Bütün xəbərlər
22 may, 13:25

Ağsu, İsmayıllı və Qobustan... Dağların qoynunda yerləşən bu sakit bölgələrdə hər səhər məktəblərin qapısı açıldıqda təkcə bilik otaqları deyil, həm də uşaq qəlblərinin ən gizli qatları açılır. Bu məktəblərdə uşaq ruhunun dərinliklərinə enməyə, onu anlamağa çalışan, şagirdlərin səsini ilk eşidən, qəzəbini ilk oxuyan, göz yaşlarını ilk anlayan şəxslər psixoloqlardır.

"Azərbaycan müəllimi" üç belə psixoloqun – Əfsanə Yolçuzadə, Ruslan Kamilov və Sevil Əhlimanovanın təcrübələri və düşüncələrini təqdim edir. Onların hər biri öz məktəbində görünməyən qırılma nöqtələrinə işıq tutmaq, çətin uşaqları cəmiyyətə qazandırmaq, bullinqə qarşı səssiz bir sipər çəkmək üçün çalışır.

““Çətin uşaq”ların əksəriyyəti evdə və məktəbdə ünsiyyət ehtiyacları qarşılanmayan yeniyetmələrdir”

Ağsu şəhər 2 nömrəli tam orta məktəbin psixoloqu Əfsanə Yolçuzadə artıq altı ildir ki, psixoloq kimi fəaliyyət göstərir. O, təkcə məktəbin deyil, eyni zamanda Psixoloji-tibbi-pedaqoji komissiyanın Ağsu rayonu üzrə sədri kimi çətin tərbiyə olunan uşaqların psixoloji dəstəyə ehtiyacını görən və bu ehtiyacı ödəməyə çalışan şəxsdir. Onun gündəlik işi çətin tərbiyə olunan uşaqları tanımaq, onlarla korreksiya işləri aparmaq və eyni zamanda, valideynləri bu prosesə cəlb etməkdir.

Əfsanə müəllim “çətin uşaq” anlayışına səthi baxmır. Onun üçün bu uşaqlar sözəbaxmaz, intizamsız və ya aqressiv deyil, bəlkə də heç vaxt eşidilməmiş, duyğuları başa düşülməmiş, içindəki çarəsizliyi davranışla ifadə etməyə çalışanlardır. Onun sözlərinə görə, bu uşaqların əksəriyyəti evdə və məktəbdə ünsiyyət ehtiyacları qarşılanmayan yeniyetmələrdir. Sözügedən uşaqların davranışlarının kökündə çox zaman ailədə və məktəbdə ünsiyyət ehtiyacının qarşılanmaması dayanır. Onlar şıltaq, tərs, kobud və ya asosial ola bilərlər, amma bu xüsusiyyətlər onların daxili ehtiyaclarının və emosional boşluqlarının göstəricisidir.

Əfsanə Yolçuzadə valideynlərlə sıx əməkdaşlıq edir, onları mütəmadi məktəbə dəvət edir, uşaqları məktəbin müxtəlif sosial fəaliyyətlərinə cəlb edərək həm onların bacarıqlarını inkişaf etdirir, həm də məktəbdə özlərini dəyərli hiss etmələrini təmin edir. O, həm müəllimləri, həm də valideynləri bullinqin səbəbləri və əlamətləri barədə maarifləndirir, uşaqların davranışlarında baş verən kiçik dəyişikliklərə belə diqqət yetirməyi tövsiyə edir. Onun üçün “çətin uşaq” yoxdur, sadəcə, başa düşülməmiş uşaq var.

“Bullinqin qarşısının alınmasında əsas tərəfdaş ailədir”.

O, bullinq mövzusuna da xüsusi həssaslıqla yanaşır. Məktəbdə müəllim heyətinə bullinqin nə olduğu, harada və necə baş verə biləcəyi barədə mütəmadi məlumatlar verilir. Əfsanə müəllim inandığı bir həqiqəti açıq şəkildə bildirir: bullinqin qarşısının alınmasında əsas tərəfdaş ailədir. Valideynlər övladlarını müşahidə etməyi, onların davranışlarındakı dəyişiklikləri anlamağı və məktəblə sıx əməkdaşlıq etməyi öyrənməlidirlər.

Əfsanə müəllim valideynlərə tövsiyə edir ki, uşaqlarının həm bullinq edən, həm də bullinqə məruz qalan tərəf ola biləcəyini unutmasınlar. Əgər uşaqda davamlı depressiya əlamətləri varsa, məktəbə getmək istəmirsə, dərslərində geriləmə müşahidə olunursa, evə yaralanmış, cızılmış vəziyyətdə gəlirsə və ya əşyalarını tez-tez itirirsə, bu, artıq ciddi siqnaldır. Uşağın kitab-dəftərlərində cırıq səhifələr, kədərli ifadələr, ümidsiz sözlər varsa, bullinq ehtimalı ciddi şəkildə dəyərləndirilməlidir.

Həmsöhbətim üçün hər bir uşaq – fərdi bir dünyadır. Onun məqsədi bu dünyaya sevgi, anlayış və dəstək yolu ilə daxil olmaqdır. Ailələrin, məktəbin və psixoloqun birgə işi ilə çətin adlandırılan uşaqları cəmiyyətə qazandırmaq mümkündür.

“Çətin tərbiyə olunanlar aqressiv, qapalı və ya diqqət çəkməyə meyilli uşaqlardır”

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Ruslan Kamilov uşaqların ruhunu oxumaq üçün təcrübə, bilik və sevgi ilə silahlanıb. O, yalnız məktəb psixoloqu deyil, eyni zamanda, bir elmi tədqiqatçı, müəllif və sosial layihələrin təşəbbüskarıdır. Onun “Ruhun xəzinəsi – mental sağlamlıq” layihəsi çətin tərbiyə olunan uşaqlar və onların valideynləri ilə beş ay davam edən psixoloji dəstək işini əhatə edir və məktəbdə sağlam mühitin formalaşmasında mühüm rol oynayıb.

Onlarca uşağın ruhuna sığal çəkən, onların dünyasını anlamağa çalışan psixoloq, sadəcə psixoloq deyil, həm də bu sahədə dərin təcrübəyə, geniş dünyagörüşünə və səmimi yanaşmaya sahib bir mütəxəssisdir. Onun fəaliyyətində bir məqam aydın şəkildə seçilir: hər bir uşağa fərdi yanaşmaq və onun daxilindəki səsi eşitmək. Müsahibim qeyd edir ki, çətin tərbiyə olunanlar aqressiv, qapalı və ya diqqət çəkməyə meyilli uşaqlardır. Onların davranışları çox zaman ailə mühitindən qaynaqlanır. Sevgi və diqqət azlığı, zorakılıq və ya həddindən artıq sərt tərbiyə uşaqların ruhunda dərin izlər buraxır. Onun fikrincə, bu tip uşaqlarla işləyərkən təkcə uşaqla deyil, valideynlə də sıx əməkdaşlıq vacibdir.

Psixoloqun iş prinsipləri arasında valideynlərlə fərdi söhbətlər, maarifləndirici seminarlar təşkil etmək mühüm yer tutur.

Valideynlərə çağırış: Psixoloqla əməkdaşlıqdan çəkinməyin!

Bir elmi kitab, səkkiz elmi məqalənin müəllifi olan Ruslan Kamilov üçün məktəb psixoloqu vəzifəsi uşaqların dostu olmaq, onların dərdlərinə qulaq asmaq və səmimi ünsiyyət qurmaq prinsiplərinə əsaslanır. Onun dediyinə görə, şagird psixoloqa güvənməlidir – bu, işin ən vacib şərtidir: 

“Hər bir uşaq fərdidir və onun davranışının arxasında bir səbəb dayanır. Əgər bu səbəbi anlamağa çalışsaq, uşağa dəstək olmaq daha asan olar. Uşaqları dinləyin, anlayın və psixoloqla əməkdaşlıqdan çəkinməyin”. 

Onun fikrincə, tərbiyənin təməli evdə qoyulur. Məktəb isə bu təməli möhkəmləndirən ikinci mühüm məkandır. Uşaqların cəmiyyətə uyğunlaşmasında ailə mühiti, psixoloji faktorlar və məktəb münasibətləri birgə rol oynayır.

Həmsöhbətim çətin tərbiyə olunan uşaqları “pis uşaq” kimi yox, xüsusi dəstəyə ehtiyacı olan fərdlər kimi görməyi və onlara sevgi ilə yanaşmağı təklif edir və hər bir uşağa fərdi yanaşmanın tərəfdarıdır. Çünki hər davranışın arxasında bir ehtiyac, bir çağırış var və bu çağırışı dinləməyi bacaranlar onların həyatında həqiqi bir fərq yarada bilərlər. O deyir ki, çətin uşaqların davranışı çox zaman ailə mühitindəki sevgi çatışmazlığı, zorakılıq və ya həddindən artıq sərtlikdən qaynaqlanır. Onun üçün psixoloq olmaq təkcə peşə deyil, bir öhdəlik, bir missiyadır. O, uşaqların səsini eşitmək, onları qorumaq və ailə-məktəb münasibətlərini möhkəmləndirməklə onların həyatına real dəyişiklik gətirməyə çalışır.

“Bəzən bullinqə məruz qalan şagirdlər yaşadıqları çətinliyi gizlətməyə çalışırlar”

Qobustan şəhər E.Vəliyev adına 2 nömrəli tam orta məktəbin psixoloqu Sevil Əhlimanova üçün bullinq sadəcə bir sosial problem deyil. O, şagirdlərin psixoloji dünyasında dərin iz buraxan travmadır. Onun sözlərinə görə, bu problem artıq həm şagirdlər, həm də valideynlər tərəfindən tez-tez gündəmə gətirilir.

Psixoloq bildirir ki, bəzən bullinqə məruz qalan şagirdlər yaşadıqları çətinliyi gizlətməyə çalışırlar. Lakin psixoloq olaraq o, şagirdlərin davranışlarını diqqətlə izləyərək həm zərərçəkəni, həm də bullinqi törədən şəxsi müəyyən edir və onlara fərdi psixoloji dəstək göstərir. “Ən çox bu hallara V-IX sinif şagirdləri arasında rast gəlirəm”, – deyə Sevil Əhlimanova vurğulayır. Onun fikrincə, yeniyetməlik dövründə yaşanan psixoloji dəyişikliklər, ailə tərbiyəsi və fərdi xüsusiyyətlər bullinq davranışına səbəb ola bilər. Bu hallarla qarşılaşdıqda həm zərərçəkən, həm də bullinqi törədənlə fərdi psixoloji söhbətlər aparır.

Onun iş prinsipi – anlayış, empatiya və qarşılıqlı hörmət üzərində qurulub. Məktəbdə videoroliklərlə, dəyirmi masalarla, açıq söhbətlərlə şagirdlərə sağlam ünsiyyət bacarıqları aşılanır. Sevil Əhlimanova xüsusilə sosial şəbəkələrin təsirinə diqqət çəkərək valideynlərin bu sahədə də maariflənməsini zəruri sayır. O, müəllimlərin və valideynlərin uşaqlara qarşı sevgi və hörmətlə yanaşmasının, ailədəki münasibətlərin məktəb davranışlarına birbaşa təsir etdiyini vurğulayır: “Şagirdə heç vaxt danlayaraq və ya təzyiq göstərərək yaxınlaşmıram. Əksinə, onun davranışının səbəblərini anlamaya çalışıram”, – deyə o, öz iş prinsipini izah edir.

Psixoloq məktəbdə bu kimi halların qarşısını almaq üçün davamlı maarifləndirmə işlərinin aparıldığını qeyd edir. Siniflərdə müntəzəm olaraq videoroliklər nümayiş etdirir, müəllim və şagirdlərlə birgə dəyirmi masalar təşkil olunur. Bu tədbirlərin məqsədi şagirdlərə sağlam ünsiyyət və empatiya bacarıqlarını aşılamaqdır. Sevil Əhlimanova bildirir ki, məktəbdə psixoloqla şagirdlər arasında səmimi və etibarlı bir əlaqə yaradılıb, bu da onların çətinliklərini bölüşməsində mühüm rol oynayır.

“Yeniyetmələr sosial şəbəkələrdə gördükləri davranışları həyatlarına da tətbiq etməyə çalışırlar”

Sosial şəbəkələrin təsirinə də toxunan psixoloq deyir ki, internet platformalarında sərbəst və bəzən təhqiramiz ifadələrə şahid olan yeniyetmələr, bu davranışları həyatlarına tətbiq etməyə meyilli olurlar. Buna görə də Sevil Əhlimanova vurğulayır ki, sosial şəbəkələrdəki təhqir və zorakılıq real həyatda da özünü göstərə bilir. Yeniyetmələr sosial şəbəkələrdə gördükləri davranışları həyatlarına da tətbiq etməyə çalışırlar. Ona görə də psixoloq olaraq onlar ilə şəbəkələrdə qarşılaşdıqları neqativ halların zərərlərini müzakirə edir və onlara qarşı diqqətli olmaları barədə maarifləndirici iş aparır.

S.Əhlimanovanın fikrincə, bullinqin qarşısının alınmasında və bu kimi neqativ davranışların azaldılmasında ən böyük rol yenə də ailənin və məktəbin birgə fəaliyyətinin üzərinə düşür. Valideynlər uşaqlarına həm evdə, həm də məktəbdə baş verən hadisələr barədə danışmağa təşviq etməli, onların hisslərini başa düşməli və dəstəkləməlidirlər. Məktəb isə şagirdlərə empatiya və sağlam ünsiyyət bacarıqlarını aşılamaqla bu davranışları aradan qaldıra bilər.

Ağsu, İsmayıllı və Qobustan kimi kiçik şəhərlərdə fəaliyyət göstərən psixoloqların Hər birinin qarşısında müəyyən çətinlik və maneələr olsa da, onların məqsədi aydındır: uşaqların psixoloji inkişafını təmin etmək, onlara özlərini düzgün ifadə etməyi öyrətmək və nəhayət, məktəblərini sevgi, anlayış və güvənlə dolu mühitlərə çevirmək.

Bu, çox zaman görünməyən, amma həyatları dəyişdirən bir missiyadır. Məktəb psixoloqları, sadəcə, bir vəzifəni yerinə yetirmirlər, onlar uşaqların ən dərin səsin, duyğunun və ehtiyacın izlərini tapmağa çalışan, həyatlarında həqiqi dəyişiklik yaratmaq üçün çalışan qeyri-adi qəhrəmanlardır.

Şərhlər

Xəbər lenti

22 may, 16:50

Lənkəranda əmək yarmarkası keçiriləcək

22 may, 16:45

“Son zəng” ölkələrdə necə keçirilir? - Dünya təcrübəsi

22 may, 15:50

BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib

22 may, 15:32

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb

22 may, 15:15

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə daha bir müraciət

22 may, 15:00

Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

22 may, 14:51

Stereotipləri qıran ibtidai sinif müəllimi: “Şadam ki, valideynlərin güvənini qazanmışam”

22 may, 14:50

Erkən nikah hallarının qarşısının alınması ilə bağlı tədbir keçirilib

22 may, 14:32

Deputat: Gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi üçün səylərimizi artırmalıyıq

22 may, 14:13

Bu il işğaldan azad edilmiş bölgələrdə 51 abituriyent qəbul imtahanı verəcək

22 may, 14:04

Mayın 25-də 54 mindən çox abituriyent qəbul imtahanı verəcək

22 may, 13:14

Məktəblərə işə qəbul imtahanının vaxtı açıqlanıb

22 may, 12:59

Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq

22 may, 12:50

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib

22 may, 12:45

“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib

22 may, 12:36

Bu şəxslərə MİQ-də əlavə bal veriləcək

22 may, 12:35

“Uşaqkən coğrafi terminləri, düsturları bilirdim” – Qızıl medalçılar uğurlarından danışırlar

22 may, 12:30

Sabahın hava proqnozu açıqlanıb

22 may, 12:19

Şagird tənəffüs vaxtı sinif yoldaşına xəsarət yetirib – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.