· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakıda yeni uşaq bağçası açıldı

 

ötən il paytaxtımızın qəsəbələrində bir-birindən yaraşıqlı, müasir standartlara cavab verən 11 məktəbəqədər tərbiyə müəssisəsi tikilib istifadəyə verilib. Onlardan biri Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən 331  nömrəli körpələr evi-uşaq bağçasıdır. Mövcud Dövlət Proqramı çərçivəsində inşa olunan tərbiyə ocağı bu ilin ilk günlərindən öz qapılarını burada tərbiyə alacaq körpə fidanların üzünə açıb.

Bağçanın ikimərtəbəli, geniş, yaraşıqlı binasında 6 qrupda 120 uşaq tərbiyə alacaq. Onların ictimai tərbiyəsi, sağlam böyüməsi və məktəb təliminə hazırlanması ilə 12 tərbiyəçi, 1 musiqi rəhbəri məşğul olacaq.

Yanvarın 14-də yeni istifadəyə verilmiş 331 nömrəli körpələr evi-uşaq bağçasında təntənəli açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, nazirliyin müvafiq qurumlarının, rayon icra hakimiyyəti və təhsil idarəsinin əməkdaşları, valideynlər, KİV nümayəndələri iştirak edirdilər. Bayramsayağı bəzədilmiş bağçaya Şaxta baba və Qar qız da körpə fidanların sevincini bölüşməyə gəlmişdilər.

Təhsil naziri Misir Mərdanov və rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov təhsil müəssisəsinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib, onun fəaliyyətinə xeyir-dua verdilər. Foyeyə daxil olan qonaqları burada uşaqların ətrafına toplaşdığı Şaxta baba və Qar qız qarşıladı. Şaxta baba qonaqları salamlayııb dəyərli yeni il hədiyyəsi üçün onlara təşəkkür etdi. Uşaqlar qonaqları şeirlərlə salamladılar.

Sonra qonaqlar bağçanın müasir avadanlıqlarla təchiz edilmiş, zövqlü tərtibat işləri aparılmış qrup otaqlarına, metodik kabinetə, camaşırxanaya, mətbəxə, musiqi zalına, tibb kabinetinə baş çəkərək uşaqların tərbiyəsi üçün yaradılmış şəraitlə tanış oldular, bağçanın tərbiyəçiləri, balaca sakinləri ilə söhbət etdilər. Qonaqları müşayiət edən bağçanın müdiri Kəmalə Feyziyeva rəhbəri olduğu müəssisə haqqında onlara məlumat verdi. Bildirdi ki, normal fəaliyyət üçün hər cür şəraitin yaradıldığı bağçanın istilik təminatı da yaxşıdır. Artıq 100 uşaq bağçaya qəbul olunub və qəsəbədə çoxdan müasir məktəbəqədər tərbiyə müəssisəsinin olmasını arzulayan valideynlər öz övladlarını buraya gətirməkdə davam edirlər. K.Feyziyeva təhsilə göstərdikləri  diqqət və qayğıya, bağçanın tikintisində köməkliyə görə ölkə başçısına, təhsil nazirinə və rayon icra hakimiyyətinin başçısına minnətdarlığını bildirdi.

Yüksək səviyyədə görülmüş inşaat, təchizat, tərtibat işlərindən məmnun qaldığını bildirən təhsil naziri Misir Mərdanov bağçanın işinə uğurlar arzulayıb onun mövcud Dövlət Proqramı çərçivəsində tikildiyini və ölkə Prezidentinin təhsil sahəsinə diqqətinin daha bir təzahürü olduğunu qeyd etdi.

Tədbirin sonunda bağçanın kollektivi və uşaqlarla xatirə şəkli çəkdirildi. 

Y.ƏLİYEV