· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Prezident İlham Əliyevə Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Xəbər verdiyimiz kimi, mayın 22-də Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu təhsil müəssisəsinin fəxri doktoru adı verilməsi münasibətilə təntənəli mərasim olmuşdur.

Mərasim iştirakçıları Azərbaycan dövlətinin başçısını hərarətlə qarşıladılar.

Universitetin rektoru vəzifəsini icra edən akademik LEONİD QUBERSKİ. Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, dövlətimizin başçısının təhsilin inkişafında rolu barədə danışarkən vurğuladı ki, Azərbaycan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir. Bu böyük və mühüm işdə Kiyev Milli Universiteti də fəal iştirak edir. Vaxtilə burada təhsil almış Azərbaycan vətəndaşları hazırda ölkənin ictimai-siyasi həyatında mühüm yer tuturlar.

Akademik Quberski dedi ki, Azərbaycan Prezidenti beynəlxalq siyasi səhnədə müdrik dövlət başçısı, nüfuzlu siyasi xadim Heydər Əliyevin böyük işlərinin layiqli davamçısı kimi imic qazanmışdır. O, ölkənin sosial-iqtisadi tərəqqisi naminə Azərbaycana və regiona yeni, müasir siyasət təklif etmiş dövlət başçısı kimi tanınmışdır.

Leonid Quberski vurğuladı ki, strateji tərəfdaşı və müttəfiqi, onun yaxın dostu kimi Ukrayna Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük uğurlara sevinir, regional və beynəlxalq layihələrin həyata keçirilməsi üçün Azərbaycanın atdığı qətiyyətli addımları yüksək qiymətləndirir. Son illərdə həyata keçirilmiş iri beynəlxalq iqtisadi layihələr, uğurlu xarici siyasət Azərbaycanın nəinki regionda, hətta bütün dünyada yüksək nüfuza malik olan bir ölkə kimi tanınmasına kömək etmişdir.

Akademik Leonid Quberski bildirdi ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Elmi Şurası Azərbaycan Prezidenti İlham Əliyevə bu ali məktəbin fəxri doktoru adı verilməsi barədə qərar qəbul etmişdir. O, fəxri doktor diplomunu və mantiyasını Azərbaycan Prezidentinə təqdim etdi.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

 

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Əziz dostlar!

Hörmətli rektor, mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə sağ olun. Dünyanın aparıcı ali məktəblərindən birinin - Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru adına layiq görülmək mənim üçün böyük şərəfdir.

Mən bu adı ölkələrimiz arasında çox dinamik, səmərəli şəkildə inkişaf edən, yeni formalar kəsb edən, son nəticədə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də iri regional layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq dostluq, qardaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi işində fəaliyyətimin qiymətləndirilməsi hesab edirəm.

Mən bilirəm ki, bu gün Ukraynanın tarixində xüsusi bir gündür. Mənə dedilər ki, bu gün Taras Şevçenkonun nəşinin yenidən dəfn edildiyi gündür. Ukrayna xalqının bu görkəmli oğlunun xatirəsinə Azərbaycanda da böyük hörmətlə yanaşırlar. Fürsətdən istifadə edib sizə bildirmək istəyirəm ki, lap yaxın vaxtlarda Bakıda, şəhərimizin mərkəzi rayonlarının birində Taras Şevçenkonun abidəsinin açılışı olacaqdır. Bu da dövlətlərimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin nümunəsidir.

Artıq qeyd etdiyim kimi, bu münasibətlər çox səmərəli və dinamik şəkildə inkişaf edir və bu gün biz həmin münasibətlərin keyfiyyətcə tamamilə yeni səviyyəsinin şahidiyik. Bu gün mən Ukraynada rəsmi səfərdəyəm. Bu, son dörd ildə sizin ölkənizə mənim dördüncü səfərimdir və bunun özü ölkələrimiz arasında sıx əlaqələrin göstəricisidir.

