· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi başa çatdı

 

Respublika turuna vəsiqə uğrunda

Yanvarın 13-də məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin II turu Bakı şəhəri üzrə, 7, 46 və 160 nömrəli ümumtəhsil məktəblərində təşkil olunmuşdu. Əməkdaşlarımız hər üç məktəbdə olmuş, olimpiadaları müşahidə etmişlər. Aşağıda onların qeydlərini oxuculara təqdim edirik.

 

Biz həmin gün bilik yarışını müşahidə etmək üçün Bakının 46 nömrəli məktəbində olduq. Məktəbin həyətinə xeyli sayda müəllim, şagird və valideyn toplaşmışdı. Təhsil ocağının foyesində diqqəti cəlb edən yerdə vurulmuş olimpiada cədvəlində bilik yarışlarının keçiriləcəyi otaqların nömrələri, fənlərin adı, mərtəbələr qeyd edilmişdi. Gələnləri məlumatlandırmaq, müəllim və şagirdlərə bələdçilik etmək üçün cədvəl qarşısında nəzarətçilərdən biri - Tahir Babayev növbə çəkirdi. Məktəbin direktoru, bina rəhbəri Sevinc Budaqova ilə görüşüb gəlişimizin məqsədini ona bildirdik. Sevinc müəllim bizi olimpiada yarışları keçiriləcək otaqlara dəvət etdi və bildirdi ki, bu yarışların keçirilməsi üçün 33 sinif otağı ayrılmışdır. Tədris korpusunun mərtəbələrində ayrılmış otaqların qapılarına nömrələr yazılmış, siniflərin və fənlərin adı qeyd edilmişdi. Dəhlizlərdə və siniflərdə təmizlik və səliqə-sahman göz oxşayırdı. Bina istiliklə tam təmin edilmiş, bilik yarışının şəffaf aparılması üçün hər cür şərait yaradılmışdı. Mərtəbələrdə növbə çəkəcək nəzarətçi müəllimlər artıq yerlərində idilər. Tibb məntəqəsi ilk yardım üçün lazım olan dərmanlarla təchiz edilmişdi. Həkim və tibb bacıları iş başında idilər. Havanın şaxtalı keçməsini nəzərə alan bina rəhbəri əlaqədar təşkilatların razılığı ilə övladlarını yarışa gətirmiş və axıradək gözləyən valideynləri məktəbin geniş yeməkxanasına dəvət etmiş və onların yerləşməsi üçün lazımi şərait yaratmışdı. Yeri gəlmişkən qeyd edək ki, Əzizbəyov rayon sakini, övladını yarışa gətirmiş valideyn Əbülfət Zeynaloğlu olimpiadanın keçirilməsi üçün yaradılmış şərait və onlara göstərilən qayğıya görə valideynlər adından bina və olimpiada rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

Olimpiadanın təşkili və keçirilməsinə rəhbərlik edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Uğurlu Abbasov məlumat verərək bildirdi ki, bilik yarışlarına ayrılmış hər otağa bir nəfər olmaqla 33 qeyri-ixtisas fənn müəllimi və növbə çəkmək üçün hər mərtəbəyə 2 müəllim cəlb edilib. Burada iki fəndən - Azərbaycan dili  və ədəbiyyatdan və Azərbaycan tarixindən keçirilən bilik yarışına Bakı şəhərinin ümumtəhsil məktəblərinin I turda qalib gəlmiş IX-XI sinif şagirdləri qatılmışlar. Burada paytaxtın bütün məktəblərindən 2 fənn üzrə 400 şagird iştirak edirdi.

