
Empatiya və mərhəmətdən tutmuş iqlim dəyişikliyi ilə mübarizə, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, rəqəmsal təhlükəsizlik, kibertəhlükənin qarşısının alınması və gender bərabərliyinə qədər bütün mövzuları əhatə edən yeni təhsil proqramı Hindistanın Karnataka ştatında məktəblərdə tətbiq olunacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu təşəbbüs ilk dəfə 2024-cü ilin dekabrında Belagavi Assambleyasının iclasında təhsil naziri Madhu Bangarappa tərəfindən elan olunub. Nazir çıxışında 2025-2026-cı tədris ilindən etibarən məktəblərdə mənəvi dəyərlərin ayrıca fənn kimi tədris ediləcəyini bildirmişdi. Artıq proqramın əsasını təşkil edəcək dərsliklərin, demək olar ki, tam hazır olduğu qeyd olunub.
1-dən 10-cu sinfə qədər bütün şagirdləri əhatə edəcək yeni dərsliklərdə uşaqlara 10 əsas dəyər öyrədiləcək. Bu dəyərlər hər yaş qrupu üçün eyni qalacaq, lakin onların izahı, nümunələr və təqdim olunan hekayələr siniflər üzrə fərqli olacaq.
Məsələn, “təhlükəsizlik” anlayışı ibtidai siniflərdə bədən təhlükəsizliyi, şəxsi sərhədlərin tanınması və şəxsi məkanın qorunması ilə izah olunacaq. 3-5-ci siniflərdə yol və qida təhlükəsizliyi, yuxarı siniflərdə isə rəqəmsal təhlükəsizlik, maliyyə savadlılığı və kibertəhlükələrdən qorunma mövzuları öyrədiləcək.
Dərsliklərdə həmçinin emosional intellekt mövzusu da yer alacaq. Kiçik yaşlı uşaqlara öz hissələrini anlamaq və dərk etmək, böyük sinif şagirdlərinə isə emosiyaları idarə etmək qəzəb, qorxu və kədəri düzgün yönləndirmək bacarığı aşılanacaq.
Proqram çərçivəsində gender bərabərliyi, gender anlayışı, gender əsaslı zorakılığın qarşısının alınması, elmi yanaşma, yaradıcı təfəkkür, innovasiya və eksperiment bacarıqlarının inkişafı da nəzərdə tutulub. Vətəndaş məsuliyyəti mövzusunda isə evdə könüllülük, ictimai əmlaka qayğı, seçki mədəniyyəti kimi nümunələr təqdim olunacaq.
Bundan əlavə, uşaqlara empatiya, mərhəmət, hörmət, dürüstlük, ədalətlilik kimi dəyərlər də aşılanacaq. Şagirdlərin mühakiməsiz yanaşma qabiliyyəti, səhvlərini etiraf etmək cəsarəti və mütaliə vərdişlərinin formalaşdırılması bu dərslərin əsas məqsədləri sırasındadır.
Karnataka Dövlət Təhsil və Savadlılıq Departamenti yaxın günlərdə proqramı rəsmi olaraq təqdim etməyi planlaşdırır. Hazırda ştatda 49 min dövlət məktəbi fəaliyyət göstərir və ümumilikdə 4,9 milyon uşaq bu məktəblərdə təhsil alır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər