· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

TQDK-nın Naxçıvan MR Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verildi

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan Muxtar Respublikası Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə muxtar respublikanın təhsil naziri Piri Nağıyev ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmə, təhsilə göstərilən dövlət qayğısından danışmışdır.

TQDK-nın sədri Məleykə Abbaszadə Regional Şöbənin ölkəmizdə ilk dəfə Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başladığını bildirərək demişdir ki, qurumun fəaliyyətə başlaması gələcəkdə muxtar respublikada təhsilin keyfiyyətcə yüksəlməsinə müsbət təsirini göstərəcək, şagirdlərin ali məktəblərə hazırlanmasında, dövlət strukturlarına kadrların seçilməsində mühüm rol oynayacaqdır.

Muxtar respublikada keçirilən sınaq imtahanları üçün regional şöbəyə müvafiq avadanlıq gətirildiyini qeyd edən M.Abbaszadə bundan sonra da Regional Şöbəyə kifayət qədər diqqət yetiriləcəyini bildirmişdir.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "Təhsili olmayan millətin gələcəyi də yoxdur" sözlərini xatırlayaraq demişdir ki, ulu öndər respublikaya rəhbərlik etdiyi illərdə azərbaycanlı gənclərin təhsilinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu yolu davam etdirən Prezidentimiz İlham Əliyev də təhsil sahəsində xüsusi proqramların qəbul olunması, inkişaf etmiş ölkələrdə sınaqdan çıxmış proqramların ölkənin təhsil sisteminə tətbiqi sahəsində əhəmiyyətli işlər görür.

V.Talıbov vurğulamışdır ki, təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondu da mühüm işlər həyata keçirir, Fondun təşəbbüsü ilə məktəb binaları tikilir, təhsil ocaqları kompüterləşdirilir, yeni kitablarla təmin edilir. ölkəmizdə təhsilə dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bir sıra inkişaf etmiş ölkələrdə təhsil xərcləri dövlət büdcəsindən çıxarıldığı halda, Azərbaycanda təhsil xərcləri ildən-ilə artırılır. Əgər keçən il muxtar respublikada təhsilə 44 milyon manat ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 10 milyon manat artmışdır.

Ali Məclisin sədri təhsilin inkişafında TQDK-nın xüsusi xidmətləri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Regional Şöbə bölgələr üzrə də sınaq-test imtahanlarını keçirməyə imkan verəcəkdir. Əvvəllər ucqar kəndlərimizdən, uzaq rayonlardan Naxçıvan şəhərində keçirilən test imtahanlarına gəlməkdə çətinliklər var idi. Ancaq Regional Şöbə imkan verəcəkdir ki, muxtar respublikamızın bütün bölgələrində sınaq-test imtahanları keçirilsin. Eyni zamanda Regional Şöbə müəllimlərin də öz biliklərini sınaqdan keçirməyə imkan verəcəkdir.

Regional Şöbənin açılması muxtar respublika üçün həm də ona görə böyük əhəmiyyətə malikdir ki, dövlət təşkilatlarına işə qəbul üzrə test imtahanları bu şöbə tərəfindən həyata keçiriləcəkdir. Onun əhəmiyyətini isə qısa müddət ərzində görə biləcəyik.

Açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları bina ilə tanış olmuşlar.

Regional Şöbədə yanvarın 13-də muxtar respublikada keçirilən sınaq imtahanlarının nəticələri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, sınaq imtahanlarında 527 abituriyent iştirak etmiş, onlardan 20 nəfəri 600-dən çox, 62 nəfəri isə 500-600 arası bal toplamışdır.

