
İyulun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial ideyalarını dəstəkləməkdir. Bu təşəbbüs qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi, yenilikçi yanaşmalar və sosial təsiri olan layihələrin ön plana çıxarılmasına xidmət edir.
Mərasimdən öncə final mərhələsinə keçən 11 iştirakçı layihələrini təqdim edib və Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Birinci yeri “Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası” layihəsi ilə Kəmalə Aşumova tutub.

”Bu, qadınların texnologiyaya çıxışını və hüquqi maariflənməsini gücləndirəcək”
Layihə haqqında “Azərbaycan müəllimi”nə məlumat verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Ümidli gələcək” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova bildirib ki, süni intellektin qadın qaynar xəttinə inteqrasiyası bir neçə əsas problemi həll etməyə yönəlib. Bu texnologiya fasiləsiz ilkin dəstək göstərmək, müraciətlərə cavab müddətini azaltmaq, anonim və təhlükəsiz mühit yaratmaq, hüquqi və psixoloji məlumatları əlçatan, resurs çatışmazlığını kompensasiya etmək və statistik təhlil imkanlarını artırmaqla xidmətin effektivliyini və qadınların, gənc qızların müdafiəsini gücləndirəcək. Anonim dəstək göstərmək, resurs çatışmazlığını azaltmaq və müraciətləri avtomatik təhlil etməklə xidmətin effektivliyini artırmağı planlaşdırırıq”.
Onun sözlərinə görə, bu layihə daha geniş imkanlar yaradacaq. Süni intellekt 24/7 rejimdə ilkin cavab və yönləndirməni təmin edəcək, qadınlar adlarını açıqlamadan təhlükəsiz şəkildə dəstək ala biləcəklər: “Hüquqi və psixoloji məlumatlar sadə və əlçatan formada təqdim ediləcək, müraciətlər avtomatik təhlil edilərək ehtiyaclar və risklər müəyyənləşdiriləcək. Həmçinin fərqli dillərdə ünsiyyət və tərcümə imkanları yaradılacaq. Bu təşəbbüs nəticəsində təcili hallarda operativ yönləndirmə, risklərin vaxtında aşkar olunması və resursların daha səmərəli istifadəsi təmin ediləcək. AI köməkçisi (ChatBot) ilkin müraciətləri qəbul edəcək, istifadəçiləri uyğun xidmətlərə yönləndirəcək, hüquqi və psixoloji məsləhətlər təqdim edəcək, təcili halları ayırd edərək xəbərdarlıq edəcək və müraciətləri analiz edərək statistik hesabatlar hazırlayacaq”.
Kəmalə Aşumova qeyd edib ki, bu layihə fiziki çıxış imkanları məhdud olan qadınlar üçün mühüm dəstək vasitəsi olacaq: “AI sistemi işə salındıqda paralel olaraq ölkə üzrə geniş maarifləndirmə və təbliğat kampaniyası aparılacaq. Yerli icmalarda görüşlər, mobil təbliğat qrupları, SMS bildirişlər, sosial media və radio vasitəsilə bu xidmətin mövcudluğu, istifadəsi və üstünlükləri barədə məlumat yayılacaq. Bu, qadınların texnologiyaya çıxışını və hüquqi maariflənməni gücləndirəcək.
Layihənin gələcək inkişaf planına funksiyaların genişləndirilməsi, yerli xidmətlərlə inteqrasiya, ucqar rayon və kənd yerlərində maarifləndirmə, toplanan məlumatların təhlili və bu nəticələr əsasında siyasətlərin təkmilləşdirilməsi daxildir”.

”Bu yanaşma qadınların özünəinamını artırır və sosial inkluzivliyi gücləndirir”
O əlavə olaraq vurğulayıb ki, bu layihə qadınların və gənc qızların təhlükəsizliyini təmin etmək, onların hüquqlarını qorumaq və zorakılığa qarşı effektiv dəstək sistemini gücləndirmək arzusundan irəli gəlir: “Süni intellektin imkanlarından istifadə edərək daha çox qadın və gənc qızlara vaxtında, anonim yardım göstərmək əsas motivasiyamız oldu. Eyni zamanda cəmiyyətimizdə qadınların rolunun gücləndirilməsi, liderlik bacarıqlarının inkişafı, hüquqlarının təmin olunması, təhsilə çıxışın genişləndirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi də layihənin əsas məqsədlərindəndir. Bu yanaşma qadınların və qızların özünəinamını artırır və sosial inklüzivliyi gücləndirir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər