.jpeg)
Yaşadığımız XXI əsr 4-cü sənaye inqilabı, süni intellekt erası olsa da, qarşılaşdığımız bəzi hadisələr cəmiyyətimizdə hələ də XIX əsr düşüncəsində qalmış insanların olduğundan xəbər verir. Hələ XIX əsrin sonları, XX əsrin əvvəllərində satirik şeirlərində xalqı öz hüquqlarını dərk etməyə və mütəşəkkil şəkildə mübarizəyə səsləyən dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin əsərləri günümüzdə də aktuallığını itirməyib.
Müəllim və şagirdlər öz hüquqlarını nə dərəcədə bilirlər?
“Azərbaycan müəllimi” mövzu ilə bağlı Sumqayıt şəhəri Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə söhbət edib.
“Şagirdlərin hüquqlarını qorumağa çalışırıq ki, onlar da sabah öz hüquqlarını tələb edə bilsinlər”
İlk müsahibimiz Səadət Məmmədova 10 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısıdır. Səadət xanım hesab edir ki, insan həyatda öz vəzifəsini bilirsə, hüququnu da biləcək:
.jpeg)
“Mən müəlliməmsə və məktəbə daxil olmuşamsa, bilməliyəm ki, vəzifəm nədir, şagirddən, işlədiyim kollektivdən nə gözləyə bilərəm. İstər müəllim, istərsə valideyn, istərsə də şagird tərəfindən haqsızlıq olsa belə, biz qarşı tərəfə elə cavab verməliyik ki, artıq söz-söhbət olmasın. Bizim vəzifə borcumuz sakitliyi təmin etmək, olar-olmazları anlatmaqdır. Misal olaraq, məktəbə mobil telefon gətirmək, zinət əşyaları, aksesuarlar istifadə etmək olmaz, məktəbli formasında gəlmək lazımdır. Bu qaydalarla bağlı şagird və valideynlərin hər birinə xəbərdarlıq kağızı yazıb vermişik”.
Təşkilatçı məktəbdə dəfələrlə uşaq, insan hüquqları, məişət zorakılığı, bullinq və s. mövzularda tədbirlərin keçirildiyini, şagirdlərin hüquqlarını dərk etmələri məqsədilə maarifləndirildiyini qeyd edir: “İlk növbədə şagirdlərimizə aşılayırıq ki, sizin təhsil almaq hüququnuz var. Vurğulayırıq ki, müəllimin vəzifə borcu sizə elm öyrətmək, sizin vəzifə borcunuz isə müəllimi dinləmək, biliyindən yararlanmaq, oxumaqdır. 9 illik təhsil icbaridir. Şagird məktəbə gəlmirsə, valideyninə yazılı xəbərdarlıq göndəririk.
.jpeg)
Xəbərdarlıqdan sonra zəng vurub danışırıq, evlərinə belə gedirik. Elə hallarla qarşılaşırıq ki, valideyn uşağı təhsildən yayındıraraq işləməyə göndərir. Valideynlərlə söhbətlər aparırıq, qeyd edirik ki, uşaq sizin övladınız olmaqla yanaşı, həm də cəmiyyətə məxsusdur və təhsildən yayındırma nəticəsində uşağın da, məktəbin də hüququ tapdalanır. Məktəbimizdə təhsildən yayınan 8 nəfər şagird olub ki, onların ikisini təhsilə cəlb edə bilsək də, sinifdə qalıblar, sonradan isə məktəbdən xaric olunublar. Bir nəfər şagirdin məktəbə qaytarılması üçün iş gedir, qalanları isə artıq təhsilə cəlb olunublar. Ən pisi odur ki, belə hallar aşağı siniflərdən başlayır.
Uşaqların təhsildən yayınmasının əsas səbəblərindən biri ailələrin dağılmasıdır. Nəticədə hərə uşağı bir tərəfə çəkir, ana depressiyaya düşüb uşağı məktəbə göndərmir. Yaxud uşağın biri anada, biri atada qalır. Atanın yanında qalan uşaq məktəbə gəlmir. Bizdə Sevgi adında şagird vardı, ata və anası ayrılıb, anası ailə qurub Türkiyəyə gedib. Zəng edib tələb edirik ki, uşağı nənə-babanın himayəsinə keçirsin, biz də onu yaxın ərazidə yerləşən məktəbə göndərək, gedib-gəlməkdə əziyyət çəkməsinlər. Ana Türkiyədən cavab verir ki, mənə o övlad maraqlı deyil. Valideynlər var, deyir: “Yaxşı edirəm, evdə saxlayıram övladımı. Vermirəm məktəbə!” Valideynə başa salmağa çalışırıq ki, bu uşağın da digər uşaqlar kimi təhsil almaq, uşaqlarla şənlənmək, oynamaq hüququ var. Belə olan halda lazımi orqanlara müraciət edirik, uşağın hüququnu qoruyuruq. Bu gün tək bizim məktəbdə deyil, bütün məktəblərdə polislə əməkdaşlıq var. Şagirdlərin hüquqlarını qorumağa çalışırıq ki, onlar da sabah öz hüquqlarını tələb edə bilsinlər. Valideyn uşağı təhsildən yayındıraraq işlədirsə qanun pozuntusuna yol verir”.
“Uşaq məktəbə daxil olubsa, artıq həmin şagirdə görə biz cavabdehik”

Məktəb-valideyn əməkdaşlığının önəmini xüsusi qeyd edən S.Məmmədova bu istiqamətdə məktəb tərəfindən tədbirlər həyata keçirildiyini söyləyir:
“Hər dəfə valideyn iclaslarında vurğulayırıq ki, biz bir ailəyik. Gəlin bir-birimizin hüquqlarını tapdalamayaq, bir-birimizə hörmətlə yanaşaq. Elə uşaq var ki, məktəbdə özünü nadinc, evdə tərbiyəli aparır, elələri də var məktəbdə tərbiyəli, evdə nadinc olur. Məktəbdə bullinq hadisələrinin baş verməməsinə xüsusi diqqət yetiririk, çalışırıq heç kimin haqqı tapdalanmasın. Burada əsas iş şagirdlə məsafəli dostluq edə bilən müəllimin, sinif rəhbərlərinin, psixoloqun üzərinə düşür. Məktəbdə nadinclik edən uşaqlar psixoloqun nəzarəti altında refleksiya vərəqi doldurur. Uşaq orada səhvini yazır. Misal olaraq, müəllimə cavab qaytarmışam, məktəbə telefon gətirmişəm və s. Sonra müəyyən mərhələlər üzrə iş aparılır və “Şagird davranış qaydaları”na riayət edilərək onlar bu cür əməllərdən çəkindirilir. Uşaq məktəbə daxil olubsa, artıq həmin şagirdə görə biz cavabdehik. Bunu həm vicdan, həm məsuliyyət baxımından düşünürük. Çalışırıq cəmiyyət üçün elə fərdlər yetişdirək ki, gələcəkdə üzümüz ağ olsun. Elə şagirdlər var ki, ata-analarına deyə bilmədiklərini məktəbdə bizə danışırlar, şagirdlərimiz bizə çox güvənirlər. Fikrimcə, cəmiyyətdə heç kimə fərq qoyulmursa, qanunun aliliyinə riayət olunur”.
“Şagird hansı hüquqlarının olduğunu, cəmiyyətə çıxanda qanunlara necə riayət etməli olduğunu bilməlidir”
Məktəbin tarix müəllimi Ağaəli Cəbrayılov hesab edir ki, hüquq bir növ cəmiyyətin idarəolunması ilə əlaqəli olan anlayışdır: “Hüquq dedikdə, vəzifə və öhdəliklərimiz yada düşür. Bizim onlara riayət etməyimiz cəmiyyətin idarəolunmasından asılıdır. Hazırda qabardılan mövzulardan biri müəllim şəxsiyyətinə qoyulan hörmətdir. Bütün müəllimlər ilk növbədə bu hüquqlarını tələb edirlər. Nizamnamə ilə müəllim hüquqları məktəbdə qorunmalıdır. Müəllim olaraq mən özümə qarşı hüquq pozuntusu hallarına rast gəlməmişəm.
Bizim hüququmuz, əsasən, valideyn-müəllim münasibətlərində pozula bilər. Elə olur ki, hər hansı bir məsələyə görə valideynlə münasibətlərimiz gərginləşir. Şagird və valideynlər var ki, müəllimi başa düşmür. Belə olan halda müəllimin etik normaları qaydalarına əməl edirik. Hüququmuzu qorumağın yollarından biri məktəb rəhbərliyinə müraciət etməkdir. Əlbəttə, müəllimin hüquqları olan yerdə şagirdlərin də hüquqları mövcuddur. Bizim kimi, şagirdlərin də hüquqları qorunmalıdır. Hazırki təhsil sistemi kurikulum üzərində qurulub və onun prinsiplərindən biri şagirdyönümlülükdür. Yəni şagirdlərin maraq və tələbatları həm nəzərə alınır, həm də onların hüquqları qorunmalıdır”.
.jpeg)
Ağaəli müəllim qeyd edir ki, siniflərdə şagirdlərin hüquqlarını bilməsi üçün maarifləndirici tədbirlər həyata keçirir, “İnsan hüquqları” aylıqları çərçivəsində dəyirmi masalar təşkil edir: “Şagirdlərə sənədli film kimi qısa videomaterial izlədirik. Şagird hansı hüquqlarının olduğunu, cəmiyyətə çıxanda qanunlara necə riayət etməli olduğunu bilməlidir. Müəllim elə bir şərait formalaşdırmalıdır ki, şagirdin hüquqları pozulmasın. Şagirdlərimiz bizim üçün çox doğma və əzizdir, ona görə də çalışırıq ki, müəllim olaraq hüququ pozulan şagirdin hüquqlarını müdafiə edək”.
Şagirdlərin “hüquq” anlayışı: “Hüququmuzu qorumaq üçün haqqımızı tələb etməliyik”
Saleh İbrahimli 10 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdidir. Salehin fikrincə, hüquq insanın azadlığıdır:
“Şagirdlərin təhsil almaq, kitabxanadan pulsuz kitab götürüb oxumaq, istirahət etmək, tibbi xidmətlərdən istifadə hüququ var. Uşaqlar işlədilirsə, təhsil almırsa, təhqir edilirsə, bu, hüquq pozuntusu deməkdir. Hesab edirəm ki, şagirdin məktəbdə hüququ pozulursa, təhqirə məruz qalırsa, məktəbin psixoloquna, sinif rəhbərinə müraciət etməli, valideynini məlumatlandırmalıdır. Hüququmuzu qorumaq üçün haqqımızı tələb etməliyik, valideynlərdən, müəllimlərdən və məktəb rəhbərliyindən kömək istəməliyik”.

7-ci sinifdə oxuyan Nilufər Əhmədliyə görə, insan haqqını tələb edə bilirsə, arzu və istəklərini sərbəst həyata keçirirsə, hüquqlarını bilir: “Məktəbdə, sinifdə rahatlığın olması, dərsin səmərəli keçilməsi şagirdlərin hüquqlarıdır. Ailədə isə uşaqların hüquqları odur ki, onlara xoş münasibət göstərilsin. Ananın-atanın uşaqla yaxşı davranması, uşağın psixologiyasının pozulmaması, təhsildən yayındırılmama uşağın hüququdur. Valideyn uşağının güclü təhsil almasına dəstək göstərməlidir. Rayonlarda, kəndlərdə daha çox qızları təhsildən yayındırırlar, bəzən onları istixanalarda işlədir, ailə qurmağa məcbur edirlər. Hesab edirəm ki, uşaqlar haqqını tələb etməli, məktəb müəllimindən, direktorundan, psixoloqundan kömək istəməlidirlər. Əgər ailə, və ya məktəb uşağın fikrinə məhəl qoymursa, məncə, polisə şikayət etmək lazımdır”.
8-ci sinif şagirdi olan Xədicə: “Qızların erkən ailə qurmasına qarşıyam”
8-ci sinif şagirdi Xədicə Babazadə nə ailədə, nə də məktəbdə özünə qarşı hüquq pozuntusu ilə qarşılaşmayıb. O deyir ki, uşağın hüququ pozulursa, səsini çıxarmalıdır, sakit durmamalı, gizlətməməlidir: “Mən görmüşəm ki, bəzi uşaqlara yuxarıdan aşağı baxırlar, onların qüsurlarına lağ edirlər. Həmişə buna qarşı çıxmışam, təhqirə məruz qalan şagirdi müdafiə etməyə çalışmışam. Uşaqlara başa salmağa çalışmışam ki, sizin də öz qüsurlarınız var, heç kim mükəmməl deyil. Məhəl qoyulmadıqda sinif rəhbərinə, həmin uşaqların valideynlərinə müraciət etmək olar. Mən qızların erkən ailə qurmasına qarşıyam. Qızlar məktəbi bitirməli, universitetə getməli, öz ayaqları üstündə dayana bilməlidirlər”.
“Uşaq yaşlarından ayrı-seçkilik hissini yaşamaq psixologiyaya mənfi təsir göstərə bilər”
Bahadur Əhmədzadə 7-ci sinifdə oxuyur və şagirdlərin hüquqlarından birinin onlara qarşı ayrı-seçkiliyin qoyulmamasının olduğunu qeyd edir: “Şagirdlər sinif rəhbəri və müəllimləri tərəfindən fərqləndirilməməlidir, bütün şagirdlər onlar üçün eyni olmalıdır. Çünki uşaq yaşlarından ayrı-seçkilik hissini yaşamaq onların psixologiyasına mənfi təsir göstərə bilər. Uşaqlar qanunları oxumalı, bilik toplamalı, hüquqlarından xəbərdar olmalıdırlar ki, qanunun aliliyini bilsinlər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər