
Naxçıvan Dövlət Universitetinin tələbələri 10 may 2025-ci il tarixində Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Ən yaxşı tələbə” adlı Beynəlxalq müsabiqədə iştirak edərək uğur qazanıblar.
Bu barədə NDU-dan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 4 aprel 2025-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent, Rusiya Təbiətşünaslıq Akademiyasının (RTA) professoru Fizzə Məmmədovanın rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Müalicə işi” ixtisası üzrə V kurs tələbələri Abdulla Əliyev və Elsunə Əliyeva “Gənc tədqiqatçı” nominasiyasında uğurla iştirak ediblər.
Tələbələr “Naxçıvan Muxtar Respublikası əhalisinin yaşamında mineral suların müalicəvi rolu” mövzusunda təqdim etdikləri elmi məqalə ilə münsiflər heyətinin müsbət rəyini alıblar. Eyni zamanda, müsabiqənin digər tələblərinə - elmi məqalələrin sayı, beynəlxalq və respublika konfranslarının materialları, diplom və medallar, elmi-praktik təcrübə mübadilələri kimi kriteriyalara da tam cavab veriblər.
Müsabiqənin yekununda Abdulla Əliyev, Elsunə Əliyeva və rəhbərləri Fizzə Məmmədova münsiflər heyətinin qərarı ilə diplomlarla təltif olunublar. Laureat diplomu almış qalib tələbələr ixtisaslaşdırılmış ali təhsil müəssisələrinə qəbul imtahanı olmadan, yaxud güzəştli şərtlərlə daxil olmaq, ən əsası isə müxtəlif sahələr – elm, mədəniyyət, incəsənət və təhsil üzrə beynəlxalq mükafat və qrantlar üçün müraciət etmək imtiyazı əldə ediblər.
Rəhbər və qaliblər 17-21 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək beynəlxalq Qala mükafatlandırma mərasiminə dəvət alıblar.
Qeyd edək ki, bu nüfuzlu beynəlxayq müsabiqə “International Academy of Science”, “Culture and art”, “Euro media star group” və “French language and tourism academy” kimi tanınmış təşkilatların birgə əməkdaşlığı ilə təşkil olunub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər