· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

AzərTAc xəbər verir ki, yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları veriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"na uyğun olaraq, respublikanın bütün şəhər, rayon, qəsəbə və kəndlərində, idarə və müəssisələrində mərasimlər keçiriləcək, paytaxtda yerləşən bütün nazirlik, komitə, şirkət, idarə və təşkilatların nümayəndələri 20 Yanvar günü Şəhidlər Xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcəklər.

 

 

 

Bu qanlı terror xalqımızın mübarizə əzmini qıra bilmədi

Hər dəfə Sumqayıtdan Bakıya gedəndə Bakı-Sumqayıt yolunda üç tanınmış alimimizin qətlə yetirildikləri yerdə qoyulmuş Xatirə obeliskini ziyarət edirəm. Ay zalım, nə idi onların günahı? Axı bir alimi 30-40 ilə yetişdirmək olmur, nadan!..

20 Yanvar faciəsi XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biridir. O qanlı-qadalı gecəni yad etdikcə qaysaqlanmış yaramın qaysağı qopur, ağrısı-acısı məni yandırır, yaxır. Yadıma düşür ki, o gecə fikir-xəyal burulğanında yata bilmirdim. Qulağımı dəng edən sözlər: - "Mühüm xəbər deyiləcək" hey təkrarlanır-təkrarlanırdı. Tankların, topların nəriltisindən yatmaqmı olardı? Yad etdikcə o qanlı gecəni qara qanlar axır ürəyimdən, içimdə düşmənə qarşı nifrət hissi getdikcə qol-qanad atır, böyüyür, şaxələnir. Gurultu səsindən qulaq batırdı. Əliyalın insanlara divan tutur, tankların altına salıb xıncım-xıncım edirdilər. Mətbəxdə qazan asıb ailə üçün xörək hazırlayan ananı, körpə uşaqları, səsə-küyə küçəyə çıxan xəstə, ahıl qocaları belə qanlarına qəltan edir, qətlə yetirirdilər.

1990-cı il yanvarın iyirmisində sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən 18 il keçir. Xalqımız o müdhiş gecəni daim xatırlayır, illər keçdikcə xatırlayacaq da! Hər bir azərbaycanlı bu vəhşiliyi, qəddarlığı, amansızlığı törədənlərə lənət oxuyur.

Həmin günlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu, öz ölkəsinin, xalqının azadlığını,  şərəf və ləyaqətini hər şeydən uca tutan qurd ürəkli, qorxubilməz, geridönməz, mərd, cəsarətli Vətən övladları canlarından keçərək Vətən yolunda həyatlarını qurban verdilər, şəhidlik zirvəsinə ucaldılar!

Şəhid adı ucadır, o uca göylər qədər,

O adı əzizlərəm mən də dünyalar qədər.

Siz də şəhid oldunuz, igidlərim, ərlərim,

Hər biriniz bir oğul, geri dönməz nərlərim,

Sizin səyyar gəminiz qəfil güdaza düşdü,

Bu qanlı qan gölünə gör neçə oba düşdü.

Sizə matəm saxladı bir gecəlik gəlin də,

Şəhid adı cücərdi milyonların dilində.

Nə qədər şəhid dağı sinəmizə çəkildi,

Nə qədər gərdək bağı göz yaşıyla söküldü.

Sevincimi apardı bu coşan qəm selləri,

Yurdundan perik saldı neçə-neçə elləri,

Zalım qolun qurusun, zülmün ərşə dayandı,

Məzarların üstündə nişan xonçası yandı.

İgidlərim, ərlərim, pələngbilək nərlərim,

Yatdığınız bu torpaq igid yeri, mərd yeri,

Ataların şöhrəti, nəsillərin and yeri.

Ulduzlar səf-səf olub gecələr keşik çəkər,

Günəş qızıl telini gündüzlər bura tökər.

Qarşınızda baş əyir, sizin Əvəz Lələdağ,

Onun könül bağına bir də əsməsin sazaq!

Xalqımız həlak olanların xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanı kimi bir ziyarətgah, qibləgah, səcdəgah yaratdı. Heç bir günahı olmayan yüzlərlə adamın vəhşicəsinə qətlə yetirilməsi bütün hakimiyyətdə olduğu dövrdə humanizm prinsiplərindən dəm vuran sovet imperiyasının hərb maşınının amansız terroru insanlığa qarşı bəşər tarixində görünməyən ən ağır cinayətlərdən biri kimi əbədi olaraq qalacaqdır. Əli günahsız insan qanına batmış imperiya rəhbərliyinin, cinayətkar M.S.Qorbaçovun komandasının Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, respublikamıza qarşı ərazi iddiaları irəli sürən mənfur qonşumuz Ermənistanın təcavüzkar hərəkətlərinə haqq qazandıranlara hiddətlənən və bu fitnəkarlığa qarşı öz qəti etirazını bildirən geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş bölmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciə ilə nəticələndi. Böyük itkilər verdik, günahsız insanlarımız dünyasını dəyişdilər. Lakin bu amansız, qanlı terror xalqımızın iradəsini, milli qürurunu, mübarizə ruhunu sarsıda bilmədi, azadlıq eşqini boğmağa gücü çatmadı. 20 Yanvar faciəsi xalqımızın əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşdu xalqımız, ölkəmiz suverenlik əldə etdi. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır.

Əvəz Mahmud LƏLƏDAĞ

 

 

 

 

 

 

 Azadlıq şəhidləri

...Kimsənin ağlına gəlməzdi ki, bir azdan Salyan kazarmasından qeyri-adi bir sürətlə çıxan tanklar, zirehli texnika yoldan keçən maşınları tırtılları, təkərləri ilə əzib, meydanlara toplaşanları, trolleybus və avtobuslardakı sərnişinləri qızıl qana boyayan "atəşfəşanlığa" başlayacaq. çoxu erməni və muzdlu rus qatilləri olan sovet ordusu əsgəri geyimli faşist genli canilər başı öz tarixi vəzifəsinə ləkəsi ilə naxışlanmış yenidənqırma ustası Qorbaçov və onun ermənipərəst, xaç qardaşları birliyi üzvlərindən aldıqları tapşırığı bacardılar.

 

Bakı küçələri insan qanı ilə naxışlandı. Güllələr pəncərələri çilikləyib eyvanda dayanan, evində əyləşən günahsız insanların xalqlar dostluğuna olan inamını öldürdü. Bakının nefti ilə işləyən tanklar ildırım sürəti ilə Bakı yollarından keçib dəhşətli izlər qoydu: kəsilmiş qollar, parçalanmış əzalar, sahibsiz palto-papaqlar...

İnamlar, əqidələr, ümidlər güllələndi, doğrandı, qırıldı, parçalandı... Orta məktəb şagirdləri, tələbələr, fəhlə və müxtəlif peşə sahibləri, oğlan, qız, gəlin və cavanlar, yaşlılar, azərbaycanlılarla yanaşı, rus, yəhudi şəhid oldular, Azadlıq şəhidləri...

Bu insanlar, meydana toplaşanlar Vətən üçün narahatçılıq hissi keçirirdilər: tarixi xəstəliyi din qardaşlarının "qayğısı" və dəstəyi ilə şiddətlənən, tarixi sərsəm niyyətini bu dəfə gerçəkləşdirmək üçün məqam tapmış qaraçı təbiət, bədniyyət dığalar Qarabağı - Azərbaycanın orta bölgələrini tarixən olmamış Ermənistana birləşdirmək üçün dünyanın kar və kor "demokratları"nın dəstəyi ilə ayağa qalxmışdılar.

Azərbaycanda meydan hərəkatı başlanmışdı. Bu, azadlıq yolunda dinc bir hərəkat idi. SSRİ başbilənləri bunu susdurmaq  istədilər. Meydan hərbi texnika ilə mühasirəyə alındı. Daha  sonra yanvarın 19-dan 20-nə keçən günün axşamüstü Azərbaycan televiziyası və radiosunun enerji bloku partladıldı... Yaralılar aparan təcili yardım maşınları atəşə tutuldu, xəstəxanaların işıqları söndürüldü. Məscidlərdə şəhidləri haqq dünyasına yola salmaq niyyəti ilə qohum-əqrəba növbə gözlədilər. Anaların naləsindən göylər qaraldı, ataların qəzəbindən ürəklər yaralandı, paralandı. Xalqın mərd və müdrik oğulları Azadlıq şəhidlərini bir arada dəfn edib, Vətən üçün and yeri yaratmaq niyyətilə Dağüstü parkda 1918-ci il şəhidlərinin xələfləri üçün sıra ilə qəbirlər hazırladılar. çiyinlərdə gedən cənazələr ucsuz-bucaqsız insan dənizinin qaralı-qırmızılı rəngli ləpələrini andırdı. Bunları görə-görə qərbin "demokratları" susdular, dünyanın "nüfuzlu" qurumları lal və kar oldular. çünki ölən türk oğulları, müsəlmanlar idi.

Bakı küçələrinin şəhid qanını Bakı kəndlərinin qucaq-qucaq qırmızı qərənfilləri əvəz etdi. Vətəndə, Sovet İttifaqının müxtəlif guşələrində məhəbbət rəmzi kimi satılıb alınan qərənfillər birdən-birə poetik obyektə çevrildi: "Ağla, qərənfil, ağla...".

Günahsız qanlar, bir türk oğlu demiş, hədər getmədi. Bəşər tarixində şair və azadlıq yolunun əsgəri kimi tanınan, "Şərq poemaları" ilə sənət aləmində sevilən lord Corc Bayronun misraları yada düşür:

Azadlıq yolunda qalxan bir vuruş,

Doğrudur, çox zaman tez susdurulmuş,

Lakin ən nəhayət çalmışdır zəfər,

Onundur gələcək, onundur səhər!

Ulu ömər Xəyyam: Əlimdə iqtidar olsaydı, köhnə fələki yıxıb, hər kəsin azad, bəxtiyar yaşadığı bir fələk qurardım, - demişdi.

Azərbaycan xalqı azadlığa doğru yürüşündən qalmadı... İnsanlara, illah da ona sığınıb pənah gətirənlərə qayğı və məhəbbətlə yanaşmış Azərbaycan xalqı məhəbbət və azadlıq arasında seçim etdi. Jandor Petefi rus əsgərinin qurbanı olmamışdan əvvəl demişdi:

Məhəbbət və azadlıq!

De nə var bundan artıq?

Məhəbbətçün ölümə inanın

                        gedərəm mən,

Azadlıqçün hər zaman

keçərəm məhəbbətdən.

Qədirbilməzlərə olan məhəbbət Azadlıq şəhidlərinə, onların ruhuna ehtiram və hörmətə çevrildi. Azərbaycan ədəbiyyatına yeni və əbədi bir mövzu gəldi: 20 Yanvar...

Şəhidlərlə bağlı Bəxtiyar Vahabzadənin "Şəhidlər" poeması, Rafiq Səməndərin tarixi-publisistik kitabı, Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeiri, xalq yazıçısı Sabir Əhmədovun 20 Yanvar mövzulu hekayələri... yarandı. İstedadlı rejissor Vaqif Mustafayev tarixi faciə-hadisəni əks etdirən bədii film çəkdi. Zaman keçdi, 20 Yanvar faciəsinin təşkilatçıları və başçıları tarix-hakimin hökmünü daddılar... Bunlar faktlardır, danılmaz faktlar...

***

Əsrlər ötəcək, Azərbaycan tarixi dönə-dönə yazılacaq, XX əsrin 90-cı ilində baş vermiş 20 Yanvar hadisəsi Azadlıq hərəkatı kimi qiymətləndiriləcək, Dağüstü park - Azadlıq şəhidlərinin uyuduqları məkan müqəddəs yer kimi əbədi ziyarət yeri olacaq.

Azərbaycan xalqı öz azadlığını Azadlıq şəhidləri və Azadlıq mücahidlərinin qanı, canı və mübarizəsi hesabına yenidən qazandı. Bir arzu olan azadlıq həqiqətə çevrildi. Xalq şairi, müdrik el ziyalısı, alim-mübariz Bəxtiyar Vahabzadənin poetik qənaəti də bunu təsdiq edir:

İnsan azadlığı ilk arzu sanmış,

Bu söz bir işıqdır insana darda.

Azadlıq, azadlıq! Tarix yaranmış,

Bu amal uğrunda vuruşmalarda!

Azadlığın keçdiyi vuruşmalar arxada qalıb. Bu gün 20 Yanvar şəhidləri Fərizə, İlham, Xəlqan və onlarca başqalarının adlarını daşıyan gənclik tarixi yaşatmaq, tarixin yeni mərhələsini salnamələşdirmək üçün təhsil alır, tarixi öyrənirlər...

 

Ş.MƏMMƏDOV

 

 

 

 

 

 

"Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik"

20 Yanvar 1990-cı il. Bu tarixi hər dəfə xatırladıqca, o dəhşətli faciənin yaşandığı gün gözlərimiz önündə yenidən canlanır.

Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızın qəhrəmanlıqları bu gün böyüməkdə olan gənc nəslə bir örnək, nümunədir.

Şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın xatirəsi  hər zaman ehtiramla anılır, onların adları müxtəlif yerlərə verilməklə əbədiləşdirilib. Vətənimizin müstəqilliyi naminə canından keçən şəhid oğullarımızdan biri ülvi Bünyadzadənin təhsil aldığı ali məktəbdə - Azərbaycan Dillər Universitetində də onun adını daşıyan muzey-lektoriya fəaliyyət göstərir.

1992-ci ildə universitet rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə yaradılan muzey 2001-ci ildə daha da genişləndirilib. Əsaslı şəkildə təmir olunan muzey-lektoriya tərtibat baxımından tamamilə yenidən qurulub.

Muzeyə gələnlər ilk olaraq xalqımızın qəhrəman oğlu ülvinin rəngli boya ilə çəkilmiş portreti ilə qarşılaşırlar. ülvi Bünyadzadənin vaxtilə yazdığı:

Döyüşlərdə yoğrulmuşuq

Gələcəyə qaranquşuq,

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik, -

misraları isə onun necə vətənpərvər, xalqımızın azadlığı, müstəqilliyi uğrunda canını qurban verməyə hazır olmasından soraq verirdi.

ülvi Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin tələbəsi idi. Təhsil aldığı az müddətdə müəllimlərin və tələbə yoldaşlarının sevimlisinə çevrilmişdi. ülvi həm də şairlik istedadına malik idi. Gözəl şeirlər yazardı. İndi onun adını daşıyan muzey-lektoriyada  qəhrəman gəncin şeirlərindən ibarət çoxlu sayda kitabları görmək mümkündür. Muzeydə  onun yarımcıq yaşanmış həyatının müxtəlif məqamları ilə bağlı materiallar, respublikanın bir çox mətbu orqanlarında qəhrəmanlığından bəhs edən oçerk və məqalələr öz əksini tapıb. Muzey-lektoriyada tanınmış şairlərimizdən Xəlil Rza Ulutürkün, Hüseyn Arifin, Qasım Qasımzadənin, görkəmli alim Nizami Cəfərovun,  yazıçı Hidayətin ülvi haqqında dedikləri fikirlərlə tanışlıq bu gənci şəxsən tanımayanlarda belə  onun haqqında tam təsəvvür yarada bilir. ülvi Bünyadzadənin ölümündən qabaq yazdığı and  gəncin çox qısa zamanda amansız ölümlə üzləşməyindən sanki xəbərdar olduğunu deyirdi. Həmin andda da ülvi öz doğma Vətəni, torpağı uğrunda canından keçməyə hazır olmasını qeyd edirdi.

çox qısa bir ömür yaşamasına baxmayaraq, ülvinin adı xalqımızın qəhrəmanlıq salnaməsinə düşdü. Onu da qeyd edək ki, ADU-nun müəllim və tələbə kollektivi ülvi Bünyadzadənin muzey-lektoriyasında tez-tez olur. Hər il sentyabrın 23-də ülvinin ad günündə universitet rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin, şəhidin atası Yusif Bünyadzadənin iştirakı ilə xatirə gecəsinin keçirilməsi artıq ənənə halını alıb. Yanvarın 19-da daha geniş tədbir keçirilir. Tədbir iştirakıları Şəhidlər Xiyabanına gedərək ülvinin məzarı üzərinə universitetin kollektivi adından əklil qoyurlar.

Muzeylə tanış olan hər bir kəs isə buradakı xatirə kitabında öz qeydlərini edir, igid, mərd oğlumuzun mübarizliyi, vətənpərvərliyi qarşısında baş əyərək, onun haqqında xoş sözlər deyirlər. ülvi Bünyadzadə muzey-lektoriyasında təkcə universitetin müəllim və tələbələri deyil, eyni zamanda orta məktəblərin pedaqoji və şagird kollektivləri də tez-tez olur, şəhid gəncin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edə bilirlər.

Adı vaxtilə təhsil aldığı ali təhsil ocağında ehtiramla anılan, əbədiləşən ülvi Bünyadzadə ölümündən neçə illər keçsə də, digər şəhid oğul və qızlarımız kimi hər zaman qəlblərdə yaşayır və yaşayacaqdır.

 

Samirə KƏRİMOVA,

Hicran ƏKBƏROVA

 

 

 

 

 

Hər kəsə nəsib olmayan bir ucalıq...

Bu gün inana bilmirəm ki, 13 yaşlı məktəbli İlqarın ölümündən 18 il keçir. O qorxunc gecə İlqar azadlıq mücahidlərini qışın sazağından qorumaq üçün balaca qucağında odun daşıyırdı. İmperiya əsgəri atəş açaraq onu ölümcül yaraladı. İlqarı xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmaldı...

İlqar İbrahimov 1990-cı ildə Bakının Yasamal rayonundakı 167 nömrəli orta məktəbin VII "A" sinfində oxuyurdu. Vaxtilə təhsil aldığı bu məktəb indi onun adını daşıyır.

İlqarın əziz xatirəsi müəllimləri, şagird yoldaşları, məktəbdə təhsil alan uşaqlar tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir.

Budur, 20 Yanvar şəhidi İlqar İbrahimovun adını daşıyan 167 nömrəli məktəbin foyesində onun xatirəsini əbədiləşdirən "Şəhidlik hər kəsə nəsib olmayan bir ucalıqdır" adlı guşənin önündəyəm.

...İlqarın yuxarı başda qoyulmuş, tər qərənfillərə qərq olunmuş iri portretindəki xoş təbəssümlü çöhrəsi, gülən gözlərindəki mənalı baxışı insanın qəlbinə hakim kəsilir... O, müəllimləri və sinif yoldaşlarının əhatəsində necə də qayğısız görünür... İlqar məktəblərində keçirilən müxtəlif tədbirlər zamanı... Onun Şəhidlər Xiyabanındakı məzarını ziyarətə gəlmiş məktəbin direktoru Qələndar Qələndarov və tərbiyə işləri üzrə direktor müavini Cavid Quliyev fəxri keşikdə dayanıblar... Sinif yoldaşları Elnur, Fərəh, Fəxriyyə, Elşən, Səid, Aygün və başqalarının əllərində tər qərənfillər, çöhrələrindən sonsuz kədər sezilir...

Mən bu şəkillərə baxanda elə bil ki, qəm yükü çökdü ürəyimə. Sanki sovet imperiyasını lənətləyən ana harayı, yeganə oğlunu itirən ata hıçqırtısı səsləndi qulaqlarımda. Elə bil kədərin qəlbimi sızladan ağrılığından kiçildim...

Məktəbin direktoru Qələndar Qələndarov dedi ki, hörmətli nazirimiz Misir Mərdanovun 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar verdiyi əmrdən sonra biz də məktəbdə 20 Yanvar faciəsi ilə bağlı keçirəcəyimiz tədbirlərin planını əmrləşdirmişik. Əlbəttə, bir gün əvvəl Şəhidlər Xiyabanına gedəcək, bütün şəhidlərimizlə bərabər məktəbimizin şagirdi İlqar İbrahimovun da qəbrini ziyarət edəcəyik. Həmin gün məktəbdə ilk dərsimiz 20 Yanvar faciəsinə həsr olunacaq. Sonra İlqar İbrahimova həsr olunmuş guşənin önündə həm onu, həm də bütün şəhidlərimizi yad edəcək,  onlara Allahdan rəhmət diləyəcəyik. Onu da deyim ki, qanlı Yanvar faciəsindən on səkkiz il ötməsinə baxmayaraq, qırğının miqyasını göstərən rəqəmləri də dönə-dönə şagirdlərimizə və tədbir iştirakçılarına xatırladacağıq: Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizədə həmin gün 131 nəfər canını qurban verdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi təcavüzkarlar tərəfindən 200 ev və mənzil, 80 avtomaşın yandırıldı. Məktəbimizdə yanvarın 19-da keçirəcəyimiz tədbirə şəhid İlqar İbrahimovun valideynləri də dəvət olunacaqdır. 20 Yanvar faciəsinə həsr edilən tədbirimiz şagirdlərimizdə əsl vətənpərvərlik ruhu aşılayacaqdır...

Bu məktəbdə şəhid İlqar İbrahimovun Azərbaycan dili müəllimi olmuş Solmaz Dəmirova öz sevimli şagirdi haqqında belə dedi: - Ona birinci sinifdən beşinci sinfə qədər dərs demişəm. O, çox yaraşıqlı, gözəl, sakit təbiətli bir şagird idi. Başqa fənlərlə bərabər, Azərbaycan dilini də çox sevirdi. Həm də poeziya həvəskarı idi. Ən əsası vətənpərvər idi. Mən onların evində də olmuşam. Ailələrində də onu çox sevirdilər. Hətta bacısı Səbinə öz oğluna qardaşı İlqarın adını qoyub. İnanın ki, o, sağ olsaydı, yenə də Vətən üçün canından keçməyə hazır olardı...

  Bəli, qoy İlqarın yoxluğuna nə ölüm sevinsin, nə də ki, düşmən. İndi düz on səkkiz ildir ki, ömrünün təzə-tər çiçək çağını yaşayan İlqar dünyasını dəyişib. Onun son və əbədi mənzili bizim and yerimiz olan Şəhidlər Xiyabanıdır.

Ədalət DAŞDƏMİRLİ

 

 

 

 

 

 

Şəhid adı müqəddəsdir

Faciə zamanı həlak olanların xatirəsi xalqımız tərəfindən hər il yad olunur. Onların ailələri dövlət qayğısı ilə əhatə olunub. Göstərilən qayğının nə dərəcədə həyata keçirildiyini öyrənmək məqsədilə 20 Yanvar şəhidi Telman Məlik oğlu Bağırovun ailəsində olduq.

Telman Bağırov Lənkəranın Liman şəhərində anadan olub. Doğulduğu şəhərin 1 nömrəli məktəbində təhsil alan Telman ailə vəziyyəti ilə əlaqədar 1976-cı ildə Bakıya köçüb. Peşə məktəbində kinomexanik sənətinə yiyələnən T.Bağırov sonra ordu sıralarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra mühafizə xidmətində işləyən Telman o vaxtkı Milis məktəbində təhsilini davam etdirmişdir. Qarabağ döyüşlərində dəfələrlə iştirak edən T.Bağırov 20 yanvar ərəfəsində Bakıya qaytarılır. 20 Yanvar gecəsində yaralıların daşınmasında xüsusi fəallıq göstərən Telman Bağırov düşmən tərəfindən qətlə yetirildi və şəhidlik zirvəsinə ucaldı. Şəhid anası Ofelya Bağırovanın dediklərindən:

- Telman Bağırov şəhid olduqdan sonra onun yası saxlandı. ölümündən 20 gün sonra övladı dünyaya göz açdı. Daxili İşlər Nazirliyinin köməyi sayəsində yaşadığı evin divarına xatirə lövhəsi vuruldu. Müxtəlif yardımlar təklif olundu. Şəhid ailəsi kimi kommunal xərclərini ödəməkdən azad olunduq.

Şəhidin adını daşıyan Telman Bağırov adına küçəyə (dalan) getdik. Dalan digərlərindən heç nə ilə fərqlənmir. Abadlıq işləri aparılmayıb. Biz İçərişəhərin, konkret olaraq bu dalanın abadlıq işlərinə birbaşa cavabdeh olan qoruğun məsul əməkdaşına müraciət etdikdə bildirdi ki, ümumiyyətlə, İçərişəhərdə son dövrlərdə xeyli abadlıq işləri görülüb. Kompleks təmir işləri aparıldıqca Telman Bağırov adına dalan da abadlaşacaq. Şəhid ailələrinə diqqətin daha da artırılacağı ümidilə biz oradan ayrıldıq.

Fazil İDRİSOĞLU,

foto müəllifindir

 

 

 

Yazmışıq təqvimə qan ilə bu Yanvar qışını!

Müdrik filosoflar deyib ki, insanın fəaliyyət  meydanı zamandır. Bu arqumenti meydan istəyən hər bir yaradıcı şəxsə şamil etsək, bu mənada mənim də fəaliyyət meydanım qaynar ictimai proseslərin özü oldu: zamanın səsi qəlbin diqtəsi: - Qarabağ hadisəsi... Topxanada minillik palıdın, cökənin, vələsin, qovağın gövdəsi baltalanırdı. Daşnak baltasının ağzından qopan bu ağrı - fəryad, bütün Azərbaycanı ayağa qaldırmışdı... Təkcə ağac baltalanmırdı, Azərbaycanın əbədi Qarabağı - folkloru, etnosu, dili, təfəkkürü, muğamı, milli xarakteri və torpağı baltalanırdı. Buna görə də bütün millət qalxmışdı... Və təbii olaraq mən də millətin bir oğlu-övladı kimi hadisələrin içində idim. 1990.19 Yanvar... mən Milli Akademik Teatrda məşqdən çıxıb axşam tərəfi şəhərin insanlarla əhatə olunmuş toplantılara baş çəkdim. Şəhərə səs yayılmışdı ki, Bakıya hücum olacaq. Əgər hücum olsa, bunun qarşısını necə alacağıq? Sonuncu toplantı Milli Teatrın binasında keçirilərkən bu məsələ müzakirə olunurdu. Verilən suallardan və çaşan insanların səs və qışqırığından Əbülfəz Əliyev tribunadan düşdü və küskün halda zalın arxasına getdi. Etibar Məmmədov insanları zorla sakitləşdirdi. Bu zaman Nemət Pənahov tribunaya qalxdı və elan etdi ki, narahat olmayın, bizə Fransadan iki vaqon avtomat silah və patron gəlib. Bu gün - sabah o silahları sizə paylayacağıq!

Mən küçələrdə tonqal ətrafındakı insanlarda heç bir silah görmədim və əslində də silah yox idi... Gec olduğu üçün mən evə getdim...

...Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!

Qan haçan yerdə qalıb? Tazələ öz yaddaşını!

çox görüb Qabil, Azərbaycanım işğal qoşunu,

Yazmışıq təqvimə qan ilə bu Yanvar qışını...

Tarix boyu, zaman-zaman Azərbaycanın kürəyinə yağı düşmənlərimiz qanlı xəncərini vurub! Ana Vətən bu zərbədən diz çöküb... Fəqət yıxılmayıb, özündə güc, qüvvə toplayıb ayağa qalxıb... Və həmin silahı öz düşməninə çevirib...

Həmin gün mən xəstəxanalarda yaralanmış və dünyasını dəyişən şəhidlərlə birlikdə qaranlıq dünyada xilas yolu axtarırdıq...

21 yanvar. Mərkəzi Komitənin binası önündə üstümüzə yeridilən BTR-in qabağında əlim belimdə şəstlə durmuşdum, başımın üstündən BTR-in üstündəki pulemyotlardan atəşlər açılır və bizə "xox" gəlirdi və s...

22 yanvar. Şəhidlərin dəfni... Bütün Bakı meydandadır...

26 yanvar... Səhər Həsənağa Turabovun kabinetində quraşdırılmış telegüzgüdə "20 Yanvardakı qırğının lentinə baxırıq. Böyük otaqda tanıdığım və tanımadığım çox insanlar var... Mən teatrdan çıxıb akademiyaya Bakı-Sumqayıt yolunda faciəli qətlə yetirilmiş elm xadimlərinin dəfninə yollanıram. Qapıda Əbülfəz bəylə qarşılaşdım: - Mən dəfnə gedirəm, siz gələcəksinizmi? - soruşdum. Bəlkə gəldim! - dedi!..".

Akademiyanın zalına girəndə insan əlindən yer yox idi. Şair Xəlil Rza Ulutürk məni görcək:

- "Qalx tribunaya, mikrofonu götür, məclisi aç, sözü ver mənə, dedi! Mənim sükutumu görən Xəlil bəy pəjmürdə və qəzəblə tələbini mənə bildirdi. Mən dedim ki, Xəlil bəy, mən burada səlahiyyətsizəm!

