Bütün xəbərlər
2 oktyabr, 18:04

Məktəb idarəçiliyi ancaq tədris prosesinin planlaşdırılması və təşkilindən ibarət deyil, həm də məktəb icmasında qarşılıqlı əlaqələrin və uğurlu ünsiyyətin qurulmasından asılıdır. Məktəbdə effektiv kommunikasiya məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlərlə qarşılıqlı olaraq sağlam və müsbət əlaqələrin yaranmasına imkan verir. Nəticədə, bu, təhsil mühitinin inkişafı və şagirdlərin akademik göstəriciləri və sosial baxımdan irəliləməsi üçün müsbət rol oynayır. 

Məktəb idarəçiliyində kommunikasiya təkcə məlumatların ötürülməsi deyil, həmçinin qarşılıqlı anlaşma, əməkdaşlıq və problemlərin həlli üçün əsas vasitədir. Effektiv kommunikasiya məktəbin strateji və uzunmüddətli hədəflərinə çatmaq,təhsilin keyfiyyətini artırmaq və məktəb mühitində müsbət dəyişikliklər yaratmaq üçün əsas faktordur. Bu məqalədə məktəb idarəçiliyində düzgün kommunikasiyanın əhəmiyyəti, onun müxtəlif tərəflər üzərindəki müsbət təsirləri müzakirə edilir. 

“Təhsildə innovasiya təkcə yenilik xatirinə yenilik etmək deyil, təhsilin keyfiyyətinin yüksəldilməsində özünü göstərməlidir” (İlyasov, 2019). 

Təlim və inkişaf: məktəb rəhbərliyi və müəllimlər üçün kommunikasiya bacarıqlarını artırmaq məqsədilə mütəmadi təlimlər təşkil edilməli, effektiv ünsiyyət qurmaq üsulları barədə bilik və təcrübənin artırılması üçün addımlar atılmalıdır. “Məktəbi idarə etməyin başlıca məqsədi cəmiyyətin məktəb qarşısında qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq dərin bilikli, müstəqil və yaradıcı düşünən, zəngin mənəviyyata, geniş dünyagörüşünə, milli və ümumbəşəri dəyərlərə yiyələnən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq vətəndaş və şəxsiyyətlər yetişdirməkdir” (Əliyeva, 2021). 

İnformasiya mübadiləsində yaranan çətinliklər: məktəbdə fərqli tərəflər arasında məlumatın düzgün şəkildə mübadilə olunmaması problem olaraq qalır. Müəllimlər və məktəb rəhbərliyi bəzən şagirdlərin və valideynlərin ehtiyaclarına uyğun olan məlumatları vaxtında paylaşmırlar. Məlumatın əskik və ya yanlış ötürülməsi təhsil prosesində müəyyən problemlərə yol açır. Məktəb rəhbəri qərarvermə, planlaşdırma,təşkil etmə, ünsiyyət, koordinasiya və qiymətləndirmə kimi idarəetmə proseslərini və bu proseslərdən səmərəli istifadə etməyi, hüquqi tənzimləmələri yaxşı bilməli və bunları liderlik bacarıqları ilə inteqrasiya etməlidir. 

Mədəniyyət və dil fərqlərinin yaratdığı çətinliklər: müxtəlif mədəniyyətlərdən və dillərdən olan şagirdlərin təhsil aldığı yerlərdə kommunikasiya problemləri daha da kəskinləşir. Müxtəlif dil və mədəniyyətlərdən olan insanlar arasında anlayış problemlərinin yaranması məlumatın düzgün ötürülməsini çətinləşdirir və nəticə olaraq məktəbdəki əməkdaşlıq və qarşılıqlı hörməti zədələyir. Turan və digərlərinin (2012) tədqiqatına görə, məktəbin idarə edilməsi məktəbin inkişafı yönündə qarşıya qoyulan məqsədlərə çatmaq üçün başqaları ilə işləmək və birgə fəaliyyət göstərmək prosesidir. 

Məktəb idarəçiliyində effektiv kommunikasiya məktəbin fəaliyyətinin düzgün və səmərəli şəkildə icra olunmasında və izlənməsində əsas rol oynayır. Təəssüf ki, bir çox məktəblərdə bu sahədə müxtəlif çətinliklər və problemlərin olması reallıqdır. Həmin problemlər tədrisin və məktəb icmasının inkişafına mane olur. Bu problemlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir: 

1. Şəffaflıq və aydınlığın azlığı: məktəb rəhbərliyinin və müəllimlərin şagirdlər və valideynlərlə olan ünsiyyətində şəffaflıq və aydınlığın çatışmaması müşahidə edilir. Məlumatların düzgün və vaxtında ötürülməməsi tərəflər arasında problem və inamsızlıq yaradır. Belə halların olması isə məktəbin fəaliyyətinə və təhsilin keyfiyyətinə mənfitəsir göstərir. Taymaz (2019) araşdırmasında qeyd edib ki, məktəbin idarə edilməsi təhsil idarəetməsinin məhdud sahəyə tətbiqidir. Bu sahənin hüdudları təhsil sisteminin məqsədləri və strukturu ilə müəyyən edilir. Məktəbin idarəçiliyində əsas vəzifə məktəbdəki bütün imkanlardan səmərəli şəkildə istifadə edərək məktəbi müvafiq məqsədlərə uyğun inkişaf etdirməkdir. 

