Bütün xəbərlər
6 may, 19:13

Peşəkarlıq və bacarıq tərbiyəçi-müəllim üçün ən vacib keyfiyyətlər hesab olunur. Bu iki keyfiyyət özündə pedaqoji fəaliyyətin elə mühüm tərəflərini birləşdirir ki, onlar uşaqların təfəkkürünün və şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir, pedaqoji prosesin bütövlüyünü, şəxsiyyətyönümlü və nəticəyönümlülüyünü təmin edir, gənc nəslin şəxsiyyət kimi formalaşmasına səbəb olur. 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın birinci strateji istiqamətin əsas məqsədlərindən biri “Səriştə əsaslı fərdiləşdirilmiş təhsil məzmununun yaradılması” kimi təhsilin davamlı təkmilləşdirilməsini təmin edən sistemin təşkil edilməsidir. Fəaliyyət planında uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standartlarının və kurikulumların hazırlanması strateji hədəf kimi qoyulmuşdur [Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası., 2013]. Məzmun standartlarının hazırlanmasında məktəbəqədər təhsil üzrə nümunəvi kurikulum sənədlərinin tətbiqinə, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, uşaq inkişafında səriştəli valideyn obrazının yaradılmasına və s. xüsusi diqqət yetirilmişdir. Bu baxımdan təhsil işçilərinin peşəkarlıq səviyyəsi böyük əhəmiyyət kəsb edir. Tərbiyəçi-müəllimin peşəkarlığı və səriştəsi onun pedaqoji prosesi peşəkarlıqla həyata keçirə bilməsi və bu prosesə səriştəli yanaşmasıdır. Yəni, o, öz peşəsinin bütün incəliklərini bilir, müəllimlik fəaliyyətini ustalıqla həyata keçirir, problemi optimal üsullardan istifadə etməklə elmi şəkildə həll edə bilir. Peşəkarlıq və səriştə o qədər bir-biri ilə sıx bağlıdır ki, birinin olması, digərinin olmaması mümkün deyildir. 

Pedaqoji peşəkarlıq fitri istedadın və ya bu sahədə uzunmüddətli fəaliyyətin nəticəsi deyildir. Bu işdə istedadın, çoxillik təcrübənin müəyyən təsirləri var, peşəkarlıq yalnız bunların nəticəsində formalaşmır. Pedaqoji peşəkarlıq inkişaf edən prosesin nəticəsidir. Yəni, əgər müəllim əldə etdiyi biliyə arxalanırsa və öz üzərində işləmirsə, peşəkar ixtisas biliklərini inkişaf etdirmirsə və ya pedaqoji yaradıcılığa meyilli deyilsə, onda nə təcrübə, nə də gündəlik fəaliyyət kömək edə bilməyəcəkdir [İlyasov, M., 2007]. Tərbiyəçi-müəllimin peşəkar səriştəliliyi, bilavasitə, pedaqoji fəaliyyətdə yeniliklərin və innovasiyaların tətbiqi ilə əlaqəli olaraq inkişaf edir. Ötən əsrin 60-cı illərindən başlayaraq təhsildə aparılan islahatlar, təhsildə yeniliklər, o cümlədən inkişafetdirici təhsil texnologiyalarının tətbiqi, təlim prosesində texniki vasitələrin geniş tətbiqi, fərdi inkişaf texnologiyalarının meydana çıxması, informasiya texnologiyalarının tətbiqi, interaktiv təlim metodları və digər yeniliklər müəyyən mərhələlərdə tərbiyəçi-müəllim peşəkarlığının inkişafı üçün zəmin yaratmışdır. 

Tərbiyəçi-müəllim uşaqların müxtəlif inkişaf xüsusiyyətlərini (fiziki inkişaf, idrakı, estetik və yaradıcı, sosial-emosional) nəzərə alır və bu xüsusiyyətlərə uyğun təlim təcrübələri yaradır. O, uşaqların öyrənmə tərzlərindəki fərqləri başa düşür və fərdiliyə müvafiq olaraq bərabərhüquqlu öyrənmə imkanları yaradır. Tərbiyəçi-müəllim öyrənmənin necə baş verdiyini, təlimin inkişaf səviyyəsinin öyrənməyə necə təsir etdiyini, müxtəlif inkişaf xüsusiyyətlərinin tədris prosesində necə nəzərə alınmalı olduğunu bilir və uşaqların mənimsəmə prosesini asanlaşdıracaq təlim strategiyalarından istifadə edir. Tərbiyəçi-müəllim fərdi fərqlərin, daxili və xarici motivasiyanın, öyrənmə vərdişlərinin tədrisdə vacib olduğunu bilir və müvafiq təcrübələri yaratmağa çalışır. Peşəkarlığın əsas xüsusiyyətləri uşaqları tanımaq, tədrisin səmərəli planlaşdırılması, materialların işlənib hazırlanması, qrupun idarə edilməsi, qiymətləndirmə, istiqamətləndirmə, əsas bacarıqların inkişaf etdirilməsi, xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün qayğılı optimal mühitin formalaşdırılması, özünütəkmilləşdirmə və ailə ilə əməkdaşlıq əlaqələrinin yaxşılaşdırılması və s. kimi ümumiləşdirilə bilər. 

Cəmiyyətin inkişafı məktəbəqədər təhsil üçün xüsusi şərtləri diktə edərək, uşaqlarla işin təşkilində pedaqoji texnologiyaların, innovasiyaların intensiv tətbiqini tələb edir. Bu, xüsusilə peşə səriştəsinin, onun əsasını təşkil edən tərbiyəçi-müəllimin şəxsi və peşəkar inkişafının vacibliyini önə çıxarır. 

Peşəkar səriştə – sistemli bir hadisə olub, pedaqoji biliklərin, təcrübənin sistemli vəhdətindən ibarət olan, tərbiyəçi-müəllimə pedaqoji fəaliyyəti səmərəli həyata keçirməyə imkan verən, pedaqoji prosesi məqsədyönlü təşkil edən, pedaqoji ünsiyyəti və həmçinin şəxsi inkişafı əhatə edən təkmilləşməyə xidmət edir. Məktəbəqədər təhsil fəaliyyəti aşağıdakı meyarları tələb edir: 
• vahid təhsil prosesinin həyata keçirilməsi; 
• subyekt-məkan inkişaf mühitinin yaradılması; 
• uşaqların təhlükəsizliyinin, həyat və sağlamlığının qorunması. 

Bunları həyata keçirmək üçün tərbiyəçi-müəllim təhsil, tədris-metodiki, sosial-pedaqoji sahələr üzrə, o cümlədən ünsiyyət bacarıqlarına malik olmalı, fəaliyyətin təşkili və məzmunu məsələlərini istiqamətləndirməlidir. 
Pedaqoji ünsiyyət pedaqoji prosesin həyata keçirilməsinin əsas formasıdır. Onun məhsuldarlığı, ilk növbədə, təhsilin məqsədi və aşılayacağı dəyərlərə müvafiq olaraq onun həyata keçirilməsi üçün zəruri olan ünsiyyət ilə müəyyən edilir. Eyni zamanda, bu məqsəd və dəyərlər ünsiyyətin bütün iştirakçıları tərəfindən fərdi davranışları üçün imperativ olaraq bu prosesin subyektləri kimi qəbul edilməlidir. 

Uşaqyönümlü subyekt-məkan inkişaf mühitinin yaradılması tərbiyəçi-müəllimin qarşısında aşağıdakı tələbləri qoyur:
• Uşaqları əhatə edən inkişafetdirici mühitin-əşyalarla, onları əhatə edən insanlarla qarşılıqlı əlaqənin qurulması və dərk edilməsinə şəraitin yaradılması; 
• Uşaqların fərdi xüsusiyyətlərinə, yaradıcı qabiliyyətlərinə, dünyagörüşlərinə uyğun şəxsiyyətyönümlü inkişaf mühitinin formalaşdırılması. 

Uşaqları əhatə edən inkişafetdirici mühit tədqiqat obyekti olmaqla, onların maraq və ehtiyaclarının ödənilməsinə, ətraf aləmin dərk edilməsinə, şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasına, nitqin inkişafına və s. bilavasitə təsir edir. Qarşılıqlı əlaqənin səmərəliliyi tərbiyəçi-müəllimin inkişafetdirici mühitin təşkilinə nə dərəcədə yaradıcı yanaşmasından asılı olaraq dəyişir. Səmərəli ünsiyyətin formalaşdırılmasında mühit xüsusi rola malik olur. Səmərəli mühit uşaqlara psixoloji rahatlıq gətirməklə gərginliyin aradan qaldırılmasına, müstəqil olaraq istək və arzularını səsləndirmələrinə şərait yaradır. 

Uşaq şəxsiyyətinin inkişafına istiqamətlənmiş dəstəkləyici mühitin qurulmasında uşaqların maraq və ehtiyaclarının nəzərə alınması xüsusi əhəmiyyətə malik olur. Tərbiyəçi-müəllim məşğələlərin planlaşdırılmasını və qurulmasını bu tələblər əsasında təşkil etdikdə qrupun emosional sferasının müsbətyönümlü qurulmasına, qrupda tərbiyəçi-müəllim-uşaq, uşaq-uşaq əməkdaşlığının, fəallığının inkişafına və müstəqil düşüncənin yaranmasına təkan verir. 

Uşaqlar eşitdikləri, gördükləri, toxunduqları hər bir əşya və ya hadisə haqqında müstəqil fikir yürüdərək fəaliyyəti özləri seçir, tədqiqatçı rolunda çıxış edir, tərbiyəçi-müəllim və həmyaşıdları ilə ünsiyyətdə olurlar. 
Pedaqoji ünsiyyətin spesifikliyi ondan ibarətdir ki, bu, mürəkkəb və ziddiyyətli dialoqdur. Burada bir çox subyekt eyni vaxtda müxtəlif yaş, status və inkişaf səviyyəsinə görə müxtəlif rollarda iştirak edirlər. Fərqli intellektlərə, emosional sferalara, iradələrə malik xarakterlərin özünəməxsus qarşılıqlı əlaqəsi baş verir. Buna görə də pedaqoji ünsiyyət prosesində müxtəlif situasiyalar baş verə bilər: əməkdaşlıq, rəqabət, qarşıdurma və s. Tərbiyəçi-müəllimin bu və ya digər ünsiyyət formasını seçməsi, peşəkar motivasiya, tərbiyəçi-müəllimin şəxsiyyətinin xüsusiyyətləri, emosional sferasının vəziyyəti, ünsiyyət bacarıqları və yaradıcı fərdiliyi, habelə keçmiş ünsiyyət təcrübəsi burada xüsusi əhəmiyyətə malik olur. 
Pedaqoji ünsiyyətin başqa bir xüsusiyyəti onun təhsil və tərbiyə funksiyalarını eyni vaxtda yerinə yetirməsidir. Təhsil funksiyası aparıcıdır və tərbiyəçi-müəllimin sosial bilikləri ötürməsindən, şəxsiyyətin formalaşmasında uşaqlarla birgə səmərəli qarşılıqlı əlaqələrin qurulmasından ibarətdir. Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilməsindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktik və tərbiyəvi vəzifələrini lazımi şəkildə həyata keçirmək mümkün deyildir [Həmzəyev, M., Əmiraslanova, S., 2007]. 

Təhsil prosesinin iştirakçıları – tərbiyəçi-müəllim, valideyn və məktəbəqədər müəssisə rəhbəri arasındakı əməkdaşlıq prosesində aşağıdakı əlaqələr yaranır: • informasiya; 
• təşkilatçılıq və fəaliyyət; 
• ünsiyyət; 
• idarəetmə və özünüidarəetmə. 

İnformasiya əlaqələri valideynlər və tərbiyəçi-müəllimlər arasında məlumat mübadiləsi ilə xarakterizə olunur. Tərbiyəçi-müəllim valideynə uşağın təlim-tərbiyəsi, eyni zamanda həmyaşıdları ilə ünsiyyət zamanı nəzərə çarpan müsbət və ya mənfi xüsusiyyətləri haqqında məlumatlar verə bilər. Düzgün əməkdaşlıq əlaqələrinin qurulması səmimi, etibarlı mühitin formalaşdırılması informasiya mübadiləsinin yaranmasına və inkişafına təkan verəcəkdir. Məlumat mübadiləsi tərbiyəçi-müəllim və valideynlərə uşağın şəxsiyyətini birlikdə öyrənməyə və ümumi təhsil proqramı hazırlamağa kömək edəcəkdir. 

Təşkilatçılıq və qarşılıqlı fəaliyyət əlaqələri pedaqoji işin prinsiplərini bilən və təhsilin məqsədinə nail olmağı təmin edən, təhsil vasitələrindən istifadənin yollarına, metodlarına peşəkar yanaşan, təşkilatçılıq rolunu mükəmməl şəkildə yerinə yetirən tərbiyəçi-müəllimlərdə özünü göstərir. Pedaqoji prosesin xüsusiyyətlərindən asılı olaraq valideynlərin pedaqoji məkan şəraitində iştirakının vasitə və üsulları seçilir. Tərbiyəçi-müəllimlər əməkdaşlıq üçün çərçivə yaradırlar. Tərbiyəçi-müəllim və valideynlər arasında təşkilati və fəaliyyət əlaqələrinin qurulmasının bir hissəsi olaraq, valideynlərə pedaqoji prosesin digər iştirakçıları ilə qarşılıqlı əlaqə formalarını və məzmununu seçmək hüququnun verilməsidir. Bu zaman məktəbəqədər təhsil müəssisəsində çalışan əməkdaşlarla bərabər, valideynlər də təhsilin məzmununun planlaşdırılması və formalaşmasında iştirak etmək imkanı əldə edirlər. 
Ünsiyyət əlaqələrinin qurulmasında aparıcı rol tərbiyəçi-müəllimə verilir. Onun peşəkarlığı, səriştəliliyi, idarəetmə bacarığı, ünsiyyət qurma təcrübəsi valideynlərlə əlaqə yaratmaqda əsas bələdçidir. Valideynlərin əlaqə qurmaq, konstruktiv dialoqa girmək və birgə iş formalarında iştirak etmək istəyi tərbiyəçi-müəllimin təşəbbüsü ilə başlanan ünsiyyətin davamı olacaqdır. 

Amerikalı psixoloq K.Rocersə görə, səmərəli pedaqoji ünsiyyət həm də psixoterapevtik funksiyanı yerinə yetirir, ünsiyyəti asanlaşdırır. Bu funksiyanın vacibliyini qeyd edən K.Rocers müəllimi, ilk növbədə, öyrənmə və ünsiyyətin asanlaşdırıcısı adlandırırdı. Bu o deməkdir ki, müəllim uşağa özünü ifadə etməyə, onda müsbət olanı göstərməyə kömək edir. Uşağın uğuruna maraq, dəstəkləyici mühitə kömək edir, öyrənməyi asanlaşdırır, özünüifadənin daha da inkişaf etməsinə kömək edir. 

Səmərəli pedaqoji ünsiyyət təhsil əməkdaşlığı əsasında həyata keçirilir və tərbiyəçi-müəllimin qarşısında aşağıdakı tələbləri qoyur:

• fərdi yanaşma – uşaqların maraq və ehtiyaclarına diqqət yetirmək, fikirlərinə hörmətlə yanaşmaq; 
• empatiya – özünü uşağın yerinə qoymaq, hiss və ehtiyaclarını başa düşmək, onun davranışının məqsəd və motivlərini müəyyənləşdirmək, uşağın fəaliyyətini əvvəlcədən proqnozlaşdırmaq və idarə etmək; 
• dostluq – uğur qazanmaq üçün uşaqda maraq hissi formalaşdırmaq; 
• refleksiya – uşaqların fəaliyyətinə nəzarət etmək, davranış və fəaliyyətləri üzərində təhlil aparmaq və ehtiyac yarandığı halda kömək etmək. 

İdarəetmə və özünüidarə məktəbəqədər müəssisə tərəfindən qarşılıqlı əlaqə sisteminin qurulmasını, bu qarşılıqlı əlaqə sisteminin təşkilində və həyata keçirilməsində valideynlərin iştirakını əhatə edir. 
Tərbiyəçi-müəllimin gözlənilən vəzifələri yerinə yetirməsi üçün peşə biliklərini mənimsəməsi vacibdir. Bundan əlavə, o, öz peşə keyfiyyətlərinə uyğun olaraq bilik və bacarıqları öyrətməli, təşkil etməli, sosial-emosional mühit qurmağı bacarmalıdır. Uşaq bir çox keyfiyyətləri, münasibət və vərdişləri müşahidə zamanı qavrayır. Ona görə də uşaqlara milli, bəşəri və peşəkarlıq nöqteyi-nəzərdən düzgün keyfiyyətlər nümunə göstərilməlidir. Tərbiyəçi-müəllim uşaqlara təhsil proqramının məqsəd və vəzifələrinə yönəlmiş və ona nail olacaq keyfiyyət və kəmiyyət xüsusiyyətlərini ötürməli və inkişaf dinamikasını dəstəkləməlidir. Təlim prosesinin fasilitatoru kimi məsuliyyət tərbiyəçi-müəllimin üzərinə düşür. O, fəaliyyəti təşkil edir, məqsədləri müəyyənləşdirir, vaxtdan səmərəli istifadə etməyi planlaşdırır, qrupun təhlükəsizliyini təmin edir, tədris alətləri və avadanlıqlarını uşaqların istifadəsinə verir. 

Tərbiyəçi-müəllimin peşə keyfiyyətləri təhsildən gözlənilənlərlə sıx bağlıdır. İnformasiya əsri kimi qeyd olunan müasir dövrdə tərbiyəçi-müəllimi uşaqların inkişafında xüsusi rola malik “informasiya əsrinin qurucusu” kimi ifadə edə bilərik. İnformasiyanın sürətlə artması və bu prosesdə uşaqlara lazım olan faydalı məlumatların seçilməsi, fərdiləşdirilməsi, inteqrasiya olunması, çatdırılması xüsusi əhəmiyyətə malik olur. 

Tərbiyəçi-müəllimin peşə keyfiyyətləri XX əsrin sonu və XXI əsrin əvvəllərində müasir dünyanın əsas xarakterik xüsusiyyətləri müxtəlif səviyyəli mütəxəssislər tərəfindən aşağıdakı kimi xarakterizə olunurdu: Pedaqoji prosesə müxtəlif yanaşmaların mövcud olduğu müasir şəraitdə səriştəli təhsil yanaşması Y.A.Komenskinin dediyi kimi, öyrənənlərin nəzəri və praktiki bilik, bacarıq və vərdişlərə yiyələnməsi yoludur. Tərbiyəçi-müəllim elə bir vəziyyət, təhsil şəraiti və təlim mühiti yaradır ki, orada öyrənilən biliklər, mənimsənilən vərdiş və bacarıqlar, onun öz transformasiyası ilə deyil, birbaşa rəhbərliyi və istiqaməti ilə əldə edilir. Uşaq fəallığının təmin edilməsi sərbəst düşüncə, müstəqil fəaliyyət üçün şərait yaradır və mənimsəmə prosesini intensivləşdirir. Pedaqoji səriştə, eyni zamanda tərbiyəçi-müəllimin pedaqoji hadisəyə, proseslərə bacarıqlı və peşəkar yanaşmasıdır. Peşəkar yanaşma bir çox təlim-tərbiyə metodları arasından ən uyğun, ən asan, ən qısa və həll edilə bilən metodu seçib tətbiq etməyə kömək edir. 

Tərbiyəçi-müəllim səriştəsinin müxtəlif parametrləri və göstəriciləri vardır. Bu müxtəliflik onun strukturunda da özünü göstərir. Səriştə modelinin strukturu aşağıdakılardan ibarətdir: 

– texnoloji (təlim prosesində pedaqoji texnologiyaların mənimsənilməsi və səmərəli istifadəsi); 
– layihə konstruktoru (təhsil proqramlarının layihələndirilməsi, təhsil müəssisəsinin əsas təhsil proqramlarının hazırlanmasında iştirak, universal təhsil fəaliyyətinin və əsas səlahiyyətlərin formalaşmasını təmin edən tapşırıqların qurulması); 
–analitik (tədris-metodik komplekslərin dövlət standartlarına uyğunluğunun təhlili; əsas kompetensiyaların və universal təhsil fəaliyyətinin formalaşmasını təmin edən tapşırıqların seçilməsi); 
– proqnostik (təklif olunan tədris-metodiki komplekslərin təhlili əsasında əsas təhsil proqramları üzrə ixtisaslaşmanın nəticələrinin proqnozlaşdırılması); 
– qiymətləndirmə (əsas təlim proqramlarının ixtisaslaşmasının nəticələrinin qiymətləndirilməsi üçün yeni sistemin tətbiqi: top reytinq sistemi, təlim nəticələrinin portfeli və s.); 
– monitorinq (təlim-tədris prosesinin və tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün texnoloji monitorinqin qəbulu və istifadəsi) [Mehrabov, A., 2015].

Peşəkar səriştə birbaşa peşənin məzmunu ilə əlaqəli keyfiyyətdir. Peşəkar səriştəyə malik tərbiyəçi-müəllim pedaqoji prosesdə yarana biləcək bütün gərginliyi aradan qaldırmaqla yanaşı, həm də tərbiyə işinin nəticəyönümlü olmasını təmin edir. Dj. Raven hesab edir ki, səriştə konkret predmet sahəsində fəaliyyətin səmərəli icrası üçün zəruri olan spesifik qabiliyyətdir və yüksək ixtisaslaşdırılmış bilikləri, xüsusi fənn bacarıqlarını, təfəkkür üsullarını, eləcə də onların dərk edilməsini əhatə edir [Rаvеn, Dj., 2002]. 

Tərbiyəçi-müəllimin səriştəli davranışı, pedaqoji hadisə və proseslərə səriştəli yanaşması onun pedaqoji məharətinin göstəricisi kimi xarakterikdir. Tərbiyəçi-müəllimin həm təlim prosesinə, həm də təlimdənkənar fəaliyyətə səriştəli yanaşması məşğələlərin və digər fəaliyyətlərin səmərəliliyinə və keyfiyyətinə birbaşa təsir göstərir. Bu, ilk növbədə, onun pedaqoji prosesə innovativ yanaşması ilə səciyyələnir. Yenilikçi tərbiyəçi-müəllim olmaq, təkcə yeni metod və müasir təhsil texnologiyalarını mükəmməl mənimsəməkdən ibarət deyil. İnnovasiya həm də ənənəvi üsul və texnologiyaları yaxşı bilmək, ənənəni müasirliklə müqayisə edib əlaqələndirə bilmək, onların yaxşı tərəflərini tətbiq etmək deməkdir. Buna görə də tərbiyəçi-müəllimin pedaqoji proseslərə səriştəli yanaşması, öyrənməsi, mütərəqqi pedaqoji təcrübəni ümumiləşdirməsi və onları öz fəaliyyətində tətbiq etmək bacarığı, bir növ “liderlik bacarığı” ilə sıx bağlıdır. O, pedaqoji prosesə yenilik gətirir, təhsil mühitinə innovativ prizmadan yanaşır, təhsil prosesində və onun məzmununun həyata keçirilməsində, innovasiyalardan istifadə edir. Bu kontekstdə tərbiyəçi-müəllimlərin innovativ yanaşması bir neçə vacib aspektlə müşayiət olunur: 

• yeni pedaqoji ideyaların, konsepsiyaların, bu sahədə aparılan pedaqoji-psixoloji tədqiqatların öyrənilməsi və tədqiq edilməsi; 
• öyrənilən məlumatların ümumiləşdirilməsi və tətbiq edilməsi; 
• pedaqoji tədqiqat metodlarından istifadə nəticəsində yeni təlim texnologiyalarının müəyyən edilməsilə müəlliflik texnologiyalarının tətbiq olunması. 