O, özünə məxsus tərzlə: - Əzizim, burada iki səlahiyyət sahibi var, biri sənsən, biri mən! Bu ara H.Turabov məni yanına çağırdı və bildirdi ki, hökumət tərəfindən məsləhət görülüb ki, sən çıxış edəsən və xalqa səbr diləyəsən. Məni zalın arxasına apardılar. Qazaxıstandan gəlmiş böyük nüfuz sahibi şair və ictimai xadim Oljas Süleymenov akademik Ziya Bünyadovla söhbətləşirdi və elm xadimlərinin çoxu burada idi...  Akademiyanın vitse-prezidenti U.Ələkbərov mənə yaxınlaşıb: - çalış çıxışın sərt olmasın, - dedi!..

   Akademik B.Nəbiyev məclisi açıb sözü rus və yəhudi icmasına verdi, sonra isə O.Süleymenova. Oljas təmkinlə xalqımıza başsağlığı verdi. Və xalq adından söz mənə verildi. Mən Bakının bugünkü mənzərəsini 1920-ci il - 28 aprelə, XI Qırmızı Ordunun Bakıya girməsilə müqayisə etdim və M.Hadinin şeirini oxudum.

   Mən çıxışımı Əli bəy Hüseynzadənin "Qəm üstə səbr et, bu da yahu keçər" şeiri ilə yekunlaşdırdım.

Əli NUR,

respublikanın əməkdar artisti

 

 

 

 

Qranitləşmiş qəhrəmanlıq və ya baxımsız abidə

20 Yanvar faciəsini, 18 il öncə azadlıq, müstəqillik arzusu və tələbi ilə küçələrə, meydanlara axışan xalqımızın başına gətirilmiş müsibəti, təpədən-dırnağadək silahlanmış imperiya qoşunlarının qarşısına əliyalın çıxmış insanların qəhrəmanlığını, azadlığa atılan güllələrdən şəhid olmuş həmvətənlərimizin xatirəsini tarix və bir də onların şərəfinə ucaldılmış abidələr əbədiləşdirir, gələcək nəsillərə çatdırır. Bu xatirənin qəlblərdən silinməməsi, daim qəhrəmanlıq, vətənpərvərlik duyğuları doğurması üçün tarixi yaxşı bilmək, yaddan çıxarmamaq, abidələri isə qorumaq lazımdır.

çağdaş tariximizin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələrini, bu hadisələr zamanı göstərilmiş kütləvi qəhrəmanlığı yaşadan, xatırladan abidələr istər paytaxtımızda, istərsə də bölgələrdə çoxdur. Onlardan biri Bakının şimal girişinin yaxınlığında yerləşən və şəhərin ən gur yerlərindən biri sayılan "20 Yanvar" meydanındakı abidədir.

İmperiya qoşunlarının daha çox amansızlıq göstərdiyi həmin yer vaxtilə "XI Qızıl Ordu" meydanı adlanırdı. Faciədən sonra meydana da, onun altındakı metro stansiyasına da "20 Yanvar" adı verildi. 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə metro stansiyasının "Azərsu" Səhmdar Cəmiyyətinin binası istiqamətindəki çıxışının yanında yerləşir. Faciənin ildönümünün qeyd olunduğu bu günlərdə qəhrəmanlıq simvolu olan abidənin nə vəziyyətdə olduğunu, necə ziyarət edildiyini müəyyənləşdirmək üçün yanvarın 16-da yolumuzu "20 Yanvar" meydanından saldıq, xeyli müddət abidənin yanında durub müşahidələr apardıq. Doğrusu, bura gələndə abidənin önündə çoxlu gül-çiçək, ətrafının məktəblilərlə dolu görəcəyimizi güman edirdik. Fikirləşirdik ki, başqa vaxt olmasa da, indi bura qələbəlik olar. Axı 20 Yanvar ölkədə milli matəm günü kimi qeyd olunur. Hər il onun ildönümləri keçirilir. Hazırda hər yerdə, o cümlədən təhsil ocaqlarında faciənin 18-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bununla əlaqədar Təhsil Nazirliyinin xüsusi əmri olub, tədbirlər planı təsdiq edilib. Planda şəhidlərin xatirəsinə ucaldılmış abidələrə şagird və tələbələrin ziyarətini təşkil etmək nəzərdə tutulub.

Lakin gümanımız doğru çıxmadı. Abidənin önündə nə gül-çiçək gördük, nə də ətrafında ziyarətə gəlmiş məktəblilərlə rastlaşdıq. Əksinə, bir baxımsızlıq, laqeydlik hiss etdik. Metro stansiyasının girişinə, avtobus dayanacağına yaxın olan abidənin ətrafında adamlar qaynaşsa da, ona fikir verən, önündə ayaq saxlayan, şəhidlərin ruhuna dua oxuyan yox idi..

Gördüklərimiz bizdə acı təəssüf hissi doğurdu. İstər-istəməz fikirləşdik: evlərinin, irili-xırdalı dükanlarının, ticarət mərkəzlərinin fasadları növbənöv mərmərlərlə bəzədilmiş şəhərdə suvağı bir neçə yerdən qopmuş, çatlamış kiçik bir daş abidəni qranitlə, mərmərlə əvəz etmək, onda bərpa işləri aparmaq, ətrafında səliqə-sahman yaratmaq görəsən çoxmu çətindir? Onların göstərdiyi qəhrəmanlığa layiq olmayan belə uçuq-sökük abidəyə görə şəhidlərimizin ruhu bizdən inciməzmi?

 Y.HƏSƏNƏLİOĞLU

 

 

 

 

 

 

Şəhidlər unudulmurlar

Azadlığa doğru çətin, uzunmüddətli, lakin çox şərəfli bir yolda ilk qanı axıdılanlar içində şəhid Aslan Ağaverdiyevin də qanı vardı. Həmin vahiməli gecəni 31 nömrəli məktəbin rus dili müəllimi, şəhidin həyat yoldaşı Zərifə xanım belə xatırlayır:

- "Aslan şərabçılıq üzrə texnoloq idi. Həmişə mitinqlərdə iştirak edər, meydanlarda olardı. O, ehtiyatda olan zabit idi. çox mübariz, mərd, cəsarətli bir insan idi. Qorxu nə olduğunu bilməzdi. Dostları onu "partizan" deyə çağırırdılar. O müdhiş gecədə uşaqlı-böyüklü hamı "Naxçıvan" mehmanxanasının ətrafına yığışmışdı. Axşamüstü saat 6 olardı, Aslan işdən təngənəfəs gəldi və tez də evdən çıxdı. Paltosunu geyməyi yaddan çıxarmışdı, çağırdım - soyuq olar, - dedim. özüm yola saldım. 19-dan 20-sinə keçən gün...". Bir anlığa Zərifə xanımın gözləri yol çəkdi. Qəhər onu boğdusa da, sözünə davam etdi: - "Səhərisi 20 Yanvar günü Semaşko xəstəxanasından xəbər verdilər ki, Aslan ayağından yüngül yaralanıb. Qohum-əqrəba yığışıb getdik. Başına gələnləri bizə nəql etdi.

Güllə qarın nahiyəsindən dəymişdi. 38 yaşında ikən gözlərini əbədi olaraq yumdu. O qanlı-qadalı, həyəcanlı günləri Tanrı bir daha xalqımızın başına gətirməsin... 3 qızım bu məktəbin məzunudur. Afaq, Şəbnəm, Məsmə. üçü də ali təhsillidir. 10 yaşlı nəvəmə Aslanın adını qoymuşam. İşlədiyim 31 nömrəli məktəb 1995-ci ildən şəhid Aslan Ağaverdiyevin adını daşıyır...

Vətəni sevmək, onu qorumaq lazım gələndə yolunda canını əsirgəməmək. Şagirdlərin bu ruhda tərbiyə olunmasına çalışdığını deyən məktəbin direktoru Şükufə Məmmədsalahova qeyd etdi ki, Aslan Ağaverdiyev bu məktəbin məzunu olub. Aslan 1990-cı ilin 20 yanvar günündə canını Vətənin azadlığı yolunda qurban verərək şəhidlik zirvəsinə ucaldı. Məktəbdə şəhidin büstü qoyulub. Tarix kabinetində onun portreti asılıb. Aslanın həyatı ilə bağlı stendlər, guşələr yaradılıb.

Məktəbin 102 nəfərlik  müəllim kollektivi, 819 nəfərlik şagird kontingenti qəhrəmanlıq nümunəsi göstərən məzunların xatirəsini daim yaşadır, yad edirlər.

Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsini yad edib silsilə tədbirlər keçiririk. Xüsusi istedada malik olan balaca rəssamlarımızın əl işlərindən ibarət  "20 Yanvar faciəsi şagirdlərin gözü ilə" rəsm sərgisi hazırlanır. "Şəhidlərimizin ruhu bizi mübarizəyə səsləyir" ədəbi-bədii musiqili kompozisiya hazırlamışıq.

Məktəbimizin şagirdləri 20 Yanvar şəhidləri haqqında öz fikirlərini yazılı şəkildə bizə təqdim ediblər. Onları oxuyuruq:

- Mən əsgər olacağam, Vətənimizin hər qarışını qoruyacağam, şəhidlər rahat yatsın.

- 20 Yanvar şəhidlik zirvəsidir, əsla unutmamalıyıq ki, onların ruhu bizi mübarizəyə səsləyir.

- Arzum budur ki, Azərbaycan torpağının hər qarışından azadlıq nəğməsi ucalsın...

Şükufə xanım fikrini yekunlaşdırıb dedi:

- Xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O gündən 18 il ötsə də, bu tarixi heç kəs unuda bilmir və unutmağa haqqı yoxdur. Nə qədər dünya durur və biz yaşayırıq, şəhidlərimizin ruhu daim anılacaq, əziz xatirələr yaşayacaq, yaddaşlardan silinməyəcək.

 

Sifai SƏFƏROVA