2. Rəqəmsal kommunikasiya bacarıqlarının kifayət qədər olmaması: hazırda məktəblər də daxil olmaqla, bir sıra təşkilatlar rəqəmsal alətlərdən istifadə edirlər. Lakin bəzi məktəblərdə rəqəmsal kommunikasiya vasitələri ilə bağlı təcrübəsizlik və ya bu alətlərin səmərəli şəkildə tətbiq olunmaması məsələsi mövcuddur. Valideynlər və şagirdlər üçün məktəblərin onlayn platformaları və əlaqə üsulları bəzən qeyri-kafi və ya mürəkkəb olur. “İnnovasiyanın ilk addımı yenilikçi fikirlərin ortaya çıxarılaraq aralarından ən uyğun olanının seçilməsidir” (Kavak və Köse, 2022). 

3. Müəllimlər və məktəb rəhbərliyi arasında əlaqənin zəifliyi: məktəb rəhbərliyi ilə müəllimlər arasında effektiv kommunikasiya olmadan təhsil mühitində ahəngdarlığın qurulması çox çətindir. Müəllimlərin subyektiv fikirlərinin dinlənilməməsi, onların ehtiyaclarına və təkliflərinə vaxtında reaksiya verilməməsi məktəbin inkişafına mənfi təsir etməklə yanaşı, müəllimlərin motivasiyasını azaldır. “İnnovasiyanın məqsədi məktəbin idarə edilməsinin effektivliyini və səmərəliliyini artırmaqdır” (Nıyamabha və Wıchıtpacharaporn, 2018). 

4. Emosional intellektin çatışmazlığı: məktəblərdə rəhbərlik və müəllimlər arasında emosional intellektin, əsas da şagirdlərin və əməkdaşların ehtiyaclarını anlamaq və onlara uyğun davranış göstərmək qabiliyyətinin çatışmazlığı hiss olunur. Bu, münaqişələrin artmasına və məktəb atmosferinin pisləşməsinə səbəb olur. “Məktəbi qanun və qaydalara uyğun idarə etməyə məsul olan direktor ilə müəllimlər arasındakı əlaqə məktəbin səmərəli idarə olunmasında və uğurlu bir təhsil mühitinin yaradılmasında çox vacibdir” (Əliyev və d., 2021). 

Məktəb icması ilə əlaqələrin daha da gücləndirilməsinə nail olmaq üçün şagirdlər, müəllimlər, valideynlər və məktəbin idarə heyəti arasında aydın və açıq ünsiyyətin təmin olunmasının vacibliyini müzakirə etməkdir. 

“Məktəb idarəçiliyinin inkişafı təkcə idarəetmə sisteminin formalaşması ilə deyil, həm də tədrisin peşəkar tətbiq sahəsi kimi meydana çıxması ilə mühüm əhəmiyyət kəsb edib” (Erdemet, 2017). 

Məktəb idarəçiliyində effektiv kommunikasiya metodlarının düzgün və səmərəli tətbiqi müəllimlərin iş effektivliyinə, şagirdlərin akademik göstəricilərinə və münbit məktəb mühitinin yaradılmasına necə təsir edir? 

Qərar qəbul etmək prosesinin intensivliyinin təkmilləşdirilməsi: fərqli tərəflər arasında məlumatların düzgün və vaxtında paylaşılması nəticəsində qərarların daha düzgün və effektiv verilməsidir. 

Hər sektorda və müəssisədə olduğu kimi, təhsildə və məktəbdə də insani və maddi resurslardan istifadə edən menecer səmərəlilik və effektivlik anlayışlarının simvoludur. Bu baxımdan “məktəb rəhbəri innovasiyanın müəyyən edilmiş məqsədlərinə çatmaqda mühüm rol oynayır” (Aslanargun və Göksay, 2013). 

