Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

SABAH qrupları haqqında nə bilirik?

 

Yusif ƏLİYEV,   "Azərbaycan müəllimi"        

Böyütmək üçün şəkili seçinAzərbaycanın ali təhsil tarixində ilk dəfə tətbiq olunan SABAH qrupları layihəsində məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Ali məktəb kollektivləri, müəllim və tələbələr tərəfindən də yüksək rəğbətlə qarşılanan bu layihə çərçivəsində artıq 688 tələbə seçilərək SABAH qruplarına daxil edilmiş və cari dərs ilindən tədrisə başlamışdır.  Lakin layihənin tətbiqi yönündə görülən işlər barədə KİV vasitəsi ilə ictimaiyyətə vaxtaşırı məlumatların verilməsinə baxmayaraq hələ də bir çox insanlar bu qruplar haqqında kifayət qədər məlumata malik deyil. Bunu nəzərə alıb SABAH qrupları haqqında hazırladığımız materialı təqdim edirik. 

SABAH qruplarının tarixi 

SABAH qruplarının yaradılması ideyası Azərbaycan Respublikasının təhsil naziri, son bir ildə Azərbaycanın təhsilində tətbiq olunan bir sıra yeniliklərin təşəbbüsçüsü Mikayıl Cabbarova məxsusdur. Nazir bu təşəbbüs barədə fikirlərini ilk dəfə ötən ilin payızında keçirilmiş mötəbər tədbirlərin birində səsləndirib. Azərbaycan müəllimlərinin XIV qurultayındakı geniş məruzəsində isə nazir növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə SABAH qruplarının təşkili üçün seçim aparılmasının nəzərdə tutulduğunu təhsilin bütün pillələri üzrə nümayəndələrin iştirak etdiyi qurultayın mötəbər tribunasından bir daha bəyan edib və bundan sonra yeni layihənin tətbiqi yönündə işlərə start verilib. Bu il fevralın 13-də "Hyatt Regency" otelində Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq SABAH qruplarının rəsmi təqdimatı olub.

Sonra SABAH qruplarına tələbələrin qəbulu qaydaları işlənib hazırlanıb və təsdiq olunub. Bu ilin may ayında ölkənin bir sıra ali təhsil müəssisələrində (ADİU, AMİU, ATU, ADPU, GDU, NDU və s.) SABAH qruplarının təqdimatları keçirilərək həmin ali məktəblərin müəllim və tələbələri yeni layihənin mahiyyəti ilə bağlı məlumatlandırılıb. 

SABAH - savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin təhsil aldığı qrupdur 

SABAH abreviaturasının açılışı savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Bu qruplar məhz bu keyfiyyətlərə malik tələbələrdən formalaşdırılır. Mahiyyət etibarı ilə SABAH qrupları ali təhsil məkanında, ali təhsil müəssisələrində keyfiyyət, tədris, münasibət islahatının rüşeymidir. SABAH-ın əsas məramı ondan ibarətdir ki, yaxın gələcəkdə bütün ali təhsil müəssisələri bu səviyyəyə çatsın.

SABAH qruplarının yaradılması ideyasının əsasında ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizə lazım olan yüksək ixtisaslı mütəxəssislərin xaricdə deyil, məhz ölkəmizin ali məktəblərində hazırlanması durur.

SABAH qrupları fərqli mühit, fərqli münasibət, fərqli tədris deməkdir. Fərqli mühit dedikdə tələbəni diqqət mərkəzinə qoyan, ali təhsil müəssisəsi - tələbə, tələbə-tələbə, ali təhsil müəssisəsi - müəllim, müəllim-tələbə münasibətləri fərqli olan  bir mühit nəzərdə tutulur.

SABAH qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. Bu qrupa qəbul olan tələbə oxuduğu ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu ali təhsil müəssisəsinə köçürülür. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyir. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı tələbələr və müəllimlər vahid məkana gətirilir.

SABAH qrupları burada təhsil alan tələbələrə fərqli gələcək, əmək bazarında daha tez və asan iş tapmaq perspektivi vəd edir.  SABAH qrupları nəticə etibarı ilə həm də dövlətin təhsilə, gənclərə qayğısı deməkdir. Bu baxımdan SABAH qruplarının yaradılması ali təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində atılmış əhəmiyyətli addım kimi qiymətləndirilir.

 Bu qruplarda 688 tələbə təhsil alır 

Hazırda SABAH qruplarında 7 ali təhsil müəssisəsi üzrə 688 tələbə təhsil alır. Bu ali məktəblər Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetidir.

688 tələbənin böyük əksəriyyəti - təxminən 560 nəfəri üç ali məktəbdə (Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad universitetlərində və Neft Akademiyasında) təhsilə cəlb olunub. Qalan tələbələr isə dörd ali məktəbin (Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Texniki Universitetinin) payına düşür.

Tələbələrin ali təhsil müəssisələri üzrə bölgüsü isə təxminən belədir: Bakı Dövlət Universiteti - 230 nəfər, Azərbaycan Dövlət İqtisad Universiteti - 224 nəfər, Azərbaycan Dövlət Neft Akademiyası 106 nəfər, Azərbaycan Dillər Universiteti - 50 nəfərdən çox və s.

Bu il SABAH qruplarına qəbul üçün  53 ixtisas üzrə elan verilməsinə baxmayaraq, bu ixtisaslar üzrə  ərizə verən və müsabiqədən keçən tələbələrin heç də hamısını SABAH qruplarına daxil etmək mümkün olmayıb.  Belə ki, qruplar formalaşdırılarkən Nazirlər Kabinetinin ali məktəblərdə qrupların formalaşdırılması ilə bağlı göstərişi nəzərə alınıb. Məlum olduğu kimi, bu göstərişə əsasən ali təhsil müəssisələrində qruplar minimum 15, maksimum 30 tələbədən ibarət olmaqla formalaşdırılır. Bu baxımdan eyni ixtisas üzrə bu göstəricidən çox tələbə sayı olan ixtisaslardan qruplar formalaşdırılıb, daha az - 5-6 nəfər tələbə sayı olan bəzi ixtisaslar üzrə isə qruplar formalaşdırmaq mümkün olmadığından onlardan imtina edilib.

Tədris dili ilə bağlı da vəziyyət, təxminən, bu cür olub. Müsabiqədə ali təhsil müəssisələrinin Azərbaycan, rus və ingilis dili bölmələrində təhsil alan tələbələrinin iştirak etməsinə və seçilməsinə baxmayaraq, tələbə sayı azlığından rus və ingilis dili bölmələri üzrə qruplar yaradılması mümkün olmayıb. Bu dillərdə təhsil alan tələbələrə təhsillərini Azərbaycan bölməsində davam etdirmək təklif olunub. Razılaşanlar müvafiq ərizələr alınmaqla uyğun ixtisaslar üzrə Azərbaycan bölməsi qruplarına daxil edilib.

Nəticə etibarı ilə indi ali təhsil müəssisələrində yalnız Azərbaycan bölməsi üzrə qruplar fəaliyyət göstərir. 

Tələbələrin seçimi xüsusi qaydalar əsasında aparılır 

SABAH qruplarına tələbələrin qəbulu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş xüsusi qaydalar əsasında aparılır. Bu qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə,  elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

Müsabiqənin I mərhələsi tələbələrin elektron qaydada Təhsil Nazirliyinin saytında yerləşdirilmiş qeydiyyat forması əsasında qeydiyyata alınması və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, II mərhələsi xarici dil və məntiq üzrə hər biri 25 sual olmaqla 50 sualdan ibarət test imtahanının keçirilməsi, III - sonuncu mərhələsi isə test imtahanından uğurla keçən tələbələrlə müsahibənin aparılmasını əhatə edir.

Müsabiqənin yekun nəticələrinə əsasən tələbələr SABAH qruplarına qəbul edilir. Qəbul olunmuş tələbələr müəyyənləşdirildikdən sonra onların siyahısı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunur və müvafiq siyahılar baza ali təhsil müəssisələrinə göndərilir.

Məlumat üçün bildirək ki, SABAH qruplarına builki seçim proseduru da  bu qaydalar çərçivəsində təşkil olunub. Belə ki, SABAH qruplarına daxil olmaq üçün mayın 12-dən iyunun 15-dək ərizə qəbulu aparılıb. Bu müddət ərzində seçimin aparılacağı təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisas qruplarına daxil olan 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib.

İyulun 6-da Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət İqtisad və Naxçıvan Dövlət universitetlərində SABAH qruplarına qəbul imtahanları keçirilib. İmtahanlarda 1154 nəfər namizəd iştirak edib.

İyulun 17-dən başlayaraq isə üç gün ərzində SABAH qruplarına daxil olmaq istəyən namizədlərlə müsahibə aparılıb. Müsahibə mərhələsinə II mərhələnin yekunlarına əsasən yetərli bal toplayan 24 ixtisas üzrə 750-yə yaxın tələbə buraxılıb.

Sonda tələbələrin akademik göstəriciləri, test imtahanından topladığı ballar, müsahibənin nəticələri təhlil olduqdan sonra SABAH qruplarının tərkibi müəyyənləşdirilib və deyildiyi kimi 688 tələbə bu qruplarda təhsil almaq hüququ qazanıb. 

SABAH qruplarında seçilmiş müəllimlər tədris aparır 

SABAH qruplarında dərs demək üçün ali təhsil müəssisələrində işləyən professor-müəllim heyətindən  müəllimlər də seçim yolu ilə müəyyənləşdirilib. Müəllimlərin seçilməsi üçün Təhsil Nazirliyində 5 ixtisas qrupu üzrə komissiyalar yaradılıb. Həmin komissiyaların tərkibinə təkcə Təhsil Nazirliyindən deyil, ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, sənayedən nümayəndələr, müvafiq sahələr üzrə öz sözünü demiş nüfuzlu peşəkar müəllimlər, şirkət rəhbərləri daxil edilib.

Müsahibədə iştirak edən müəllimlərin siyahısı tutulub, onlara yekun qiymət verilib və həmin qiymət əsasında da onlara SABAH qruplarında öz ixtisasları üzrə dərs demək təklif olunub.

Seçim zamanı müəllimin tədris təcrübəsi, tədris etdiyi fənn üzrə mövcud ədəbiyyatla tanışlığı, müasir tədris metodikalarından və texnologiyalarından istifadə edib-etməməsi, ümumi dünyagörüşü, xarici dil bilməsi, auditoriyanı diqqət mərkəzində saxlamaq üçün hansı üsullardan istifadə etməsi və s. kimi məsələlərə diqqət yetirilib və ən qabaqcıl müsbət nəticələrə malik olan müəllimlər seçilib.

 Bu qruplarda tədris necə təşkil olunur? 

SABAH qruplarında tədris xüsusi proqramlar əsasında aparılır. Burada tədrisin əsasını təşkil edən ali təhsil müəssisəsi - tələbə, tələbə-tələbə, tələbə-müəllim münasibətləri adi qruplardakından fərqlənir və qarşılıqlı səmimiyyət, hörmət, işgüzarlıq, birgə fəaliyyət və s. kimi prinsiplər əsasında qurulur.  Bu qruplarda tədrisin ən böyük fərqi isə xarici dilin - ingilis dilinin daha intensiv tədris olunmasıdır. Belə ki, bu qruplarda həftədə 6 saat olmaqla ildə 180 saat ingilis dilinin tədrisi nəzərdə tutulub.

İngilis dilinin tədrisində yeni yanaşmalardan istifadə olunur. Bu qruplarda dərs demək üçün seçilmiş müəllimlərlə yanaşı ingilis dilinin tədrisi, ingilis mədəniyyətinin təşviqi ilə məşğul olan, Azərbaycanda 20 illik işləmək təcrübəsinə malik British Council təşkilatının sertifikatlaşmasından keçmiş azərbaycanlı müəllimlər, dil daşıyıcıları olan, yəni ingilis dili onlar üçün ana dili olan, dünyanın bir sıra ölkələrində ingilis dilinin tədrisi sahəsində böyük təcrübə toplamış xarici mütəxəssislər dəvət olunur.

Tədrislə, akademik mühiti ilə sənaye mühitinin vəhdətini yaratmaq məqsədi ilə SABAH qrupları ilə tədris prosesinə sənayedən gələn mütəxəssislər, şirkət rəhbərləri, şirkətlərin məsul işçiləri də cəlb olunur. Onlar mühazirələr oxuyur, tələbələrlə ünsiyyət yaradırlar.

Belə şirkətlərlə ünsiyyət SABAH qruplarında oxuyan tələbələrin istehsalat təcrübəsinin təşkilində, məzunun gələcəkdə işlə təmin olunmasında yeni imkanlar əldə etməyə şərait yaradır. Eləcə də tələbələrin elmi-tədqiqat işləri ilə maraqlanmasında bu qruplar üstün mövqeyə malikdir. Məsələn, hansısa SABAH qrupunda tədris aparan professor aktual bir mövzunun araşdırılması ilə bağlı yeni bir fəaliyyət, çözüm metodları tapır və onları istehsalata tətbiq edir. Belə əməkdaşlıq nəticəsində əldə olunan yenilikləri həmin professor dərhal tədris etdiyi auditoriyada birbaşa tələbələrə çatdırır. Nəticədə sənayedən tədrisə keçid daha da yaxınlaşmış olur. 

Tələbələr bir sıra imtiyazlardan istifadə edirlər 

SABAH qruplarında təhsil alan tələbələr xüsusi imtiyazlara malikdir. Birinci imtiyaz, irəlidə qeyd etdiyimiz kimi, bu qruplarla adi qruplar arasında tədris fərqinin olması, SABAH qruplarında mühazirələri oxumaq üçün xaricdən müəllimlərin dəvət olunmasıdır. Burada ingilis dilinin intensiv proqramla öyrədilməsi də imtiyaz hesab oluna bilər.

Digər bir imtiyaz SABAH-ın tələbələrinə əlavə təqaüdlərin verilməsidir. Əlavə təqaüd SABAH qruplarına qəbul olunmuş bütün tələbələrə, istər dövlət sifarişli ixtisaslar üzrə oxuyan, istərsə də ödənişli əsaslarla təhsil alan tələbələrə ödənir. Məsələn, dövlət sifarişli ixtisas üzrə oxuyan tələbə həm öz təqaüdünü, həm də SABAH-da oxuduğu üçün əlavə təqaüd alır. Ödənişli əsasla oxuyanlar isə yalnız SABAH təqaüdü alırlar. Başqa ali təhsil müəssisəsindən gəlmiş ödənişli əsaslar üzrə təhsil alan tələbələr ikinci kursdan başlayaraq təhsil haqlarını SABAH qruplarında oxuduğu ali məktəbə köçürürlər.

SABAH qruplarında təhsilin tələbələrə verdiyi bir üstünlük də yataqxana ilə təminatdır. Belə ki, təxminən 300 tələbə yerlik, yüksək səviyyədə təmir olunmuş yataqxana onların istifadəsindədir. Yataqxanada yer ehtiyac duyan, rayon qeydiyyatında olan və qalmağa yeri olmayan tələbələrə rəsmi müraciət əsasında ayrılır. Həmin yataqxanada yaşayan tələbələrə gündə üç dəfə pulsuz yemək verilir. Orada tələbələrə mərkəzləşdirilmiş qaydada iaşə xidməti göstərilir. 

Ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələr də bu qruplarda oxuya bilərlər 

Daxil olduqları və 1 il oxuduqları dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr də SABAH qruplarına daxil ola və təhsilini bu qruplarda davam etdirə bilərlər. Bu il SABAH qruplarına qəbul olunan tələbələr arasında belələri vardır. Əslində tələbələrə qeydiyyat açıq elan olunur. Qeydiyyat üçün əsas şərt isə, irəlidə deyildiyi kimi, tələbənin daxil olduğu ali məktəbdə SABAH qrupları üçün müəyyən edilmiş ixtisas üzrə I tədris ilinin I semestrinin nəticələrinə görə 61 bal toplanmasıdır. Ona görə də müvafiq  akademik göstəricisi olan və ölkəmizdə fəaliyyət göstərən 33 ali təhsil müəssisəsində (xüsusi təyinatlılar istisna olmaqla) oxuyan tələbələr iştirak edə bilər. 

Qəbul imtahanlarının nəticələri seçimdə nəzərə alınırmı? 

SABAH qrupları müvafiq akademik göstəriciləri (I semestrin nəticələrinə görə 61 bal) olan və 3 mərhələdən ibarət müsabiqədən uğurla keçib müsbət nəticələr əldə etmiş tələbələrdən formalaşdırılır. Əgər bu prosesdə eyni nəticə göstərmiş 2 nəfər olursa, yəni onların balları və digər nəticələri eyni olursa, bu zaman tələbənin qəbul imtahanlarındakı yüksək nəticələri nəzərə alınır və seçimdə ona üstünlük verilir. Amma bu konkret halda, konkret ixtisasdan, ali məktəbdən asılı ola bilir.

SABAH qruplarına tələbələri seçdikdə ilkin olaraq onların yarımillik təhsilinin nəticələri əsas götürülür. Mövcud SABAH qruplarının tərkibi göstərir ki, bu qrupda oxuyan tələbələr arasında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanlar çoxdur. Amma elələri də var ki, qəbul imtahanlarında yüksək bal toplayıb, amma SABAH qruplarında oxumaq istəmir.

Sonda onu da qeyd edək ki, SABAH qruplarının yaradılması tələbələrə qapıları açıq edən, yüksək tədris imkanları verən, gələcəklərini təmin edən çox gözəl təşəbbüsdür. İnanırıq ki, yaxın gələcəkdə ölkəmizin  bütün  ali  təhsil  müəssisələrində  bugünkü  SABAH  qrupları  səviyyəsində  təhsilin  keyfiyyəti  təmin  ediləcək və gənclərimizin ətək-ətək pul xərcləyib  xaricdə  təhsil  almasına  ehtiyac qalmayacaqdır. 

* SABAH abreviaturasının açılışı savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Bu qruplar məhz bu keyfiyyətlərə malik tələbələrdən formalaşdırılır.

* Bu qrupa qəbul olan tələbə oxuduğu ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu ali təhsil müəssisəsinə köçürülür. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyir.

* Hazırda SABAH qruplarında 7 ali təhsil müəssisəsi üzrə 688 tələbə təhsil alır.

* İndi ali təhsil müəssisələrində yalnız Azərbaycan bölməsi üzrə qruplar fəaliyyət göstərir.

* SABAH qruplarına qəbul mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə,  elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

* SABAH qruplarında dərs deyəcək müəllimlər də xüsusi seçim qaydaları əsasında  müəyyənləşdirilir.

* SABAH qruplarında tədris xüsusi proqramlar əsasında aparılır.

* SABAH qruplarında təhsil alan tələbələr xüsusi imtiyazlara malikdir.

* SABAH qruplarında ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüd verilir.

* SABAH qruplarında təhsilin tələbələrə verdiyi bir üstünlük də yataqxana ilə təminatdır. Həmin yataqxanada yaşayan tələbələrə həm də gündə üç dəfə pulsuz yemək verilir. 


 SABAH QRUPLARINA TƏLƏBƏLƏRİN
QƏBULU QAYDALARI

ÜMUMİ MÜDDƏALAR 

1.1. "SABAH qruplarına tələbələrin qəbulu Qaydaları" (bundan sonra Qaydalar) "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar SABAH qruplarına tələbələrin seçilməsi ilə bağlı  müsabiqənin keçirilməsini tənzimləyir. 

MÜSABİQƏNİN TƏŞKİLİ 

2.1.             Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

2.2.             SABAH qruplarına müəyyən edilmiş ixtisaslar üzrə I tədris ilinin I semestrinin nəticələrinə görə orta müvəffəqiyyət göstəricisi 61 baldan aşağı olmayan tələbələr müraciət edə bilər.

2.3.             Müsabiqədə tələbələr yalnız təhsil aldığı ixtisas üzrə iştirak edə bilər.

2.4.             SABAH qruplarına tələbələrin qəbulunu həyata keçirmək üçün SABAH layihəsinin rəsmi İnternet saytında (www.sabah.edu.az) "Savadlı, BacarıqlıHazırlıqlı ("SABAH") tələbələr" bu Qaydalar, "Elektron ərizə forması", "Elektron ərizənin doldurulmasına dair təlimat" və "Şəxsi səhifə" yerləşdirilir.

2.5.             SABAH qruplarına tələbələrin qəbul prosesinin səmərəli təşkili və keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müsabiqə komissiyası və imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədilə apelyasiya komissiyası yaradılır.

2.6.             Müsabiqədə iştirak etmək üçün SABAH qruplarının rəsmi İnternet saytına (www.sabah.edu.az) daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı Təhsil Nazirliyi tərəfindən hər il müəyyənləşdirilir və elan edilir.

2.7.             Elektron ərizələrin qəbulu başa çatdıqdan 10 (on) təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər II mərhələnin test imtahanının keçirilmə vaxtı və məkanı barədə elektron formada bildiriş göndərilməklə məlumat əldə edirlər.

2.8.             Elektron ərizə əsasında müsabiqənin I mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır.

2.9.             SABAH qruplarına tələbələrin qəbulu üzrə müsabiqənin II mərhələsində test imtahanın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən "Test bankı" hazırlanır. Test imtahanı xarici dil və məntiq komponentləri üzrə aparılır.

2.10.          Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd imtahana buraxılmır.

2.11.          Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

2.12.          "Test suallarının cavablandırılmasına dair təlimat"a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə fərdi olaraq xarici dil üzrə 25 sual və məntiq üzrə 25 sual olmaqla, cəmi 50 sual təqdim edilir. Sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılır.

2.13.          Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

2.14.          Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmə nəticələri Təhsil Nazirliyinin saytında dərc edilir.

2.15.          Topladıqları ümumi bal əsasında iştirakçılar III mərhələdə iştirak etməyə dəvət olunurlar.

2.16.          Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər müsahibə üçün qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplomlar və sertifikatların surəti və şəxsiyyət vəsiqəsinin surətini) müsabiqə komissiyasına təqdim edirlər.

2.17.          Müsahibə hər bir ixtisas üzrə Təhsil Nazirliyi tərəfindən təyin olunmuş üç nəfərdən ibarət səriştəli komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin seçdiyi ixtisasa marağı, bu sahədəki bilikləri və ümumi dünyagörüşü qiymətləndirilir.

2.18.          Bütün mərhələlər üzrə yekun qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir.

2.18.1. tələbənin akademik göstəriciləri;

2.18.2. II mərhələ zamanı keçirilən test imtahanının nəticəsi;

2.18.3. tələbənin motivasiyası.

2.19.          I mərhələnin qiymətləndirilməsinə təsir edən elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizəd müsabiqədən kənarlaşdırılır.

2.20.          Müsabiqənin yekun nəticələrinə əsasən SABAH qruplarına qəbul edilən tələbələr müəyyənləşdirildikdən sonra onların siyahısı Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq olunur, Nazirliyin İnternet səhifəsində və SABAH qruplarının rəsmi saytında yerləşdirilir, müvafiq siyahılar baza ali təhsil müəssisələrinə göndərilir. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov