
Naxçıvanın karateçiləri Türkiyənin Rizə şəhərində keçirilən "Karate üzrə Qara dəniz və Xəzəryanı ölkələrin çempionatı”nda uğurla çıxış ediblər.
Yarışda Naxçıvan Muxtar Respublikasını 3 idmançı təmsil edib ki, onlardan biri bürünc medalın sahibi Xədicə Bayramovadır.
"Azərbaycan müəllimi" gənc karateçi ilə həmsöhbət olub.
O, 2014-cü il mayın 5-də Naxçıvan şəhərində anadan olub. Hazırda Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Karateyə 2022-ci ildən, yəni 8 yaşından başlayıb. Deyir ki, qardaşı karate ilə məşğul olduğu üçün onda da maraq yaranıb:
“İdmana çox həvəsim olduğu üçün atam məni karateyə yönləndirdi. Karate mənim həyatımda ən önəmli yerlərdən birini tutur. Bu idmansız özümü təsəvvür edə bilmərəm. Hər yarışa xüsusi hazırlaşıram və niyyətim həmişə qalib olmaqdır. Amma uduzanda da narahat olmuram, çünki hər yarışda yeni nələrsə öyrənirəm, səhvlərimi görürəm. Ona görə də növbəti yarışlara daha hazırlıqlı oluram”.

Xədicənin indiyə qədər saysız-hesabsız uğurları var. Deyir ki, dünya və Avropa çempionatlarında qızıl medallar qazanıb, ölkədaxili və beynəlxalq turnirlərdə dəfələrlə qalib olub:
“Bolqarıstanın Albena şəhərində 12–14 aprel 2024-cü il tarixlərində keçirilən 14-cü Şotokan karate-do üzrə dünya çempionatında 8–9 yaş qızlar arasında dünya çempionu olmuşam, yaşıdlarım arasında keçirilən yarışlarda 3 qızıl medal qazanmışam. Gürcüstanın Batumi şəhərində keçirilən açıq beynəlxalq turnirdə və paytaxt Tbilisidə təşkil olunan “Tbilisi Open” karate turnirində qalib olmuşam. Tbilisidə keçirilən “Open Georgia” beynəlxalq karate turnirində 9 yaş kateqoriyasında qızıl medal qazanmışam. Türkiyənin İstanbul şəhərində keçirilən “Uluslararası Marmara Cup Karate Şampiyonası” beynəlxalq turnirində isə 10 yaşlı qızlar arasında kumite yarışında 30 kq çəki dərəcəsində bürünc medala layiq görülmüşəm”.
.jpeg)
Bu, Xədicənin sadəcə bir neçə uğurudur. O, ölkədaxili yarışlarda da dəfələrlə qalib olub, müxtəlif diplomlarla təltif edilib. Bu uğurları qazanmaqda ona kömək edən əsas şəxslərdən biri isə karate müəllimidir. Deyir ki, müəllimi Nəriman Quliyev yarış öncəsi ona taktiki və fiziki hazırlıq keçir, yarışa tam şəkildə hazırlaşdırır:
“Müəllimim məni çox yaxşı hazırlayır. Psixoloji olaraq da mənə dəstək olur, xüsusi fəndlər öyrədir. Öz fəndlərim isə rəqibimin döyüşməsinə görə dəyişir. Hər rəqibə eyni fəndi tətbiq etmək olmaz. Onun döyüş üslubunu seçib, uyğun fənd işlədirəm. Ən sevdiyim fənd isə urama-vaşidir”.

Xədicə dərslərinə də vaxt ayırır və deyir ki, idman ona dərs oxumağa mane olmur:
“Məktəbdə əlaçı şagirdlərdən biriyəm. Dərslərimi yaxşı oxuyuram. Karate sahəsində hər zaman atamdan güc almışam. Atam və müəllimim hər zaman yanımda olublar, mənə dəstək veriblər. Bu dəstək olmasaydı, yarışlarda iştirak etmək çox çətin olardı”.
Gələcəkdə Premyer Liqanın qalibi olmaq istəyir: “Arzum dünya miqyaslı uğur və qalibiyyətimlərimin sayını artırmaq, hər zaman himnimizin sədaları altında bayrağımızı zirvələrə qaldırmaqdır”.
.jpeg)
Yaşıdlarına isə bunları tövsiyə edir: “Uğura inanmalısan, hər zaman yüksək enerji və inamla döyüşməlisən. Döyüşə çıxanda qorxmamalı, stresə qapılmamalısan. Rəqibinə fokuslanmalı və onun ani səhvini dəyərləndirməlisən ki, qalib gələsən”.
Xədicəni tanıdıqca görürsən ki, onun böyük uğurlara imza atmaq üçün güclü potensialı var: nizam-intizam, ailə dəstəyi, həvəs və ən əsası, çalışqanlıq. Buna görə də uğurlarının davamı hələ qarşıdadır.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər