.jpg)
İyunun 24-də keçirilən sertifikatlaşdırma imtahanında kimya fənni üzrə imtahan verən müəllimlər arasında yüksək bal toplayanlar az olmayıb.
“Azərbaycan müəllimi” uğur qazanan təhsilverənlərlə həmsöhbət olub.
53 bal toplayan Aynur Ərşadlı 4 ildir ki, Sumqayıt şəhəri M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın kimya müəllimidir. MİQ imtahanında 2020-ci ildə iştirak edərək 57 bal toplayıb.

Aynur müəllimin sözlərinə görə, imtahana hazırlıq onun üçün çox çətin bir dövr olub: “Övladım autizimlidir və ona Kanner sindromu diaqnozu qoyulub. Buna baxmayaraq, boş vaxt tapan kimi oxumağa, testlər işləməyə çalışırdım. İstər-istəməz hər imtahanda həyəcan, stres olur. Bu həyəcana baxmayaraq, imtahanda özümü çalışdığım qədər suallara köklədim, qoyulan sualları anlamağa və həll etməyə çalışdım. Sualların çətinlik dərəcəsinə gəlincə, aralarında asan, orta çətin və çətin tipli olanlar var idi. Düşündürücü suallar çox idi. Amma hazırlaşmalı, yüksək bal toplamalı idim və özümü bu məqsədə kökləmişdim”.
Aynur Ərşadlı sertifikatlaşdırmada az bal toplayan müəllimlərə tövsiyəsində deyir: “Bu, son deyil. Müəllimlər, ən birincisi, məqsədli olsunlar. Mən bir pedaqoq olaraq sertifikatlaşdırmanı müsbət qiymətləndirirəm. Bu proses bizə biliklərimizi dərinləşdirməyə və yeni metodlarla tanış olmağa imkan verir. Bacardığım qədər bütün suallara cavab verməyə çalışdım, amma 3 suala cavab verməyə vaxtım yetmədi. Sonda bir məqamı da qeyd etmək istəyirəm ki, bu yolda mənə dəstək olan ailəmə, məktəb rəhbərliyinə, müəllim yoldaşlarıma və əziz şagirdlərimə təşəkkürümü bildirirəm”.
“Müəllim adı ən yüksək addır və onu hər zaman uca tutmaq lazımdır”
Adilə İbrahimli Xaçmaz rayonu Ağtala kənd ümumi orta məktəbinin kimya müəllimi olaraq sertifikatlaşdırma imtahanında 52 bal toplayıb. 2021-ci ildən müəllim kimi fəaliyyət göstərir. Bildirir ki, imtahana özü hazırlaşıb: “Suallar real proqramı əhatə edirdi və yüksək səviyyədə təşkil olunmuşdu”.

O, az bal yığan müəllimlərə tövsiyə edir ki, öz üzərlərində daha çox çalışsınlar: “Çünki müəllim adı ən yüksək addır və onu hər zaman uca tutmaq lazımdır. Sertifikatlaşdırmanın əhəmiyyəti böyükdür, çünki müəllimlər öz üzərlərində məsuliyyət hiss edib daha çox çalışırlar. Sertifikatlaşdırma ən başlıca amildir ki, müəllim öz fənni üzərində daha çox çalışsın”, – Adilə müəllim qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər