
Hər birimizin iştirak etdiyi və hər tədris ilinin sonunda məktəblərimizdə qeyd edilən “Son zəng”
11-cilərin çox böyük həvəslə hazırlaşdıqları və həyəcanla gözlədikləri “Son zəng” tədbiri sadəcə bir məktəb ənənəsi deyil, dəyişikliyin, keçidin simvoludur. 11 il boyunca min dəfələrlə çalınan məktəb zəngindən fərqli olaraq, bu zəng səsi yalnız 11-cilərin yola salınmasını, tədris ilinin yekunlaşmasını bildirmir. O həm də məzunların, onların valideynlərinin və müəllimlərinin daxilində çalınan həyəcan səsidir. Bu zəng onların hər birini oyadan, silkələyən, düşündürən və həyəcanlandıran sakit bir “pıçıltı”dır, əslində. Hər bir insanın daxilində sakit və hiss etdirmədən baş verən “pıçıltı”lar kənardan eşidilən gur səslərdən daha əhəmiyyətli olub. Məşhur psixoloq Karl Yunqun dediyi kimi, ”İnsanda baş verən əsas dəyişikliklər, əsasən, sakit və hiss olunmayan daxili pıçıltılardan başlayır".
Müəllim üçün “Son zəng” səsi hər gün onu dərsə səsləyən və ya dərsin bitdiyini xatırladan səsdən fərqli olaraq onun üçün özünəməxsus daxili “pıçıltı”nın səsidir. Nə etdim, necə etdim, nə verdim, nə öyrətdim, öyrədə bildimmi, necə nümunə oldum, nümunə ola bildimmi və s. sualları ilə dolu olan bir səssiz pıçıltı.
Avraam Linkoln övladını məktəbə apararkən onun müəlliminə bir məktub yazır.
Əziz və hörmətli müəllimim! Öyrədin mənim övladıma:
- Kitabların möcüzəli olduqlarını, eyni zamanda, düşünmənin də çox dəyərli olduğunu öyrədin;
- Məktəbdə xəta etmənin hiyləgərlik etməkdən çox daha dəyərli olduğunu öyrədin övladıma;
- Oğluma öz əlləri ilə, öz zəhməti ilə qazandığı 1 qəpiyin tapılan 10 qəpikdən çox daha dəyərli olduğunu öyrədin;
- Bu və ya digər fənlərdən alacağı yüksək qiymətlərdən, vicdanın, ədalətin, dürüstlüyün və düzgünlüyün daha dəyərli olduğunu öyrədin;
- Müvəffəq olduqda gülməyi, sevinməyi, özü ilə fəxr etməyi, eyni zamanda, uğursuzluqla barışmağı və ağlamağın ayıb olmadığını öyrədin ona.
- Nəzakətli, səbirli, təmkinli olmağı öyrədin övladıma.
- Öyrədin...
Məzunlarımızı yola salarkən sözünü etdiyim həmin “pıçıltı” səsi - Öyrədə bildikmi?
Avraam Linkolnun öz övladı üçün istədiklərini biz övladlarımıza öyrədə bildikmi?
Milli-mənəvi dəyərlərə sahib, vətənini, millətini, xalqını sevən, böyüklərə qarşı hörmətli, kiçiklərə qarşı mərhəmətli olan gənclər olmağı öyrədə bildikmi? Ümid edirəm ki, öyrədə bilmişik. Öyrətmənin ən qısa və qalıcı yolunun danışmaqla, deməklə deyil, göstərməklə, yaşamaqla olduğunu bildiyimizi ümid edərək güman edirəm ki, öyrədə bilmişik.
Əziz məzunlar!
Sizin üçün “Son zəng” yeni başlanğıcdır. Uğurlu gələcəyi əldə etmək üçün hər birinizin müəyyən mənada dəyərləndirməyə çalışdığı keçmişini – məktəb həyatını cəsarətlə buraxmağın zamanı gəldiyini bildirən bir başlanğıcdır.
Kiminiz müəllim, kiminiz valideyn, kiminiz məmur, kiminiz sadəcə qonaq olaraq yenə məktəbə gələcəksiniz, amma mütləq gələcəksiniz. Əmin olun ki, məktəbin böyüklüyünü, qüdrətini, doğmalığını o zaman daha yaxşı hiss edəcəksiniz.
İndi isə hər birinizə uğurlar diləyirəm.
“Son zəng” gününüz mübarək olsun, əziz məzunlar!
Fuad Qarayev,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər