Bütün xəbərlər
29 iyul, 14:49

Ali məktəblərə qəbul imtahanları artıq başa çatıb. Minlərlə gənc bu mərhələdə bilik və zəhmətinin nəticəsini əldə edib. Və indi gənclərimizi ən vacib mərhələlərdən biri – ixtisas seçimi gözləyir. Bu mərhələ onlar üçün imtahan qədər önəmlidir. Belə ki, məhz hər bir gəncin peşəkar həyatı, şəxsi inkişafı və gələcək sosial rolu həmin qərardan asılı olacaq.

Bu dövr gənclər və valideynlər üçün psixoloji baxımdan da olduqca həssas bir mərhələdir. Qərar verməkdə tələsiklik, təzyiq və yanlış istiqamətləndirmə illərlə davam edəcək narazılıqlara səbəb ola bilər. Buna görə də seçim zamanı gənclərimizin yalnız topladıqları balı deyil, şəxsi maraqlarını, qabiliyyətlərini, bilik və bacarıqlarını, real imkanlarını nəzərə alması mütləqdir.

Təəssüf ki, bir çox hallarda bu mərhələdə emosional təsirlər, ictimai təzyiqlər və qeyri-real gözləntilər də rol oynayır ki, bu da gələcək üçün risk yaradır.

“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyeva ilə söhbətləşərək gənclərin və onların valideynlərinin diqqət etməli olduqları əsas məqamlar, düzgün ixtisas seçiminin psixoloji aspektləri və qərarvermə prosesində sağlam yanaşmalar barədə fikirlərini öyrənib.  

Gəncin topladığı bal çox yüksək ola bilər, amma…

Zeynəb xanım deyir ki, ixtisas seçimi yalnız hansısa sahədə təhsil almaq qərarı deyil, əslində gəncin özünü tanıması, gələcəyini necə görmək istəməsi və öz dəyərlərini formalaşdırması ilə sıx bağlıdır. Gənclər üçün bu mərhələ həyatda alacaqları ilk böyük qərarlardan biridir. Bu səbəbdən onların həm özlərini tanımaları, həm də təzyiq altında qərar verməmələri olduqca vacibdir: “Demək olar ki, əksər gənclər və onların valideynləri bu mərhələdə qərarsızlıq, həyəcan, təzyiq və narahatlıq içində olurlar. Həmin proseslə bağlı gənclərə, həm də valideynlərə bir neçə nüansa diqqət etməyi tövsiyə edirəm.

Gənclərin qarşısında çox geniş bir seçim xəritəsi var, amma bu xəritəni oxumaq üçün, ilk  növbədə, özlərini yaxşı tanımalı, nələrə qadir olduqlarını bilməlidirlər. Yəni mən hansı mühitdə rahat işləyə bilərəm? Mənim üçün müvəffəqiyyət qazanmaq nədir? Pul, status, sosial fayda, yaradıcılıq, özünüifadə yoxsa sabitlik? Mən daha çox insanlarla işləməyi sevirəm, yoxsa texniki və təkyönlü işlərdəmi rahatam? Və yaxud da mənim güclü tərəflərim nədir? Ünsiyyət, analiz, planlama, empatiya, yoxsa liderlik? İlk növbədə, bu suallara cavab tapmaq  çox vacibdir”.

Psixoloq deyir ki, bunlarla yanaşı, eyni zamanda, gəncin seçmək istədiyi sahə üzrə  oxuyan və ya işləyən insanlarla danışması,həyat təcrübələri ilə tanışlığı çox önəmlidir. Çünki bir çox gənc universitetini, ixtisasını xəyalında qurduğu arzularına çatmaq üçün seçir, amma sonradan real iş mühiti ilə qarşılaşanda, müəyyən çətinliklərlə üzləşəndə motivasiyasını itirir.

Zeynəb xanımın sözlərinə görə, ixtisas seçimi gənclər üçün çox stresli bir prosesdir. İmtahan həyəcanından çıxmış, ətrafla müqayisə olunan, gələcəklə bağlı qeyri-müəyyənlik hissi yaşayan bir gənc üçün bu qərarı vermək həqiqətən asan deyil. Eyni zamanda sadəcə topladığı bala uyğun sahəni seçməsi də düzgün deyil. Gəncin topladığı bal çox yüksək ola bilər, amma maraqla uyğunlaşmadıqda həmin nəticə uğura çevrilmir.

Gənclərdə ən çox rast gəlinən psixoloji hallardan biri də seçimdən sonra peşman olmaq qorxusudur. Gənc “bəlkə səhv edirəm” düşüncəsi ilə seçim edə bilmir, tərəddüdlər içində və qərarsız qalır. Bəzən isə gənc öz istədiyini açıq şəkildə ifadə etməkdə çətinlik çəkir. Valideyn məmnunluğu ilə öz istəyi arasında qalır.

Bu hallarla başa çıxmaq üçün həm ailə, həm də gəncin özü bilməlidir ki, seçim həyatı təyin etmir, onu istiqamətləndirir. Həyatın özü bir yol prosesidir. Bir ixtisasla başladığın həyat, səni tamamilə başqa bacarıqlara, istiqamətlərə də apara bilər.
      
Gəncin ixtisas seçimi sanki ailənin prestij məsələsinə çevrilir

Açıq etiraf edək ki, bəzən gənclər valideynlərinin arzularını reallaşdırmaq üçün istəmədikləri ixtisasları seçirlər. Həmsöhbətimiz deyir ki, bu, qısamüddətli razılıq hissi yaratsa da,uzunmüddətli narahatlıq və peşmançılıq gətirə bilər. Hər bir insanın həyatı öz seçimlərinə əsaslanmalıdır: “Təəssüf ki, bəzən valideynlər bu seçim mərhələsini öz arzu və komplekslərini övladlarına yükləmə fürsəti kimi görürlər. Gəncin ixtisas seçimi sanki ailənin prestij məsələsinə çevrilir: “bizim uşaq hüquq oxuyur, bizim uşaq tibbə düşüb” kimi fikirlər  hələ də cəmiyyətimizdə kifayət qədər aktualdır”.

Psixoloqun fikrincə, bu məsələdə valideyn də öz xəyallarını rellaşdırmaq arzusunda olmamalı, övladının potensialını, nəyə qadir olduğunu görməlidir. Onun maraqlarını və güclü tərəflərini nəzərə almalıdır. Bəzən sadəcə "Sən nə qərar versən, biz yanındayıq" demək uşağın özünəinamını artırır. Təhlükəsizlik hissi, daha sağlam qərarlar üçün zəmindir: “Əziz valideynlər, bəlkə də sizin üçün nüfuzlu görünməyən bir sahədə övladınız çox xoşbəxt və uğurlu olacaq. Qorxu ilə onlara ixtisas seçimi etdirməyin. “Bu sahədə iş yoxdur, filankəs bu ixtisasla ac qalıb” kimi fikirlərlə gənci başqa sahəyə yönləndirmək, onun gələcəkdə peşman və motivasiyasız olmasına səbəb ola bilər. Müşahidəçi olun, istiqamət verin, amma qərarlarınızı birlikdə paylaşın. Seçim prosesində iştirak edin, maraqlanın, məlumat alın, amma son qərarı birgə analiz edərək verin”.

Zeynəb xanım söyləyir ki, valideynlər bilməlidir ki, övladı seçim edərkən ömürlük peşəkar kimliyinə aparacaq bir yola çıxır. Bu yolda özünü tapa bilməyən gənc, çox zaman depresiya, motivasiya itkisi və peşəkar məyusluq yaşayır. Bu da zamanla ailədaxili münasibətlərə, psixoloji vəziyyətə və sosial həyata təsir edir.

Valideynlər uşaqlarının öz potensialına uyğun, içdən gələn maraqları əsasında qərar vermələrinə şərait yaratmalıdırlar. Gənclər öz fikirlərini sakit və əsaslandırılmış şəkildə ifadə etməyi bacarmalıdır.

Ən uğurlu insanlar öz sahələrini başqalarının dediyinə görə  seçənlər deyil…

Zeynəb Əliyevanın sözlərinə görə, düzgün seçim etmək üçün mükəmməl olmaq deyil, maraq və məqsəd sahibi olmaq kifayətdir. Düzgün ixtisas seçimi yalnız gəncə uyğun olan sahəni tapmaq deyil, özünü o sahədə görə və inkişaf etdirə bilməkdir. Bu, yalnız yüksək bal toplamaqla və ya dəbdə olan sahəyə düşməklə bitmir. Əsl düzgün seçim insanın şəxsiyyətinə, maraqlarına və gələcək arzularına uyğun gələndir. 

Ən uğurlu insanlar öz sahələrini başqalarının dediyinə görə yox, öz daxili kompaslarına əsaslanaraq seçənlərdir. Gənclər də, valideynlər də bu prosesi təkcə texniki seçim yox, həyat fəlsəfəsi kimi görsələr, daha sağlam nəticələr əldə edərlər. 

Və ən vacib məqamı da unutmayaq ki, düzgün ixtisas seçimi yalnız doğru sahəni tapmaq deyil, həm də o sahədə özünü tapmaqdır.

Şərhlər

Xəbər lenti

29 iyul, 16:53

Musiqi sənəti üzrə imtahanın nəticəsi elan olunub

29 iyul, 16:27

“Jurnalistika”ya qəbul olmaq üçün qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

29 iyul, 16:16

“Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı keçirilib 

29 iyul, 16:13

Rektor: “Qərbi Azərbaycan irsi” kitabı seçmə fənlərin tədrisində ciddi baza rolu oynayacaq

29 iyul, 15:58

“Yüksəliş”in qalibləri: Gələcək liderlər hansı universitetlərdə yetişirlər? 

29 iyul, 14:54

Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

29 iyul, 13:34

Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılır

29 iyul, 13:21

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

29 iyul, 12:57

Sabahın hava proqnozu açıqlanıb

29 iyul, 12:55

İşlə təmin olunan DP məzunlarının sayı açıqlanıb

29 iyul, 12:47

Turan Topalova: Dövlət Proqramı çərçivəsində Çin universitetlərinə maraq artıb

29 iyul, 12:42

BMU və İNHA Universiteti arasında ikili diplom proqramına qəbul başlayır

29 iyul, 12:34

"Proqram gələcək karyeram üçün əhəmiyyətlidir" – Təcrübə keçən "Maarif"çilərin hekayələri

29 iyul, 12:23

DP çərçivəsində magistraturaya qəbulun nəticələri yaxın günlərdə açıqlanacaq

29 iyul, 09:42

Dövlət Proqramına qəbul nəticələrinin ilkin siyahısı bəlli olub

29 iyul, 09:33

Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıblar

29 iyul, 09:21

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxış edib

29 iyul, 09:08

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başlayıb

28 iyul, 21:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.