Bugünkü səfər bizim münasibətlərimizin inkişafında yeni mərhələdir. ölkələrimiz arasında münasibətlərin gələcək inkişafını müəyyənləşdirəcək çox mühüm sənədlər imzalanmışdır. Bu sənədlər bizim həyatımızın bir çox sahələrini əhatə edir, lakin ölkələrimiz arasında Dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməni xüsusi vurğulamaq istərdim. Bu sənədin elə adı bizim münasibətlərimizin xarakterini və ruhunu, yəni dostluq və strateji tərəfdaşlığı əks etdirir. Əminəm ki, gələcəkdə bizim münasibətlərimiz daha səmərəli inkişaf edəcək, həyatımızın yeni sahələrini, iqtisadiyyatın, humanitar sahənin yeni sektorlarını əhatə edəcəkdir. İki qardaş dövlət kimi həm Ukrayna, həm də Azərbaycan islahatları uğurla həyata keçirəcək, ölkələrimizi demokratiya və tərəqqi yolu ilə irəli aparacaqlar.

Bu gün dünyanın aparıcı ali məktəblərindən birinin belə yüksək fəxri adını almaq mənə çox xoşdur. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir. Bu gün də Azərbaycanın Prezidenti kimi təhsil sisteminin inkişafına böyük diqqət yetirməyə çalışıram. Hər bir ölkənin, hər bir xalqın gələcəyi təhsillə bağlıdır.

Əlbəttə ki, zəngin təbii ehtiyatlara malik olan Azərbaycan iqtisadi islahatları səmərəli şəkildə həyata keçirir. Lakin mən tam əminəm ki, yüksək təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa, gənclər ən mütərəqqi texnologiyalara yiyələnməsələr, həqiqətən inkişaf etmiş dövlət qurmaq mümkün deyildir. Buna görə də təhsil bizim üçün prioritet sahədir. Son vaxtlarda Azərbaycanda bu istiqamətdə çox iş görülmüşdür. Bu sahəyə xərclər ilbəil artır. Deməliyəm ki, Azərbaycan büdcəsinin maddələri arasında təhsil sahəsi ikinci yer tutur. Son 3-4 ildə Azərbaycanda 1300-dən çox məktəb tikilmiş, onlar hamısı İnternet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz olunmuşdur.

Biz gənclərimizin dünyanın aparıcı ali məktəblərində təhsil alması üzrə proqramı həyata keçirməyə başlayırıq. Mənə çox xoşdur ki, bizim gənclər sizin universitetdə təhsil alırlar. Rektorun artıq qeyd etdiyi kimi, bu sahədə yaxşı ənənə də mövcuddur. Kiyev Milli Universitetinin məzunlarının çoxu bu gün hakimiyyət strukturunda mühüm mövqelər tutur və ictimai həyatda əhəmiyyətli rol oynayırlar.

Bütövlükdə Azərbaycanın bugünkü inkişafını səciyyələndirərək deməliyəm ki, ölkəmiz siyasi və iqtisadi islahatlar yolu ilə inamla irəliləyir. İslahatlar paralel şəkildə həyata keçirilir, hüquqi dövlət qurulması, cəmiyyətin demokratikləşməsi məsələlərinə çox böyük əhəmiyyət verilir. Güclü siyasi sistem yaradılması bizim bütün gələcək uğurlarımızın rəhnidir, çünki möhkəm demokratik təsisatları olmayan heç bir cəmiyyət inkişaf edə bilməz.

Bu istiqamətdə çox böyük iş görülmüşdür, hələ çox işlər də görülməlidir. Bununla paralel olaraq, çox ciddi və əsaslı iqtisadi islahatlar həyata keçirilir. Bütün bunlar əhalinin maddi rifahının yüksəlməsinə, habelə iqtisadi potensialımızın möhkəmlənməsinə, bütövlükdə beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmlənməsinə öz təsirini göstərir.

İqtisadi və siyasi islahatlar nəticəsində son dörd ildə Azərbaycanda iqtisadi artım 96 faiz olmuşdur. Son üç ildə biz üDM-in artım sürətinə görə dünyada ən yüksək nəticələr əldə etmişik, artım hər il 20-30 faiz olur. Sənaye istehsalının artımı da təxminən iqtisadi artım səviyyəsindədir. Biz irimiqyaslı sosial islahatlar həyata keçiririk, bunun nəticəsində yoxsulluğun səviyyəsi bir neçə dəfə azalmışdır və bu gün həmin göstəriciyə görə Azərbaycan dünya miqyasında layiqli yerdədir. Bizim vəzifəmiz sosial hadisə kimi yoxsulluğun kökünü tamamilə kəsməkdir və mən əminəm ki, yaxın vaxtlarda biz buna nail olacağıq.