Pedaqoji səriştə tərbiyəçi-müəllimlərin öz üzərində müntəzəm işləməsi nəticəsində yaranır və inkişaf edir. Bu prosesdə yeniliyə meyilli, dərin müşahidə və yaradıcı təfəkkürə malik olmaq, həyata keçirilən yeniliklərin səmərəliliyini təhlil edərək nəticə çıxara bilmək kimi məsələlər mühüm rol oynayır. Pedaqoji səriştənin mənimsənilməsi müəllimin bütün tədris fəaliyyəti boyu davam edir. Bu, müəllimin təlim prosesində səmərəliliyi ilə məhdudlaşmır. Müəllimin digər həmkarları ilə fikir mübadiləsi apararkən, pedaqoji şuralarda, müəllim-şagird əməkdaşlığında, bir sözlə, müəllimin bütün pedaqoji fəaliyyətində pedaqoji səriştənin olması vacibdir. Bu nöqteyi-nəzərdən müəllim səriştəsinin meyarı kimi vacib olan pedaqoji səriştənin bir çox əlamət və göstəricilərinə diqqəti cəlb etmək olar [İlyasov, M., 2007]. 

Pedaqoji ünsiyyətdə tərbiyəçi-müəllimin peşəkar keyfiyyətləri təlim mühitinin formalaşması üçün mühüm vasitə kimi çıxış edir. Səmərəli ünsiyyət bacarıqları, empatiya, uyğunlaşma, uşaqların motivasiyasını və təhsil keyfiyyətini artırmaq üçün vacibdir. 

Məktəbəqədər yaşlı uşağın ünsiyyəti onun kommunikativ ehtiyacına əsaslanır ki, bu da ona olan təsir mexanizmləri nəticəsində özünüdərkin və özünüqiymətləndirmənin təzahürü kimi müəyyən edilir [Lisina, М.I., 1986]. Əxlaqi ünsiyyət mədəniyyəti pedaqoji ünsiyyət mədəniyyətinin bir hissəsidir, buna görə də pedaqoji ünsiyyətin mühüm aspekti nitq etikasının əsasıdır [Fomin, K., 2021]. 

Tərbiyəçi-müəllim pedaqoji prosesdə kommunikativ bilik və bacarıqlarını tətbiq edərək ünsiyyət təcrübəsi toplayır. Pedaqoji ünsiyyətdə məzmun, yanaşma və təsir mexanizmləri də xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən pedaqoji ünsiyyət texnologiyaları ilə tanış olmaq, kommunikativ xüsusiyyətlərin həyata keçirilməsi yollarını müəyyənləşdirmək bilik, bacarıq və qabiliyyətlərin sistemləşdirilməsi üçün əsasdır. 
Qrupda psixoloji mühitin yaradılması tərbiyəçi-müəllimin uşaqlarla işində ən vacib və mürəkkəb vəzifələrdən biridir. Mühit, şəxsiyyətin inkişafını təmin edən xüsusi bir şərt olaraq çıxış edir: bu kontekstdə uşaq özünü ifadə edir, istedad və qabiliyyətlərini nümayiş etdirir, fəal qarşılıqlı əlaqəyə girir və ya əksinə, passiv, özünəqapanmış və kənarlaşmış olur. Psixoloji mühit, insanlararası münasibətlərin keyfiyyətini, qrupda məhsuldar əməkdaşlıq və şəxsiyyətin hərtərəfli inkişafını təşviq edən və ya əngəlləyən psixoloji şərtlərin cəmini əhatə edir. Müsbət psixoloji mühit sərbəstlik, qarşılıqlı hörmət, dostluq və nəzakətli davranışla xarakterizə olunur, bu da qarşılıqlı əlaqə üçün əlverişli şərait yaradır və şəxsi potensialın açılmasına imkan verir. 

Qrupdakı mühit, iştirakçıların sosial-psixoloji münasibətlərinin, sosial rolların, simpatiya və antipatiyaların, dəyər yönümlərinin və şəxsi maraqların qrupun digər üzvlərinin maraqları ilə birləşdirilməsi bacarığının cəminə və bütün iştirakçılar arasında bağlılıq yaradan mənəvi birliyə əsaslanır. Tərbiyəçi-müəllim uşaqları və onların bir-biriləri ilə münasibətlərini müşahidə edərək, qrupda hökm sürən atmosferi müəyyən edə və eyni meyarlara əsaslanaraq onu yaxşılaşdırmaq məqsədilə gördüyü tədbirlərin səmərəliliyini dəyərləndirə bilər. 