Təlimata uyğun olaraq öz işinə başlayan olimpiadanı müşahidə etmək üçün Sevinc Budaqova və Uğurlu Abbasovla birlikdə bir neçə otağa baş çəkdik. 1-ci mərtəbədə 10 nömrəli otaqda 15 nəfər IX sinif şagirdi Azərbaycan tarixi fənni üzrə bilik yarışına qoşulmuşdu. Nazirlikdən xüsusi zərfdə göndərilmiş 5 sual yazı lövhəsinə yazılmışdı. Şagirdlər ayrı-ayrı partalarda tək-tək əyləşdikləri üçün yarış  1 variantda aparılırdı. Nəzarətçi, qeyri-ixtisas fənn müəllimi Mətanət Cəfərova şagirdlərin sərbəst işlədiklərini, köçürmə hallarına yol verilmədiyini bildirdi. Yarışda iştirak edən 142 nömrəli məktəbin IX sinif şagirdi Sərxan Cəfərzadə bu sınaqdan üzüağ çıxacağına əmin olduğunu söylədi.

14 nömrəli otaqda isə 10 nəfər X sinif şagirdi suallar ətrafında düşünərək onlara paylanılmış xüsusi dəftərlərdə qeydlər edirdilər. Burada da  bilik yarışı 1 variantda aparılırdı. Nəzarətçi müəllim Leyla Məmmədova heç bir neqativ halın baş vermədiyini bildirdi. Şagird Nəbi Verdiyev sualların hamısına cavab yaza biləcəyini qeyd etdi. Sonra 15 nəfər XI sinif şagirdinin bilik nümayiş etdirdikləri 22 nömrəli otağa girdik. Nəzarətçi müəllim Fazilə Manafova şagirdlərin suallardan narazı qalmadıqlarını söylədi. Yarışda iştirak edən 31 nömrəli məktəbin XI sinif şagirdi Günel Abdurraxmanova cavabları yazıb qurtardığını və I yerə çıxacağına əminliyini dedi.

Bəli, həmin gün keçirilən bu yarışda respublika turuna vəsiqə qazanmaq uğrunda mübarizə gedirdi.

Nizami MİRZƏ

 

 

 

Şagirdlər olimpiadanın gedişindən razı qaldılar

Kimya və biologiyadan yarışlar 7 nömrəli məktəbdə keçirildi. Şagirdlər artıq saat 09.30-dan gəlməyə başladılar. Saat 09.45-dən etibarən Təhsil Nazirliyində hazırlanan suallar zərflərdə məktəbə təqdim olundu.

7 nömrəli məktəbdə keçirilən olimpiadaya rəhbərlik edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev ümumilikdə olimpiadanın II turuna 968 şagirdin keçdiyini dedi. Bildirdi ki, 7 nömrəli məktəbdə keçirilən olimpiadaya şagirdlər böyük  həvəslə gəliblər.

Beləliklə, saat 10.00-da olimpiadanın başlamasına start verildi. Firudin Həmzəyev təşkilati işlərdə, uşaqların siniflərdə yerləşdirilməsi prosesində heç bir çətinliklə qarşılaşmadıqlarını, olimpiadanın bütün qayda-qanunlarının saat 10.00-a qədər şagirdlərə aydın şəkildə izah edildiyini qeyd etdi.

Nəzərə çatdıraq ki, olimpiadada IX-XI sinif şagirdləri iştirak etmək  hüququna malikdirlər. Şagirdlər Təhsil Nazirliyinin tərtib etdiyi 5 suala ətraflı cavab verməlidirlər. Eyni zamanda onlar olimpiadanın respublika mərhələsinə keçmək üçün mütləq 48-50 bal toplamalıdırlar. Olimpiadaya nəzarət edən məsul şəxs, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Rza Eləzov bildirdi ki, şagirdlər olimpiadaya gözlənildiyindən artıq gəlib. Qeydiyyatda 254 şagird olduğu halda, olimpiadaya 275-ə yaxın iştirakçı gəlib. Şübhəsiz, biz onları heç bir problem olmadan siniflərdə yerləşdirdik. Məktəbin 17 sinif otağında olimpiada keçirilir. Hər bir sinif otağında iki nəzarətçi var. Nəzarətçilərin hamısı qeyri-ixtisas fənn müəllimləridir. Nəzarətçi müəllimlər, əsasən, 8 nömrəli məktəbin işçiləridir. Suallar birinci tura nisbətən bir az mürəkkəbdir. Ancaq buna baxmayaraq, istedadlı şagirdlər suallara cavab verməkdə heç bir çətinlik çəkmirlər. Məqsədimiz istedadlı şagirdləri üzə çıxarmaqdır. Yoxlamalar kodlaşdırılmış şəkildə aparılır. Dəftərlərin üz qabığı çıxarılır. Yoxlayan müəllim hansı şagirdin yazısını yoxladığını bilmir. Belə olduqda obyektivlik qorunur.  

Daha sonra sinif otaqlarına baxış keçirdik. Nəzarətçilərlə olimpiadanın keçirilmə prosesi və suallar haqqında söhbətləşdik. Bildirdilər ki, suallar içərisində şagirdlərə qaranlıq qalan heç bir məqam yoxdur. Suallar keçdikləri mövzulardan tərtib olunub. Yalnız daha qabiliyyətli uşaqları aşkara çıxarmaqdan ötrü suallar bir qədər çətinləşdirilib. Hər bir şagird sakit şəkildə öz tapşırığı üzərində çalışırdı.

Olimpiada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarəti altında keçirildiyindən idarənin rəisi Nailə Rzaquliyeva məktəblərə baş çəkdi. O, həmçinin 7 nömrəli məktəbə də gəldi. Sinifləri gəzdi, ümumi vəziyyətlə yaxından tanış oldu. Olimpiada keçirilən sinif otaqlarının isti olması ilə əlaqədar məmnunluğunu bildirdi.

Olimpiada başlayandan təxminən bir saat yarım sonra şagirdlər siniflərdən çıxmağa başladılar. Lökbatan qəsəbəsindəki N.Qurbanov adına 288 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Aytən Əliyeva biologiya fənninə dair bütün suallara düzgün cavab yazdığını və yüksək nəticə əldə edəcəyini qətiyyətlə bildirdi. Ondan sualların asan və ya çətin olduğunu soruşduqda dedi ki, suallar nisbətən çətin idi. Ancaq buna baxmayaraq, savadlı şagirdlər bunun öhdəsindən gələ bilər. Eləcə də kimya fənni üzrə olimpiadada iştirak edən Xətai rayonundakı S.Həsənov adına 63 nömrəli məktəbin şagirdi Əhməd Adilov da yüksək bal toplayacağına şübhə etmirdi. Bir sözlə, şagirdlərin əksəriyyəti yazdıqları cavablardan razı qalmışdılar.

Saat 13.00-da nəzarətçilər şagirdlərdən cavabları yığaraq olimpiada rəhbərinə təhvil verdilər. Materiallar yoxlanılmaq üçün müvafiq komissiyaya təhvil verildi.

RƏŞAD

 

 

 

 

Hər kəs öz vəzifəsini layiqincə yerinə yetirirdi

160 nömrəli məktəbdə  keçirilən olimpiadada IX-XI siniflərdə oxuyan şagirdlər  riyaziyyat, fizika və informatika fənləri üzrə  öz qüvvələrini sınayırdılar. Azərbaycan və rus bölmələri üzrə 321 şagird iştirak edirdi  ki, onlardan 219 nəfəri riyaziyyat, 75 nəfəri fizika və 27 nəfəri isə informatika fənlərinin payına düşürdü.

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin əmri ilə müəyyən edilmiş nəzarətçi müəllimlərin sayı 17 nəfər idi.  Onlar qeyri-ixtisas fənn müəllimləri idi. 

Olimpiadanın  keçirilməsində komissiyanın işinə də  Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva özü rəhbərlik edirdi. Olimpiada komissiyasının üzvlərindən isə Cahangir Süleymanov, Məhəmməd Bayramov, Əfqan İsgəndərov, Allahverdi Mirzəyev və başqaları da bu tədbirin keçirilməsində öz vəzifələrini layiqincə yerinə yetirirdilər.

Olimpiadanın gedişi ilə  bağlı maraqlanıb yarışlar keçirilən 17 otaqda olduq. Nəzarətçi müəllimlərlə görüşdük.  Hər yerdə işlərin yüksək səviyyədə  təşkil olunduğunun şahidi olduq. Siniflərdə tam sakitlik idi və hər bir şagirdə öz biliyini üzə çıxarmaq üçün  lazımi şərait yaradılmışdı. Olimpiadada iştirak edən IX sinif şagirdi Elmar Şıxəli, X sinif şagirdi Elnur Hüseynov və XI sinif şagirdləri Elvin Rüstəmzadə və Akif Məmmədov bu bilik yarışında nəzarətçilərdən - Rəfiqə  İsmayılova, Səadət Səfərova və Məleykə Əhmədovadan razılıq etdilər.

 Həmin gün üç saat davam edən olimpiadada həyəcan keçirən təkcə şagirdlər deyildi, həm də məktəbin qarşısında öz övladlarını gözləyən valideynlər idi. Onlardan İlhamə Xəlilova, İsgəndər Məmmədov və İsmayıl Qazıyev övladlarının olimpiadada  iştirak etməsindən və onlar üçün 160 nömrəli məktəbdə yaradılmış şəraitdən razı qaldıqlarını da qeyd etdilər.             

Şakir CƏFƏROV  

 

 

 

Direktor məktəbdən qaçdı

Şüvəlan qəsəbəsində yerləşən zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün Respublika Təmayüllü İnternat Məktəbinə çatanda təxminən saat 10.10 dəqiqə olardı. Direkior əyləşən binaya daxil olub, bir qadından onun otağını soruşdum. O, haradan gəldiyimi öyrənib direktorun kabinetinə girdi. çox çəkmədi ki, razılıq əldə olundu və mən içəri keçib direktora - "Azərbaycan müəllimi" qəzetindən gəlmişəm, - dedim. Sözun doğrusu, kreslosuna yayxanmış direktor bir qədər özünü dərişdirdi. Sifətinin rəngi azca da olsa dəyişmişdi. Dedim ki, sizdən iki şikayət ərizəsi var. Yaxşı olar ki, əvvəlcə birlikdə məktəbinizin uşaqları, müəllimləri ilə görüşək, davamiyyətlə tanış olaq. Görək ki, bu ərizələrdə göstərilən faktlar nə dərəcədə düzgündür... Bu sözlərimə bənd imiş kimi direktorun gözləri alacalandı. Başladı məni sorğu-sual etməyə:

- Ərizələr qeydiyyatdan keçibmi? Təhsil Nazirliyindən icazəniz varmı? Sizi bura kim göndərib?..

Mən onun bu suallarını ətraflı cavablandırdım. Yalnız bundan sonra o, əsəbi halda ayağa qalxıb əl telefonu ilə tanış-bilişinə zəng etməyə başladı. Danışa-danışa yan otağa keçdi. Tam örtülməmiş qapıdan "Azərbaycan müəllimi", "Azərbaycan müəllimi" qəzeti sözləri eşidilirdi...

Bir neçə dəqiqədən sonra müdir halı çox pərişan bir vəziyytdə qayıdıb kreslosunda əyləşdi. Açıq-aydın hiss olunurdu ki, bu qəzetin adını eşidənlər ondan üz döndərmişdilər. Necə deyərlər, ümidləri puça çıxmışdı... Vəziyyətinin çox acınacaqlı olduğunu hiss edən müdir mülayim bir tərzdə: - Mən "Azərbaycan müəllimi" qəzetinin çox nüfuzlu bir qəzet olduğunu yaxşı bilirəm. Onunla zarafat etmək olmaz, - dedi. Sonra əlini cibinə saldı... Bu istəyinin də baş tutmadığını görəndə Kamil müəllim dedi:

- Məni bağışlayın, vacib işim var, getməliyəm...

Bu sözlərdən sonra ərizələri tanış olmaq üçün ona verdim. Kamil müəllim birinci İldırım Nəzərovun şikayət ərizəsini vərəqləyib dedi ki, bu, bizim məktəbdə işə düzəlmək istəyir, bu heç, buna bir quş... Sonra uzun illər bu məktəbdə müəllim işləmiş Vəliyulla Ələkbərovun şikayət ərizəsini nəzərdən keçirdi. Bildirdi ki, mən onu işdən azad etmişəm. Sərxoş olması barədə polisdən arayış düzəltdirmişəm... Kamil müəllim bu sözləri deyə-deyə məktubda onun haqqında yazılmış sözləri oxuyanda nitqi qurudu. Nəfəs belə çəkmədən burada yazılanları nəzərdən keçirdikcə hələ 16 il sərasər məktəbdə tədris işləri üzrə direktor müavini işlədiyi müddətdə yol verdiyi ciddi nöqsanlar, təkcə iki onuncu sinifdə cəmi iki nəfər şagirdin olması, məktəbin təmirini səthi apararaq qalan pulları mənimsəməsi və sair və ilaxır saymaqla qurtarmaq olmayan faktları gözləri önündə yenidən canlandı... İki əli ilə başını bərk-bərk tutmuş Kamil müəllim şikayət məktubunu nəzərdən keçirib axıra çıxar-çıxmaz ayağa qalxdı, yarlı-yaraşıqlı kabinetini  son dəfə nəzərdən keçirirmiş kimi qapıya yaxınlaşdı. 

- Mənim çox vacib işim var, - deyib qaça-qaça məktəbin həyətinə, oradanda maşınına doğru yüyürdü... Bax beləcə məktəbin direktoru "Azərbaycan müəllimi" qəzetinin suallarına cavab vermədən qaçdı. Daha düşünmədi ki, ərizədə göstərilən, ancaq müəllimi, ziyalını təmsil edən bir qəzetdə yaza bilmədiyimiz faktlar sübut olunanda onu heç bir himayədarı müdafiə etməyəcək. Axı o, bu müəssisəyə təyin edilib ki, vicdanla işləsin.

Onu da deyim ki, mən redaksiyaya qayıdandan sonra həmin təhsil ocağından bir nəfər zəng edib bildirdi ki, siz məktəbdə olanda orada 155 əvəzinə dərslərdə cəmi 19 şagird var idi. Ona görə də direktor Kamil Məmmədov bu vəziyyəti "Azərbaycan müəllimi" qəzetinin müxbiri bilməsin deyə çıxış yolunu qaçmaqda gördü...

Ədalət DAŞDƏMİRLİ

 

 

 

 

 

307 nömrəli məktəbdə istilik sistemi bərpa olundu

Keçən ilin son ayında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kollegiya iclasında Bakı məktəblərində istilik sisteminin vəziyyəti müzakirə olunmuşdur. Aparılan monitorinqin nəticələrinə əsasən məlum olmuşdur ki, şəhərin 326 məktəbindən 156-sı istiliklə normal, 13-ü isə qismən təmin olunub. 157 məktəbdə, yəni, bütün məktəblərin 48,2 faizində istilik yoxdur. Kollegiyada təhsil naziri Misir Mərdanov Bakı məktəblərinin yarısında problem olduğunu qeyd etmişdir.

Problemi olan məktəblər sırasında bir sıra tədris ocaqlarının, o cümlədən ötən il istifadəyə verilmiş 307 nömrəli məktəbin adı da çəkilmişdi.

Bu günlərdə problemin aradan qaldırılıb-qaldırılmadığını öyrənmək məqsədilə şəhərin 307 nömrəli orta məktəbinə və  Avropa Liseyinə telefon açdıq. 307 nömrəli orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məryam Gəncəliyeva sualımızın cavabında bildirdi ki,  mövcud problemlər aradan qaldırılıb, hazırda məktəbdə istilik sistemi normaldır. Fəaliyyət üçün şəraitimiz var. Lakin Məryam müəllim cavabının sonunda məktəb yollarının bərbadlığından gileyini də gizlətmədi.

Sonra Avropa Liseyinə zəng çaldıq. Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Mikayılova da istiliklə bağlı problemlərinin olmadığını, qızdırıcı sistemin yaxşı işlədiyini dedi.  Bildirdi ki, buna görə də liseydə şagirdlərin dərsə davamiyyəti çox yaxşıdır.

Şakir CƏFƏROV