Bütün xəbərlər
21 iyun, 18:00

Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfrans Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, AMEA-nın Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi və Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlar Ümummilli Liderin həyatı, fəaliyyətinə və zəngin dövlətçilik irsinə həsr olunmuş ekspozisiya nümunələri ilə tanış olublar.

Daha sonra “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” adlı sərgiyə baxış keçirilib.

Plenar iclas AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin çıxışı ilə başlayıb. O, Azərbaycan xalqına qarşı törədilən soyqırımı və deportasiyalardan danışıb. Bildirib ki, müəyyən dövrlərdə həyata keçirilən deportasiyaların nəticəsində 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan ayrı düşüb. Son dövrlərdə Qərbi Azərbaycana həsr olunmuş həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlərin sayının artmasına diqqət çəkən İsmayıl Hacıyev bu məsələnin əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxışında ölkəmizin inkişafındakı uğurlara diqqət çəkib. Bu tərəqqinin Prezident İlham Əliyevin yeritdiyi siyasət, milli birliyimiz və ordumuzun hesabına olduğunu vurğulayıb. Ceyhun Cəlilov Qərbi Azərbaycana məxsus toponimlərin, dil faktorlarının, abidələrin və digər mədəniyyət nümunələrinin araşdırılmasında elmi əsaslar ortaya qoyan elm adamlarına uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında dövlət başçısının sülhə və əməkdaşlığa əsaslanan uzaqgörən siyasətinə diqqət çəkib. 44 günlük müharibənin uğurlu nəticələrindən, AMEA-da Qərbi Azərbaycanın tarixinin və folklorunun araşdırılması üçün açılan şöbələrdən danışıb.

Akademik İsa Həbibbəyli özünün ön sözü ilə işıq üzü görmüş “Naxçıvanın bir əsrlik biblioqrafik salnaməsi” kitabını Ceyhun Cəlilova hədiyyə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmanın sədri Abel Məhərrəmov Naxçıvan və Qərbi Azərbaycanın tarixindəki oxşarlıqlardan və Qərbi Azərbaycan İcmasının fəaliyyətindən söz açıb.

Naxçıvan Dövlət Universitetinin rektoru tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Qərbi Azərbaycanın araşdırılmasına həsr olunmuş fundamental tədqiqatlara diqqət çəkib. Bu araşdırmaların gənc tədqiqatçılar üçün yeni üfüqlər açdığını, Qərbi Azərbaycanla bağlı universitetdə görülən işləri qeyd edib. 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri professor Mahirə Hüseynova Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi və bu sahədə Azərbaycan alimlərinin öhdəliklərindən ətraflı şəkildə danışıb. Toponimlərin araşdırılmasına diqqət çəkən professor adı dəyişdirilən ərazilərimizdən söz açıb.  M.Hüseynova çıxışında mayın 21-də qardaş Türkiyə dövlətinin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransa diqqət çəkib: “Uzun illərdən bəri tarixi ədalətsizliklə üzləşən, fundamental insan haqlarının bərpası uğrunda səsini qaldıran insanlarımız üçün beynəlxalq platformaya çevrilən Türkiyəmizə buradan sevgilərimi bildirirəm. 

Professor M.Hüseynova qeyd edib ki, iki ölkə parlamentlərinin üzvləri və rəhbərləri, dövlət qurumlarının nümayəndələri, universitet  rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələrinin qatıldığı konfransda Prezident İlham Əliyevin məktubu oxundu. Bu tarixi sənəddə XX əsrin əvvəllərindən regionda erməni millətçiliyinin xalqımıza yaşatdığı faciələr, yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan zorla çıxarılması xatırladılırdı. Məktubda, Qərbi azərbaycanlıların Vətənə dönüşünə qədər  və ondan sonra da dövlətin onların yanında olacağı vurğulanırdı. 

Konfransdakı müzakirələrdə çıxış edən nüfuzlu türk tarixçiləri - Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi Tarix İnstitutunun direktoru professor Kamal Çiçək, İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot, İbrahim Ethem Atnur və başqalarının erməni terrorunu qaynaqlandıran səbəblərdən danışdıqlarını xatırladan professor vurğulayıb ki, istər Türkiyə, istərsə də Azərbaycanda bu günədək hökm sürən milli və dini tolerantlıqdan söz açan tarixçilər erməni millətçilərinin törətdikləri qanlı hadisələrə qədər Anadoluda və Azərbaycanda rifah içində yaşadıqlarını faktlarla təsdiq etdilər.

Professor M.Hüseynova qeyd edib ki, Azərbaycan və Türkiyə tarixçiləri 1832-ci ildə 15 erməni ailəsi yaşayan Bakıda 1899-cu ildə əsas kapitalı 22 milyon rubl olan “A.İ.Mantaşev və Ko.” neft sənaye-ticarət şirkəti təsis edən tiflisli Mantaşyants, bakılı Aramyants, habelə Bakı neftindən bəhrələnən Akopyan qardaşlarından, ümumiyyətlə, əsrin əvvəllərində bütün neft mədənlərində mövcud 194 mexaniki sexdən 95-nin ermənilərə məxsus olmasından danışdılar. 1904-cü ildə Bakıda və quberniyada birlikdə bütün ticarət müəssisələrinin 25, tütün və siqaret istehsalında 32, bank sektorunda 47 faizinin ermənilərə məxsus olmasından söz açıldı.

Bütün bunların belə, ermənilərə 1905-ci ildə Bakıda başlayan, 115 il davam edən və Güney Qafqazda millətlərarası ilk qanlı hadisənin başlamasına mane olmadığını deyən natiq bildirdi ki, sonra bunlar 1918-ci ildə İrəvanın paytaxt elan olunması ilə daşnak Ermənistanının dövlət siyasətinə çevrildi və sovet Ermənistanı tərəfindən davam olundu: “Nəticə olaraq Qərbi Azərbaycanda azərbaycanlıların adı ilə bağlı toponimlərin soyqırımına start verildi. Ancaq 1919-1935-ci illər arasında bu ərazidə 190-dan çox azərbaycanlı yaşayış məntəqəsinin, 1936-cı ildə isə İrəvan şəhərinin adı dəyişdirildi. Məqsəd ancaq şəhərin adının deyil, onun “türkcə danışan” memarlığını “milliləşdirmək” idi.  Ümumilikdə, 1930-1991-ci illər ərzində Qərbi Azərbaycanda 600-dən çox türk toponiminin adı dəyişdirilib, 254 türk mənşəli yaşayış məntəqəsinin adı isə silinib. 

Həmin konfransda Ümummilli Liderin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətdə olduğu dövrlərdə qayıdış üçün siyasi və hüquqi əsasların yaradıldığının qeyd edildiyini vurğulayan M.Hüseynova Qayıdışın təməl prinsiplərinin 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanla qurulduğunu diqqətə çatdırıb. 

Türkiyənin İğdır Universitetinin Fənn ədəbiyyatı fakültəsinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Oğuz Şimşək Qərbi Azərbaycanın tarixi haqqında dəqiq məlumatlarla çıxış edib. Tarixi ərazilərimizi slaydlar vasitəsilə konfrans iştirakçılarına nümayiş etdirib. İrəvana həsr olunmuş şeiri səsləndirən Oğuz Şimşək erməni vəhşiliklərindən də söz açıb. Məqsədli şəkildə adı dəyişdirilən kəndlərimizin tarixindən bəhs edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri professor Cəbi Bəhramov Qərbi Azərbaycanın tarixi və mədəniyyətinin tədqiq edilməsindən ətraflı danışıb. Tarixi torpaqlarımızın mədəniyyətimizin dəqiq mənbələrə əsaslanaraq araşdırılmasının əhəmiyyətini qeyd edib.

Konfransda Qərbi Azərbaycanın tarixin müəyyən dövrlərində çəkdiyi bəlalar, vətəndaşlarımızın doğma torpaqlarımıza qayıtmaq üçün çəkdikləri həsrətdən danışılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış”ın baş tutması, tarixi torpaqlarımızın bərpa olunması kimi məsələlər barədə ətraflı müzakirələr aparılıb və təhlillər edilib.

1 /5

Şərhlər

Xəbər lenti

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.