2009-2010-cu tədris ilində ölkəmizin hər yerində
olduğu kimi, Lənkəranda da təhsil sahəsində
mühüm işlər görülmüş, bir çox diqqətçəkən
uğurlar qazanılmışdır. İlk növbədə
təlim-tərbiyə müəssisələrinin maddi-tədris
bazasının möhkəmləndirilməsi diqqət mərkəzində
saxlanılır. Çünki təlim-tərbiyə sahəsində yüksək
nailiyyətlər qazanılması tədrisin maddi
bazasından çox asılıdır. Son illər Lənkəranda
yeni məktəblərin tikintisi və əsaslı təmiri
sahəsində uğurlu addımlar atılmışdır. 2003-cü
ilədək Lənkəranda birtipli layihə əsasında 24
məktəb binası tikilmişdirsə, 2003-cü ildən bəri
isə 23 məktəb tikilmiş, O.Mirzəyev adına şəhər
qarışıq tipli uşaq evi və şəhər 5 nömrəli orta
məktəb müasir standartlar səviyyəsində təmir
olunmuş, yeni inventar və avadanlıqlarla,
kompüterlərlə təmin edilmişdir.
Bu il V.Əliyev adına şəhər 4 nömrəli orta məktəb
dövlət vəsaiti hesabına yüksək səviyyədə təmir
olunmuş və sentyabrın 15-də məktəblilərin
istifadəsinə verilmişdir. Eyni zamanda yay
dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı Tofiq İbrahimovun qayğısı, yerli icra və
bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin
və ayrı-ayrı iş adamlarının köməyi ilə rayonun
bütün ümumtəhsil məktəbləri, habelə
məktəbəqədər və məktəbdənkənar tərbiyə
müəssisələri təmir edilmişdir.
Son illər məktəblərin latın qrafikalı əlifba
ilə çap olunan bədii-elmi ədəbiyyatla, habelə
pulsuz dərsliklərlə təminatı sahəsində də xeyli
iş görülmüş, məktəb kitabxanaları Azərbaycan və
dünya ədəbiyyatının ən gözəl nümunələri ilə
təmin edilmişdir. Yeni dərs ili ərəfəsində 50670
nüsxə dərslik gətirilərək məktəblərə
çatdırılmışdır. Həmçinin ehtiyaca görə
məktəblərə xeyli bərk və yumşaq inventar, tədris
avadanlığı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamından irəli gələn vəzifələrin icrası
nəticəsində rayonun ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı sahəsində zəruri addımlar atılmiş,
nəticədə kompüterlərin sayı 847-yə
çatdırılmışdır, hazırda hər 29 şagirdə 1
kompüter düşür.
Azərbaycan tarixi, kimya, biologiya və fizika
fənləri üzrə elektron dərs vəsaitləri, metodik
vəsaitlər, test kitabçaları, tədris sistemləri,
onlardan istifadə qaydaları alınaraq məktəblərə
paylanmışdır. Görülmüş ən mühüm işlərdən biri də
Lənkəran məktəblərinin xəritələşdirilməsi, kadr
resurslarının idarə olunması, elektron sənəd
arxivi və şagirdlər haqqında məlumat bazasının
yaradılmasıdır.
Hazırda təhsil şöbəsinin rəsmi veb səhifəsinin
hazırlanması istiqamətində iş aparılır. Eyni
zamanda Təhsil Nazirliyi ilə "Mədəd" Humanitar
Təşkilatı İctimai Birliyi arasında bağlanmış
müqaviləyə əsasən Lənkəranda İKT-nin təhsil
sisteminə tətbiqi, müəllimlərin kompüter
texnologiyalarına yiyələnməsini təmin etmək
məqsədilə keçirilmiş treninqlərdə 190 nəfər
təhsil işçisi iştirak etmişdir. Rayon
müəllimləri arasında aparılan izahat işlərinin
nəticəsində "Xalq kompüteri" layihəsi
çərçivəsində 225 nəfər müəllim faizsiz və
güzəştli kredit hesabına fərdi kompüter almışdır
ki, bu da pedaqoji kadrların kompüter
texnologiyalarına yiyələnməsinə və tədris
prosesində ondan istifadəyə böyük köməkdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
87-ci ildönümü münasibəti ilə keçirilmiş bilik
yarışları məktəblilərin fəallığına və böyük
marağına səbəb olmuşdur. Bu yarışlarda şəhər 10
nömrəli orta məktəbin komandası I, Xanbulan kənd
orta məktəbinin komandası II yeri tutmuş, fəxri
fərman və qiymətli hədiyyələrlə təltif
olunmuşdur. 2009-cu ilin sentyabrında Amerika
Beynəlxalq Təhsil Şurasının Təhsil Nazirliyi
ilə birlikdə həyata keçirdiyi FLEX proqramı
çərçivəsində 2010-2011-ci tədris ilində ABŞ-ın
orta məktəblərində 1 il müddətinə təhsil almaq
məqsədilə Lənkəran şəhərində keçirilmiş
müsabiqədə şəhər 4 nömrəli orta məktəbin XI
sinif şagirdi Nərmin İsmayılova və şəhər 7
nömrəli orta məktəbin XI sinif şagirdi Elza
Əhmədova qalib gələrək ABŞ-da təhsil almaq
hüququ qazanmışlar.
Xəzər Universitetinin 2010-cu ilin aprelində
Lənkəran şəhərində keçirdiyi olimpiadada şəhər
10 nömrəli orta məktəbin XI sinif şagirdi Əli
Babazadə I yeri, Əsəd Qurbanzadə II yeri
tutmuşlar. Daha 12 şagird həmin olimpiadanın
nəticələrinə görə diplom və hədiyyələrlə təltif
olunmuşdur.
Şürük kənd orta məktəbinin şagirdi Rahid
Həbibzadə boks üzrə Avropa çempionatında III
yeri, Xarici Dillər Təmayüllü Gimnaziyanın
şagirdi Rüstəm İnamzadə 12 yaşlılar arasında
ağır atletika üzrə IV açıq zirvə kuboku uğrunda
yarışlarda I yeri, Nərimanabad qəsəbə orta
məktəbinin şagirdi Fidan Səmədzadə boks üzrə
respublika çempionatında I yeri, Liman şəhər 1
nömrəli orta məktəbin XI sinif şagirdi Ramal
Yusifli boks üzrə respublika çempionatında I
yeri tutmuşlar.
"Çiçəklən doğma Azərbaycan!" mövzusunda rəsm
müsabiqəsinin respublika mərhələsində uğurla
iştirak etdiklərinə görə şəhər 7 nömrəli orta
məktəbin şagirdi Aysel Əhmədova, şəhər 4 nömrəli
orta məktəbin şagirdləri Məzahir Hüseynzadə və
Aydan Mirzəzadə, şəhər 10 nömrəli orta məktəbin
şagirdi Lalə Məmmədzadə diplom və qiymətli
hədiyyələrlə mükafatlandırılmışlar. Azərpoçt MMC
və Təhsil Nazirliyinin Ümumdünya Poçt
İttifaqının xətti ilə keçirilən III beynəlxalq
epistolyar inşa müsabiqəsində Girdəni kənd orta
məktəbinin XI sinif şagirdi Xədicə Ağazadə
dördüncü yeri tutmuş, pul mükafatına və fəxri
fərmana layiq görülmüşdür.
"Xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq potensialının inkişafı
üzrə Dövlət Proqramı(2006-2010-cu illər)"nın
müddəalarını rəhbər tutaraq istedadlı şagirdlər
üçün səmərəli və keyfiyyətli təhsil şəraiti
yaratmaq və onların davamlı inkişafını təmin
etmək məqsədilə Təhsil Nazirliyinin əmri ilə
respublikanın ayrı-ayrı bölgələrində, o
cümlədən Lənkəran şəhərində 2010-2011-ci tədris
ilindən xüsusi istedadı ilə fərqlənən şagirdlər
üçün şəhər 6 nömrəli orta məktəbdə 1 (bir) V
sinfin açılması təmin edilmişdir.
Ötən tədris ilində də yüksək səviyyədə
keçirilmiş olimpiadanın şəhər turunun birinci
mərhələsində 1012 şagird iştirak etmiş,
ayrı-ayrı fənlər üzrə 41 nəfər I yeri tutmuş,
respublika turunda iştirak etmiş 16 nəfərdən
şəhər 3 nömrəli orta məktəbin XI sinif şagirdi
İlhamə Abdullazadə IV yerə layiq görüşmüş və
diplomla təltif olunmuşdur.
Məlumdur ki, artıq respublikanın bütün
ümumtəhsil məktəblərinin IX və XI siniflərində
buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada
test üsulu ilə aparılır. 12 iyun 2010-cu il
tarixində IX siniflərdə 8 imtahan mərkəzində
buraxılış imtahanı keçirilmişdir. İmtahana
buraxılmış 2855 nəfərdən 2733-ü imtahanda
iştirak etmiş, onlardan 2415 nəfəri müvəffəq
qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət faizi
88,68 olmuşdur. 11 iyun 2010-cu il tarixində XI
siniflərdə 8 imtahan mərkəzində buraxılış
imtahanı keçirilmişdir. İmtahana buraxılmış 2275
nəfərdən 2150 nəfəri imtahanda iştirak etmiş,
onlardan 1600-ü müvəffəq qiymət almışdır. Rayon
üzrə müvəffəqiyyət faizi 74,4 olmuşdur. Bu da
keçən illə müqayisədə 5 faiz çoxdur.
Keçən tədris ilində məktəblərimizi bitirən 1600
məzundan 984 nəfəri ali məktəblərə qəbul olunmaq
üçün sənəd təqdim etmişdir. Onlardan 331 nəfəri,
əvvəlki illərin məzunları ilə birlikdə 361
nəfəri tələbə adına layiq görülmüşdür. Ali
məktəblərə qəbul olunanlardan 15 nəfəri 600-dən
yuxarı (keçən ildəkindən 4 nəfər çox), 45 nəfəri
500-dən yuxarı bal toplamışdır (keçən
ildəkindən 2 nəfər çox).
Şəhər 2 nömrəli orta məktəbin məzunu Əzizağa
Mikayılzadə 690 balla Tibb Universitetinin
müalicə işi fakültəsinə, Türk liseyinin məzunu
Urfan Cabbarlı 685 balla Qafqaz Universitetinin
kompüter mühəndisliyi fakültəsinə, şəhər 10
nömrəli orta məktəbin məzunu Əli Babazadə 680
balla Dövlət İdarəçilik Akademiyasının menecment
fakültəsinə, şəhər 4 nömrəli orta məktəbin
məzunu Çinarə Rəsulzadə 657 balla Tibb
Universitetinin müalicə işi fakültəsinə, şəhər 3
nömrəli orta məktəbin məzunu İlhamə Abdullazadə
645 balla Tibb Universitetinin müalicə işi
fakültəsinə, Türk liseyinin məzunu Rəşadət
İsmayılzadə 645 balla Qafqaz Universitetinin
kompüter mühəndisliyi fakültəsinə və s. daxil
olmuşlar.
Ümumi orta təhsilin həyata keçirilməsində
məktəbdənkənar tərbiyə müəssisələrinin rolu da
danılmazdır. Hazırda təhsil şöbəsinin
tabeliyində 6 məktəbdənkənar tərbiyə müəssisəsi
fəaliyyət göstərir. Bu müəssisələrdə 354 qrupda
4772 nəfər şagird məşğul olur. Ötən tədris
ilində məktəbdənkənar tərbiyə müəssisələrinin
uğurları da xeyli artmışdır. Şahmat məktəbinin
yetirməsi Cavidan Babazadə şahmat üzrə
Yunanıstanda keçirilən Avropa çempionatında III
yeri, iyun ayında Bolqarıstanın Varna şəhərində
keçirilən I açıq çempionatda II yeri, şahmat
məktəbinin yetirməsi Murad Rzayev respublika
çempionatında III yeri, cari ilin fevral ayında
keçirilmiş yunan - Roma güləşi üzrə respublika
birinciliyində şəhər UGİM-in yetirməsi Şadman
Hüseynzadə II yeri, aprel ayında ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr olunmuş məktəblilərin respublika
turnirində UGİM-in komandası futbol üzrə I yeri,
UGİM-in yetirməsi Mehti Məhərrəmzadə II
Respublika birinciliyində yunan - Roma güləşi
üzrə II yeri, "Sevinc" kuboku üzrə respublika
birinciliyində şəhər UGİM-in komandası III
yeri, avqust ayında Gürcüstanda keçirilmiş
futbol üzrə beynəlxalq turnirdə IV yeri
tutmuşdur. Azərbaycan Respublikası İnsan
hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə
"Bizim hüquqlarımız" mövzusunda Bakı şəhərində
keçirilən rəsm müsabiqəsində Şəhər Uşaq
Yaradıcılıq Mərkəzinin yetirmələri Bilal
Qənbərli I, Qüdrət Qənbərli II, Rövşən Səfərli
III yeri tutmuşlar.
Lənkəranın pedaqoji ictimaiyyəti bundan sonra da
gənc nəslin təlim - tərbiyəsi işini yüksək
səviyyədə qurmaq, təhsil sahəsində islahatları
uğurla həyata keçirmək, təhsil nailiyyətlərini
daha da artırmaq üçün fədakarlıqla çalışır.
"Azərbaycan müəllimi" |