· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Azərbaycan folklorunun tədqiqi, təbliği və tədrisi məsələləri

ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının belə bir mövzuya həsr edilməsindən məqsəd folklorumuzun, folklorşünaslıq tariximizin, folklorla yazılı ədəbiyyatın əlaqəsi məsələlərinin tətbiqi istiqamətlərində görülmüş işləri davam və inkişaf etdirmək, şifahi ədəbiyyatın tədrisi sahəsində mövcud təcrübəni aşkara çıxarıb yaymaq, gələcəkdə bu sahədə birgə fəaliyyətin istiqamətlərini müəyyənləşdirmək idi.

 

Sumqayıt Dövlət Universiteti, Azərbaycan MEA-nın Folklor İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə keçirdikləri tədbirin tanınmış mütəxəssislərdən ibarət təşkilat komitəsi yaradılmış, müvafiq qaydada proqram-dəvətnamə hazırlanaraq yerlərə göndərilmiş, toplanmış tezislər əsasında toplu nəşri planlaşdırılmışdı.

Aprelin 29-da SDU-nun akt zalında öz işinə başlayan elmi konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru, professor N.Qəhrəmanov açdı.

Xalqın çoxəsrlik həyat təcrübəsi və zəngin dünya duyumunun obrazlı ifadəsi olan çoxjanrlı şifahi ədəbiyyatın tarixi-mədəni dəyərlərini, tərbiyəvi əhəmiyyətini nəzərə alan ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqının Ana kitabı olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin təşkilinin bilavasitə təşəbbüskarı və rəhbəri olmuşdur. O, hakimiyyətdə olduğu hər iki dövrdə aşıq sənətinin görkəmli nümayəndələrinin, eləcə də klassik və çağdaş sənətkarlarımızın yubileylərinin keçirilməsini vacib saymışdır. Azərbaycan mədəniyyəti və incəsənətinin böyük dəyərləndiricisi və bilicisi olan ümummilli lider milli mənəvi sərvətimizin orta və ali məktəblərdə tədrisinə xüsusi əhəmiyyət vermişdir. Professor N.Qəhrəmanov giriş sözündə bu və ya digər məsələlər barədə danışaraq konfrans iştirakçılarına səmərəli fəaliyyət arzuladı.

Konfransın plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, professor H.İsmayılov çıxışında dünyada analoqu olmayan Folklor İnstitutunun təşkili və formalaşması tarixçəsindən, bu işdə ulu öndər Heydər Əliyevin qayğı və diqqətindən danışdı. Heydər Əliyevin bir siyasi xadim, bir dövlət xadimi, bir vətəndaş və tarixi şəxsiyyət kimi qüdrət, xidmət və fəaliyyətindən fakt və hadisələr əsasında bəhs edən professor H.İsmayılov Azərbaycan xalq sənətinə münasibətin nəticəsi olaraq institut əməkdaşlarının gördükləri işlər və apardıqları tədqiqatlardan söhbət açdı.

Sumqayıt Dövlət Universiteti filologiya fakültəsinin dekanı, dosent A.Bayramov çıxışında "Kitabi-Dədə Qorqud"da yaşayan dil faktlarından, toponimik vahidlərdən danışdı, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin eposun tədqiqi, təbliği və tədrisinin genişləndirilməsi və vüsət almasında rolunu vurğuladı.

SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının rəhbəri, pedaqoji elmlər namizədi Ş.Məmmədovun çıxışında şifahi xalq ədəbiyyatının hər bir soydaşın əbədi yol yoldaşı olduğu vurğulandı. Həqiqi ədəbiyyat tələbinə cavab verən folklorumuzun tədrisinin təlimi və tərbiyəvi əhəmiyyəti ilə bağlı F.Köçərli, B.çobanzadə, Ə.Qarabağlı kimi maarifçi və alimlərin fikirləri auditoriyaya çatdırıldı. Daha sonra zəngin Azərbaycan, türk və dünya xalqları folklorunun orta məktəblərin ədəbiyyat proqram və  dərsliklərində yeri məsələlərinə aydınlıq gətirən natiq folklorla ədəbiyyatın qarşılıqlı əlaqəsi mövzusunu əks etdirən yazılı ədəbiyyat nümunələrinin tədrisinə vaxt verildiyini təqdir etdi. Ali məktəb tələbələrinin folklor üzrə informasiya mənbələrini nəzərə almağı vacib sayan Ş.Məmmədov orta və ali məktəbdə folklorun tədrisi ilə bağlı təkliflərini söylədi.

SDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent A.Ağbaba çıxışında  proqram və dərsliklərə folklor materiallarının daxil edilməsinə münasibətini bildirdi. Natiq qeyd etdi ki, bu materialların tədrisində vətənpərvərlik və vətəndaşlıq mövqeyi qabardılsın, erməni düşmənçiliyinin mahiyyəti belə materialların tədrisində açıqlansın. Daha sonra dosent A.Ağbaba ayrı-ayrı folklor nümunələrinin ideya-məzmunu ilə bağlı məlumat verdi.

Plenar iclasda Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatın tədrisi kafedrasının müdiri, professor F.Xalıqov çıxış edərək bu və ya digər məsələlərə dair fikirlərini söylədi.

***

Günün ikinci yarısında konfrans öz işini ədəbiyyatşünaslıq və dilçilik bölmələrində davam etdirdi. çoxlu sayda çıxışlar dinlənilib müzakirə edildi, ən maraqlı fikirlər təqdir olundu.

 

Ş.HƏTƏMOĞLU