 

 

 

 

 

 

Gürcüstandakı azərbaycanlı məktəblilərin "Dostluq yolları" mövzusunda rəsm müsabiqəsi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Heydər Əliyev Fondunun ədəbi-mədəni tədbirlər və sərgi mərkəzində Gürcüstanın azərbaycanlı məktəbliləri arasında "Dostluq yolları" mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Gürcüstanın Mədəniyyət, İdman və Abidələrin Qorunması naziri Q.Qabaşvili, Tbilisi Dövlət Universitetinin rektoru, professor Q.Xubua, Gürcüstan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Q.Buğadze, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri L.Tarxnişvili, çin Xalq Respublikası, İsrail və Litvanın Gürcüstandakı səfirləri, Türkiyə və Rusiya səfirliklərinin diplomatları, yerli Azərbaycan icmasının üzvləri, müəllim və şagirdlər iştirak edirdilər.

Münsiflər heyətinin sədri, Gürcüstan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Q.Buğadze çıxış edərək müsabiqəyə 150-dən çox rəsmin təqdim olunduğunu, ilkin mərhələdə 70 rəsmin seçildiyini və ikinci mərhələdə artıq qaliblərin müəyyən olunduğunu qeyd edib.

"Dostluq yolları" mövzusunda keçirilən rəsm müsabiqəsində Tbilisi şəhərindəki 73 nömrəli orta məktəbin XI sinif şagirdi Almaz Maşov I, 64 nömrəli orta məktəbin III sinif şagirdi Fatimə Qurbanlı, rəssamlıq məktəbinin və şəhər 124 nömrəli orta məktəbin VII sinif şagirdi çingiz Qurbanov II, Dmanisi rayonu, Yuxarı Oruzman kənd orta məktəbinin XI sinif şagirdi Elvira Süleymanova, 73 nömrəli orta məktəbin III sinif şagirdi Mədinə Əkbərova və  həmin məktəbin II sinif şagirdi Elvira Bayramova III yerləri tutublar.

çıxışlardan sonra qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Fərqlənən 10 iştirakçıya da hədiyyələr təqdim edilib.

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri N.Əliyev tədbirdə çıxış edərək müsabiqənin keçirilməsinin ənənəvi hal aldığını və səfirlik tərəfindən hər il təşkil olunacağını bildirib.

Sonda səfir münsiflər heyətinin sədri, Gürcüstan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Q.Buğadzeyə təşəkkürünü bildirərək şagirdlərə uğurlar arzulayıb.

 

 

NDU-da konfrans keçirildi

Naxçıvan Dövlət Universitetində "Kosmomikrofizika və müasir riyaziyyat" mövzusunda elmi konfrans keçirildi. Universitetin akademik Fərəməz Maqsudov adına auditoriyasında öz işinə başlayan konfransı giriş sözü ilə akademik, rektor İsa Həbibbəyli açdı. Rektor Naxçıvan Dövlət Universitetinin dəqiq elmlərin inkişafı və tətbiqi istiqamətində son illər ərzində qazandığı uğurlardan danışdı. Akademik universitet elmi mühitində riyaziyyat, fizika və informatikanın son yeniliklərinin öyrənilməsini, dünya elminin ən yeni nailiyyətlərinin mənimsənilməsini yüksək qiymətləndirdi, konfransın elmi-nəzəri əhəmiyyətindən danışdı.

Sonra NDU-nun elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov "Maqnit sahəsində neytrino tərəfindən materiyanın və antimateriyanın asimmetrik qızması", riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Elşad Ağayev "Bir qeyri-xətti elliprtik tip tənliyin həllinin qeyri-məhdud oblastda böyümə sürəti", fizika-riyaziyyat fakültəsinin dekan müavini, dosent Sahib Əliyev "çəki funksiyasına görə ortonormal Lejandr çoxhədlilərin qurulması", informatika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Nurəli Mahmudov "Kvantomexaniki sistemlərlə optimal idarəetmə məsələsinin sonlu fərqlər üsulu ilə həlli haqqında"  mövzusunda məruzələr etdilər.

Konfransı yekunlaşdıran AMEA-nın müxbir üzvü Vəli Hüseynov belə konfransların dəqiq elmlər üzrə gələcək tədqiqatların aparılmasında, universitetdə bu sahə üzrə gənc kadrların yetişməsində, mübahisəli elmi məsələlərin həllində əhəmiyyətini vurğuladı.

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universitetinin

mətbuat xidmətinin əməkdaşı  

 

 

 

Müsabiqəyə yekun vuruldu

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı(2006-2010-cu illər)"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda şəhər məktəbliləri arasında "Gənc fiziklərin texniki yaradıcılıq müsabiqəsi"nin yekun mərhələsi keçirilmişdir. Müsabiqədə Bakı şəhərinin ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin  II mərhələdə qalib gəlmiş 12 komandası iştirak etmişdir. İştirakçılar 1 saat 30 dəqiqə vaxt ərzində təhsil aldıqları məktəblərdə və məktəbdənkənar təhsil müəssisələrində mövcud proqramlara uyğun keçdikləri mövzular üzrə fiziki texnikaya aid 20 sualdan ibarət testi, 5 məsələni və 1 təcrübi işi yerinə yetirmişlər. Hər düzgün test sualının cavabı 1, məsələnin cavabı 2, təcrübi işin cavabı isə 3 balla qiymətləndirilmişdir.

Təcrübəli müəllimlərdən ibarət ekspert komissiyasının yekdil rəyinə görə müsabiqədə daha çox bilik və bacarıq nümayiş etdirmiş Bakı şəhəri 39 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin komandası I, 49 nömrəli məktəb-liseyin komandası II, 83 nömrəli məktəb-liseyin komandası isə III yerin qalibi olmuşdur. Müsabiqədə 160 nömrəli klassik gimnaziyanın komandası da fərqlənmişdir. Şəxsi birincilikdə isə gənc fiziklərdən Əjdər İsgəndərli (148), Rüfət Şahbazlı (49), Samid Nəcəfli (83) və Dilbər Səfərzadə (160) xüsusi fəallıq göstərmişlər.

Müsabiqənin sonunda qalibləri təltifetmə mərasimi keçirilmişdir.  Təltifetmə mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, sektor müdiri Qənirə Sultanova, Bakı Şəhər Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov və başqaları çıxış edərək müsabiqənin Bakı şəhəri məktəblilərinin yaradıcılıq işlərinin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, əyləncəli fizika dərnəklərinin şəbəkəsinin genişləndirilməsi, dərnək üzvləri arasında təcrübə mübadiləsinin təşkili, habelə məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, bu sahədə istedadlı uşaqların aşkara çıxarılması və aldıqları biliklərin təcrübədə səmərəli tətbiq edilməsi məqsədilə keçirildiyini vurğulamış, qalibləri təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışlar. Sonda qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları və qiymətli hədiyyələri təqdim edilmişdir.    

Rövşən TALIBOĞLU

 

 

Liseydə görüş

ölkədə istedadlı yetirmələri, gözəl ənənələri ilə tanınan kimya-biologiya təmayüllü respublika liseyində tanınmış sənətkar Aşıq Əhlimanla görüş xoş ovqatla başladı. Liseyin direktoru Mirhəsən Cavadov kollektiv adından qonağa "xoşgəldin" elədi və  təhsil ocağı haqqında qısa məlumat verdi. Məlum oldu ki, bu məktəb hələ sovet dönəmindən  ölkədə kifayət qədər tanınan, bu gün  özünün ənənələrini davam etdirən öncül təhsil ocaqlarından biridir. Maraqlıdır ki, hazırda cəmiyyətdə böyük hörmət və nüfuz sahibi olan, peşəsi ilə xalqına sədaqətlə xidmət edən elm, sənət adamları, iqtisadçılar, siyasətçilər, səhiyyə işçiləri və s. arasında məktəbin məzunları çoxdur. Bu gün respublikanın müxtəlif bölgələrindən gəlmiş və liseydə təhsilini davam etdirən şagirdlərlə təcrübəli müəllim kollektivi məşğul olur.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi  Səfər Bayramov qeyd etdi ki, xalqımızın dəyərli elm, sənət adamları, şair və yazıçıları ilə görüşlər burada tez-tez keçirilir. Eyni zamanda belə tədbirlərdə şagirdlərin arzu və istəkləri də mütləq nəzərə alınır. Aşıq sənətinin dəyərli davamçılarından Aşıq Əhlimanla bugünkü görüş də məhz lisey kollektivinin arzusu ilə baş tutub. Səfər müəllimin qonaq haqqında verdiyi məlumatdan  aydın oldu ki, Aşıq Əhliman 1955-ci ildə Ucarda anadan olub, Azərbaycan  İncəsənət İnstitutunu bitirib və hazırda orada aşıq sənətindən dərs deyir. Eyni zamanda "Aşıq  Şakir yaradıcılığı" mövzusunda namizədlik elmi işini bitirmək üzrədir. Aşıq Əhlimanın yaradıcılığına qısa ekskurs edəndən sonra məktəbin şagirdləri  sənətkarın şeirlərini söylədilər, saz çaldılar, aşıq mahnıları ifa etdilər. Aşıq Əhliman lisey şagirdlərinin istedadını, bacarığını yüksək dəyərləndirdi, onlara uğurlar arzuladı.

Sənətkarın barmaqları sazın sehrli simləri üzərində gəzdi. Aşığın şaqraq  səsi  dalğa - dalğa yayıldı.

Axırda böyük Azərbaycan şairi Məhəmməd  Füzulinin beş dildə nəfis şəkildə çap olunmuş kitabı aşığa  hədiyyə edildi.

 

Söhbət SƏFƏRLİ

 

 

 

Milli irsimizi yaşadaq və dünyaya tanıdaq

Bakı şəhərindəki 29 nömrəli Uşaq  Yaradıcılıq Mərkəzində "Milli irsimizi yaşadaq və dünyaya tanıdaq" mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir.

Tədbirdə xalq şairi Zəlimxan Yaqub, Azərbaycan radiosunun "Sarıtel" ədəbi verilişinin baş redaktoru, folklorşunas alim Elxan Məmmədli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, idarənin sektor müdirləri Qənirə Sultanova və Zəminə Əliqızı, ustad aşıqlardan Gülarə Azaflı, Altay Məmmədli, Nemət Qasımlı, Fəzail Misginli, Zahid Ərəboğlu, Pirallahı qəsəbəsində yerləşən ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivinin nümayəndələri, şəhərin bir sıra məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, "Xəzər" Universitetində təhsil alan əcnəbi tələbələr-magistr və aspirantlar iştirak  etmişlər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Şəfiqə Yusifova  uşaq,  yeniyetmə və gənclərlə Uşaq Yaradıcılıq Mərkəzində aparılan mənəvi tərbiyə işindən, milli irsimizin öyrədilməsi istiqamətində keçirilən  tədbirlərdən danışdı.

Tədbirdə çıxış edən xalq  şairi  Zəlimxan Yaqub milli mənəvi irsimizin zənginliyi, xüsusilə çox qədim tarixə malik aşıq sənəti haqqında söz açdı, dəyərli və məzmunlu fikirlər söylədi.

Sonra söz saz ustalarına verilmişdir. Aşıq mahnıları, dastanlardan parçalar ifa olunmuşdur.

Uşaq Yaradıcılıq Mərkəzinin "Xəyal" xalq çalğı alətləri ansamblı, gənc aşıqlardan Zeynəb Bayramova, Kərim Babayev, Mehrab Əmirov, Aysel Qəribli və başqaları maraqlı konsert proqramı ilə qonaqlara xoş ovqat bəxş etmişlər.  

Sonda qonaqlar 65 yaşı  bu günlərdə tamam olmuş  Mərkəzin direktoru Şəfiqə Yusifovanı yubileyi münasibətilə təbrik etmiş, onun ünvanına xoş sözlər söyləmişlər. Yubilyara  gül-çiçək dəstələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri fərmanı təqdim edilmişdir.

R.TALIBOV