Biz Azərbaycanın regionlarının inkişafına çox böyük diqqət yetiririk, çünki regional inkişaf ölkəmizin hərtərəfli inkişaf yoludur. Bu, yeni iş yerləri, müasir infrastruktur, o cümlədən təhsil və səhiyyə infrastrukturu yaradılması deməkdir. ölkəmizdə bütün bunların həyata keçirilməsi mümkündür və bizim reallaşdırdığımız proqramlar, əslində, həyatımızın bütün sahələrini əhatə edir.

Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Əlbəttə, burada əsas rolu təbiət oynamışdır. Lakin biri var həmin təbii ehtiyatlar suyun dərin qatları altında qalsın, biri də var ki, onlar hasil edilsin, boru kəmərləri tikilsin və həmin resurslar dünya bazarlarına çatdırılsın. Biz 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə enerji sektorunda irimiqyaslı əsaslı islahatlar həyata keçirməyə nail olmuşuq. 1990-cı illərin ortalarında qarşıya qoyulmuş bütün vəzifələr hazırda uğurla yerinə yetirilmişdir.

Azərbaycan enerji ehtiyatlarının iri hasilatçısına və onları Avropa və dünya bazarlarına çatdıran dövlətə çevrilmişdir. Azərbaycan qədim ölkədir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft 1847-ci ildə Azərbaycanda çıxarılmışdır. Lakin o vaxt Azərbaycan xalqı öz sərvətlərinin sahibi deyildi. O dövrdə və sonrakı illərdə Azərbaycan müstəqil dövlət deyildi.

Yalnız müstəqillik əldə edəndən sonra Azərbaycan xalqı özünün təbii sərvətlərindən birbaşa istifadə etmək imkanı qazanmışdır və indi bizim təbii sərvətlərimiz ölkəmizin hərtərəfli inkişafına şərait yaradır. Biz öz təbii resurslarımızdan dövlətimizin rifahı naminə istifadə edirik və bunun da nəticəsində enerji resurslarının satışından əldə edilən gəlir müntəzəm və ədalətli qaydada bölünür. Biz hasilat sahəsində şəffaflığın maksimum səviyyəsinə nail olmuşuq və bu göstərici üzrə dünya miqyasında liderik. Bunu aparıcı beynəlxalq təşkilatlar da etiraf etmişdir. Keçən il Birləşmiş Millətlər Təşkilatı neft gəlirlərinin və xərclənməsində şəffaflığın yüksək səviyyəsinə görə Azərbaycanı mükafatlandırmışdır.

Biz boru kəməri siyasətini və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasının şaxələndirilməsini uğurla həyata keçirmişik. Hazırda nefti üç istiqamətdə nəql edirik, bunlardan ikisi Qara dəniz hövzəsi, biri Aralıq dənizi hövzəsidir. Biz yeni enerji dəhlizlərinin yaradılması məsələsində öz tərəfdaşlarımızla, o cümlədən Ukrayna ilə fəal əməkdaşlıq edirik. Sizə məlum olduğu kimi, sabah Kiyevdə energetika məsələlərinə həsr edilmiş sammit açılacaqdır. Həmin sammitdə müzakirə ediləcək məsələlərdən biri Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri layihəsinin həyata keçirilməsi məsələsi olacaqdır. Azərbaycan lap əvvəldən bu layihəni siyasi cəhətdən dəstəklədiyini bildirmişdir və indi də bu fikirdədir. Bizim neft şirkətimiz həmin layihəni həyata keçirən "Sarmatiya" şirkətinin səhmdarlarından biridir və ümid edirik ki, enerji sammitinin nəticələri həm bu layihənin həyata keçirilməsi yolunda, həm də bütövlükdə, Xəzər dənizini Qara dəniz və Baltik dənizi ilə birləşdirən etibarlı enerji dəhlizi yaradılmasında irəliyə doğru daha bir addım olacaqdır.

Biz Xəzər hövzəsində yataqlarımızın işlənilməsinə xarici şirkətləri dəvət etmiş ilk ölkə olmuşuq. Bu gün Azərbaycan nefti dünyanın bütün guşələrinə, bütün qitələrə nəql edilir. Biz qarşımızda duran əsas strateji məsələləri uğurla həll etmişik və indi gələcəyə baxırıq.

Enerji resurslarımızla regional əməkdaşlıq, regionumuzda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi işinə daha çox töhfə vermək üçün nə edə biləcəyimiz barədə fikirləşirik. Biz gələcəkdə də bu istiqamətdə səylərimizi artırmaq və qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirməyə çalışmaq əzmindəyik.

Bu yaxınlarda Azərbaycan qaz hasil edən və dünya bazarına qaz göndərən ölkəyə çevrilmişdir. Əvvəllər bu, belə deyildi. Lakin qazla bağlı ən mühüm layihələri uğurla həyata keçirən Azərbaycan artıq indi Avropa İttifaqı bazarlarına qaz nəql edir. Gələcəkdə isə, bildiyiniz kimi, enerji təhlükəsizliyi məsələləri beynəlxalq münasibətlərin gündəliyində üstünlük təşkil edəcəkdir. Artıq bu gün enerji təhlükəsizliyi məsələlərinə ölkənin milli təhlükəsizliyi kontekstində yanaşırlar. İndiki halda Xəzərin və ilk növbədə, Azərbaycanın enerji resursları bu məsələdə artıq müsbət rol oynayır. Biz öz enerji ehtiyatlarımızdan regionda etimadın möhkəmlənməsi, regional əməkdaşlığın möhkəmlənməsi üçün istifadə edirik. Enerji ehtiyatlarından bizim dostlarımız və tərəfdaşlarımız arasında, strateji münasibətlərə malik olduğumuz ölkələr arasında dostluğu möhkəmlətmək üçün istifadə edirik.

Beləliklə, dünya enerji bazarı üçün, qlobal təhlükəsizlik məsələləri üçün Azərbaycanın dünya siyasətində rolu və yeri möhkəmlənir. Bu, əlbəttə, bizə yeni imkanlar verir, lakin həm də bizim üzərimizə əlavə məsuliyyət qoyur. Hazırda dünyada hər şey - istehlakçıların enerji təhlükəsizliyi məsələləri də, resursların satışından alınan səmərənin hasilatçılar üçün faydası məsələləri də bir-biri ilə qarşılıqlı surətdə bağlıdır. Bunlar vəhdət halında maraqların tarazlığını formalaşdırmalıdır. Biz belə tarazlığın tərəfdarıyıq və bu proseslərin müsbət məcrada getməsi üçün, enerji resurslarının mübahisə və münaqişə predmetinə çevrilməməsi üçün öz tərəfimizdən nə lazımdırsa, edəcəyik. Bu gün bu məqsədə nail olmuşuq, belə ki, həmişə etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etmişik.

ölkəmizdə müxtəlif sahələrdə görülən işlər barədə çox danışa bilərəm. Artıq qeyd etdiyim kimi, bütün sahələr üzrə konkret proqramlar həyata keçirilir. Bizim xeyli maliyyə ehtiyatlarımız yaranmışdır və çoxsaylı sosial proqramlar həyata keçiririk. Sadəcə olaraq, vaxtın məhdudluğu üzündən yalnız bizi narahat edən əsas məqamlar üzərində dayanmalı olacağam.

Bizim uğurlarımızla, gələcəyə böyük nikbinliklə baxmağımızla yanaşı, regionda sabitliyin pozulması, qarşıdurma təhlükələri də mövcuddur. Əslində, onlar həmişə olmuşdur və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi kontekstində görürük ki, bu proses dondurulmuş hesab edilə bilməz. Məsələ həll edilməmiş qaldıqda, münaqişənin daim yenidən alovlanması qorxusu var.

Azərbaycanın bu məsələyə münasibətdə mövqeyi birmənalıdır və bu mövqe beynəlxalq hüququn prinsip və normalarına əsaslanır, yəni Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətindən zərərçəkmiş bir milyon azərbaycanlı özlərinin daimi yaşayış yerlərinə qayıtmalıdır, Azərbaycanın ərazilərinin işğalına son qoyulmalıdır və yalnız o vaxt regionda sülh bərpa olunacaqdır. Bizim mövqeyimiz istər tarixi baxımdan, istərsə də hüquqi, siyasi, iqtisadi baxımdan, qüvvələr balansı, - o cümlədən hərbi sahədə, - baxımından möhkəmdir.

Dağlıq Qarabağın ərazisində tarixən həmişə Azərbaycan xalqının nümayəndələri yaşamışdır. 1828-ci ildə həmin əraziyə erməni xalqının nümayəndələri köçürülmüş, sonradan onlar orada çoxluq təşkil etmiş və bu, separatçılıq təzahürlərinin başlanmasına təkan vermişdir.

Bu gün Dağlıq Qarabağ rejimi heç kim tərəfindən tanınmamışdır. O, əslində, kriminal rejimin idarə etdiyi qanunsuz, qeyri-leqal qurumdur. Orada heç bir qanun işləmir, orada beynəlxalq monitorinq keçirilmir, orada kriminallaşma, narkotrafik, terrorizm kimi çox təhlükəli proseslər baş verir və bunların hamısı bütün qitə üçün təhlükədir. Ona görə ki, indi dünyada, xüsusən Avropada nəzarətsiz zonaların sayı o qədər də çox deyildir. Bu, bütün regionda sabitliyin pozulmasına gətirib çıxara biləcək böyük təhlükədir.

Beynəlxalq hüquq normaları baxımından BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin onlara əməl olunmur. Bu yaxınlarda BMT-nin Baş Məclisi işğalçı qüvvələrin ərazimizdən çıxarılmasını tələb edən yeni qətnamə qəbul etmişdir. Biz Ukraynaya çox minnətdarıq ki, o, BMT-də səsvermə zamanı Azərbaycanı dəstəklədi, əslində, ədaləti dəstəklədi və beynəlxalq hüquq normalarının bərqərar olmasına tərəfdar çıxdı.

Mən bu məsələnin siyasi tərəfi barədə danışanda qeyd etməliyəm ki, bu gün, heç şübhəsiz, regional əməkdaşlıq, qlobal enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın əhəmiyyəti və rolu artır. Azərbaycanın iqtisadi potensialı çox sürətlə artır və indi bizim iqtisadiyyatımız hələ də beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmək istəməyən həmin ölkənin iqtisadiyyatından, demək olar ki, 7 dəfə artıqdır. Münaqişənin həlli bizim üçün bir nömrəli problem və ölkəmizin qarşısında duran ən ciddi problemdir. Bu, bizim yeganə problemimizdir, çünki iqtisadi islahatlar, siyasi islahatlar, sosial proqramlar  - bütün bunlar ona doğru aparır ki, biz Azərbaycanın, sözün tam mənasında, inkişaf etmiş dövlətə çevrilməsinə nail olacağıq.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bütün regionun təhlükəsizliyi üçün təhdiddir. Bir daha demək istəyirəm ki, bizi dəstəklədiyinə görə qardaş Ukraynaya minnətdarıq və gələcəkdə də diplomatik və siyasi səylərimizi artırmağa çalışacağıq və əlbəttə, müdafiə qabiliyyətinin artırılmasını da unutmayacağıq. Son vaxtlar bu istiqamətdə az iş görülməmişdir. Qısaca onu deyə bilərəm ki, hazırda Azərbaycanın müdafiə xərcləri təxminən iki milyard dollara bərabərdir, bu isə Ermənistanın illik büdcəsi ilə müqayisə edilə bilər.

Vaxtın məhdud olması ilə əlaqədar mən öz çıxışımı tamamlamağa məcburam. Bir daha demək istəyirəm ki, bu gündən etibarən Kiyev Milli Universitetinin fəxri doktoru adını daşımaq mənim üçün böyük şərəfdir. Mən gələcək fəaliyyətimdə çalışacağam ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlər daim inkişaf etsin, yeni formalarla, yeni layihələrlə zənginləşsin. Bizim ölkələrimizin xalqları arasında tarixən yaxınlıq vardır. Bu gün bir-birimizə strateji tərəfdaşlar kimi baxdıqda, təbii ki, ölkələrimiz arasında münasibətlərin keyfiyyəti tamam başqadır. Əminəm ki, gələcəkdə biz bütün sahələri - təkcə energetikanı deyil, iqtisadiyyat, nəqliyyat sahələrini, humanitar əməkdaşlığı və sairi də əhatə edən bütün planları və layihələri reallaşdıracağıq. Onda, təbii ki, ölkələrimizin potensialı xeyli artacaqdır. Biz artıq indi görürük ki, möhkəm siyasi əlaqələr keçən il əmtəə dövriyyəsinin 40 faizdən çox artmasına gətirib çıxarmışdır. Bu, yalnız başlanğıcdır. Biz öz ölkələrimizin - müstəqil Ukraynanın və müstəqil Azərbaycanın, müstəqil siyasət yeridən ölkələrin inkişafının keyfiyyətcə yeni mərhələsindəyik. Xalqlarımız əsrlər boyu öz taleyimizi özümüzün müəyyənləşdirəcəyi günün həsrətini çəkmişdir. Bizim nəslin xoşbəxtliyi ondadır ki, həmin günü gördük və ən başlıcası, bu müstəqilliyi möhkəmlətmək və gələcək nəsillərimiz üçün qoruyub saxlamaq imkanımız vardır.

Universitetin Elmi Şurasına, mənə bu fəxri adın verilməsi barədə qərar qəbul edənlərin hamısına təşəkkür etmək, qardaş Ukrayna xalqına öz dərin hörmət və məhəbbətimi ifadə etmək, sizin bütün planlarınızın həyata keçməsini və gələcəkdə Ukraynaya bütün işlərində böyük uğurlar diləmək istəyirəm.

Sağ olun.

***

Universitetin rektoru vəzifəsini icra edən akademik Leonid Quberski Azərbaycan dövlətinin başçısını Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi münasibətilə bir daha səmimi təbrik etdi, ona cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, xoşbəxtlik və tərəqqi arzuladı.

***

Mərasimdən sonra Prezident İLHAM ƏLİYEV universitetdə təhsil alan azərbaycanlı tələbələrlə söhbət etdi:

- Mən sizin hamınızı salamlayıram. Şadam ki, Azərbaycanın gəncləri burada oxuyurlar. Bu universitetin dünyanın aparıcı ali məktəblərindən biri olduğunu qeyd etdim, çox şadam ki, Azərbaycanın Ukraynada oxuyan tələbələrinin sayı artır. Siz gərək təhsili bitirəndən sonra Vətənə qayıdasınız. Xüsusilə indi Azərbaycanda işlər çoxdur. Sizin kimi gənc mütəxəssislər istənilən sahədə çox lazımdır. Azərbaycan inkişaf edir. Bilirsiniz ki, xaricdə tələbələrin təhsil alması ilə bağlı proqram da hazırlanıbdır. Amma mən artıq bu gün təsəvvür edirəm ki, təhsil yaxşı olacaq və siz yaxşı biliklərlə Vətənə qayıdacaqsınız. Ukrayna dilini də bilirsiniz?

TƏLƏBƏ: - Bəli, cənab Prezident, Ukrayna dilində təhsil alırıq!

İLHAM ƏLİYEV: - Ukrayna dilində oxuyursunuz? Ukrayna bizim üçün dost ölkədir. Mən bu gün də dedim, bu dostluğu möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edəcəyəm. Siz isə, necə deyərlər, təbii olaraq, Ukraynada Azərbaycanın səfirlərisiniz. Siz gələcəkdə də, yəqin ki, öz işinizdə Ukrayna ilə bağlı olacaqsınız. Bir halda ki, Ukrayna dilini bilirsiniz, bu, bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Mən qeyd etdim, bu universiteti bitirmiş insanlar Azərbaycanda müxtəlif sahələrdə və məsul vəzifələrdə çalışırlar. Sizə də uğurlar arzulayıram. Yaxşı bilik sahibi olmalısınız ki, Azərbaycanda yaxşı yer tuta biləsiniz. Bu gün, doğrudan da, ölkəmizə istənilən sahədə yaxşı mütəxəssislər lazımdır. Sizə uğurlar arzulayıram.

***

Tələbələr gənclər üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına təşəkkür etdilər, Azərbaycanı başqa ölkələrdə həmişə ləyaqətlə təmsil etməyə çalışacaqlarını vurğuladılar.

Prezident İlham Əliyev tələbələrlə xatirə şəkli çəkdirdi.

AzərTAc