Şagird və müəllimlərin ehtiyaclarının təyin edilməsi: müəllimlər və şagirdlər arasında açıq kommunikasiya yaradılması onların ehtiyaclarını daha yaxşı başa düşməyə və zamanında reaksiya verməyə imkan yaradan önəmli faktordur. “Üzləşdiyi problem və ya çətinlikləri innovativ yollarla həll etmək üçün məktəb rəhbəri həm də yaradıcı olmalı, müəllim və şagirdləri yaradıcılığa sövq etməli, iş və öyrənmə prosesində yenilikləri dəstəkləməli, ən başlıcası isə idarəetmədə divergent düşüncə tərzi nümayiş etdirməlidir” (Danacıoğlu və Gül, 2023). 

İdarəetmə proseslərinin sürətli optimallaşdırılması: məktəb rəhbərliyinin iş yükünün asanlaşdırılması, vaxtın düzgün idarə olunması və məktəb fəaliyyətlərinin koordinasiyasının daha da yaxşılaşdırılması uğurlu sistemin göstəricisidir.“Məktəbin məqsədlərinə çatmaq üçün işçilərinə və onların mühitinə təsir göstərmək və onlara rəhbərlik etmək prosesi təhsil liderliyi adlanır" (Əliyev və d.2021).

Motivasiya ilə bərabər əməkdaşlığın təşviqi: effektiv kommunikasiyanın qurulması həmkarlar arasında əməkdaşlığı və birgə məqsədlərə çatmaq üçün motivasiyanı artırır. “İşçilərin ideyalarının qiymətləndirilməsi onların motivasiyasına və işləmək istəyinə müsbət təsir göstərir” (Polatoğlu, 2022). 

Məktəb idarəçiliyi təhsil sisteminin uğurunun əsas amillərindən biridir. Bu prosesdə effektiv kommunikasiya həm müəllimlər, həm şagirdlər, həm də valideynlər arasında harmoniyalı əlaqələrin qurulması üçün əsas rol oynayır.“Kommunikasiya təşkilatların qan damarlarıdır” (Drucker, 1974) ifadəsi məktəb mühitində də öz təsdiqini tapır. 

Açıq ünsiyyət və şəffaflıq 
Məktəb rəhbərliyi qərarların qəbulunda və informasiyanın yayılmasında şəffaf olmalıdır. “Şəffaflıq inam yaradır və qeyri-müəyyənliyi azaldır” (Mikkelsen, 2020). Məsələn, müəllimlərlə müntəzəm görüşlər keçirmək, qaydaların hamıya bərabər çatdırılması məktəbdə etibarlı mühit yaradır. 

Komanda işi və əməkdaşlıq 
Müəllim və inzibatçıların birgə işi uğurun əsasıdır. “Komanda işində effektiv ünsiyyət uğurun 90%-ni təşkil edir” (Katzenbach & Smith, 1993). Məktəb rəhbərliyi kollektiv müzakirələr, brainstorming (beyin həmləsi – ideyaların sərbəst və tənqidsiz şəkildə irəli sürüldüyü müzakirə üsulu) sessiyaları və peşəkar inkişaf təlimləri təşkil etməklə komandanın qarşılıqlı anlaşmasını gücləndirə bilər. 

Effektiv kommunikasiya üsulları:

Müasir dövrdə elektron poçt, məktəb idarəetmə sistemləri və sosial şəbəkələr informasiya mübadiləsini sürətləndirir. “Elektron ünsiyyət zaman və məkan məhdudiyyətlərini aradan qaldırır” (Castells, 2009). 

Aktiv dinləmə və empatiya 
Rəhbərlik müəllim və şagirdlərin ehtiyaclarını anlamaq üçün onları diqqətlə dinləməlidir. “Empatik ünsiyyət münaqişələrin həllində əsas amildir” (Goleman, 1995). 

Müxtəlif yaş qrupları arasında ünsiyyət üsulları fərqlənə bilər. “Nəsillərarası dialoq üçün çevik ünsiyyət strategiyaları lazımdır” (Twenge, 2017). 

Effektiv kommunikasiya məktəb idarəçiliyində uğurun açarıdır. Açıq ünsiyyət, rəqəmsal vasitələrdən istifadə və empatik yanaşma təhsil mühitinin inkişafına kömək edir. Bu prinsipləri tətbiq etməklə məktəblər daha uyğun və fəal təlim mühiti yarada bilər. 

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti məktəb icmasının bütün üzvləri arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın təmin olunması və tədrisin keyfiyyətində mühüm rol oynayır. Nümunəvi qurulmuş ünsiyyət məktəbin idarəetmə proseslərini daha şəffaf və təşkilatlanmış edir, həmçinin qərarların qəbul edilməsi prosesini də sürətləndirir. Müəllimlər, şagirdlər, valideynlər və məktəb rəhbərliyi arasında fasiləsiz və açıq məlumat mübadiləsi məktəbin ümumi inkişafını və təhsilin keyfiyyətini artırır. Nəticə etibarilə, məktəb idarəçiləri üçün effektiv ünsiyyət məktəbin uğurlu fəaliyyətini və icmasının rifahını təmin etmək üçün vacib amilə çevrilir. 
“Məktəbşünaslıqda “idarəetmə” anlayışı optimal nəticələri əldə etmək məqsədilə məktəb işlərinin planlı, mütəşəkkil, müntəzəm təmin və təşkil etmək, məktəb daxilindəki münasibətləri, olduqca mürəkkəb pedaqoji, metodiki və psixoloji proses və problemləri məqsədyönlü və şüurlu sürətdə tənzimləməkdir” (Əliyeva, 2021). 

Ünsiyyət kanallarının operativ inkişaf etdirilməsi: məktəb daxilində müxtəlif ünsiyyət vasitələrinin (e-mail, məktəb portalı, tədbirlər, müzakirələr) effektiv şəkildə istifadəsi təşviq edilməli və bu kanalların əlçatan olması təmin edilməlidir. Daimi və strukturlaşdırılmış görüşlər: müəllimlər, valideynlər və məktəb rəhbərliyi arasında müntəzəm və səmimi görüşlər təşkil edilməli, burada həm cari məsələlər, həm də gələcək inkişaf planları müzakirə olunmalı, təkliflər alınmalıdır. 

Əks-əlaqə sisteminin yaradılması: müəllimlər və tələbələr üçün əks-əlaqə mexanizmləri qurulmalı, onların fikirləri və təklifləri mütəmadi olaraq dinlənilməli, dəyərləndirilməli və nəzərə alınmalıdır. 

Açıq və şəffaf idarəetmə: məktəb rəhbərliyi qərarları və dəyişiklikləri məktəb icmasına olduğu kimi açıqlamalı, beləliklə, bütün tərəflər dəyişikliklər barədə məlumatlı olmalıdır. 

Valideynlərlə əməkdaşlığın gücləndirilməsi: valideynlərin məktəbə cəlb edilməsi və onların kommunikasiya bacarıqlarının artırılması üçün məktəb rəhbərliyi valideynlər üçün mütəmadi tədbirlər və forumlar təşkil etməlidir. 

Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun (2009) 25-ci maddəsinin 25.4-cü bəndinə əsasən təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsilin tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir. 

Mənbə: Səttarov E. (2025). Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti. Azərbaycan məktəbi. № 3(712), səh. 69–74

Şərhlər

Xəbər lenti

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

2 oktyabr, 17:49

4SİM universitetlər üçün “Strategic Intelligence” platformasına dair infosessiya keçirib

2 oktyabr, 17:37

TKTA və MDU arasında görüş keçirilib

2 oktyabr, 17:10

Naxçıvanda kağız jurnalların ləğvi gözlənilirmi? - Nazir açıqladı

2 oktyabr, 16:49

Nazir: NDU ilə humanitar fənlər olimpiadasını təsis edəcəyik

2 oktyabr, 16:41

Bakıda daha bir məktəb binası istifadəyə verildi – FOTO

2 oktyabr, 16:30

Naxçıvanda “Məktəb avtobusları”ndan istifadə nəzərdə tutulmur – Nazir

2 oktyabr, 16:25

Elxan Nəcəfov: "Çin layihəsi" yekunlaşmaq üzrədir

2 oktyabr, 16:23

“Naxçıvanda 23 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayacaq” – Elxan Nəcəfov

2 oktyabr, 16:21

Nazir Muxtar Respublikada çalışan bütün müəllimlərə təşəkkür edib – Səbəb?  

2 oktyabr, 16:00

Naxçıvanda iki imtahan mərkəzi yaradılacaq 

2 oktyabr, 15:53

Naxçıvanda 5 yeni bağça tikiləcək

2 oktyabr, 15:44

90-dək yaşı olan məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildi – FOTO

2 oktyabr, 14:50

Elxan Nəcəfov: Prosesi elə tənzimləyirik ki, optimallaşdırma heç kəsi işsiz etməsin - MÜSAHİBƏ

2 oktyabr, 14:18

Şirvan-Salyan üzrə 5 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib

2 oktyabr, 13:18

AzMİU-da "Orta Dəhliz” mövzusunda təlim və kitab təqdimatı keçirilib

2 oktyabr, 12:27

NDU-da Zəfərin 5-ci ildönümünə həsr olunan şeir müsabiqəsi keçiriləcək

2 oktyabr, 12:24

Nazir Salyanda vətəndaşları qəbul edəcək

2 oktyabr, 12:03

Orionid meteor yağışı gecə səmasını işıqlandıracaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.