M.I.Lisina qarşılıqlı əlaqəni ünsiyyət fəaliyyətinin məhsullarından biri kimi qiymətləndirirdi. Qarşılıqlı əlaqə məhz ünsiyyət zamanı yaranır, dəyişir və inkişaf edir. Münasibətlərin dərəcəsi və keyfiyyəti ünsiyyətin xarakteri ilə müəyyən edilir. Müşahidələr göstərmişdir ki, uşaqlarda əldə etdikləri inkişaf səviyyəsində ünsiyyət ehtiyacını ödəməyə imkan verən tərəfdaşlar simpatiya və məhəbbət oyadır. Tərəfdaşla ünsiyyət uşağın ehtiyaclarının spesifik məzmununa (diqqət, hörmət, empatiya) nə qədər çox uyğun gəlirsə, o, onu daha çox sevir [Kunitsinаi dr., 2001]. 

Uşaqların birgə fəaliyyəti və onlar arasında qarşılıqlı əlaqənin yaranması mühüm əhəmiyyət kəsb edir. Səmərəli ünsiyyət, şəxslərin ünsiyyət qurduğunu tam başa düşməsi, dərk etməsi və şərh etməsi deməkdir. Ümumilikdə, təhsil mühiti ünsiyyət əsasında formalaşır. Ünsiyyət bacarıqlarını inkişaf etdirən tərbiyəçi-müəllimlər bu mühüm vəzifənin həyata keçirilməsində bələdçi rolunu oynayırlar. Aparılan araşdırmalar göstərir ki, müasir təhsil mühiti üçün tərbiyəçi-müəllimin səmərəli ünsiyyət tərzinə, səriştəli idarəetmə bacarığına, yenilikləri izləmə, tətbiqetmə və təsiretmə bacarıqlarına malik olmasına ehtiyac var. Bu əsas peşə bacarıqlarına yiyələnmədən heç bir tərbiyəçi-müəllim öyrədici mühiti formalaşdıra bilməz [Jakhanwal, M.S., 2021].

Mənbə: “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı 2025, №1/250, s.45-57

Şərhlər

Xəbər lenti

6 may, 18:28

AzMİU məktəblilərlə növbəti maarifləndirici görüş keçirib

6 may, 18:16

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal turunun nəticələri açıqlanıb

6 may, 17:57

Müasir ailələrdə valideyn nüfuzu və onun uşaq şəxsiyyətinin formalaşmasına təsiri

6 may, 17:30

NDU-da “Ulu Öndərin xatirə həftəsi”nə start verilib

6 may, 17:04

ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub

6 may, 16:55

Bir məktəb, bir ailə: Yarışlara anası ilə hazırlaşan Zeynəbin uğur yolu

6 may, 15:40

İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ!

6 may, 15:30

Şimal-qərb bölgəsinin 25 məktəblisi RFO-nun qalibi olub

6 may, 15:20

Dünyanın ən seçilən tələbələrindən biri - 6 yaşından ingilis dilində danışır

6 may, 15:10

Beynəlxalq kimya olimpiadasında iştirak edəcək komanda üzvləri seçilib

6 may, 15:03

Məktəblilərin idman festivalı keçirilib

6 may, 14:40

“Birincilərin birincisi”: Qızıl medal alanlar

6 may, 14:22

AzTU-nun iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı”nda birinci olub

6 may, 14:15

Əl ilə görməyi öyrədən yanaşma

6 may, 14:01

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

6 may, 13:50

Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub

6 may, 13:46

Birinci sinif üçün rus bölməsi üzrə müsahibəyə qeydiyyatda limit yoxdur

6 may, 13:45

Əcnəbilər dövlət hesabına təhsil aldığımı biləndə çox təəccüblənirlər – DP təqaüdçüsü

6 may, 13:18

ADNSU-da tələbələrin təşəbbüsü ilə “Cyber Club” açılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.