· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Nazir məktəb direktorluğuna namizədləri qəbul etdi

Yanvarın 12-də təhsil naziri Misir Mərdanov məktəb direktorluğuna, rayon, şəhər təhsil şöbələrində və peşə təhsili müəssisələrində müxtəlif vəzifələrə namizədliyi irəli sürülmüş bir qrup təhsil işçisini qəbul etdi.

Görüşdə Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak edirdilər. Zala toplaşanları salamlayan nazir öncə diqqəti son dövrlər təhsildə xüsusi aktuallıq kəsb edən bəzi məsələlərə cəlb etdi. Müasir dövrdə həyatın bütün sahələrində, o cümlədən təhsildə də informasiya-kommunikasiya texnologiyalarının, kompüteri bilməyin əhəmiyyətini, xüsusilə idarəetmə sahəsində bu bacarığa yiyələnmədən səmərəli fəaliyyətin mümkünsüzlüyünü qeyd edən nazir rayon təhsil şöbələrinə tövsiyə etdi ki, məktəb direktorluğuna, rayon təhsil şöbələrində məsləhətçi vəzifələrinə namizəd irəli sürərkən onların İKT-dən istifadə bacarığına malik olmalarını əsas şərtlərdən biri kimi nəzərə alsınlar. Nazir bununla əlaqədar artıq Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda direktor təyin edilənlərin müvafiq bacarığa malik olması barədə qərar qəbul edildiyini, yaxın gələcəkdə bu işin digər rayonlara da şamil olunacağını bildirdi. Nazir, habelə yaxın vaxtlarda hazırda fəaliyyət göstərən direktorların kompüter və İnternetdən istifadə bacarıqlarının müəyyənləşdirilməsi üçün onların arasında imtahan tipli prosedurların keçiriləcəyini də söylədi.

ölkəmizin ümumtəhsil məktəblərində kifayət qədər müəllimin çalışması nəzərə alınaraq bu təhsil müəssisələrinə işə qəbulun dayandırılması haqqında qərar qəbul edildiyini bildirən Misir Mərdanov yaxın zamanlarda bu barədə yerlərə müvafiq təlimati məktublar göndəriləcəyini diqqətə çatdırdı. Dedi ki, hər bir fənn üzrə vakant yerlər haqqında nazirliyə məlumat verilməsi yerlərə tövsiyə olunub. Bakı şəhərində olduğu kimi, bundan sonra rayonlardan da vakant yerlər haqqında məlumat toplanıb bu barədə "Azərbaycan müəllimi" qəzetində elan verildikdən sonra işləmək istəyənlərdən sənədlər qəbul olunacaq. Hər bir fənn üzrə sadə formada imtahan keçirilib müsabiqə qaydasında işə qəbul prosesi aparılacaq.

Misir Mərdanov bir məsələni də xüsusi vurğulayaraq dedi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir neçə gün öncə keçirilmiş toplantısında orta məktəbləri yüksək qiymətlərlə bitirən abituriyentlərin böyük bir qisminin qəbul imtahanlarında çox aşağı bal toplaması, bununla da attestat qiymətlərini doğrultmadıqları açıqlanıb. Bunu çox pis hal adlandıran nazir həmin məsələnin araşdırılacağını, hər hansı məktəbdə bundan sonra belə hallara yol verilərsə, bunun üçün birbaşa cavabdehlik daşıyan direktorların cəzalandırılacağını diqqətə çatdırdı.

Sonra təhsil naziri Misir Mərdanov məktəb direktorluğuna, rayon təhsil şöbəsi müdirliyinə, həmin orqanda, habelə peşə təhsili müəssisələrində müxtəlif vəzifələrə namizədlikləri irəli sürülən təhsil işçilərinin şəxsi işləri ilə yaxından tanış oldu, onların hər biri ilə söhbət etdi. Söhbətdə nazir müxtəlif vəzifələrə namizədlərin işlədikləri təhsil müəssisə və orqanlarındakı mövcud vəziyyət, ali məktəblərə qəbulun nəticələri, müəllim-şagird nisbəti, istilik sistemi ilə təchizat və digər məsələlərlə maraqlandı.

Nazir müəllim-şagird nisbəti 1:10-dan aşağı olan yerlərdə yeni müəllimlərin işə götürülməsini yolverilməz hesab etdi.

Görüşün sonunda Misir Mərdanov yeni vəzifələrə təsdiq olunanlara məsləhət və tövsiyələrini verdi, gələcək işlərində uğurlar arzuladı.

Yusif ƏLİYEV

 

 

 

Təşkilat Komitəsinin iclası

"İlin ən yaxşı ümumtəhsil məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələri üzrə meyarlar müzakirə olundu

  Yanvarın 11-də Təhsil Nazirliyində "İlin ən yaxşı ümumtəhsil məktəbi və ilin ən yaxşı müəllimi" müsabiqəsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Misir Mərdanov qeyd olunan müsabiqə üzrə görüləcək işlərdən danışaraq bildirib ki, müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumtəhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialının üzə çıxarılması, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimlərin müəyyən edilməsidir. Eyni zamanda nazir bu müsabiqənin cəmiyyətdə müəllimin status və nüfuzunun yüksəldilməsinə, dövlətin təhsil siyasətinin yerinə yetirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq məramı daşıdığını açıqlayıb.

Müsabiqədə iştirak etmək üçün ümumtəhsil məktəbləri üzrə minimum şərtlərdən danışan Misir Mərdanov onu da vurğulayıb ki, burada əsas diqqət son üç ildə ali məktəblərə qəbulun və buraxılış siniflərində keçirilən sınaq imtahanlarının nəticələrinə, məzunların yüksək bal toplamasına, respublika, beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərin mükafata layiq yer tutmasına və digər məsələlərə yönələcək. Nazir həmçinin müsabiqənin üç mərhələ üzrə keçiriləcəyini diqqətə çatdıraraq Təşkilat Komitəsinin üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməsinin önəmli olduğunu bildirib.

İclasda Misir Mərdanov bu günlərdə 2007-2008-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə həsr olunmuş tədbirdə qeyd edilən bir neçə məsələyə toxunub. Nazir bildirib ki, bəzi orta məktəblər tərəfindən şagirdlərə fərqlənmə attestatı verilsə də, həmin şagirdlər ali məktəblərə qəbul imtahanlarında lazımi səviyyədə bilik nümayiş etdirə bilməmiş, kifayət qədər bal toplamamışlar. Bu məsələni diqqətdə saxlayacağını vurğulayan Misir Mərdanov nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə qeyd olunan istiqamət üzrə ciddi tapşırıqlar verib. Nazir həmçinin Bakı şəhəri, xüsusilə Səbail və Xətai rayonları üzrə orta məktəbləri bitirən şagirdlərin ali məktəblərə qəbul imtahanları zamanı yüksək göstəricilər nümayiş etdirdiklərini də diqqətə çatdırıb.

Təşkilat Komitəsinin iclasında "İlin ən yaxşı ümumtəhsil məktəbi və ilin ən yaxşı müəllimi" müsabiqəsinin keçirilməsi qaydaları üzrə fikir mübadiləsi aparılıb, qiymətləndirmə sisteminin əhəmiyyəti qeyd olunub. Eyni zamanda məktəbin təlim keyfiyyətinin nəzərə alınması, ciddi nöqsanlara yol verən məktəb və müəllimlərin bu müsabiqədə iştirak etməməsi, ərizə və şikayətlərin daha çox olduğu məktəblərin müəyyənləşdirilməsi və digər məsələlər üzrə müzakirələr aparılıb.

Tədbirdə qeyd olunan müvafiq təkliflərin bir həftə müddətində nazirliyə yazılı şəkildə təqdim edilməsi qərara alınıb.

***

Yanvarın 16-da Təhsil Nazirliyində "İlin ən yaxşı ümumtəhsil məktəbi və ilin ən yaxşı müəllimi" müsabiqəsi üzrə yaradılmış Təşkilat Komitəsinin nazirlikdən olan üzvlərinin  iclası keçirilib.

İclasda təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsi qaydalarında göstərilən müvafiq bəndlərin ayrı-ayrılıqda müzakirəsinin əsas olduğunu diqqətə çatdırıb. Eyni zamanda  nazir hər bəndlə əlaqədar iştirakçıların fikirlərini dinləyib. Nazir bu müsabiqədə, əsasən, xarici dil savadı, kompüterdən istifadə bacarıqlarına malik olan, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələr əldə edən istedadlı və yaradıcı müəllimlərə, məzunları ali məktəbə daha çox qəbul olunan, yüksək bal toplayan və digər mühüm şərtlərə cavab verən  ümumtəhsil məktəblərinə xüsusi üstünlük veriləcəyini açıqlayıb.

Sonra nazir müavinləri və struktur bölmə rəhbərləri müvafiq təkliflərlə çıxış edib, bir sıra əlavə və dəyişikliklərin edilməsini irəli sürüblər.

Sonda Təşkilat Komitəsinin növbəti iclasının bu günlərdə keçirilməsi qərara alınıb.