
Bu gün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ənənəvi sentyabr konfransının ilk günü keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ümumi təhsil müəssisələrinin rəhbərləri, idarəetmə nümayəndələri, həmkarlar təşkilatlarının sədrləri və pedaqoji heyət iştirak edib.
Konfransda çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova ötən tədris ilinə dair illik hesabatı təqdim edib. Hesabatda region üzrə təhsil keyfiyyətinə dair indikatorlar açıqlanıb, 4 və 6-cı sinif şagirdlərinin monitorinq nəticələri xüsusi diqqət mərkəzində olub.

İdarə müdiri bildirib ki, 4-cü siniflər üzrə aparılan monitorinqlərdə şagirdlərin oxu bacarıqları, riyazi məntiqi düşüncə və yazı vərdişlərində əvvəlki illərlə müqayisədə müsbət dinamika müşahidə olunub. Lakin nəticələr göstərir ki, şagirdlər məntiqi düşünmə və yaradıcı yazı bacarıqlarının inkişafı üçün hələ də əlavə dəstəyə ehtiyac duyur. 6-cı siniflər üzrə monitorinqlərdə isə fənn biliklərinin mənimsənilməsində irəliləyiş olsa da, şagirdlərin tətbiqi biliklərdə, xüsusilə riyaziyyat və təbiət elmləri üzrə analitik yanaşmada müəyyən boşluqların olduğu qeyd olunub.
Günay Mahmudova çıxışında təhsilalanların qiymətləndirmə meyarlarını da şərh edib. O vurğulayıb ki, qiymətləndirmə yalnız rəqəmlərlə ifadə olunan nəticələrlə məhdudlaşmır, həm də şagirdlərin yaradıcı bacarıqları, tənqidi təfəkkür, ünsiyyət vərdişləri və komanda ilə işləmək qabiliyyətini əhatə etməlidir. Onun sözlərinə görə, region məktəblərində qiymətləndirmə sisteminin daha şəffaf və obyektiv olması üçün həm müəllimlərin peşəkarlığı, həm də valideynlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
.jpeg)
“Direktorların əsas missiyası məktəbin inkişaf strategiyasını düzgün müəyyənləşdirməkdir. Təhsilalanların maraqlarını qorumaq, müəllimlərin potensialını dəstəkləmək və valideynlərlə əməkdaşlıq mexanizmini gücləndirmək qarşıda duran vacib məsələlərdəndir”, – deyə o bildirib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva müəllimlərin sosial müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması və həmkarların hüquqlarının qorunması ilə bağlı görülən işlərdən danışıb.
“Bu gün təhsil işçilərinin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərə yalnız bilik vermək deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşmasına dəstək olmaqdır. Həmkarlar təşkilatı olaraq biz müəllimlərimizin sosial rifahını, hüquqi təminatını diqqətdə saxlayırıq. Eyni zamanda pedaqoji fəaliyyətin stimullaşdırılması üçün müxtəlif layihələr həyata keçiririk”, – deyə Ziyafət Xasıyeva qeyd edib.

Şəki şəhər təhsil sektorunun müdiri Zamiq Cəbiyev əvvəlki illərlə müqayisədə təhsilin keyfiyyətində nəzərəçarpan yüksəlişin olduğunu bildirib.
“Əldə etdiyimiz göstəricilər təsdiqləyir ki, həm yüksək bal toplayanların sayı artır, həm də ümumi qəbul dinamikası yüksəlir. 2023-cü ildə Şəki şəhərindən 861 şagird, 2024-cü ildə 907 şagird, 2025-ci ildə isə artıq 935 şagird ali təhsil müəssisələrinin birinci mərhələsində qəbul olunub. Bu artan rəqəmlər təsadüfi deyil. Bu, təhsil keyfiyyətinin yüksəldilməsinə yönəlmiş islahatların, məktəb rəhbərlərinin və müəllimlərin birgə əməyinin bariz nümunəsidir”, – deyə Zamiq Cəbiyev vurğulayıb.

Sonra məktəb direktorları fikirlər səsləndiriblər. Oğuz şəhər İnternat tipli texniki və təbiət fənləri təmayüllü liseyin direktoru Qəmzə Süleymanova qeyd edib ki, direktorlar yalnız idarəedici deyil, həm də müəllim və şagirdlər arasında körpü rolunu oynamalıdırlar. Müəllimlərin valideyn əməkdaşlığını gücləndirməsi üçün yeni tədris ilində valideynlərlə birgə tədbirlərin təşkilinin məktəb üçbucağında rolundan bəhs edib.
Qax şəhəri Vaqif Əhmədov adına 3 nömrəli məktəbin direktoru Leyla Rzayeva şagirdlərin məktəb həyatında daha fəal iştirakının təmin olunmasının prioritet olduğunu vurğulayıb:

“Bizim məqsədimiz şagirdlərdə yalnız fənn biliklərini deyil, həm də ictimai fəallığı formalaşdırmaqdır. Onların məktəb tədbirlərində, şagird özünüidarəetməsində, sosial layihələrdə iştirakını artırmaqla həm liderlik, həm də məsuliyyət hissini inkişaf etdiririk. Bu istiqamətdə müəllim və valideynlərin əməkdaşlığı mühüm rol oynayır”.
Günün sonunda məktəb direktorları qeydlər əsasında fəaliyyət planını təsdiqləyiblər. Bu plana əsasən, müəssisə rəhbərləri idarəetmə səviyyəsində keyfiyyət təminatına, müəllimlər isə tədris səviyyəsində məsuliyyət daşıyacaqlar.
Pedaqoji heyət, həmkarlar təşkilatları və təhsil rəhbərləri birgə qərara gəliblər ki, tədris ili ərzində görülən işlər ilin sonunda hesabat şəklində təqdim olunacaq.
Beləliklə, sentyabr konfransının ilk günü regionda təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrin müzakirəsi, real nəticələrin təqdimatı və yeni hədəflərin müəyyənləşdirilməsi ilə yadda qaldı.
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər