayacaq.
Elvinin ən böyük dəstəkçisi ailəsi olub. Eyni zamanda, təhsil aldığı liseyin və müəllimlərinin üzərindəki zəhmətinin əvəzsiz olduğunu söyləyir: “Təhsil aldığım liseydə təkcə bilik deyil, həm də həyati dəyərlər qazanmışam. Artıq ADA Universitetinin tələbəsi olaraq “Kompüter elmləri” ixtisası üzrə almaq, gələcəkdə texnologiya sahəsində beynəlxalq uğurlara imza atmaq istəyirəm. Hədəfim bu sahədə təkcə istifadəçi yox, həm də yaradan olumaqdır”.
“Vaxtımı daha səmərəli istifadə etsəydim, medal qazana bilərdim”
“Ankara məktəbi” məktəb-liseyinin builki məzunu Əli Əliyev Beynəlxalq İnformatika Olimpiadasında ilk dəfə iştirak etdiyini bildirir. “Məhz bu beynəlxalq olimpiada ilk IOI təcrübəm idi. Olimpiadada həvəsləndirici mükafata layiq görüldüm. Sadəcə vaxtı düzgün bölə bilmədim. İlk gündə bir tapşırıq üzərində təxminən 2,5 saat vaxt itirdim. Əgər vaxtımı daha səmərəli istifadə etsəydim, medal qazana bilərdim. Bu mənim üçün yaxşı bir təcrübə oldu və vaxt bölgüsünün nə qədər vacib olduğunu öyrətdi. Medal qazanmasam da, çox dəyərli dərslər aldım.

Təhsil həyatım məqsədyönlü və fəal keçib və VIII sinifdən etibarən özümə konkret hədəflər qoymuşam və bu hədəflərə çatmaq üçün daim çalışmışam. Liseyim isə bu yolda mənə dəstək verib. Orta təhsil aldığım illər ərzində həm Respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq yarışlarda informatika üzrə yüksək nəticələr əldə edərək qızıl, gümüş və bürünc medallara layiq görülmüşəm”.
Məktəbi gümüş medalla bitirən Əli ali təhsilini ADA Universitetində alacaq. Gələcəkdə isə ali təhsilinin davamını Amerikanın nüfuzlu universitetlərindən birində almaq arzusundadır. İstedadlı gəncimiz süni intellekt, alqoritm və sistem proqramlaşdırması sahələrində tədqiqat aparmağı düşünür.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər